adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2018 16:11
44524
HÜQUQ
A- A+

Ötən il nə qədər cinayətin üstü açılıb – Baş Prokurorluğun STATİSTİKASI

Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında bildirilib ki, 2017-ci ildə də cinayətkarlığa qarşı mübarizə gücləndirilmiş, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlər görülüb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşmış, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub.

2017-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Buna misal olaraq, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirilyinin ayrı-ayrı vəzifəli şəxslərinin dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və digər şəxslərə qarşı törədilmiş qanunsuz azadlıqdan məhrum etmə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifədən sui-istifadə etmə və sair qanunsuz əməlləri, həmçinin Bakı şəhəri, Nardaran qəsəbəsində hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərilməklə onların qəsdən öldürülməsi, terrorçuluq və digər cinayətlər üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub.



Xüsusi vurğulanıb ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Hesabat müddətində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla əlaqəli şəkildə hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuş, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılıb.

Kollegiya iclasında Baş prokuror tərəfindən İşgəncələrə qarşı Avropa Konvensiyası üzrə ölkəmizin götürdüyü öhdəliklərin, müvafiq qanunvericilik aktlarının və Baş Prokurorluq üzrə təsdiq edilmiş əmrin tələblərinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən dönmədən əməl edilməsi, cinayət təqibi zamanı işgəncə vermə, yaxud digər formada fiziki və ya psixi zora məruz qalma ilə əlaqədar müraciətlərə təxirəsalınmadan baxılmaqla prinsipial yanaşma göstərilməsi, təqsiri müəyyən edilmiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş qəti tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, ibtidai araşdırma zamanı işgəncələrin və insan ləyaqətini alçaldan digər hərəkətlərin qarşısının alınmasına gündəlik nəzarət həyata keçirilməklə hər bir əməkdaşın fərdi məsuliyyət hissi artırılmalı, bu cür faktlar üzrə dərhal müvafiq araşdırmalar aparılmaqla zərurət olduqda cinayət işləri başlanmalıdır.

Hesabat məruzəsində adıçəkilən Konvensiyanın tələblərinə əməl edilməsi ilə əlaqədar prokurorluğun və daixli işlər orqanlarının struktur qurumlarına Baş prokuror və daxili işlər naziri tərəfindən imzalanmış göstəriş xarakterli məktubun göndərildiyi bildirilib.

Kollegiya iclasında qeyd edilib ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanmışdır. 2017-ci ildə bütövlükdə prokurorluq orqanlarına 83 mindən çox, o cümlədən Baş Prokurorluğa 45 min ərizə və şikayət daxil olmaqla, onlardan 32 mininin müvafiq qaydada həlli, o cümlədən 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunmuşdur. Prokurorluq orqanlarında 32 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 15 min, Baş Prokurorluqda isə 6 minə yaxın vətəndaş qəbul edilib.

Prokurorluğun əlaqədar qurumlarından tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 290 vətəndaşın qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.