adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Yanvar 2018 00:05
12748
GÜNDƏM
A- A+

Həyatımızdakı multikultural dəyərlər

Yanvarın damarında bir az soyuqluq olan bu havasında hər hansı bir tədbirə qatılmaq bəlkə də sözdən uzaq adamlar üçün xoş olmaya bilər. Amma tam səmimi şəkildə vurğulamaq istəyirəm ki, dünən, yəni yanvar ayının 29-da mən havanın soyuqluğuna könül istisi qatıb, onun hərarətini müsbətə doğru dəyişməyin şahidinə çevrildim. Bu da iki səbəbdən baş verdi. O səbəbləri bir anlıq sizin üçün də xatırlatsam yəqin ki, yerinə düşər.
Paytaxtımızın mərkəzi ünvanlarının birində göz-könül oxşayan gözəl bir bina var. O binanın gözəlliyi təkcə xaricində ifadə olunmayıb, həm də daxilindən işıq kimi xaricinə səpələnib. Çünki, o binanın adı "Azərkitab"dır. Binanın içərisinə daxil olan kimi gələn adamı xoş bir aura öz əhatəsinə alır. Bu auraya orda çalışanlar da öz səmimiyyətlərini əlavə edirlər. Ona görə də ilk kəlmədən hiss edirsən ki, hara düşmüsən, hardasan. Mən də ilk dəfə olduğum "Azərkitab"da içimdə təkrarladığım sualın cavabını heç kimdən soruşmadım. Çünki cavabı binanın həm daxilindəki, həm xaricindəki aura özü pıçıldayırdı. O pıçıltının istiliyi də bir ayrı aləmdi...
Bəli, buraya gəlişim təsadüfi deyil. Bir kitab təqdimatına, bir kitabın sahibinin layiq görüldüyü mükafatın çatdırılma mərasiminə dəvətli idim. Və mərasim üçün bu yerin niyə seçildiyini elə birinci mərtəbədəcə anladım. Çünki kitablar dünyasında yeni kitabın yerini görmək, onun işığının buradakı işığa əlavə olunduğunu görmək də bir təqdimatdır, bir təsir gücüdür. Mən yazının əvvəlində bina ilə bağlı fikrimi söylədim. Amma ikinci məqamı indi deyirəm, çünki bina ilə yanaşı tədbiri keçirənlər və dəvət olunanlar özləri müsbət enerji bağışlayan, cəmiyyətimiz tərəfindən ürək genişliyi ilə qarşılanan insanlar idi. Bir vətəndaş olaraq mən iki saatdan artıq davam edən tədbirdə yaşadığım xoş anlar üçün kitabın müəllifinə bəri başdan təşəkkürümü çatdırıram və demək istəyirəm ki, həqiqətən bu təqdimat multikultural dəyərlərin real göstəricisi idi. Çünki mərasimdə azərbaycanlılarla yanaşı gürcülər də iştirak edirdilər, özü də sıravi gürcülər yox!
Tədbiri öncə "Azərkitab" kitab təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov açdı. O, qonaqları salamlayaraq vurğuladı ki, "Azərkitab" həmişə olduğu kimi bu gün də yeni bir uğurlu təqdimatın ünvanıdır. Elə bu təqdimatda iştirak edənlərin özlərinin kimliyi, cəmiyyətdəki yerləri bu uğuru ifadə edir. Ona görə də tədbiri davam etdirmək missiyası millət vəkili Elman Nəsirov həvalə olunur.
Elman müəllim öz növbəsində həm bütün iştirakçıları, həm də Gürcüstan Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Akademiyasının prezidenti Simon Kopadzeni, "Art" televiziyasının sədri Tengiz Txilavanı salamladı və vurğuladı ki, bugünkü tədbirimizdə Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, parlamentdə Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, millət vəkili Rüfət Quliyev, Gürcüstandakı M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla xanım Əliyeva və ictimaiyyətin nümayəndələri, tanınmış elm, mədəniyyət, siyasət adamları iştirak edirlər. Həmçiinin tədbirdə Prezident Administrasiyasının Diaspora ilə İş Üzrə bölmə müdiri Qafar Əliyev iştirak edirdi. Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirli redaktoru olduğu kitab barəsində danışarkən vurğuladı ki, kitabın müəllifi, hüquq elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü Şirxan Adıgözəlov "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" adlı əsərində Azərbaycan reallıqlarını araşdırmaqla yanaşı həm də multikultural dəyərlərin tarixi köklərini, eləcə də dünyada mövcud olan dörd multikultural nümunəni elmi şəkildə oxucuya çatdırıbdır. Kitabın elmi və siyasi dəyəri hər kəs üçün bəllidir, amma bir məqam var ki, onu qeyd etmək bugünkü toplantının əsas qayəsidir. Yəni, Gürcüstandan gəlmiş qonaqlarımız özləri ilə birlikdə bu tədbirə, bütövlükdə Azərbaycana gözəl bir məramla qatılıblar. Beləki, Gürcüstanın elmi ictimaiyyəti ötən il Tbilisidə gürcü dilində işıq üzü görmüş kitabın, yəni Şirxan Adıgözəlovun əsərinin yüksək qiymətini veriblər və Gürcüstanın Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Akademiyası yekdil qərarla Şirxan Adıgözəlovu akademiyanın fəxri üzvü seçibdir.
