adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Yanvar 2018 00:48
14272
ƏDƏBİYYAT
A- A+

AZIXANTROP

Yaşadığı yerində ünvanı yox idi. Yaşadığı yerin! Əgər ona yaşamaq deyirdinsə! Şəhərin qıraq küncündə zil enişdə yana-yana topalaşmış daşların arasında (bu daşlar bu enişdə necə dayanırdı, onu Allah bilirdi və hər an ürəyində bir qorxu vardı ki, bu gün, sabah, o birisi sabah gecəni keçirməyə gələndə görəcəkdi ki, daşlar top kimi diyirlənib üzü aşağıya yuvarlanıb və aşağıda gecəqondu evlərin hansınınsa birinin, hətta bir neçəsinin üstünə düşüb, fəlakət törədib) torpağı qazıb özünə balaca bir koma düzəltmişdi. İtnən-pişiknən axtarsaydın da buranı tapa bilməzdin. O isə gecənin gird yarısında əlindəki torbanı sürütləyə-sürütləyə - bir gözü arxada, yan-yörədə - yalquzaq kimi şəhərdən ayrılıb komasına tərəf addımlayır, daşlara çatanda nəfəsini dərib oturur, bədəninin giziltisini gecəyə töküb qapının üstünə tökdüyü torpağı cod əlləri ilə süpürüb təmizləyir, qapını açır, qaranlıq aləmə daxil olur, qırıq taxta divana sərdiyi palazların üstünə uzanır, düşünür, düşünə-düşünə yuxuya gedir. Yuxusu ha yoxdu? O, gözüaçıq yatır, torpağın qaranlığında hava çox ağırdı, güclə nəfəs alır. Nə düşünür? Təkcə düşüncələri özünündü, heç kim əlindən ala bilməz. Heç kim! Dünyaya meydan oxuyan zənginlər, güclülər belə onun qarşısında acizdilər! Soyuq, rütubətli, qaranlıq komada bəzən gözləri yumulu, bəzən gözləri açıq uşaqlıq illərinin bəzi cizgilərini xatırlayır, xatırladıqca qayğısız günlərindən fərəh hissi keçirirdi. Qəribədir, o körpə olanda da tənha imiş. Sən demə, tale elə dünyaya gəlişindən onu tək yaradıbmış, təklik yükünü daşımaq üçün. Bundan böyük faciəni heç kim onun qədər yaxından duya bilməzdi. Nə ata, nə ana onun körpə qığıltısına sevinmədi, qucağına alıb oxşamadı, ad qoymadı. İndiki adı da qondarma idi. Kimsə özgələrindən fərqləndirməkdən ötrü ona Nərib adı yazdırmışdı. Qərib! Bəlkə də onun, doğrudan da, qərib olduğunu görüb sənə də bu adı yazdırmışdı. Qəribov Qərib. Atasının adının yerində Sahib yazılmışdı. Bunların hamısı yalan, saxta və yad idi. Quru adlar ona gərək deyildi. Neynirdi? Ona ürəyini qızındıran, yaşamağa ümid verən iki müqəddəs adam gözlərinin görünüş dairəsindən çox-çox uzaqda idi, nə qədər istəsə də görə bilmirdi. Onlar niyə qeybə çəkildilər? Ölmüşdülərmi, ya göylərin yeddi qatındamı gizlənmişdilər? Bunu bilmirdi. Axtarıb arasa da, minlərlə insanın arasında onları tapa bilmirdi. Şəkillərini görməmişdi, adları da bəlli deyildi, bu məchulluqda nəticəyə nail olmaq olmazdı, arada bəzilərinin ona isti baxışlarla baxması ürəyini döyündürür, o baxışların arxası ilə qaçmaq istəyir, yarı yolda dayanır və geri qayıdırdı. Çatıb nə deyəsiydi?
- Siz mənə doğma gəlirsiniz, çox doğma. Təsadüfən mənim atam (anam) deyilsiniz ki?
Üstündən zibilxana qoxusu gələn, bitli-saqqallı, ayaqqabısının dodaqları açıq, köynəyi ütüsüz birinə kim deyərdi ki, sən mənim oğlumsan? Neçə oğlu olurdu ki, saçlarının yarısına qar yağmışdı, bəlkə də soruşduğu adam yaşca ondan kiçik idi? Ağlı kəsmirdi, internat evinə getsəydi, direktor ona hansısa məlumatı verərdi. Əslində verməli idi, ancaq ona, şəxsən ona heç nə deməzdi, - aldadar, yalançı vədlər verərdi. Münasibətləri çox gərgin idi. Niyə? Cavabsız sual idi. Sifətindən yağ daman, alnının və üzünün qırışlarını örtmək üçün hər gün saatlarla "gözəllik salonu"nda oturan direktor nədənsə ondan (bəlkə də valideynindən?!) xoşlanmırdı. Sən demə, internat evində də - atılmışların arasında da fərq özünü kölgəli, ya qapalı şəkildə göstərirmiş. Əgər göstərməsəydi, o da başqaları kimi hansısa bir ailəyə verilərdi. Onda da o qədər uşağı olmayan, uşaq həsrətliləri vardı ki! O qədər gözü yaşlı, üzləri giriş qapısında qalan uşaqlar vardı ki? Onu da qapıdan o yana ötürə bilməzdilərmi? Elə ötürərdilər! Ancaq internatın direktoru gənc ər-arvadın istəklərini yerinə yetirib ondan vaz keçdi. Adamın gərək naxışı gətirsin! O gecə o susayıb növbətçi otağına gəlməsəydi, qapını açıb işığı yandırmasaydı və direktoru təsərrüfat müdiri Ağabala ilə çılpaq qucaqlaşan görməsəydi, heç əlil də olmasaydı. Ağabalanın, elə direktorun əməlləriydi ki, hasardan uşaqlar itələyib yerə saldılar. Nə yaxşı ki, ölmədi! Axı, o hündürlükdən yıxılanda başı üstə yerə dəymişdi. Axı, onun nə günahı vardı? Gecəyarısı susamışdı. Gör nə qədər susamışdı ki, yuxudan ayılıb qalxmışdı, internatda su kəsilmişdi (bunu Ağabala qəsdən eləyir, gecələr suyu bağlayırdı) və dili-dodağı qurumasın deyə, ürəyinin yanğısı kəssin deyə növbətçi otağının qapısına üz tutmuşdu. Ağappaq çılpaq bədən və ona dolanan tüklü, bir az da qaralmış qollar... O an gözünün önündən getmir, ilğım kimi könlünü bulandırırdı. Gör üstündən neçə illər keçib? Ağ pambıq bədənli qadın hələ də direktordu, Ağabala o dünyada torpaq şöbə müdiridi. O isə... Zibilliklər kralıdı. Bu adı o özü-özünə verib, Qərib adından imtina edib. Öz işidi, özü bilər. İstəmir, bu addan xoşu gəlmir. O, kraldır! Kral! Zibilliklər kralı! Nə olsun ki, dövləti idarə edən kral deyil? Gərək hökmən dövlətin başçısı olsun? O da bir yerin böyüyü, kralıdı. Özünün, sərbəstliyinin, ürəyinin kralıdı. Özgələri kimi səhərin gözü açılmamışdan dayanacaqlara tələsik gəlmir ki, İşə gecikmək, kiminsə tənbehini almaq heç yadına da düşmür. Torpaq evinə girib qapısını bağlayır və yatır, uzanır, dincəlir, fikirləşir, istədiyi vaxt durub dəmir ağacını götürür və özünü zibil yeşiklərinə yetirir. Dəmiri zibil torbalarına vuranda hiss edir ki, içində nə var. Quru, cəmlənmiş, yarımçıq çörəkmi, toyuq, qoyun, ya mal ətinin sümüklərini, şirniyyat qalıqlarımı... Mineral və şirəli suları tapmaq isə asandır. Hər şeyin öz xiridarı var.
