adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2018 00:32
19417
GÜNDƏM
A- A+

DAHİ

Çin yazıçısı Mo Yan 17 fevral 1955-ci ildə doğulub. Bir çox roman və kiçik hekayələr müəllifidir. ABŞ-da nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını "Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri" adlandırıb, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab edib.
Qərbli oxucular Mo Yanı daha çox "Qırmızı kalış" və "Kalış şərabı" romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan "hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülüb.

Szyan Daçşi balaca olanda kəndin bütün yaşlı sakinləri və məktəbin müəllimləri onu ən ağıllı və fərasətli uşaq kimi xarakterizə edirdilər. Szyan anadan girdəbaş doğulmuşdu. Onun parıltılı gözləri mavi-qara rəngə çalırdı. Szyana baxarkən dərhal fikirləşirdin ki, o, dahidir. Müəllimlərin onu təriflədiyi və sinifdəki qızların çox xoşuna gəldiyi bir vaxtda biz oğlanlar - Szyanın sinif yoldaşları isə heç cür onun hərəkətlərini həzm edə bilmir, nifrət hissi bəsləyirdik. Yalnız indi başa düşürük ki, bu qeyri-sağlam münasibətimiz həqiqəyən də həsəddən doğubmuş. Müəllim həmişə bizi qınayaraq deyirdi ki, kütbeyinik, başımızı hətta balta ilə də kəssələr heş bir yara izi qalmaz. Müəllimimizin qənaətincə, bütün bunlar olmasın deyə, Szyan Daçşidən öyrənməyimiz lazımdır. Xallı donuz ləqəbli sinif yoldaşımız isə müəllimə etirazını bildirərək deyirdi:
- Axı, bizim başımız Szan Daçşininkindən fərqlidir, belə olan təqdirdə necə oxuyaq, ay müəllim? Onda gərək valideynlərimiz bizi ikinci dəfə sobaya qoysunlar?
Xallı donuzun söylədikləri Canavar ləqəbli müəllimin gülüşünə səbəb oldu. Canavar isə öz növbəsində keyfiyyətləri ilə hamıdan fərqlənən Szan Daçşinin başına bir daha göz gəzdirərək dərindən ah çəkib dedi:
- Doğrudan da bundan sonra sizdən daha oxuyan çıxmaz, sobaya da dönməyinizə ehtiyac yoxdur, onsuz da sobanın odu artıq sönüb, ondan heç bir kömək aşmaz.
Biz evimizə qayıdarkən Canavarın dediklərini valideynlərimiz üçün danışdıq, onların da yalnız ah çəkib susmaqdan savayı çarələri qalmadı.
O vaxtdan Canavar gücünün çoxunu Szyan Daçşiyə sərf edirdi. Biz kimi səfehləri isə taleyin hökmünə buraxmışdı. Hər birimiz məktəbdə kefimiz istəyən kimi gün-güzəranımızı keçirirdik. Szyan Daçşi da öz növbəsində Canavarın ona göstərdiyi etimadı doğrultmağı bacarırdı. Belə ki, o, əvvəlcə rayonun ibtidai məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində birinci yeri tutmuş, daha sonra "İbtidai məktəb şagirdlərinin elmi-texniki qəzeti"ndə "Torpaq - böyük qarpızdır" adlı elmi-fantastik məqalə ilə çıxış etmişdi. Bu hadisə böyük sensasiyaya səbəb oldu, kənd sakinləri indi ancaq bu mövzu barədə danışırdılar. Qısası, bu söhbətlər bir aya yaxın davam etdi. Szyan Daçşinin atası Szyan Sıtin isə oğlunun uğurlarından yer tapa bilmir, özünü dünyanın ən bəxtəvər valideyni sayırdı. Qonum-qonşular yolda, küçədə onunla rastlaşanda kef-əhvalını soruşmaqla yanaşı, hökmən bu sualı da verirdilər:
- Ağsaqqal Szyan, dünyaya belə bir fərasətli övladı gətirməyə axı, necə nail oldun? Deynən, qoy biz də özümüzə bu cür dahi oğul doğuzduraq da!
Ağsaqqal Szyan isə çox sadəlöv olduğundan ona verilmiş istehzalı sualların əksinə olaraq istiqanlıqla cavab verirdi:
- Burada nə sirr ola bilər, a kişilər? Hamı kimi bizim də adi bir külfətimiz, ailə başçısı və anaları var. Hamımız bir-birimizə can deyib, can eşitmişik. Uşağımız da məhz belə bir ailə mühitində dünyaya göz açıb.
Ağsaqqal Szyan həmçinin bildirmişdi ki, əgər yaxşıca yeyib qidalansaydı, Szyan Daçşi bundan daha artıq ağıllı ola bilərdi.
Onun bu sözlərini eşidən adamlar deyirdilər:
- Ağsaqqal Szyan, Sən imkan vermə ki, oğlun bundan da artıq ağıllansın. Yoxsa, bizim uşaqlarımız xifətdən ölüb gedərlər.
Mən isə anlayanda ki, Szyan Daçşi öz böyük başının hesabına bu cür ağıllı olub, elə o dəm ürəyimdə ona qarşı qara-qura fikirlər yaranmağa başladı. Xallı donuz isə qızışdırıcı mövqeyi ilə sinif uşaqlarının başını piyləmişdi. Məqsədimiz Szyan Daçşinin başını sındırmaqdan ibarət idi. Həm də bunu elə həyata keçirməliydik ki, Canavar işin üstünü aça bilməsin. Bəziləri təklif edirdi ki, axşam qaranlıqda Szyan Daçşini küçəyə çağırıb başına çomaqla zərbə endirmək lazımdır. Digərlərinin isə qənaətincə, dərsdən sonra döngədə gizlənib ona kərpic atmaq daha məqsədəmüvafiqdir. Amma bütün bu təkliflər Xallı donuz tərəfindən rədd edildi. O, bildirdi ki, bu deyilənlərin heç biri ümumi məqsədə xidmət edə bilməz və olsa-olsa ancaq artıq səs-küy və bədbəxtlik yaradacaq. Xallı donuz öz orijinal təklifini irəli sürdü: Szyan Daçşini basketbol oyununa dəvət etmək və oyun zamanı topla onun başına güclü zərbə vurmaq daha real görünə bilər. Belə olan təqdirdə həm Szyan Daçşininin başından heç bir qan-filan axmaz, həm də məqsədimizdən Canavar bir şey başa düşə bilməz. Sadəcə özümüzə haqq qazandırıb bildirərik ki, bu hadisə top səhvən ötürülərkən baş verib. Doğrudan da təklif hamımızın beyninə batdı. Yekdilliklə dedik:
- Xallı donuz, sən əsil dahisən! Szyan Daçşi isə yalnız bir neçə səfeh cızmaqaranın müəllifidir, bununla onu dahi adlandırmaq nə dərədə doğrudur?
Bəli, bir dəfə Canavar bədən tərbiyəsi dərsində basketbol topunu bizə verərək bildirdi ki, basketbol meydançasına gedib oynayaq. Meydançaya çoxlu kərpic parçaları, kirəmid tikələri atılmışdı. Kənardakı ağacın gövdəsindən isə bərkidilmiş dəmir halqa basketbol səbətini əvəz edirdi. Qızlar ipdən tullanıb atılır, bütün qalan uşaqlar isə səs-küylə basketbol topunu qovurdular. Xallı donuzun gözlə etdiyi işarədən onun məqsədini anlayaraq dərhal Szyan Daçşini bilərəkdən itələməyə başladıq. Əvvəlcə onun başı gicəllənməyə başladı, daha sonra uşaqlardan kimsə iki ovuc torpaq ataraq qışqırdı: - Mina partladı!
Torpaq qırıntıları çoxlarının gözünə doldu, hamıdan daha çox Szyan Daçşinin payına düşdü. Gördüm ki, Xallı donuz basketbol topundan ikiəlli yapışaraq var gücü ilə Szyan Daçşinin gicgahından vurur. Daha sonra top güllə kimi qoparaq uzağa düşdü. Hamımız topun ardınca qaçmağa üz tutduq. Yerdə tək qalan Szyan Daçşi isə qıvrılaraq hönkürtü ilə ağlayırdı.
Bütün bu baş verənlərdən sonra hamımız qorxu hissi keçirirdik. Fikirləşirdik ki, Szyan Daçşi bu barədə Canavara məlumat verəcək. Xallı donuz hətta uşaqlardan bir neçəsi ilə müdafiə-hücum ittifaqı da yaratmışdı. Biz hər an, hər saat Canavarın cəzasını gözləyirdik. Yeni dərs saatı başlayarkən qorxu hissi çəkməkdən yüz dəfə ölüb-dirilirdik. Amma əvvəl-axır qorxulu heç bir şey baş vermədi. Biz səfehləşdikcə Szyan Daçşi daha çox ağıllanırdı.
Bir neçə ildən sonra məktəbi qurtarıb evlərimizə qayıtdıq. Uşaqlardan kimi taxıl əkin-biçini ilə məşğul olur, digəri isə kənddə onun-bunun işini görürdü. Bizdən yalnız Szyan Daçşi qəza mərkəzində imtahan verərək təhsilini davam etdirirdi. İllər ötüb keçdikcə Szyan Daçşiya qarşı qəlbimizdə yuva salmış həsədimiz hiss olunmadan itib yox olmuşdu. Hərdənbir dan üzü ağararkən biz vaxt tapıb yolumuzu çaydan salr, qablarımızı təmiz və şəffaf su ilə doldurub evə dönürdük. Bu zaman içi azuqə və kitab-dəftərlə dolu çantasını çiyninə aşırmış Szyan Daçşi rastımıza çıxırdı. Biz hörmət və izzətlə onu salamlayardıq. Szyan Daçşi da öz növbəsində nəzakətlə salamımızın cavabını verirdi. Hələ də xatırlayıram ki, o vaxt onun çox solğun sifəti vardı, gözləri kədərli idi, sanki ayağının altında torpaq yoxmuş kimi yol ilə getmir, süzürdü.
Tərcümə edəni:
Ağaddin BABAYEV