adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Yanvar 2018 13:54
10525
GÜNDƏM
A- A+

Bilik Fondu ilə səfirlik arasında memorandum imzalandı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Fondun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko imzalayıblar.

O.Səmədov sənəddə əksini tapan prioritet istiqamətləri diqqətə çatdıraraq bildirib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində iki xalqın tarixi və mədəniyyəti, sosial və iqtisadi həyatı barədə informasiya mübadiləsi həyata keçiriləcək, alimlər mühazirələ və təlimlərə cəlb olunacaqlar, ali məktəblərlə əməkdaşlıq intensiv şəkil alacaq, idman yarışları və intellektual müsabiqələr, beynəlxalq konfranslar və seminarlar təşkil olunacaq, milli bayramlara və əlamətdar tarixi günlərə həsr olunan tədbirlər hazırlanacaq, səfirliyin nümayəndələri Fondun nəzdində fəaliyyət göstərən klublarda görüşlərə qatılacaqlar, səfirlikdə gənc jurnalistlər üçün "Açıq qapı" günü keçiriləcək.

Bilik Fondunun icraçı direktoru tədbirlərin birgə təşkili və yüksək səviyyədə keçirilməsi məqsədilə tərəflərin təkliflər mübadiləsi aparmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Səfir Aleksandr Mişenko ötən il Bilik Fondunun qonağı olduğunu xatırladaraq, bu gün imzalanan memorandumun məhz həmin tarixdə əsasının qoyulduğunu deyib.

A.Mişenko sənəddə əksini tapan fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib və qeyd edib ki, alim, mütəxəssis, tələbə və şagirdlərin elm, mədəniyyət, idman, iqtisadiyyat üzrə layihələrdə iştirak etmələri üçün qarşılıqlı səfərləri xalqların dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub və xatirə fotosu çəkilib.