adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QANIMIZA HOPMUŞ FORMALLIQ

FƏRİDƏ RƏHİMLİ
31381 | 2018-01-27 00:22

QANIMIZA
HOPMUŞ FORMALLIQ

Son zamanlar çoxlu sayda pərakəndə şəkildə kim, necə istədi taksi şirkəti açır və əhaliyə xidmət edirlər. Bu xidmət sözü bəzən dırnaqarası olsa da, ilk işə başlayanda taksilər əhalinin rahatlığına, sevincinə səbəb olmuşdu. Zəng edəndən 7-8 dəqiqə sonra qapıda hazır olurdular və istədiyin ünvana vaxtında, ucuz qiymətə çatdırırdılar. Bütün sahələrimizdə olduğu kimi, bir az sonra bu işə də haram qatdılar.
Taksi sifariş edirəm. Qarmaqarışıq səslər içində güclə operator qızın səsini eşidə bilirəm. Ünvanı söyləyirəm, baha qiymət deyir, hansı ki, eyni şirkətin xidmətindən bir neçə dəfə yararlanmışam, eyni məsafəyə və söylədiyindən ucuz qiymətə getmişəm. Marağa, bildiyim bütün taksiləri arayıb qiymət nisbətini müqayisə edirəm. Eyni məsafəyə hərəsi bir qiymət deyir. Axır iki manat fərqiylə birini çağırıram. Çox az vaxtda gəlib çıxır, amma üstündəki nömrəyə baxıram ki, mən çağırdığım şirkətin taksisi deyil. Əyləşin deyir, - mən ikisində də çalışıram. İçimdə şübhə yaranır. - Amma mənə elə gəlir ki, mən aradığım şirkətdə bir tanışın oturur, müştərinin telefonunu sənə yönəldir, şirkətə isə, müştəri imtina etdi, - deyir və birlikdə fırıldaqçılıq edirsiniz. - Yooox, - deyir. Az keçmir telefonuma əvvəl aradığım taksi şirkətindən zəng gəlir. - Xanım salam, mən filan taksi şirkətinin rəhbəriyəm, az öncə bizə taksi sifarişi vermişdiniz. Sürücünün üzünə baxıram, - yazıq-yazıq üzümə baxıb: demə, demə! - deyir. - Bəli, bağışlayın, tələsdim, təsadüfi düşən taksiylə çıxdım, - deyirəm və onun üzünə baxıram. Başını aşağı salır. Fırıldaqlarının üstünü aça bilərdim, amma düşünürəm ki, çətin dolanışıq dərdindən, ailəsinin gündəlik tələbatını ödəyə bilmədiyindən bu yola əl atıb. Halal yaşamaq ən doğru yoldur, deyirəm ona. İndi on iki manat qazana bilərsən, amma elə yerlərə onun on qatı çıxacaq ki, çünki halal deyil... susur.
Məni məyus edən belə hadisələr günümüzdə yüzlərcədir. Nədənsə hər sahədə formallığa alışmışıq, alışdırıblar bizi. Qanunlarımızda formallıq, təhsilimizdə, səhiyyəmizdə, bazarlarımızda, ictimai-iaşə obyektlərimizdə, tikinti şirkətlərində... hər yerdə formallıq.
Yeni məktəb binalarının tikildiyini, köhnələrin təmir olunduğunu fərəhlə elan edirik, amma məktəb dərs keçmək, bilik öyrətmək üçün açılırsa, repetitorlar nə üçündür? - Məktəb formal xarakter daşımırmı sizcə?
Dövlət xəstəxanalarımız pulsuz xəstə qəbul etmir. Madam ki, xəstənin sağlamlıq sığortası yoxdur, pulsuz müalicə də yoxdur, onda bəs niyə dövlət xəstəxanası deyilir? Ona görə ki, vaxtilə belə olub?
Sosial fond, sosial təminat idarələrində, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində... kağız üzərində hər şey yerindədi. Gerçəkdə isə şirinliksiz heç nə mümükün deyil.
