adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Yanvar 2018 00:44
80501
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN QƏZƏLİ

VII yazı

Raci öz qəzəllərində klassik Azərbaycan poeziyası ənənələrinə ən çox sadiq qalan bir şair idi və Füzuli poeziyası onun qəzəllərində bir ilham çeşməsi kimi çağlayırdı. Əlbəttə, Füzulidən təsirlənmək təkcə onun qəzəllərinə nəzirələr yazmaqla məhdudlaşa bilməz, Füzuli ruhu bu şeirlərdə bədii təsvir vasitələrinin, məcazlar sisteminin, obrazlar (Aşiq-Məşuq) aləminin yeni bir təqdimi ilə diqqəti cəlb etməliydi.

Yaralidür könül, ey mahparə, yüz yerdən,
Yaraliyə, yara vurma dübarə yüz yerdən.
Bu dərdi-eşqdü, təbib, əbəs yerə rənc,
Əlac yoxdu əgər gəlsə çarə yüz yerdən.
Nədəndü bəs sənə təsir eyləməz, dağılur,
Mənim bu ahim ilə səngi-xarə yüz yerdən.

Racinin qəzəllərində bir sıra "texniki" yeniliklər də nəzərə çarpır, bunlar o vaxta qədər işlənməyən və əsasən xalq danışıq dilindən süzülüb gələn qafiyə və rədiflərdir: "çəkirəm", "baxgilən", "yaxşıdır", "yatıbdır", "tapmışam" və s. Təzə qafiyələr də Raci qəzəllərində şux bir ovqat yaradırdı:

Laləyə göstər yüzün, gülşəndə həmralənməsün,
Nitqə gəl, bülbül çəməndə bir də şeydalənməsün.
Dur, gözün qurbani, səhni-gülşənə qoy bir qədəm,
Mərv balalənməsün, nərgiz də şəhlalənməsün.
Dutdum əşki-xunfəşan ilə gözüm rövzənlərin,
Səndən özgə mahrüxsarə təmaşələnməsün.

