adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Yanvar 2018 14:44
26538
ƏDƏBİYYAT
A- A+

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.


DOQQUZUNCU FƏSİL

Gözlənilmədən dünyanı altı üstünə çevrildi. Sevgi? Yox, sevgi buna qadir deyil. Bu, nifrətdir. Onun hər şeyə gücü çatır. Nifrət hissinin təsirindən alışıb yanır, qisas ehtirasıyla çırpınıram, rəqibimsə orda, içəridədir, ancaq mən hökmən onunla üzbəsurət görüşməliyəm. Düzdür, beynimdə nəsə inadkacasına pıçıldayır ki, bunun bir mənası yoxdur.

Mən Mustafa Səidin qurtardığı yerdən başlayıram. Hərçənd, o məndən fərqli olaraq heç olmasa, özü öz seçimini etmişdi, mənsə heç nə seçə bilmədim, necə var idimsə, eləcə də yarı yolda ilişib qaldım. Qərbdə günəşin diski bir müddət düz üfüqdə asılıb qalandan sonra qəfildən alatoranlığın içində əriyib yox oldu. Pusquda dayanmış qaranlıq ordusu dərhal bütün dünyanın sahibinə çevrildi.

Ona bütün həqiqətlər deyilsəydi, yəqin ki, elədiyini eləməzdi. Mən döyüşü uduzdum, çünki necə hərəkət etmək lazım olduğunu bilmədim, heç bir qərar qəbul edə bilmədim.

Mən dəmir qapının ağzında çox dayandım.

İndi tək-təhayam, başımı söykəməyə, gizlənməyə yerim yoxdur, heç kim məni müdafiə etməyəcək. Bu ana qədər mənim dünyam orda, bu divarların çölündəydi, ancaq indi o, daralıb, üstəlik, alt-üst olub. Bu gen dünyada tək-tənha qalmışam, bütün dünya və mən, başqa heç kim mövcud deyil. Bəs, keçmişə uzanan köklər hardadır? Həyat və ölüm haqqındakı düşüncələr hara yox olub getdi? Karvanlar və qəbilələrin başına nə iş gəldi? Cavan gəlinlərin xoşbəxt hay-harayları, Nil daşqınları, yayın və qışın şimal küləkləri harda itib-batdı? Sevgi? Sevgi buna qadir deyil. Bu, nifrətdir. Budur, mən Mustafa Səidin evindəki dəmir qapının, qübbəvari tavanlı, yaşıl pəncərəli uzun otağın qarşısındakı qapının ağzında durmuşam. Açar mənim cibimdə, rəqibimsə orda, içəridə, qapının arxasındadır. Onun sifətində, heç şübhəsiz, iblisanə bir sevinc ifadəsi var. Mən onun varisiyəm. Biz hər ikimiz eyni qadına vurulmuşuq və mən onun rəqibiyəm.

Açar asanlıqla qıfılın içində fırlandı. Burnuma rütubət və köhnə xatirələrin qoxusu gəldi. Bu qoxu mənə tanış idi. Bu yanmış səndəl və aloe qoxysuydu. Mən qaranlğa girdim, əllərimi divara toxundura-toxundura özümə yol tapırdım. Bu da pəncərə. Mən onu taybatay aralayıb, taxtasını açdım. Sonra ikinci, üçüncü pəncərəni. Ancaq küçədən evə yalnız zülmət dolurdu. Kibrit yandırdım və işıq atəş dalğası kimi gözlərimə vurdu. Qaranlıqdan dodaqları bərk-bərk bir-birinə sıxılmış qəmgin bir sifət üzüb gəlirdi. Bu mənə tanış sifət olsa da, onu çoxdan unutmuşdum.

Mən nifrət cığırıyla daha bir addım atdım. Budur o, mənim rəqibim, mənim düşmənim Mustafa Səid. Sifətinin ardınca boynu göründü, onun ardınca çiyinləri və sinəsi, sonra bədəni və ayaqları. Bu vaxt öz-özümlə üzbəüz durduğumu gördüm. Məgər bu, Mustafa Səiddir? Yox. Bu mən özüməm. Güzgüdə qəmli, qaşqabaqlı bir sifət əks olunmuşdu. Bu vaxt həmin əks yox oldu, ətrafı zülmət bürüdü. Mən bir xeyli qaranlıqda oturdum və bilmirəm nə qədərsə qulaqlarımı şəkləyib qulaq asdım. Ancaq heç nə eşitmədim. İkinci kibrit giləsini yandırdım və bu zaman hansısa bir qadının acı bir təbəssümlə güldüyünü gördüm. Mən hər tərəfdən zülmətlə əhatə olunmuş işıq vahəsində oturmuşdum. Yan-yörəyə göz gəzdirərkən stolun üstündə, düz əlimin yanında köhnə bir lampa gördüm. Lampanı silkələyəndə onun içində çalxalanan ağ neftin gurultusunu eşitdim. Necə bir möcüzə! Lampanı yandıran kimi qaranlıq geri çəkildi, divarlar genişləndi, tavan yuxarı qalxdı. Fitili bir az da qaldırdım və işıq daha da gurlaşdı. Qoy, bu kərpicin, ağacın, yanmış səndəlin və aloenin... kitabların qoxusu itib-barmasın. Aman allah! Dörd divarın hamısına döşəmədən tavana kimi kitablar düzülüb. Rəflər, rəflər, kitablar, kitablar, kitablar. Siqaret yandıran kimi ciyərlərim yad qoxuyla doldu. Sarsaq! Öz həyatının yeni səhifəsini açmaq istəyən adam məgər belə hərəkət edər? Mən şaha mane olacam. Mən ceyranı yandıracam. Və mən ayağımın altındakı nazik xalçanı yandıraraq, alovun əlində nizə tutub ceyran dalınca çapan İran şahını necə udduğuna tamaşa eləməyə başladım. Lampanı yuxarı qaldıranda gördüm ki, bütün döşəməyə İran xalçaları döşənib. Qapının qarşısındakı divarda tutqun deşik görünürdü. Lampanı əlimə alıb o tərəfə getdim və... buxarı gördüm. Bəli, ağzı mis şəbəkəli, qabağı göy mərmərlə üzlənmiş əsl ingilis buxarısı, təsəvvür eləyirsiz? Buxarının qarşısındakı döşəməyə də mərmər döşənmiş, onun yanlarına ala-bəzək ipəkdən üz çəkilmiş, viktorian dövrünə məxsus iki kreslo və üstünə kitab-dəftər yığılmış dairəvi stol qoyulmuşdu. Qəfildən bir neçə dəqiqə əvvəl üzümə gülən qadının sifətini gördüm. Buxarı rəfində yağlı boyayla çəkilib qızılı çərçivəyə salınmış kifayət qədər böyük bir portret var idi. Sağ tərəfin küncündə "M.Səid” imzası görünürdü. Otağın ortasındakı alov nəinki sönməmişdi, hətta yanğına çevrilmək təhlükəsi qarşısındaydı. Onu söndürmək üçün on səkkiz addım atmalı oldum. Alovu tapdalayıb söndürərkən addımlarımı sayırdım. Mən qisas almağa susamışdım, intiqam almaq üsulu axtarır, ancaq öz marağımın öhdəsindən gələ bilmirdim. Yox, əvvəlcə baxım, hər şeyi öyrənim, yalnız bundan sonra yandırım və hər şey izsiz-soraqsız yox olub getsin.

Kitablar... Lampanın işığında onların hansı qaydayla düzüldüyünü gördüm. İqtisadiyyat haqqında kitablar, tarixi əsərlər, bədii ədəbiyyat. Zoologiya. Geologiya. Riyaziyyat. Astronomiya. Britaniya ensiklopediyası. Qibbon... Makkoley... Toynbi. Bernard Şounun seçilmiş əsərləri. Keyns, Smit, Robinson. "Rəqabət iqtisadiyyatının qısa kursu”, Qibson, "İmperializm”, Robinson, "Marksisit siyasi iqtisad haqqında”. Sosiologiya, Seksologiya, Psixolgiya. Tomas Qardi. Tomas Man. Tomas Mor. Virciniya Vulf. Vitqenşteyn, Eynşteyn, Breyerli.

Mənə məlum olan kitablar və varlığından əsla xəbərim olmayan kitablar. Mövcudluğuna şübhə etmədiyim şairlərin şeirlər məcmuəsi. Qordonun gündəliyi. "Qulliverin səyahəti”. Tomas Karleylin "Fransız inqilabının tarixi”. Lord Ektonun "Fransız inqilabı haqqında mühazitələr”i. Bərk cildli kitablar. Yumşaq cildli kitablar. Tumac cildli qədimi kitablar. Sanki təzəcə mətbəədən çıxmış yeni kitablar. Başdaşı kitabəsi kimi böyük foliantlar. Oyun kartı boyda balaca, kökü qızılı rəngli xırda cildlər. Avtoqraflar. İthaflar. Kardon qutuların içindəki kitablar. Stulların üstündəki kitablar. Döşəmədəki kitablar, hər tərəfə yığılmış kitablar. Bu nədir? Bu nə tamaşadır? Bütün bunlar nədən ötrüdür? Ouen. Ford. Stefan Sveyq. A.Q. Braun. Laski...

İngiliscə Quran. İngiliscə Bibliya. Hilbert Merrey, Platon. Mustafa Səid, "İmperializm iqtisadiyyatı”. Mustafa Səid, "İmperializm və monopoliya”. Mustafa Səid, "Xaç və barıt”, "Afrikanın talanı”. Prospero Vikelban, "Totem və tabu”. Bir dənə də olsun ərəb kitabı yoxdur! Hansısa qəbirstanlıqdır. Sərdabədir. Ağılsızlıqdır. Həbsxanadır. Məsxərədir. Xəzinədir. Sezam, açıl və var-dövlətini insanlara ver.

Palıddan düzəlmiş tavan otağın ortasında qırmızımtıl damarlı sarı mərmərdən olan iki sütuna söykənmiş tağla tən yarı bölünür. Tağ parlaq haşiyəli keramik yastı daşlarla üzlənmişdi. Mən tutqun rəngli cilalanmış dəyirmi stolun qarşısında dayanıb baxır, ancaq onun hansı ağacdan hazırlandığını heç cür ayırd edə bilmirəm. Stolun ətrafında oturacağına dəri üz çəkilmiş, hündür söykənəcəyi oyma naxışlarla bəzənmiş beş stul qoyulmuşdu. Sağ tərəfdə göy məxmərlə üzlənmiş alçaq divan var idi. Onun mütəkkələri... əlimlə onlara toxundum. Hə, düzdür, dəvəquşu tükündəndir. Buxarının sağında və solunda əvvəl gözümə dəyməyən bəzi şeylər gördüm. Sağ tərəfdə qoyulmuş uzun stolun üstündə içindəki şamları bir dəfə də yandırılmamış on şamlıq gümüş qəndil var idi. Solda da belə bir şamdanlı stol. Mən bir-bir şamların hamısını yandırdım və buxarının rəfindəki portret onların işığında çox aydın şəkildə göründü. Bu, təkəbbürlü qaşların altından baxan iri gözlü, uzun qadın sifətiydi. Bir balaca iri burnu, azacıq gülümsəyən ağzı var. Bu vaxt gördüm ki, divardakı qabağı şüşəli kitab rəfləri buxarını çərçivəyə salan və iki fut qabağa çıxan ağ şkafa dirənir. Mən rəflərin şüşəli qapılarının arxasındakı fotoşəkillərə baxmağa başladım. Mustafa Səid gülür, Mustafa Səid yazır, Mustafa Səid çimir, Mustafa Səid şəhər kənarında, Mustafa Səid universitet mantiyasında, Mustafa Səid avar çəkir, Mustafa Səid milad bayramında başına tac qoyaraq Məsihə mirra və ətirli maddə gətirən üç çardan birinin kostyumunda. Mustafa Səid kişiylə qadının arasında. Bəli, Mustafa Səid həyatının hər bir anını ya xatirə, ya da tarix üçün lentin yaddaşına köçürdüb. Mən qadın fotoşəkillərindən birini götürüb, diqqətlə baxdım və ordakı yazını oxudum: "Şeyladan sevgi və məhəbbətlə”.

Əlbəttə, bu, Şeyla Qrinvurddur. Mustafa Səidin hədiyyələr və hiyləgər nitqlərlə şirnikləndirdiyi, iti və hökmlü baxışlarıyla məftun elədiyi fermer qızı. O, yanmış səndəl və aloe ətriylə bu qızın başını dumanlandırmışdı. Fotoşəkildə mehribanca gülümsəyən bir sifət görünür. Boğazındakı boyunbağı, yəqin ki, fil sümüyündən olan həmin... Çılpaq qollar, hündür sinə. Gündüz o, kafedə xörəkpaylayan işləyir, axşamsa politexnik institutunda oxuyurdu. Ağıllı qız idi. O, gələcəyin fəhlə sinfinə məxsus olacağı, nəhayət, adamları bir-birindən fərqləndirən bütün imtiyazların ləğv ediləcəyi və hamının qardaşlacağı günün gələcəyinə inanırdı. O, Mustafa Səidə deyirdi: "Anam qara dərili kişini sevdiyimi bilsə dəli olacaq, atamsa məni öldürəcək, amma bu mənim vecimə də deyil”. Mustafa Səid deyirdi: "Mənim qucağımda o mənimçün Meri Lloyun mahnısını oxuyurdu. Mən hər həftənin cümə axşamlarını onun Kamden-Taundakı otağında keçirir, bəzənsə o özü bizdə gecələyirdi. O mənim üzümdən öpür və deyirdi: "Sənin dilin tropiklərin qürubu kimi qırmızıdır”. Biz bir-birimizdən doymaq bilmirdik. Hər dəfə o mənə baxanda sanki birinci dəfə görürmüş kimi deyirdi: "Sənin dərinin tutqun çaları necə də gözəl, necə də valehedicidir, sehr, sirr və ehtiras rəngidir”. O özünü öldürdü”. Şeyla Qrinvurd həyatına niyə intiharla son qoydu, cənab Mustafa Səid? Niyə? Bilirəm, sən hardasa burda, fironun bu məqbərəsində gizlənirsən, ancaq əmin ol ki, mən onu yandıracam, mütləq yandıracam, sənin gözünün qarşısında yandıracam.