ANA SƏHİFƏ / YAZARLAR

BARIŞ ABİ OXUYURDU, MƏN AĞLAYIRDIM...

Züleyxa Nadir

137014    |   2013-03-29 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyatımda heç unutmadığım, daha doğrusu, unuda bilmədiyim, acısı-şirini ilə yaddaşıma hopan, ən xırda detalları ilə xatirələrimdə yaşayan çox az sayda günlər var. Onlardan biri də 1996-cı il martın 23-dür. Həmin gün Anadolu rok musiqisinin əfsanəsi Barış Mançonu yaxından gördüm, ünlü sənətçini canlı dinlədim, şirin, məzəli söhbətlərinə qulaq asdım. Bir zamanlar adını eşidib, üzünü televiziyadan gördüyümüz, sehrinə düşdüyümüz şarkılarını sevə-sevə dinlədiyimiz və bu səsi "tutub" onun ardınca getdiyimiz Barış Manço bizə gəlmişdi - işlədiyim redaksiyaya. Bu gəliş tarixi bir gəliş idi - mən belə düşünürəm...

Onda "Xalq qəzeti"ndə işləyirdim. Söz vaxtına çəkər, deyiblər. İlin-günün elə bu vaxtları idi. Baş redaktorumuz dedi ki, Barış Manço redaksiyamızın qonağı olacaq. Doğrusu, öncə inanmadıq. Çünki baş redaktorumuzun zaman-zaman bu və buna bənzər zarafatları olurdu. Ona görə də az qala hamımız tək-tək, ayrılıqda soruşduq ki, doğrumu söyləyir? O isə bizə eyni cavabı verdi: Etibar Babayevlə gələcək. Bəli, möhtəşəm Barış Manço gəldi. Gerçəkdən şaka deyilmiş. Korifey sənətçi jurnalistlərin əhatəsinə düşdü. Və Allah bizə bu sevimli insanla yaxından ünsiyyət qurmaq şansını verdi. Nə mutlu bizə - "Xalq qəzeti"nin o zamankı əməkdaşlarına!

İndi bu sətirləri yaza-yaza həmin günü təfsilatı ilə xatırlamağa çalışıram. "Xalq qəzeti"nin iclas zalı dolu idi. Redaksiyanın bütün əməkdaşları, eləcə də bizimlə bir binada yerləşən AzərTAcın kollektivi türk dünyasında sevilən, sayğı görən, dünya uşaqlarının dostu Barış Mançonu görmək üçün bu salona yığışmışdı. Ayaq üstə duranlar da var idi. Bu, hər zaman rəngbərəng kaftanlar geyinən, uzun saçlı, barmaqlarında çürbəcür gümüş üzüklər, qolbağlar, kənardan ağır görünən iri boyunbağılarla ekranlarda görməyə adət etdiyimiz Barış Manço deyildi. Barış Abi kostyum geyinmişdi, üzündəki mehriban və xoş təbəssümü çox səxavətlə hər kəsə paylayırdı. Söhbətləri ilə elə bir aura yaratmışdı ki, sanki bu salonda oturanlarla Barış Manço uzun illərin tanışı idilər. Çiyninə tökülən saçları və barmaqlarındakı üzüklər isə hər kəsin diqqətini cəlb edirdi. Görüş zamanı ünlü sənətçi dedi ki, geydiyi kaftanların, barmaqlarını dolduran bu üzüklərin hər biri bir amac üçündür.

Biz öncə ondan oxumasını istəmədik, suallarımıza cavab verməsini rica etdik. Bu, jurnalist peşəsinin özünəməxsusluğu, yoxsa onunla daha çox birlikdə olmaq istəyimiz, ya hər kəsin Barış Manço şəxsiyyətinə vurğunluğunun təsdiqi idimi? Bilmirəm. İndi də bu sualın cavabını verməkdə çətinlik çəkirəm. Bircə onu bilirəm ki, korifey Barış Manço həmin gün mənim taleyimdə yeni bir qapını açdı. Barış Abi danışırdı - baməzə sözlərlə, bir qədər tez-tez, amma çox səmimi. Anlamadığımız ifadələr də var idi. Bu zaman Etibar müəllim köməyimizə gəlirdi, başa düşmədiyimiz sözü izah edirdi. Amma olsun, şəxsən mənim üçün fərqi yox idi, söhbətlərinə nəfəs almadan diqqət kəsilir, su kimi içməyə çalışırdım. Lap bilmədiyim ingilis, fransız dilində danışsa belə Barış Abini dinləyərdim. Jurnalistlərdən kimsə Barış Mançonun saçları ilə bağlı sual verdi. O, əlini saçlarına toxundurub dedi:

-Belçikada ali təhsilimi başa vurub Türkiyəyə bu uzun saçlarla döndüm. Amma saçlarımın uzunluğunu qəbul etmədilər, onu kəsməyimi tələb etdilər. Mən isə dedim ki, Allahın mənə verdiyi bu saçlara əl vurmaram, çünki mənə belə rahatdı. Yalnız bircə dəfə saçımı kəsiblər. Əsgərlərlə görüş zamanı bir türk əsgəri dedi ki, Barış Abi, saçlarını kəsmək istəsəm rahatsız olarmısın? Cavab verdim ki, yalnız qəhrəman türk əsgəri nə istəsə yapa bilər. Əsgər qayçını götürüb saçımı kəsdi. Vəssalam. O gündən sonra saçlarıma toxunan olmadı, bu saçlar mənimlədir...

Barış Mançonun əlində bir jurnal var idi. Dünyanın 120-dən çox ölkəsində olmuşam, dedi. Hər yerdə də məni çox gözəl qarşılayıblar. Dünyanın bütün çocukları benim çocuklarımdı. Hansı ölkədə olsam, orada məni o ölkənin vətəndaşı kimi qəbul edirlər, hətta hər millət özünə bənzətməyə çalışır. Baxın, bu jurnal bütünlüklə Yaponiya konsertimə həsr olunub. Rəssam şəklimi çəkib. Amma məni necə də yapona oxşadıb...

Jurnalistlərin xeyli sayda suallarını cavablandırdıqdan sonra ünlü sənətçidən oxumasını xahiş etdik. Səhnədə piano var idi. Redaksiyanın əməkdaşı Rafiq Salmanov piano arxasına keçdi. Barış Manço oxumağa başladı:


Kurumuş bir çiçek buldum mektupların arasında,

Bir tek onu saklıyorum onu da çok görme bana.

Aşkların en güzelini yaşamıştık yıllarca,

Bütün hüzünlü şarkılar hatırlatır seni bana.

Unutma ki, dünya fani, veren Allah alır canı...

Ben nasıl unuturum seni, can bedenden çıkmayınca?..


Zaman o zaman idi ki, taleyimin çox ağır bir kədər yükünü çiyinlərimə götürmüşdüm. Həyatın mənim üçün dözülməz olan bir acısını yaşayırdım. Çox sevdiyim həyat yoldaşımın cavan yaşındaykən həyatdan köçməsi ilə barışa bilmirdim. Amma Barış Manço bu şarkısı ilə, həm də canlı ifası ilə az qala itirmək üzrə olduğum ümidimi qaytardı mənə. Umutsuzluğumun üzərinə sanki, işıq saldı Barış Manço şarkısı. O oxuyurdu, mən isə səssizcə ağlayırdım... (Bir də üç il sonra Barış Abi ölümü ilə məni ağlatdı).

