Adalet.az | Məni öldürmək istəyən o qadın Adalet.az | Məni öldürmək istəyən o qadın Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məni öldürmək istəyən o qadın

24746    |   2018-01-25 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər çox narahatam. Bir qadınla tez-tez rastlaşıram. Onun üz cizgiləri, böyük şüşəli eynəyi, cod əlləri, bomboz saçları, rəngli paltosu yaddaşımı işğal edib. Onunla eyni yerlərdə qarşılaşıram. Evimizə gedən dar küçədə, pillələrdə, liftdə, qaranlıq dəhlizlərdə... Eynən heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuqlar kimi çıxır qarşıma. Bu qadının adını da "qorxuluq” qoymuşam. Bəzən özümü bostanda hiss edirəm, ancaq ürkürəm ki, bu "qorxuluq” məni vahiməyə salar, üzərimə hücum çəkər deyə.

İlk dəfə bu qadınla metroda rastlaşmışdım. Baxışları o qədər qan donduran idi ki, başım fırlandı, düşəcəyim stansiyanın adını unutdum. Birtəhər özümü ələ alıb metrodan çıxa bilmişdim.

Günlərlə metroya yaxın dura bilmirdim. İşə avtobusla gedib-gəlirdim. Metro haqda xoş xatirələrim quş olub göylərə uçmuşdu.

Günlər ötüb keçirdi. Çox yorğun olduğumdan üçüncü mərtəbədəki evimizə liftlə qalxmaq istədim. Köhnə liftimiz qollarını geniş açıb, məni ağuşuna aldı. Liftin qolları bağlanarkən kimsə onları araladı və içəri girdi. Gözlərimi ovuşdurub kimi görsəm yaxşıdı: "qorxuluq”. Ürəyimin içində baş verən təlatüm saçlarıma qədər yuxarı qalxdı. Qadından kif iyi gəlirdi, nəfəsi təngiyirdi. Onun gözlərini görməmək üçün liftin tavanında gəzişən milçəklərə baxdım. Qəfil lift dayandı. İşıqlar titrəməyə başladı. Vay indi mənim halıma! "Qorxuluq” mənə tərəf çevrilib dilləndi:

- Bala, bu lift niyə belə elədi? Nə vaxt düzələr?

Mızıldandım:

- İndi düzələr.

Araya sükut bombası düşdü. Qoca qadın dişlərini şaqqıldatdı. Vaxtın keçməsi üçün telefonumu çıxardım, gözlərimi eyni nöqtəyə zillədim. Bu an lift hərəkətə keçdi. "Şükür!”- deyə qarının boğuq səsini eşitdim.

Lift qollarını açan kimi necə evə çatdım xəbərim yoxdur. Dərindən köks ötürüb, heç nə baş verməmiş kimi qapıdan içəri keçdim. Ev əhli içimdə baş verən təlatümlərdən xəbərsizdirlər. Siqaret alışdırmaq üçün, dəhlizə çıxdım. Barmağımı dişləyib, fikrə getdim... Bu qadın bizim binada yaşayır görən? Bəlkə qonaq gəlib? Aramsız sualları beynimin içində var-gəl edir.

Yuxumda da qarşıma çıxan "qorxuluq” rahatlığımı əlimdən alır. Əlində balta üstümə gəlir. Mən hər dəfə onun zərbələrindən yayınıram. Bir göz qırpımında yoxa çıxır, sonra evimizdə, məhəlləmizdə, çarpayının altında, televizorun ekranında, tozsoranın içindən qarşıma çıxır. Yuxudan kefsiz oyanıram. İşə getmək vaxtdır. Tez-tələsik çayımı içib, yola düşürəm. Ümid edirəm ki, avtobusda "qorxuluq”la rastlaşmaram. Xoşbəxtlikdən avtobusda qorxularım hiss olunmur. Rahat iş yerimə çatıram. Redaksiyanın otağı açıqdır. Ancaq heç kim yoxdu. İçəri keçib yerimi rahatlayıram. Birdən dəhlizdən ayaq səsləri eşidilir. Ölüm kimi səssiz-səmirsiz, ilan kimi sürünə-sürünə kimsə gəlir. Addım səsləri böyük şüşəli qarını yadıma salır. Tez ayaqlanıb dəhlizə baxıram. Heç kim yoxdu. Sükut bayrağı əsir. Yerimə qayıdıb, yazmaq istəyirəm. Qəfil monitorun ekranında "qorxuluq” görünür. Çöhrəsində ikrah hissi yaradan təbəssüm var. Cəld monitoru söndürürəm. Düşünürəm ki, bu qarı ağlımın, beynimin hər yerini zəbt edib. Tək çıxış yolum var, o da ki, qarını öldürmək. Ancaq ondan çox qorxuram.

Axşam işdən qayıdarkən dar küçədə qarı ilə rastlaşdım. Aramızda 10 metr məsafə vardı. Üz-üzə gələcəkdik. Yolumu dəyişmək istədim, arxada da, sağ tərəfimdə də, sol tərəfimdə də "qorxuluq”du. Bu an huşumu itirmişəm. Davamını xatırlaya bilmirəm. Bir də gözümü açanda nə görsəm yaxşıdı, qoca kaftar yoxa çıxıb. Uşaqlar deyə-gülə məktəbdən qayıdırlar.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO