adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Yanvar 2018 00:35
19176
ƏDƏBİYYAT
A- A+

Adil BABAYEV


Şeir rübabını sən ürəklə çal,
Ürəksiz deyilən sözlər saxtadır.

Səməd Vurğun


27 YANVAR 1925-Cİ İL

27 yanvar -
Təqvimin adi bir günü.
Bir uşaq o gün
açdı dünyaya gözünü,
o gün başladı ömrünü.
Bayırda qar-şaxta...
Körpənin ilk qışqırığından
bir ümid oyandı ürəkdə,
hərarət yarandı otaqda.
Çıxdı gənc ananın canından
Uzun ayların ağrısı.
Həyata vəsiqətək
Asıldı biləyindən
Mavi rəngli bir yazı:
27 yanvar, 1925-ci il!
Ürəyi ötdü dil-dil,
Xəyalı qanadlandı,
İlkinin beşiyinə
Baxdıqca şadlandı.
Sonrag
Əvəz etdi bir-birini illər,
Əsdi körpənin üstündən
qara yellər.
Düşdü yetimlik selinə,
qayğı qəhətliyinə.

Dözdü yad baxışların,
soyuq sözlərin sərtliyinə.
Ona illərin buz nəfəsi,
çovğunların səsi
layla çaldı.
O, alçaqlara nifrət edə-edə
ucaldı.
27 yanvar, 1925-ci il -
Tarixə şərəf gətirən,
nəsilləri səadətə yetirən
bir gün deyil.
Adi gündür, adi gün!
O gündən başlandı
Fırtınası bir ömrün.
Ancaq o ömrün sahibi
Əyilmədi, sınmadı.
Bir parça çörəyini
xəyanətlə qazanmadı.
O, öz haqqını
Dişi-dırnağı ilə aldı.
Alqış deyin o günə,
O gün yer üzündə
Bir İnsan da çoxaldı:
Fərq etməz bədbəxtmi,
bəxtəvərmi,
Sadəcə bir insan da
həyata vəsiqə aldı...

1971
ƏLVİDA, UZAQDA QALAN UŞAQLIQ...

Uşaqlıq günlərim yadıma düşür,
Qəribə yuxular görürdüm onda,
Gah göydə ulduzla, Ayla görüşür,
Gah saray tikirdim suyun altında.

Gündüz eşitdiyim şirin nağılın
Gecə qəhrəmanı olurdum özüm.
Qartaltək üstündə kiçik bir salın
Süzürdüm qəlbimdə, canımda dözüm.

Qorxunc divlər ilə mən əlləşirdim,
Qızmış pələnglərə atırdım kəmənd.
Bir anda gözümdə gözəlləşirdi
Neçə viranə yurd, neçə köhnə kənd.

Düz yolda qarşıma çıxdı daş-kəsək,
Düz işdə bir aləm bədxahım oldu.
Əsdi baharıma bəzən qar, külək,
Əkdiyim çiçəklər vədəsiz soldu.

Gördüm nağıllarla uyuşmur həyat,
Burda əsəblərin od olmalıdır.
Aldığın ən kiçik, adi mükafat
Alnının təriylə yoğrulmalıdır.

Bir gül bitirməkçün can yandırmalı,
Bir ev tikmək üçün dağ yarmalısan.
Haqqın bayrağıtək dalğalanmalı,
Qəlbini Günəştək yandırmalısan.

İnilti, sızıltı çatmır köməyə,
Zirvələr insandan hünər istəyir.
Qanad vermək üçün adi kəlməyə
Qələm, sənətkardan təpər istəyir.

Əlvida, uzaqda qalan uşaqlıq!
Ey şirin nağıllar, sizə əlvida!
Həyatdan dərsimi almışam artıq,
Atmışam qəlbimi sönməz bir oda.

1975

GƏNCLİKLƏ GÖRÜŞ

Ata həsrəti,
ürəyin tükənməz məhəbbəti.
Ölüm, hicran,
yaralardan axan qan.
Dumanlı, işıqlı səhərlər,
verilən, alınan şəhərlər.
Çörək azlığı,
diqqət qıtlığı.
Rəftarın sərtliyi,
Ümidin bolluğu.
Bir dünya yorğunluq,
Bir qətrə dinclik ...
Salam, mənim gəncliyim,
Salam, cəfakeş gənclik!

