adalet.az header logo
  • Bakı 21°C
24 Yanvar 2018 16:28
19055
ŞOU-BİZNES
A- A+

Həbsdən çıxan müğənni: “Keçmiş yoldaşımla aramızda ədavət var”

Ailem.az-ın müsahibi yenicə həbsdən çıxmış müğənni Emil Rəhmanovdur


- Emin bəy, yenicə həbsdən çıxmısınız. Azadlıqda özünüzü necə hiss edirsiniz?

- Necə deyim bilmirəm, azadlıq azadlıqdır da. Onun əvəzini heç nə vermir. Çıxandan sonra hər şey adama bir az yad gəlir. Çünki insan istər-istəməz adi bir həftə də haradasa olanda ora öyrəşir. Düzdür, mən ora öyrəşməmişdim, sadəcə olaraq üzüm-gözüm öyrəşmişdi. Ona görə də azadlığa çıxanda hər şey mənə bir balaca qeyri-adi gəldi. Amma indi şükür Allaha ki, adaptasiya olmuşam.

- Deyəsən siz ikinci dəfə həbsxana həyatı yaşayırdınız?

- Bəli, iki dəfə olub. Bundan əvvəl də 6 il həbsdə olmuşam.

- Birinci həbsinizlə ikinci arasında nə qədər ara oldu ki?

- Haradasa 4 il.

- Bəs nə vaxt evləndiniz?

- Bu iki ildən qabaq, yəni arada.

- Həbsxana həyatı ilə tanış idiniz. Necə oldu ki, yenidən ora düşdünüz?

- Vallah, bu, məndən asılı deyildi. Sadəcə olaraq mərdimazarlar var idi. Məndən istifadə etdilər və bu iş başıma gəldi. Lənət şeytana, oldu keçdi.

- Orda günləriniz necə keçirdi?

- Günlər gəlib keçmək bilmirdi heç. Orda ən çox mahnı yazmaqla məşğul idim. Bir neçə mahnı yazdım. Hazırda onun üzərində işləyirik və yaxınlarda çıxaracağıq. Həbsxanada işim-gücüm ancaq bu idi.

- Orada sizə ən çox çətin gələn nə idi?

- Bilirsiz, həbsxanada mənim kimi insana hər şey çətin gəlir. Mən incəsənət adamıyam. Gedib düşürəm həbsxanaya, istər-istəməz hər bir şey mənə çətin gəlir. Bircə yemək asan gəlir.

- Bilirdilər ki, müğənnisiniz?

- Bilirdilər, əlbəttə ki. Mənim orada oxumaq üçün avadanlığım, hər bir şeyim var idi. Oxuyurdum özüm üçün, gəlib qulaq asırdılar. Amma yenə həbsxanadır da...

- Bəs ən çox nədən, yaxud kimdən ötrü darıxırdınız?

- Ən çox ata-ana, bir də övladım üçün ötrü darıxırdım...

- Deyəsən, övladınız doğulanda həbsdə olmusunuz...

- Mən həbsə düşəndə hələ doğulmamışdı. Sonra bir çəkiliş var idi, gətirdilər yanıma, gördüm. Onda artıq yaş yarımlıq idi. Mən çıxanda isə iki yaşı keçmişdi. Oğlandır, adı Əlidir.

- Onu ilk dəfə görəndə nə hisslər keçirdiniz?

- Adam övladını elə yerdə yanında görəndə istər-istəməz pis olur. Haradasa bir saat bir yerdə olduq və mən bir-iki ay özümə gələ bilmədim. Bu hisslər orada çox pisdir.

- Bəs yoldaşınızdan nə vaxt ayrıldınız?

- Həbsxanaya düşəndən təxminən iki ay sonra. İkimiz də qərara gəldik ki, ayrılaq. Belə məsləhət idi.

- Onunla sevib evlənmişdiniz?

- Yox... Bilirsiz, istəmirəm bu barədə ətraflı danışım.

- Yenidən evlənmək fikriniz var?

- Əlbəttə. Qismət. Bir də ki, nə olub mənə, cavan oğlanam. Elə bir fikir var və yəqin ki, düzələr.

- Hazırda övladınızla görüşürsünüz?

- Deyim ki, həbsdən çıxdıqdan sonra onunla hələ görüşməmişəm. İnşallah, bu yaxınlarda görüşməliyəm. Keçmiş yoldaşımla aramızda bir az ədavət olduğuna görə belədir. Həm də elə şeylər var ki, onları danışmaq bir az düzgün olmaz...

-Bilirik ki, aktyor Rəhman Rəhmanovun oğlusunuz. Məşhurun övladı olmaq sizə bu sənətdə tanınmaq üçün kömək etdimi?

- Sizə bir hadisə danışım. Atam bir dəfə evə gəlib dedi ki, səninlə fəxr edirəm. Düşündüm ki, yəqin bunu səsimə görə deyir. Dedi: "İşdən gəlirdim. "Tarqovi”dan keçəndə 5-6 cavan qız qayıdıb dedi ki, a, Eminin papasına baxın”. Yaşlı nəsil əlbəttə ki, məni Rəhman müəllimin oğlu kimi tanıyır. Nisbətən cavan nəsil isə küçədə, ya da televizorda görəndə deyir, Eminin atası budur.

- Deyəsən, qız fanatlarınız çoxdur...

- Kifayət qədər var. Sağ olsunlar, çox istəyirlər məni. Hamısı ilə də əlaqəm var. Fərqi yoxdur. Kimliyindən asılı olmayaraq. Bir də görürsən haradansa nömrəmi tapıb zəng vururlar. Onlarla danışıram. Mənə etiraf edirlər ki, səni çox istəyirik. Çox sağ olsunlar. Bu, böyük şeydir və stimuldur. Deməli, oxumalıyam.

- Həbsdən çıxdıqdan sonra sənətinizdə hansı dəyişikliklər etməyi düşünürsünüz?

- Əvvəllər toylara gedirdim. Hər gün toyda olurdum. Amma qazanc elə də çox deyildi. İndi tamam ayrı cürdür. Toya az gedirəm, yəni qiymət baxımından normal toylara gedirəm. İndi artıq sırf sənətlə məşğulam. Əvvəl sənətlə o qədər məşğul olmurdum. Elə fikirləşirdim ki, bu gün gedim toya, gəlim yatım, sabah gedim toya, gəlim yatım... Təzə mahnı yazdırmaq fikrim yox idi. Amma indi toylar bir az arxa plana keçib, sənətlə məşğul olmaq lazımdır. Fikrim odur ki, təzə mahnılar, duetlər yazdırım... Hər şeyi yeniləmək lazımdır. Çünki keçmişdə qalmaq bir şey deyil. Keçmiş keçmişdə qaldı.

-Bir müddət sənət aləmini kənardan izləməli oldunuz. Uzaqdan Azərbaycan şou-biznesi necə görünürdü sizə?

- Baxırdım ki, cavan bir oğlan efirə çıxıb deyir, mən sənətkaram. Kimsə üç-dörd nəfər buna deyib əla oxuyursan. Elə bilir həqiqətən də belədir. Musiqini başa düşməyənlər onu qəbul edir bəlkə də, amma mən sənət adamıyam və bilirəm ki, o, bu sənətin adamı deyil. Eləsi də var çıxıb deyir, mən bu səsimlə bütün Azərbaycan musiqisini diz çökdürərəm. Belə şeylərə baxıb hirslənirdim ki, gör kimlər özünə sənətkar deyir.

- Sizcə, yalnız sənətlə irəli getmək mümkündür?

- İrəli getmək mümkündür əlbəttə ki. Oxu, camaat qulaq assın, sevsin, toylara, məclislərə çağırsınlar - əla. Mənə heç kim əməkdar, ya da xalq artisti adı verməyəcək. Amma bilirəm ki, camaat sənətimi qiymətləndirəcək. Başqa cür qiymət ala bilməyəcəyimi yaxşı bilirəm.