Memarlıq və arxitektura idarələri ev tikmək istəyən vətəndaşı nəinki ev tikməkdən, həyatından da bezdirirlər (Amma ölkədə memarlıq və arxitekturaya cavabdeh olanlar nəylə məşğuldur müəmmalıdır, çünki İçərişəhər kimi abidəmiz göz önündə məhv olub gedir. Sanki yeni binalara, xarici səfirliklərə yer tapılmırdı bu boyda şəhərdə). Tikintinin icazəsinə elə qiymət oxunur ki, evin bünovrəsini və daş divarlarını o pulla tikə bilərsən. Ərizə, tərcümeyi-hal yaza bilməyən "alimlərimiz, doktorluğa namizədlərimiz" var ki, elmi işini 8-10 minə yazdırıb. Amma formal olaraq alimdirlər. Əlində diplomu olub, başında elmdən bir zərrə olmayanlar məhz əlində o kağız parçası var deyə işə alınır, bacarıqlı, istedadlı olub oxumağa imkan tapmayanlar işsiz qalır. Hippokrat andı içmiş həkimlərimiz var ki, pulsuz xəstə gözü qarşısında ölür, yardım etmir. Mədəni-məişət obyektlərində, ticarət, alqı-satqı mərkəzlərində, müştərini qarşılama, yola salma mədəniyyəti sıfır həddində. Marşrut avtobuslarda sərnişinlə kobud münasibət, sürücü mədəniyyətsizliyi adi hal alıb. Yeni vəzifəyə gələn, köhnə işçi istər super istedadlı olsun, işdən atacaq və öz başıboş yaxınlarını ətrafına toplayacaq. Ona görə də bir tikə çörəyin ucbatından çox iş yerlərində yaltaqlar, təlxəklər, xəbərçilər, "işverənlər" ordusu yaranmaqdadır. Az-az mənliyini maddiyyatdan uca tutub qalanlarsa müdriyyətin "gözümçıxdısıyla" çalışmağa məcbur olur. Bələdiyyələrin fəaliyyət göstərdiyi ölkələrdə onların əhəmiyyətli iş prinsipləri var və əhali də onlardan lazımınca yararlanırlar. Bizdə də formal olaraq yaradıldı, amma fəaliyyət sahələri Azərbaycanın hər qarış torpağını "dədə malı" kimi satmaqdan başqa bir şey olmadı. Torpaqlar satılıb qurtarandan sonra isə formal qurum olaraq havayı maaş almaqla məşğuldurlar. İndi də taksilərdən gələn gəlirlərin toplanmasını onlara həvalə etmək təklifi gəldi. Vay taksiçilərin halına!
Bizdə sanki vəzifə xalqına, millətinə xidmət üçün deyil, onu çapıb-talamaq, aşağılamaq, hegemonluq etmək üçün verilir.
Hərdən Azərbaycanı böyük bir bazar kimi təsəvvür edirəm, satan satana... Çingiz Abdullayev deyir ki, rüşvət almaq fahişəlikdən betərdir. O zaman...
Bu formallıqla bərabər "desinlər", qarnı ac olub, xarici görkəmini zəngin göstərmək şakəri millətin qanına-canına hopub sanki. Hətta evinə çörək almağa qəpiyi olmayan da bahalı maşın, telefon almaq üçün borca girir.
Hər tərəfdə baxırsan saxtakarlıq, ikiüzlülük, artistlik ... Hara gedirik bunlarla. Səmimilik, sadəlik ən böyük keyfiyyət olduğu halda nədən özünə saxtakarlıqla bu qədər əziyyət verir insan? İçi özünü, çölü başqalarını yandıranlar, içlərindəki alovla yaşayırlar. Mevlanəni dinləyin, özünüz olun!

TƏQVİM / ARXİV