Əbülfət MƏDƏTOĞLU: SEL GƏLƏNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
55656 | 2018-01-31 15:02

İş otağımda əyləşib başımı dərdlərimlə qatmışam – məşğulam. Telefon zəng çalır. Əlimi uzadıb dəstəyi qaldırıram:

- Mədətoğlu, salam! Nətərsən? Bir zəhmət çəkib aşağı düşə bilərsənmi?

O, həmişə mənə belə müraciət edirdi. Özü də Mədətoğlunu elə ərklə, elə doğmalıqla deyirdi ki, "yağım daşsa da”, unudub düşürdüm beşinci mərtəbəyə, keçirdim otağına və görürdüm ki, "Ədalət” qəzetini açıb qoyub qarşısına. Görüşürdük. Öncə qəzetin onun masaı üstündə olan sayından danışırdı, yazıma münasibətini bildirirdi – iradlarını güzəştsiz-filansız, birbaşa deyirdi, - Özünə də yazığın gəlsin, sözə də, yükləmə bu qədər dərdi-kədəri fikirlərinə, yazılarına. Başa düşürəm, el-oba itirməyin, yurd-yuvasız qalmağın nə demək olduğunu anlayıram. Amma sən də anla ki, bu qədər dərdlə yüklənib, ora qayıda bilməyəcəksən. Qayıtmaq istəyirsənsə, bir az həyat eşqini diri saxla, öldürmə içində.

Razılaşırdım onunla. Bu razılaşma növbəti yazıya qədər davam edirdi. O da bilirdi bunu və gülümsəyirdi. Həmin o gülümsəmək "öz bildiyindən əl çəkmirsən” demək idi mənim üçün. Hə, bir də baş redaktorumun yazılarından danışırdı. Hər dəfə vurğulayırdı ki, onun televiziyaya gəlişi gözümün qabağında olub, cəsarətli, qələmi olan qızdı...

Bütün bu yazdıqlarıma xatirə kimi baxmıram. Çünki, yaxınlarda telefonum yenə zəng çalmışdı. Güclə, çətinliklə danışırdı. Yenə - "Mədətoğlu”, - deyə müraciət etdi ilk cümləsində. Son səfə səsi beləcə qaldı yaddaşımda...

Bilmirəm, Allah qarşısındakı günahımın ölçüsü, çəkisi nə boydadı, bircə onu bilirəm ki, yaşadıqlarımın, özü də güvənib, sevib yaşadıqlarımın heç vaxt istəklərini çin edə bilməmişəm, hamısı xəyal olub, arzu olub, xatirə olub. Bəlkə bu bir sınaqdı, imtahandı, hər nədisə zülümdü, çəkilməsi, dözülməsi dəhşət olan zülüm. Çox rica edirəm, hətta təvəqqe edirəm, qınamayın məni, mən naşükür bəndə deyiləm, amma boyumdan çoxdan boy vermiş acılar sıxıb məni. Bu gün də sıxır. Özü də çəkdiklərimin hesabına yox, həm də o çəkdiklərimə əlavə olunan itkilərin hesabına da artır bu sızıltılarım. Mən dağ adamıyam. Elə o da dağ adamıydı. Ona görə də güvənirdim ona. Bütün sirrimi, düşündüklərimi, yazdıqlarımı, hətta yazmaq istədiklərimi də bölüşürdüm onunla. Elə təmkinlə dinləyirdi ki, məni. Mən öz-özümə düşünürdüm, əgər Nahid Hacızadə məni belə dinləyirsə, deməli nəsə var məndə, nəsə deyə, danışa bilirəm. Dinləyirdi və... həmişə söhbətimizin sonunda mütləq vurğulayırdı: Dur ayağa, gedək bufetə bir stəkan çay içək. Sən də, mən də bu yazı-pozunun içərisində özümüzü çox unuduruq. Dur, dur gedək!

Bax, yazımın bu yerində onunla telefon danışığımızdakı səsi gəldi qulağıma: Dünən Bəxtiyarla bir yerdəydik (Xalq şairimiz, cənnətlik Bəxtiyar Vahabzadəni nəzərdə tuturdu – Ə.M.).

Səndən danışdıq, səni yaman çox istəyir. Haqqında yazdığını yəqin ki, oxumusan. Elə mənim yazdığımı da yəqin oxudun...

Duruxuram və bir az ehtiyatla soruşuram: - Nahid müəllim, harda yazmısınız?

- Bugünkü "525”-ə baxmamısan?

Üzr istəyirəm və tələsik "525-ci qəzet”ə baxıb, haqqımda yazdığını birnəfəsə oxuyuram. Onun fikirləri, xüsusilə mənim yazı-pozuma sevgisi ürəyimi dağ boyda edir. Bir anlıq hər şeyi unuduram, dərdi də, kədəri də. Hətta bir anlıq mənə elə gəlir ki, Nahid müəllim ürəyimi kitab kimi vərəqləyib. Əlimi telefona uzadıram və səhv etdiyimi başa düşüb, otağın qapısını bağlamadan onun yanına qaçıram. Ürəyim atlana-atlana: - Çox sağ olun, Nahid müəllim, çox təşəkkür edirəm, - deyəndə sevincdən, həyəcandan ağzımda dilim də titrəyir.

- Sən sağ ol, sağ ol ki, bu cür yazırsan, - deyir təmkinlə, Nahid Hacızadə və ardınca əlavə edir, - dur gedək çay içək. İndi Əlövsət də gələcək (Əlövsət Bəşirli), Oqtay Rza da.

Çox maraqlıdır ki, bu insanların üçü də mənə Mədətoğlu deyə müraciət edirlər. Ha fikirləşirəm, yadıma sala bilmirəm ki, onlardan hansı daha əvvəl mənə belə müraciət edib. Bir də ki, nə fərqi var. Onsuz da onların hər üçü mənim üçün əzizdi. Əlövsət Bəşirli mənim haqqımda böyük bir yazını yazıb çap etdirəndən sonra yazını oxuyan Nahid müəllim dedi ki, Mədətoğlu, Bəşirli görürsən də sənə necə qiymət verib, tay bundan o tərəfi yoxdur.

Təbii ki, onunla razılaşdım və Nahid müəllimin həm öz dostlarının yaradıcılığına, həm də mənim yazı-pozuma olan qiymətinin qarşısında minnətdarlıq ifadə etməkdən başqa heç nəyə gücümün çatmadığını təkrar anlayıb, sadəcə susuram...

İndi isə bütün bunları sadəcə xatırlayıram. Sanki, yüz il əvvəl baş verib bütün bunlar. Amma Nahid müəllimlə mənim tanışlığımın yaşı iki formada, iki məzmunda ifadə oluna bilər. Birincisi, bizim tanışlığımızın yaşı sözün yaşı qədərdi. İkincisi isə, ötən əsrin 70-ci illərindən başlayır. Orta məktəbdə oxuyurdum. Mətbuatın, yazı-pozunun həvəskarı olduğumdan kitabxanadan əl çəkmirdim. Nahid müəllimlə kitabxanada tanış oldum. Sonra televiziyada, ağ-qara rəngli televizorumuzda onun ssenari müəllifi olduğu verilişlərə böyük həvəslə baxırdım. Sonra mənim də yolum yazı-pozu ilə bağlı mətbuata gəlib çıxdı. İlk dəfə Nahid müəllimi 1979-cu ilin yazında Dövlət Televiziyasının həyətində gördüm. Televiziyanın "Gənclik” verilişinə dəvət olunmuşdum. Onunla televiziyaya daxil olarkən qarşılaşdıq. Kitablarından şəklini gördüyüm o əzəmətli, ucaboylu, yerişi də qətiyyət ifadə edən bu Kişi ilə üz-üzə gəldik. Salam verib yanından ötmək istəyəndə hiss etdim ki, ayaq saxladı. Mən də dayanıb, arxaya çevrildim...

-Verilişə dəvət olunmusunuz?

- Bəli, "Gənclik” proqramına.

- Adın nədir?

Özümü təqdim etdim. Gülümsədi. Ürəkli ol! Elə danış ki, evdə, kəndinizdə baxanlar sonra sənə gülməsinlər.

Bax, beləcə başladı tanışlığımız. Sonralar demək olar ki, "Azərbaycan” nəşriyyatında hər gün görüşürdük, ya da telefonla danışırdıq. Bizim dostluğumuzu dəyərli filosofumuz, gözəl yazıçı-dramaturq Firuz Mustafa da əməlli-başlı şirinləşdirmişdi.

Amma indi bütün bunlar barəsində yazmaq məni yaman ağrıdır. Çünki mən Nahid müəllimlə çoxlu sayda müsahibələr yazmışam. Kitabları, əsərləri barəsində oxucu fikirlərimi "Ədalət”in səhifələrinə çıxarmışam və heç vaxt ağlıma gətirməmişəm ki, nə vaxtsa onun barəsində xatirə söyləyəcəm. Bu da yazılıbmış mənim taleyimə - itirdiyim dostlardan, güvəndiyim dağlardan xatirə yazmaq, vida məktubları qələmə almaq...

Bir atalar sözümüz var: sel gələndə əvvəl çör-çöp gətirər. Hə, bu dəfə sel elə birbaşa dağ əzəmətli, dağ dəyanətli, dağ qürurlu, nəhəng bir palıdı yerindən tərpətdi. Sözü, yaradıcılığı, insanlığı, ziyalılığı dağ əzəmətdə olan Nahid Hacızadəni aldı əlimizdən, Əzrayıl, gücünü göstərdi (Burda söhbət Nahid müəllimin yaşadığı illərin sayından getmir, onun aydın ömründən gedir-Ə.M). Mən Nahid müəllimlə bağlı ilk anonsu həmin günün gecə saatlarında Firuz Mustafanın internet səhifəsindən oxudum. Səhərə kimi də inanmadım. Sonra Əlövsət müəllim zəng vurdu. Heyif, mənə görə, mənim inancıma görə insanlıqdan, xeyirxahlıqdan, halallıqdan, paklıqdan, səmimiyyətdən, təmənnasızlıqdan torpağa, adamlara, el-obaya sevgidən Nahid Hacızadə şəxsiyyəti, nüfuzu boyda azaldı. Özü də indiki vaxtda, bunlara ehtiyacımız daha çox olduğu bir zamanda!..

Deyirlər torpağın üzü soyuqdur, bu deyilənlə mən də razıyam. Amma düşünən insanın, vicdanı ayaqda olan adamın yaddaşı ki, soyuq olmur, donmur. Bax həmin o donmayan yaddaşın, oyaq olan vicdanın bir nöqtəsində yaşayacaq Nahid Hacızadə. Çünki o, əldən tutub, irəli çəkib, yol göstərib. Şəxsən mənə ağsaqqal kimi həmişə məsləhət verib, ağı qaradan seçməkdə yardımçı olub. Bu cür olmağı məndə aşılayan aydınlardan birinə çevrilib. Bir də Nahid müəllim adamların içindəki işığı gördüyündən onları yönəltməyi də bacarıb. Neçə-neçə qələm adamını üstümə göndərib və telefonla deyib:

-Mədətoğlu, yanına bir nəfər göndərdim (və yaxud qızlardan bir yazı göndərdim), oxumuşam, sən də bax, xanıma da de! (İradə Tuncayı nəzərdə tuturdu). Məncə, çap eləsən yaxşı olar.

Beləcə, tanış olurdum yeni imzalarla, yeni adamlarla Nahid müəllimin sayəsində. Və bu gün doğma bacım qədər əziz olan Nəzakət xanımın da yazılarını mənə Nahid müəllim göndərmişdi. Eh...

Bilmirəm, onunla nə vaxt görüşəcəm, amma bildiyim odur ki, o görüşə qədər o, mənim yaddaşımda, xatirəmdə, ürəyimdə olacaq, buna əminəm. Onu yaddaşımdan, xatirəmdən, ürəyimdən heç kim çıxara bilməz, - qazandığı yalnız təmizlık, halallıq, səmimilik, xeyirxahlıq, istedad, hər kəsin qiymətini verməyi bacaran ağsaqqal kimi...


TƏQVİM / ARXİV