XIX əsr Azərbaycan poeziyasında qəzəl janrının yüksəlişini, başqa şeir formaları ilə müqayisədə aparıcı mövqeyini qeyd etdik, ayrı-ayrı qəzəl ustadlarının yaradıcılığına qısaca da olsa, nəzər yetirdik. Lakin hər bir "çiçəklənmənin" bir solan dövrü də olur. XIX əsr - Azərbaycan maarifçiliyinin yaranışı, formalaşması və inkişafı dövrüydü, ədəbiyyatda yeni realist meyllər, tendensiyalar, təzə ədəbi janrlar yaranırdı, rus və Qərb ədəbiyyatı ilə tanışlıq başlanmışdı, bu ədəbiyyatlardan ilk tərcümələr edilirdi, yeni tipli məktəblər açılırdı, Axundov və Zərdabi kimi dühalar milli-mənəvi tərəqqi uğrunda mübarizə aparır, beyinləri köhnə, sxolostik düşüncə tərzindən xilas etməyə çalışırdılar. Əlbəttə, bu yeniliyin-yeni düşüncə tərzinin formalaşması tədricən klassik ədəbi meyarların zəifləməsinə, rəqabət gücünün azalmasına səbəb olurdu. "Yazıçılar elə ədəbi formalara müraciət edirdilər ki, onların vasitəsilə xalq həyatının, müsəlman məişətinin işıqlı və qaranlıq tərəflərini göstərmək, yeni həyat və məişət normalarını təbliğ etmək mümkün olsun. Bu baxımdan ədəbi növlərin heç də hamısı münasib və məqbul görünmürdü. Bir qayda olaraq möhkəm və pozulmaz qanunları olan Şərq şeirinin ənənəvi formalarına rəğbət az idi. Yeni şəraitdə klassik şeirin bütün növlərini əhya etmək və yaşatmaq maarifçi yazıçıların nəzərində geriyə qayıtmaq demək idi. Onlar fikrin daha sərbəst və dərindən ifadəsinə imkan verən nəğmə, təmsil, satira, süjetli şeir, nəsihətnamə və s. şeir formalarına üstünlük verirdilər. Bu sahədə əsasən formalist-epiqon şeir mövqeyindən uzaqlaşan şairlər çalışırdılar" (Xeyrulla Məmmədov).
Bu, ədəbiyyatın zamanla, ictimai fikirdə yaranan yeni, mütərəqqi meyllərlə səsləşməsi ilə bağlı bir hərəkat idi. Lakin bu, o demək deyil ki, klassik şeir formaları, xüsusilə, qəzəl sıradan çıxır. Çünki "epiqonçu" adlandırılan şairlərin meydanı hələ geniş idi.
Klassik şeir formalarının strukturu əzəldən sabitliyi ilə diqqəti cəlb edir, deyək ki, nə məsnəvi, nə rübai, nə müxəmməs, nə müsəddəs, nə də qəzəl heç vaxt öz "qiyafəsini" - formasını dəyişmir. Lakin zaman klassik formalara da öz "möhürünü" basmış olur. XIX əsr poeziyasında, xüsusilə, Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Şamaxı, Qarabağ, Bakı, Lənkəran ədəbi məclislərində iştirak edən bir çox şairlərin qəzəllərində sadələşməyə, xəlqiləşməyə meyl, mümkün qədər mücərrəd və qəliz ərəb-fars sözləri və ifadələrindən qaçmaq qəzəlin yaxın gələcəkdə yeni bir mərhələsinin yaranacağına ümid doğururdu. Bu ümidi isə qəzəlin Füzulidən və Seyid Əzim Şirvanidən sonra böyük ustadı Əliağa Vahid doğrultdu.
Qeyd etdik ki, Füzuli öz dövründə "düşvarı" asan etmiş, qəzəli Azərbaycan poeziyasının ən populyar janrına çevirmişdi. Əsrlər keçdi, qəzəl yazan şairlər Füzuli cazibəsindən ayrıla bilmədilər, bu təsir sözün yaxşı mənasında ənənənin davamı da oldu, epiqonçuluğa da meydan açdı. Cəfər Cabbarlı bunu belə mənalandırırdı ki: "Azərbaycan ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə keçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şeirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar edirdi. Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. "Füzuliyanə" qəzəllər yazmaq şairlərin idealı olmuşdu. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi".
Belə bir dönəmdə klassik şeir sanki öz missiyasını başa vurmuş hesab olunurdu, ancaq XX əsrin əvvəllərində əsasən iki böyük sənətkar-Mirzə Ələkbər Sabir və Əliağa Vahid köhnə formalarda islahat işi apardılar (Mollanəsrəddinçi şairləri də unutmaq olmaz).. Sabir klassik ənənədən məzmunu, ideyanı yeniləşdirmək naminə əruzdan dördəlli yapışdı, Vahid isə qəzəlin - "köhnə" formanın xəlqiləşdirilməsi, onu xalqa sadə və anlaşıqlı tərzdə çatdırılmasına nail oldu. Vahid klassik qəzəlin mistik, bəzən isə həddən artıq mücərrəd örtüyünü çəkib atdı, qəzəldə real insan hisslərini ön plana çəkdi. Vahidin özündən əvvəlki əruz şairlərindən fərqli olaraq dərin fəlsəfi mənalara, ağır ürfani fikirlərə, çətin anlaşılan rəmzlərə çox da yaxın getmədiyini, ərəb-fars sözlərindən bacardıqca imtina etdiyini, işlətdiyi təşbehlərin, metaforaların sadə, hətta bəzi məqamlarda primitiv olduğunu qeyd edənlər va. Bununla razılaşmaq çətindir. Vahidin qəzəlləri fəlsəfi mənalarla doludur, ürfani fikirlərə də rast gəlirik, doğrudur, işlətdiyi təşbehlər, metaforalar, ədəbi təsvir və bədii ifadə vasitələri sadəliyi ilə diqqəti cəlb edir, amma bu sadəlik primitivlik demək deyil. Vahidin qəzəlləri ilə Füzuli qəzəllərini müqayisə etdikdə məna və məzmun baxımından uçurum yaradacaq qədər ciddi bir fərq görmürük. Füzuli azərbaycanca divanının ilk qəzəlində eşqi tərənnüm edir ("Qəd ənarəlg"), Vahidin qəzəllərində də buna aid onlarla misallar gətirmək olar ("Sevgilim, eşq olmasa, varlıq bir əfsanədir" və s.). Füzuli yarın sitəmindən, cövr və cəfasından şikayət edir (Nə kəmandarsan, ey məh ki, atıb qəmzən oxun, Yıxdığın seydidə nə zəxm, nə peykan görünür"). Vahid də eləcə: (Uyma hər zülfü qara, sevgili cananə, könül, Bu vəfasızlar edərlər səni divanə, könül"). Füzuli yar üçün qurban getməyi, hətta gözünü qırpmadan həlak olmağı özünə şərəf bilir ("İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbəsaət mən sənin qurbaninəm"), Vahid də son anda ölümü intixab edir: ("Eşq cövründən qutarmaq bir sağalmaz dərd imiş, Mən bu dərdin çarəsin ölməklə asan etmişəm"), Füzulidə sevdiyi gözəlin zahiri əlamətlərinin təsvirinə aid onlarla beytlər tapmaq müşkül deyil ("Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin, Kim, görən bir kəz olur, əlbəttə, heyranın sənin"), Vahiddə də həmçinin: ("Gözəlim, gül üzüynə el hamı heyrandı sənin, Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin"), Füzuli də eşqdə özünü Məcnundan üstün sayır ("Ey Füzuli, dura məndən ala təlimi-vəfa, Nagəh ər mərqədi - Məcnunə düşərsə güzərim"), elə Vahid də belə düşünür ("Məcnunu mənəm indiki əsrin, hanı Məcnun? Dillərdə mən ondan daha əfsanəyəm indi"). Füzuli ürfan şairi idi. Bəs Vahid?
Vahid də ürfan əhli deyildimi?

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Atəşi-qəmdən nə qorxaq kim, Səməndərxislətik,
Şəmilər yandırmışıq, pərvanələrdən çıxmışıq.
Pirimiz piri-Muğandır, xadimi-meyxanəyik,
Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.
İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa, min-min məclisi məstanələrdən çıxmışıq.
Gah öpüb yarın əyağın, gah dolannıq başına,
Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.
Qədri-qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

Bu tipli misalların sayını başqa paralellər üzrə də davam etdirə bilərik. Nəhayət, Vahid etiraf edir ki: "Böyük Füzulimizin yadigarı mən özüməm". Fikrimizcə, bu, çox səmimi etirafdır, ancaq bu, o demək deyil ki, Vahid Füzulinin kölgəsidir. Sadəcə olaraq, Vahidin öz boynuna götürdüyü missiya fərqli idi. Füzuli ruhunu və Füzuli ənənəsini yaşatmaq, lakin qəzəli sadə, xalqın başa düşəcəyi, anlayacağı bir tərzdə xalqın özünə çatdırmaq! Təbii ki, Füzulidə dərin, alt qatda gizlənən mənalar, az qala hər beytində super məcazlar diqqəti cəlb edir. Əgər müqayisə caizsə, deyək ki, Füzuli böyük bir dəryadır, Vahid isə o dəryaya axan gur bir çay.
Ancaq təbii ki, Füzuli və Vahid arasında iki mühüm fərqi mütləq nəzərə çarpdırmaq lazımdır. Azadə Rüstəmova yazır: "Füzulidə məhəbbət daha çox hissi-assosiativ, ruhi-hiperbolik məzmunda özünü göstərir. Aşiq-məşuqə münasibətlərində dramatik ehtiraslar sərhəd tanımır, həm də burada məhəbbətin predmeti-gözəllik kateqoriyası əlçatmaz ənginliklərdə olduğu üçün mənəvi-əxlaqi və eləcə də ictimai gerçəkliyin fəci şərhi üstünlük təşkil edir, kədər, iztirab motivi şairin lirik "mən"inin psixoloji vəziyyətini şərtləndirən başlıca amil rolunu oynayır". "Ruhi-hiperbolik məzmun" - "əlçatmaz ənginliklər" Vahiddə əsas qayə deyil, hətta gözəllərin vəfasızlığından gileylənən məqamlarda belə Vahidi "iztirab motivi"nin qəhrəmanı saymaq olmaz. Vahid realistdir, mümkün olduqca xəyali sevgilərlə ovunmur, o, yaşadığı dövrün-XX əsrin gözəllərini vəsf edir:
Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünü öz güli-xəndanı sevir.
Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.
Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.
Piri könlüm gəlir ilhamə, görərkən hərdən,
Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.
Vahidin ovçuluğu olsa da, insafı da var,
Öz kəməndinə düçar etdiyi ceyranı sevir.

İkinci fərqli məqam: Füzuli qəzəllərində konkret olaraq Vətən anlayışı yoxdur. "Vətənimdir, vətənimdir, vətənimdir vətənim"! misrası yarın-sevgilinin məskəninə aiddir. Vahid isə Azərbaycan qəzəlinə konkret Vətən obrazını-Azərbaycanı gətirir. "Könlüm yenə bülbül kimi şeydayi-vətəndir, Məcnun edən aşiqləri leylayi-vətəndir", "Bu şərafət mənə nəslən qalacaqdır, Vahid, Nə qədər xidmət edəm Azərbaycanım üçün", "Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər, Sən fəxr qıl ki, Azərbaycan sevir səni". Vahidin qəzəllərində Azərbaycanın şəhərləri, rayonları vəsf edilir, görkəmli musiqiçilər tərənnüm olunur və s.
Nəhayət, ən vacib bir məsələni qeyd edək. 20-ci əsr əruz ədəbiyyatında Vahid ədəbi məktəbi yarandı. Bu ədəbi məktəbə daxil olan Ələkbər Şahid, Rüstəm Samit, Hacı Mail, Ənvər Nəzərli, Mirhaşım Talışlı, Seyidağa, Əliağa Bakir, Rəhim Saraylı, Həkim Qəni, Ağaəmi Buzovnalı, Şahin Fazil məhz Vahidin açdığı yolla getdilər, hərəsinin öz fərdi üslubları nəzərə çarpsa da, bədii ifadə və təsvir vasitələrində Vahid yoluna sadiq qaldılar. Bu qəzəlxanlar Vahiddən sonra əruz və qəzəl boşluğunu aradan qaldırıb Azərbaycan qəzəlinin müasir - sadə, anlaşıqlı, səlis dilli nümunələrini yaratdılar. Bəzi misallara müraciət edək:

Yenə meydan oxuyur qəmzələrin cəlladə,
Əhsənüllah, səni təlim eləyən ustadə.
Gör necə təlim edibdir səni ol qabil kəs,
Atdığın qəmzən oxundan biri getməz badə.
Aşiq oldur dözə öz Leylisinin hər qəminə,
Yeridir Məcnuna çıxsın canı qoy səhrada.
Mail, öz xalqın üçün çoxlu qəzəl icad et,
Bunca istərsən əgər çox yaşamaq dünyadə.
Sevirəm mən səni canan, güli-rəna qədəri,
Eylərəm ahü fəqan bülbülü şeyda qədəri.
Yeni əsrin yeni Məcnunu deyirlər mənə çün,
Bildilər, istəyirəm mən səni Leyla qədəri.
Məndə var əhdə vəfa, səndə gülüm, cövrü-cəfa,
Məndə Yusif qədəri, səndə Züleyxa qədəri.
Mən bu dünyadə səri-kuyini cənnət bildim,
Bu səbəbdən səni sevdim iki dünya qədəri.
Seyidağa, səbr elə döz sən bu qəmi-hicranə,
Əsil aşiqdə olar hövsələ dünya qədəri.

***
Sevmirəm sevgili cananımı mən canə görə,
Sevirəm canımı mən sevgili cananə görə.
Qəmi yox, silsileyi-zülfə əsir olmağımın,
Çünki zəncir düzəlib aşiqi-nalana görə.
Gül dodağından ötürmən dediyim nəğmələri,
Oxuyur bülbülü-şeyda, güli-xəndanə görə.
Şahida! Şənin ucalmışdı kəmal əhli ilə,
Oldu pəjmürdə beş-on nakəsi-nadanə görə.

Eşq əhli üçün vəslə təmanna nə gərəkdir,
Dövr aşiqinə zülmü-Züleyxa nə gərəkdir.
Azadə olan yurdumun aşiqləriyik biz,
Məcnun deyilik, bizlərə səhra nə gərəkdir.
Ahu baxışı, şux yerişi canımı aldı,
Ondan savayı gözləri şəhla nə gərəkdir.
Cənnət də, cəhənnəm də sənə burdadı, Bakir,
Aqil olana nisyə o dünya nə gərəkdir.
(ardı olacaq)