- Bəs bu, sizi qane edəcək?

- Əlbəttə. Guya mənə xalq artisti adı versələr, nə olacaq ki? Mənim öz adım var - Emil Rəhmanoğlu. Bu yaxında şəhəri gəzməyə çıxmışdım. Bir ailə var idi. Yaşlı nənə yaxınlaşıb məni öpdü ki, ay bala, sən nə yaxşı oxuyursan, nənə sənə qurban olsun. Bu, mənə o qədər xoş təsir bağışladı ki... Dedim, ay allah, sənə şükürlər olsun. Mən gündə efirə çıxmıram, ayda, ildə bir dəfə. Amma camaat çox istəyir. Efirlərdən düşməyənlər isə evdən də bayıra çıxmırlar, camaatdan gizlənirlər. Amma xalqın sevgisini qazanmaq üçün onun içində olmaq lazımdır, cibində yox. Mən köməkçimə deyirəm ki, kimsə zəng edib toy deyəndə konkret qiymət demə. İnsan var istəyir, onun toyunda oxuyum, amma pulu yoxdur. Mən onu sındıra bilmərəm. Deyirəm gələrik. Qoy o toyda mən yarım saat havayı oxuyum. Elə bilərəm ki, özüm üçün məşq etmişəm...

- Bunu da hər kəs etmir...

- Əslində heç kim etmir. Bilirsiniz niyə? Hər şeyi unudublar. Ancaq maddiyyatı düşünürlər. Amma belələri çox irəli getməyəcək.

- Sənətdə müəlliminiz kim olub?

- Mənim müəllimim Teymur Əmrah olub. Ondan şəxsən dərs almışam.

- İndi əlaqəniz varmı?

- Bəli. O, çox kövrək adamdır, əliaçıqdır. Halbuki özünün elə də imkanı yoxdur. Hətta həbsxanaya ziyarətimə də gəlirdi.

- Yeri gəlmişkən, sənət yoldaşlarınızdan kimlər gəlirdi yanınıza?

- Heç kim gəlmirdi. Bircə Teymur müəllim gəlirdi, bir də Elgiz Əkbər. Elgiz Əkbərlə də 20 illik dostluğumuz olub. Bir yerdə işləmişik, hətta "Azəri Star” layihəsində çıxış etməyimdə onun rolu çox olub.

-Bəs digər dostlarınız?

- Dost dediklərimin heç biri həbsxanaya gəlmədi. Amma indi hamısı qaçıb gəlirlər yanıma. Hətta onların əlindən telefonumun "zaryadkası” qurtarır. Özləri ilə də bir yerdə oturanda söhbət düşəndə deyirəm, sağ olsun dostlar, gəlib-gediblər yanıma. Hamısı sakit durub, susur. Sonra deyirəm, əşi, fikir eləməyin, çayınızı için, olan şeydir...

- Yəqin, artıq dost seçimi edərkən daha diqqətli olursunuz...

- Əlbəttə ki, dost tamam başqa şeydir. Mən əvvəllər bir az başqa cür həyat tərzi keçirirdim. Ona görə də belə şeylərə çox fikir vermirdim. İndi isə əvvəlki həyatımın üstünə bir xətt çəkərək, hər şeyə diqqətlə yanaşıram.

- Bundan sonrakı arzularınız nədir?

- Allah mənə elə bir yol açsın ki, valideynlərimə ömürlərinin sonuna qədər yaxşı baxa bilim. Övladıma baxa bilim, onu oxutdurum. Heç kimin yanında başıaşağı, üzüqara olmayım. Bir də sırf sənətimlə məşğul olum. Başqa heç kimə vaxt ayırmayım. Dost, tanış... sonranın işidir. O dostlar özləri mənə vaxt ayıracaq, mən onlara yox. Necə ki, indi ayırırlar. Ən böyük arzum isə odur ki, Allah heç kimə mənim yaşadığım həyatı yaşatmasın...