Bu bilgidən sonra söz adıçəkilən akademiyanın prezidenti Simon Kopadzeyə verildi. O da öz növbəsində hər kəsi salamlamaqla Azərbaycanda, o cümlədən Bakıda gördüyü yeniliklərdən məmnun qaldığını bildirərək söylədi ki, sizinlə birlikdə olmaq bizim üçün çox xoşdur, çünki biz əzəli və əbədi qonşular və dostlarıq. Şirxan Adıgözəlovun kitabını Gürcüstanda oxuyub müzakirə etdik. Kitabda təkcə Azərbaycanda deyil, Qafqazda böyük ənənəsi olan multikultural dəyərlər o qədər elmi şəkildə işlənib ki, ondan hər kəs yararlana, faydalana bilər. Biz bu əsəri bəyəndik və onun müəllifini akademiyamızın üzvləri sırasında görmək qərarı verdik. Bu gün mən Şirxan Adıgözəlova Fəxri akademik vəsiqəsini, eləcə də digər hədiyyələrimizi çatdırıram. İnanırıq ki, Şirxan müəllim bundan sonra da öz uğurlarını davam etdirəcək və biz onun elmi uğurları ilə sevinəcəyik.
Sonra digər qonaq, yəni "Art" televiziyasının sədri Tengiz Txilava, Şirxan Adıgözəlovun elmi kitabı barədə öz fikrini söyləməklə bildirdi ki, əsər həm tarixilik, həm də müasirlik baxımından günün tələblərinə tam cavab verir. Buradakı bütün faktlar sübut edir ki, kiçik bir ölkədə multikultural dəyərlər necə yüksək bir səviyyədədir.
Söz Respublikanın Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərova verildi. Həmişə öz səmimiyyəti və məsələyə ağsaqqal münasibəti ilə seçilən Fəttah müəllim bildirdi ki, kitabın müəllifi Şirxan Adıgözəlov onun gözləri önündə püxtələşmiş və fəaliyyət yolu Culfadan bugünə qədər davam edən çox dəyərli bir ziyalı, istedadlı və təcrübəli hüquqşünasdır. Şirxan Adıgözəlov hələ Naxçıvanda işlədiyi illərdə oradakı ali məktəbdə müəllim kimi də fəaliyyət göstərirdi. Elmlə gənclik illərindən məşğul olan Şirxan Adıgözəlov təqaüdə çıxdıqdan sonra gəncliyindən qarşısına qoyduğu məqsədə daha çox zaman ayırmaqla onu reallaşdırdı. Bu gün təqdimatına yığışdığımız kitabın rəyçilərindən biri kimi deyə bilərəm ki, müəllif öz əsərində həm Ulu Öndərimizin, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın multikultural dəyərlərinə yönəlik fikirlərini əsas götürərək tariximizi araşdırmaqla dəyərli bir kitab ortaya qoyub. Çox sevinirəm ki, həmin kitab artıq gürcü dilində də çap olunub və aldığım məlumata görə kitab qazax dilinə də çevrilib. Bu da onu göstərir ki, Şirxan Adıgözəlov hər kəsə gərək olan çox faydalı bir işin altına çiyin verib. Dünyanın indiki durumunda təkcə son üç yüz ildə dünya müharibələrinin şahidi olan tarix bu gün multikultural dəyərlərə çox ehtiyac duyur. Çünki bütün qitələrdə bu dəyərlər elə bir duruma salınıb ki, insanlıq təhlükə qarşısında qalıb. Azərbaycanda isə multikultural dəyərlər cənab prezidentimiz İlham Əliyevin dediyi kimi, həyat normasıdır. Müxtəlif dinlərin və dillərin nümayəndələri bizim ölkəmizdə çox rahat yaşayır, işləyir və Azərbaycan vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edirlər. Mən Şirxan Adıgözəlovu layiq görüldüyü fəxri ad münasibəti ilə də təbrik edir, ona böyük uğurlar diləyirəm.