1971


ƏSGƏR ÇƏKMƏLƏRİ

Mənə göz dağısınız uzun illərdən bəri,
Ey əsgər çəkmələri, ey əsgər çəkmələri!

Cavan idim, lap cavan, başaçıq, ayaqyalın,
Dərdi-qəmi çox idi onda elin -mahalın.
Atalar cəbhələrdə ölümlə çarpışırdı,
Anaların qəlbində hicran dərdi daşırdı.
Mən əsgər getməmişdim, hələ çatmırdı yaşım,
Arzulardı qanadım, fikirlərdi yoldaşım.
Gündüzlər işləyirdim, axşamlar oxuyurdum
Çörək az olan zaman ümidlərdən doyurdum,
... Bazar aşıb-daşırdı, sanma nemət bol idi,
Bazar güzəran üçün bir dayaq, bir yol idi.
Kimi sabun satırdı, kimi ilanbalığı,
Dərdlərin böyüklüyü, qəlblərin xırdalığı,
Hər anda görünürdü...
Bazarda qıtlıq, yalan,
Gah aldadırdı satan, gah aldanırdı alan.
Mən çəkmə axtarırdım, adi əsgər çəkməsi,
Qoy heyrətə salmasın bu istəyim heç kəsi.
Ayrı çəkmə yox idi, dəblər düşmürdü yada,
Bəli, bizim nəslimiz belə gəlib həyata.
Çəkməm köhnəlmiş idi, əl vursan tökülərdi,
Bircə ipini çəksən, yüz yerdən sökülərdi.
Birdən bir çəkmə gördüm... işım-işım,
təptəzə,
Rənginin parıltısı işıq salırdı gözə.
Yaxınlaşıb soruşdum, münasibdi qiyməti,
Lakin ala bilmədim... bir insan fəlakəti-
Elədi çiling-çiling arzumu, istəyimi.
Qaçdım onun yanından yanğından
qaçan kimi,
Çəkmələr özününmüş... ayaqları kəsilmiş,
Gərəksiz çəkməsini əsgər satmağa gəlmiş...
- Ucuz satıram, oğlan, götür!
Əlim gəlmədi.
Geri döndüm, o axşam ürəyim dincəlmədi.
Dayandı gözlərimdə neçə min taxta ayaq,
Qopdu çəkmələrimdən, qəlbimə
düşdü yamaq...

1959

ANAMIN ÜZÜYÜ

Anam Xeyransaya ithaf edirəm

O illər, ağır illər, getsin bir də gəlməsin,
O illərdən yara var ürəyində hər kəsin.
...Heç yadımdan çıxmayır:
soyuq bir qış axşamı
Bürümüşdü bir kədər, bir intizar anamı.
Qara kipriklərində göz yaşları dururdu,
Yamaqlı bir kisəni taxılla doldururdu,
Pəncərənin yanında, ondan bir az aralı,
Əlində üsür təsbeh, çal bığları boyalı
Bir kişi dayanmışdı... Dodaqaltı gülürdü.
Anamınsa üzündən qəm-möhnət tökülürdü,
- Tez ol, tez ol, ay bacı, kəsbi-karım var mənim,
Hər qapıda yubansam işim zay olar mənim.
Dərdli anam üzüyü barmağından çıxartdı,
Verdi qoca dəllala... zənn etməyin ki, satdı
Öz nişan üzüyünü anam qızıla, pula,
Anam dəyişdi onu bircə batman taxıla.
Dəyişdi yaşatmaqçın öz yeganə oğlunu,
Gözləyə bilmək üçün öz ərinin yolunu.
Baxdı qoca möhtəkir üzüyə ləzzət ilə,

...Baxdı, anam da baxdı, sonsuz bir həsrət ilə.
O getdi, mən kövrəldim, anam könlümü aldı,
Taqətsiz qollarını mənim boynuma saldı.
- Gün olar, atan gələr, biz də xoşbəxt olarıq,
Üzük nədir, ay bala, lap quş südü alarıq.
Yox, məni ovutmadı anamın bu sözləri,
İndi də sözümdədi onun qəmli gözləri...

1960

***

Kimi var axtarır, dövlət axtarır,
Kimi sərvətində görür sənəti.
Kiminin şeirində ürək yerinə
Görünür rütbəsi, pulu, şöhrəti.

Mənim nə pulum var, nə şöhrətim var,
Lakin taleyimdən küskün deyiləm.
Elini düşünüb yazan şairə
Bir məslək lazımdı, bir kağız-qələm.