adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Yanvar 2018 11:46
16310
KRİMİNAL
A- A+

Bir neçə bölgədə əməliyyat keçirilib - külli miqdarda narkotik götürülüb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Oradan sürücü və sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək aşkar edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərdabi kənd sakini Yadigar Əlizadədən 321 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vurğun Abdulovdan 453 qram, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əliabad qəsəbə sakini Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.