İştirakçıların gözləri önündə Şirxan Adıgözəlovu bir ağsaqqal sevgisiylə bağrına basıb öpən millət vəkili Fəttah Heydərovdan sonra söz Eldar İbrahimova verildi. Yeri gəlmişkən xatırladım ki, millət vəkili Eldar İbrahimov da kitabın elmi rəyçilərindən biridir. Eldar müəllim çıxışında vurğuladı ki, Şirxan Adıgözəlovun kitabında barəsində bəhs olunan münasibətlər elə bugünkü tədbirin özündə də ifadə olunur. Gürcü və azərbaycanlı dostluğu bütün əsrlərin sınağından keçib. Ədəbiyyat, elm, sənət adamların bir-birinə bağlılığı, hətta Ulu Öndərimizlə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Eduard Şevardnadzenin dostluğu dediklərimizə sübutdur. Mən şahidi olduğum bir faktı da xatırlatmaq istəyirəm. Beləki, Gürcüstanda keçirilən tədbirlərin birində məclisdə iştirak edən Ümummilli liderimizə sayqısını elə Heydər Əliyevin öz yanında deyən Şevardnadze əminliklə dedi ki: Cənab Əliyev, sizinlə mənim birlikdə Gürcüstan prezidentliyinə namizədliyimiz irəli sürülərsə, mən inanıram ki, gürcülər sizə səs verər. Çünki sizi Gürcüstanda hamı sevir.
Bax, bu faktın özü də iki xalqın dostluğunun aşağıdan yuxarı hansı səviyyədə olduğunu açıq-aydın göstərir. Mən də öz növbəmdə Şirxan müəllimi təbrik edirəm - həm fəxri ada, həm də kitabına görə.
Daha sonra millət vəkili Rüfət Quliyev iştirakçılardan üzr istəyib bildirdi ki, gürcü qonaqlarımızın da bizi başa düşməsi üçün o fikirləri rus dilində söyləmək istəyir. Açığını deyim ki, çox mükəmməl bir səviyyədə həm dünya multikulturalizmindən, həm də Qafqazdakı multikultural dəyərlərdən söz açan Rüfət müəllim bildirdi ki, bizim dostluğumuzun bariz nümunəsi iqtisadiyyatda da, yəni, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və digər layihələrin timsalında da özünü göstərir. Özünü hər şeydən məhrum etmiş ermənilər isə mono dövlət kimi çıxılmaz bir bataqlıqda çapalayır.
Rüfət müəllimin bu fikrinə replika edən gürcü akademik vurğuladı ki, ermənilər rusların ovcunun içindədir. Ona görə də ermənilər daha çox ruslaşırlar.
Millət vəkili Rüfət Quliyevin geniş çıxışından sonra Şirxan müəllimin kitabının Tbilisidə böyük maraqla qarşılandığını və onun Azərbaycan Mədəniyyət Mərkəzində uğurlu təqdimatını xatırladan Leyla xanım bildirdi ki, bu mərkəz həm də azərbaycanlı və gürcü ziyalılarının dostluq evidir. Biz burda klassiklərimizdən gələn ənənələri davam etdiririk.
Sonda kitabın müəllifi Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, Gürcüstan Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Akademiyasının fəxri üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlov iştirakçılara, xüsusilə Gürcüstandan gələn qonaqlara və Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova təşəkkürünü bilridməklə vurğuladı ki, bugünlərdə onun yeni bir kitabı da işıq üzü görəcək. Həmin kitab da Azərbaycan prezidentinin ötən il ölkəmizdə elan etdiyi "İslam Həmrəyliyi İli" ilə əlaqədar olaraq "İslam Əməkdaşlıq Təşkilatı və İslam Həmrəyliyi" adlanır. Bu kitabda da məqsəd ölkəmizdə həyata keçirilən və İslam Həmrəyliyinə, əməkdaşlığına verilən konkret elmi və praktiki nümunələri araşdırmaq və onları oxuculara çatdırmaqdır.
... Bəli, böyük maraqla keçən bu tədbirdə hər kəsin alqışlarla qarşıladığı fikirlər onu göstərirdi ki, hər kəs məmnun qalıb. Hətta mən dəyərli dostum, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Qalib Qarayevlə etdiyim atüstü söhbət əsnasında bir daha əmin oldum ki, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun əsəri uğurlu alınıbdır.