Sümüklər itlər, pişiklər və tülkülərdən ötürdü. "Evi"nin yanındakı qayanın kölgəsində həmişə açıq qalan stolunda - o, zibillikdən, stol, stullar, divan və üç kreslonu təkbaşına gətirmişdi - xüsusi yerlər düzəltmişdi, sümük və çörək qırıntılarını ora səliqə ilə yığırdı. İtlərin sayını bilmirdi, pişiklər isə gəlib göz gəzdirirdilər, boşluq olan kimi qalan yeməklərdən yeyirdilər. Tülkülər də eləcə! O dörd tülkünün yaxınlarda yaşadığını dəqiq bilirdi. Heç kim deməsin ki, şəhərdə, onun orta göbəyində tülkü olmur. Olur, özü də elə mədənidilər ki! Həyət-bacalarda saxlanılan toyuq-cücələrə gözlərinin ucu ilə də baxmırlar. Nə veclərinədi, onların yeməyi hazırca gəlib atılır zibilliklərə. Zibilliklər də ki, bir deyil, beş deyil. Hamısının yerini əzbərdən bilir. Çatan kimi də alıcı quş kimi dəmirini işə salır, torbaları doldurub "evi"nə tələsir, "əsgərlərinin" payını ayırd eləyir. "Əsgərlərə" yaxşı baxmaq lazımdı, əgər onların yeməyi yaxşı olmasa, "evi" qorumaz, fikir-zikirlərini yemək axtarmağa sərf edərdilər. O, hətta "ev"də olsaydı belə ən çox da itlər onun qarovulunu çəkirdilər, elə bil doruçu əsgərlər idilər, bir yana gedəndə heç olmasa ikisi ərazini tərk etmirdilər. Hamısı yox olanda isə növbə tülkülərə, ya da pişiklərə verilirdi. Hələ ilanları demirsən? Bir dəfə qayıdanda gördü ki, ilan qapısının üstündə uzanıb özünü günə verir, balaları isə ətrafda fırlanırlar. Sevinən kimi oldu. İlan varsa, buraya insan ayağı dəyməzdi. Axı, ilan zəhmlidi və ondan qorxurlar. Ona da bu lazım idi - buralara kimsə ayaq basmasın...
O gecə qəribə yuxu gördü. Gördü ki, direktorla Ağabala uşaqlardan gizlənib növbətçi otağında şirin yuxuya gediblər. O, otağa girib direktora yaxınlaşır, istəyir ki, onu boğub öldürsün. Yerə düşmüş iri qaşlı brilyant üzüyü ayağının altında qalır. Əyilib götürür, əvvəlcə istəyir ki, çarpayısında gizlətsin, ancaq bilir ki, otağa qoysa axtarıb tapacaqlar. Həyətdəki tut ağacının günbatan tərəfini qazıb üzüyü orada gizlədi. Yuxu uzun idi. Hamısını danışmaq istəmir. Səhər yuxudan ayılıb 3 N-li obyektə üz tutur. Üstünə "Təmiz rayon" yazılmış və yaşıl rəngoə rənglənmiş zibil qutularını əlləşdirir. Ayağının altında nəyinsə qaldığını görür. Yuxuda gördüyü üzük idi. Onu götürüb əvvəlcə üzüyə, sonra isə ətrafa göz gəzdirir. Kimsə yoxdur. Üzüyü cibinə qoyub qıraqdakı daşın üstündə oturur. Özü də bilmir niyə? Axı, o, indiyə kimi oturmayıb, zibil yeşikləri onu axtaran, arayan görüblər. Bu obyekt isə onun impehiyasının paytaxt şəhəridir. Burdan qarşıdakı doqquzmərtəbəli binanın üçüncü mərtəbəsində onun məhəbbəti yaşayır! Onun məhəbbəti! Ağ, tül pərdələrin arxasından bir qadının kölgəsi onun gözlərinə hopub. O kölgəni görmək üçün kral neçə saatlarla dayanır, işləsə də, bir gözü o pəncərədə olur və o kölgəni görəndən sonra rahatlaşır, içindən isti bir ilğım keçir, üzünə təbəssüm qonur, sonra dərindən ah çəkib köksünü ötürür. Üzüyü ona verəcək! Ancaq və ancaq ona! Bu, tale payıdır, bunu ilahi bir qüvvə yuxusunda agah edib və qarşısına çıxarıb! Yoxsa, neçə illərdir ki, zibilxanalarda fırlanır, niyə belə qiymətli əşya tapa bilmirdi? Deməli, həyat onun üzünə gülməyə başlayıb! O, yaşayır! O, sevir! Hamı kimi! Nə olsun ki, zibilliklər kralıdır! Nə olsun ki, böyük imperiyası var! Sevir! Bir nömrəli obyektindən götürdüyü qalstuku, köynəyi, cins şalvarı, qara kurtkanı (bu onun rəsmi görüşlərə geyindiyi paltar idi) üç nömrəli obyektə geyinəldi, ancaq neçə müddətdə onu bir dəfə də olsun eyvanda görməzdi. O, eyvana çıxmırdı ki, onun gözlərini, saçlarını, üz-gözünü, boy-buxununu görsün. Görsün ki, o necə gülür? Əlləri necədir? Ağ pambıq kimidimi?
Axır dözə bilmədi, özündə cəsarət toplayıb binaya girdi, pilləkanları bir-bir çıxmağa başladı, hər çıxanda dayanıb tərəddüd etdi. Tutaq ki, qapını döydü, o isə içəridən soruşdu ki, kimdi qapını döyən? Onda nə deyəcək?
Pəncərənin bərabərindəki qapıya çatdı. Ət rəngində qapının üstünə heç nə yazılmamışdı. Dayandı, ölü sükut onu titrətdi, qorxudanmı, ya nədən hətta qoltuq cibindəki sancağa taxılmış üzük yadından çıxdı. Qapı onun evinin qapısına bir az oxşayırdı. Əlini uzatsa çatardı. O, hətta qapını da döyə bilərdi. Qonşu otağın qapısı gəlib açıldı və içəridən çıxan kişi onu görüb təəccübləndi, hətta qorxdu da.
- Kimi axtarırsan? - suala cavab almadı, çünki o kişiyə məhəl qoymayıb üzüyuxarı çıxırdı.
Ancaq axşam onun həyatında təlatumlarla dolu bir axşam oldu və onun əli, qolu yerdən üzüldü. 3 N-li sahədə işləyərkən gözü o pəncərədə əvvəlcə qadının kölgəsi ilə rastlaşdı. Hə, o qadını gözəl tanıyırdı! O, özü idi! O biri kölgəni ayırd etmək çətin deyildi. Yad kişi! Onun kölgəsi qadının kölgəsi ilə birləşdi. O saat yadına internatın direktoru ilə Ağabalanın çılpaq bədənləri düşdü. Tərs kimi, kölgələr pəncərənin pərdəsinin arxasından çəkilmirdilər. Axır o bezib baxışlarını yana çəkdi və ərazini tərk etdi. Evə qayıdanda ətrafdakı adamların səs-küyü onu üşütdü. Onsuz da qanı it qanına dönmüş, tükləri biz-biz olmuşdu. İndiyəcən belə üşüməmişdi. İndi də! Hamısı - cəmi dörd nəfər idilər - ətli-qanlı, sifətləri şişman adamlar idi, ikisi əllərini ciblərinə salıb baxır, göstərişlər verirdilər, o birisilər isə əllərində uzunluq ölçən cihazla ərazinin enini-uzununu ölçür, qeydlər aparırdılar. İtlər (tülkülər, ilanlar) yerlərini isitməyə təzəcə başlamışdılar, insan addımlarının hənirtisinə tənbəl-tənbəl yerlərindən qalxıb ucadan hürməyə başladılar.
Gözlərini evinin qapısına zillədi, yerlə bərabər döşənmiş qapını qaranlıqda görmək mümkün deyildi, nədənsə, bu gün işə gedəndə üstünü torpaqlamamışdı. Hardan biləydi ki? Stol-stullarının zibillik əşyaları olduğunu güman edənlər ona o qədər də əhəmiyyət vermirdilər. Ancaq, yer ölçən düz taxta qapının üstünə çıxdı, əvvəlcə onu da atılmış hiss etdi, ancaq yerində oynadığını görüb heyrətləndi. İşığını yandırıb ora-bura baxdı, hamı ora yaxınlaşdı. Qapının tutacağından tutub qaldırdılar və işığı ora saldılar. Deyəsən, qorxmuşdular, ehtiyat edirdilər.
- Burda adam yaşayır?
- Adam?
- Hə. Odey, divan, yorğan, balış...
- Burda adam yaşayır?
- Yaşayır də!
- Onda, o, azıxantropdu...
Hər halda bu gecə bura kimsə gəlməyəcəkdi. Onlar gedəndən sonra yerinə girdi. Bu, onun sonuncu gecəsi olacaq. Krallığı, var-dövləti itəcək, sərgərdan dilənçiyə çevriləcəkdi. İlk dəfə gözlərinə isti yaş gəldi, sonra üzüaşağı axmağa başladı.
- Mən azıxantropam, - deyib gözlərini yumdu.