O anlarda nədən göz yaşlarımı saxlaya bilmirdim? Nədən yanımda oturan Təranə xanımın "sakit ol, Züleyxa, niyə ağlayırsan?" sualına cavab verə bilmirdim? Bilmirəm. Lakin onu deyə bilərəm ki, ünlü sənətçi bu görüşdə mənim üçün yeni həyatın giriş qapısını üzümə açdı. Oxuduğu bu şarkı mənə unutmamağı, amma qəlbimin gizli bir yerində saxlamağı öyrətdi. Əslində əvvəllər də bu mahnını dinləmişdim, amma əfasanəvi sənətkarın canlı oxuması ruhumu oyatdı, həyata yeni baxış bəxş etdi. Həmin gündən sonra mən taleyimin həyatıma yüklədiyi ağır kədəri özümdən uzaqlaşdırmağa çalışdım. Və sonralar da həmin görüşü xatırladıqca qəlbimdə Barış Mançoya olan minnətdarlığımı, ona bir şükran borcu olduğumu çatdırmaq üçün hər dəfə Tanrıdan bir fürsət istədim. Amma bu görüş təkrar olunmadı. Və 1999-cu ilin 2 fevralında - Barış Abinin dünyadan köç etdiyi soyuq qış günündə - bir daha onu yaxından görə bilmək istəyim, üç il əvvəl yaşadıqlarımı, xoşbəxt dəqiqələrimi Barış Manço ilə paylaşmaq arzum həmişəlik olaraq ürəyimdə qaldı. Lakin indi düşünürəm ki, bəlkə də qismət bu günə imiş. Mən Barış Abiyə deyəcəyim sözləri yazmaqla o zamankı istəyimin reallaşmamasından dolayı keçirdiyim narahatlıqlara son qoymuş oluram. Ruhu şad olsun!

Korifeylərin doğum günü də, ölüm günü də bəlli olmur. Çünki bu gəlimli-gedimli dünyanın iki ucu arasındakı zaman kəsiyində ucalan, yaddaşlara hopan, heç vaxt unudulmayan korifeylərin yalnız əməlləri bəlli olur. Onların doğum və ölüm günləri elə də önəm daşımır, insan yaddaşı rəqəmləri özünə yaxın buraxmır. Çünki yaddaş deyilən nəsnə özünə hopdurduğu gözəlliklər içində quru, sxolastik rəqəmlərə yer saxlamır. Barış Manço korifeydi. Onun doğumu ilə ölümü arasındakı zaman məsafəsində hər anın, hər günün, hər ayın, ilin öz rəngi, öz çaları olub. Və indi söylədiyim bu zaman kəsiyində Barış Abinin bizimlə olan görüşünün təəssüratlarına varmaq üçün onunla çəkdirdiyimiz şəkilə baxıram, o günün bütün detallarını xatırlayıram... Bu şəkil mənim üçün çox əzizdi, 16 ildi onu tutiyə kimi saxlayıram.

Daha bir məqamı da yazmaqdan vaz keçə bilmirəm. Şəkil çəkdirməmişdən öncə Etibar müəllim soruşdu ki, yenə kiminsə sualı varmı? Barış Abidən birinci oxuduğu mahnını təkrar ifa etməsini xahiş etdim. Səsim içimdə qırıldı sanki... səbəbinə varmadığım göz yaşlarım axdı. Bu dəfə Barış Abi özü pianonun arxasına keçdi:

...Sen üzülme, sevdiciğim, bir daha çıkmam karşına,

Sana son kez yazıyorum hatıralar yeter bana.

Unutma ki, dünya fani veren Allah alır canı,

Ben nasıl unuturum seni, can bedenden çıkmayınca?..

Barış Manço bəlkə də bu mahnısını yaddaşlarımıza ona görə hopdururdu ki, onu unutmayacağımızı yaxşı bilirdi, fəhmlə hiss etmişdi ki, hələ sağlığında qəlblərdə heykəlləşib və zaman gələcək onu sevənlər də, sevməyənlər də bu "heykəlin" önündə baş əyəcəklər.

Evet, Barış Abi, "Ben nasıl unuturum seni, can bedenden çıkmayınca"?..

Qeydlərimə İskəndər Palanın Barış Manço haqqında söylədiyi bu fikirlərlə nöqtə qoymaq istəyirəm: "O, Osmanlı idi və ən son bəstəsini Osmanlı üçün yapmışdı. O, 700 ildən süzülüb gələn bir Alp Ərən idi".

Nə mutlu ki, Allah mənə bu Alp Ərənin əlindən tutmaq xoşbəxtliyini nəsib etdi...


P.S. Bu xatirənin yazılmasının səbəbkarı telejurnalist, sənətşünaslıq namizədi, dosent, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılmış Teleradio Akademiyasının rektoru Etibar Babayevdir. Təşəkkür edirəm Etibar müəllimə.


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK