adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2018 13:21
46686
ƏDƏBİYYAT
A- A+

Sabirin yolu uğursuzdurmu? - SORĞU

Bu günlərdə Ayxan Ayvazın Sabir haqqında yazdığı yazı böyük rezonans doğurub. Sabirin satirasını, tutduğu mövqeni tənqid edən gənc yazar onun xalqı aşağıladığını düşünür.

Sizcə, Ayxan Ayvaz haqlıdırmı? Sabir həqiqətən öz satirasında xalqı aşağılayıbmı? Sabirin yolu uğursuzdurmu?

Adalet.az bu barədə sorğu keçirib.



"Xəzər" Universitetinin dosenti Vurğun Əyyub:"Məncə, Ayxan Ayvazın yazdıqları heç bir rezonans doğurmayıb. (Hərçənd ki, yazının məqsədi də, deyəsən, diqqət cəlb etmək imiş.) Onun düşüncələrinin səthiliyi bəzilərində qəzəb, bəzilərində isə heyrət yaradıb. Ayxanın Sabir yaradıcılığı ilə dərindən tanışlığı da böyük şübhə doğurub. Sabir bizim böyük, milli şairlərimizdən biridir. Bu haqda geniş yazmaq lazımdır, sorğu vasitəsilə ona qiymət vermək mümkün deyil.”




Şair Aqşin Yenisey: "İmaməddin Nəsimidən sonra ictimai əhəmiyyətinə görə Sabirdən başqa üçüncü yazarımızın adını xatırlamaqda çətinlik çəkərək deyim ki, bu cür subyektiv tənqidlərə qarşı yaba götürmək fikirim yoxdur. Əksinə, ölkədə tənqid ruhunu qoruyub saxlamaq üçün yanlış da olsa tənqidi yazılar yazılmalıdır. Çünki bu gün tənqid ruhu demək olar ki, nə mediada, nə televiziyada var. Özünə gülməyi bacarmayan xalq ölümə məhkumdur. Dünyanın ən məşhur əsəri "Lamançlı Don Kixot və nökəri Sanço Panso” xaç yürüşlərindən sonra bütün Avropanın cəngavərlik ruhunu ələ salırdı, ifşa edirdi. Yaxud Bernard Şounun ingilislərə necə güldüyünü xatırlayın. Haynrix Böll almanların etinasızlığını ifşa edirdi. Bunları bilmədən yazar və oxucu əlini qələmə və qılınca uzatmamlıdır.”


Jurnalist Elçin Əlibəyli: "Ayxanın mövqeyi yeni deyil, zaman-zaman belə fikirlər səslənib. Mən düşünürəm Sabirin satirası maarifləndirmək üçün qamçı idi. Hadi və Əli bəy Hüseynzadənin cəhdləri nəticəsiz qaldı. O dönəm oxucuya məhz Sabir kimi yanaşmaq lazım idi. Bəlkə elə indinin də.”










Ədəbiyyatşünas İradə Musayeva: "Əvvəla, ağzımızda satira deyirik. Satira elə bir ifadə formasıdır ki, orda məhz elə Sabir kimi deməlisən sözünü.Yaşadığı cəmiyyətin ictimai-siyasi, sosial həyatındakı neqativlikləri tənqid edərək... M.Ə.Sabir 1906-cı ilə, "Molla Nəsrəddin” jurnalı fəaliyyətə başlayana qədər M.Füzuli kimi qəzəllər yazırdı. Sevgi motivli. Amma "Molla Nəsrəddin” jurnalı onu şövqə gətirir və daxilindəki etirazları üçün bu formada ifadə üslubunu (satiranı) seçir, 5 ilin içərisində bizim bu gün tanıdığımız M.Ə.Sabirə çevrilə bilir. Bir də ki, bu "xalqı aşağılamaq” ifadəsini heç sevmirəm. R.Tağının tənqidi, A.Ayxanın xalqla "zarafatlaşması” da elə o çalarlıdır. Sabir xalqı tənqid etməyib heç vaxt, xalqı cəhalətdə saxlayan, onun elminə, mədəniyyətinə, əxlaqına xor baxan adamları tənqid edib. Ona qalsa gərək rus ədəbiyyatında N.V.Qoqolu, Ş.Şedrini də qəbul etməyələr...

Ümumiyyətlə, mənə qəribə gəlir bəzən adamlar ya romantiklər, ya realistlər, tənqidçi realistlər tərəfindən çıxış edəndə... Bu ədəbiyyatşünaslıqda qeyri-profesionallıqdır. Hər üslub, hər metod, hər cür özünüifadə ən yaxşı formada olsa qəbul ediləcək. Necə ki, mən Sabiri də, R.Tağını da, hətta onları qarşılaşdırıb gündəmin söz konusu olan A.Ayxanı da qəbul edirəm və həvəslə oxuyram...

Sabiri qəbul etməmək həm də C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, Ü.Hacıbəyovu, Ə.Qəmküsarı, Ə.Nazimi qəbul etməməkdir. Ü.Hacıbəyovun musiqili komediyalarında ("Arşın mal alan”, "O olmasın, bu olsun” və s.) və felyotonlarında dediyini M.Ə.Sabir şeirlə deyib və gözəl deyib... Bu cümlələri isə A.Ayvazın dünyagörüşünə, ədəbi səviyyəsinə tən gəlməyən sitat kimi verirəm:
"Mən dünyanın heç bir yerində Sabir kimi şair görməmişəm. Bəlkə var, amma xəbərim yoxdur. Əlinə balta alıb xalqın onurğa sütununu baltalamaqda və sanki çıxış yolu tapmaqda”. Bu yerdə Sabirin sözünü də xatırlatmaq məcburiyyətindəyəm:

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!"


Yazıçı Kənan Hacı: "Mən gənc dostum Ayxan Ayvazın Sabirlə bağlı yazısını oxudum. Açığı, Ayxanın Sabirə səthi yanaşması məni məyus etdi. Ayxan ədəbiyyatı çox gözəl bilir və onu da yaxşı bilir ki, Sabir hansı mühitdə yetişib. Sabir də Mirzə Cəlil kimi gözünü dünyaya açanda hər yeri qaranlıq görmüşdü. Millət cəhalətin içində boğulurdu. Ona qədər Axundov, Həsən bəy Zərdabi maarifçilik hərəkatına başlasalar da biz xalq olaraq hələ çox-çox geridə idik. Maarifçilik ənənələri hələ geniş formada yayılmamışdı. Sabir neyləməli idi? Fəlsəfi traktat yazmalı idi? Onu kim anlayacaqdı? Axı təhsilsiz kütləyə böyük dəyərlərdən danışmağın özü də gülüncdür. Sabir xalqla öz dilində danışmağı tərcih etdi, elə yazdı ki, uşaqdan böyüyə hamı onu anlasın, hər kəs eyiblərini görsün və utansın. Sabir "get məktəbə, cavanım, elmin yolunda can ver” deyib xalqın övladlarını təhsilə çağırırdı. Uşaqlarını "uşqol”dan gizlədənləri amansız satira atəşinə tuturdu. Bunu millətini aşağılamaq üçün yox, yüksəltmək üçün edirdi. Ayxanın məntiqi ilə onda gərək XX əsrin əvvəllərindəki bütün ədiblərin - Mirzə Cəlilin, Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və digərlərinin üstündən xətt çəkək. Kökündən yanlış yanaşmadır. Bu mövzuda daha geniş danışmaq olar. Amma məncə, Ayxan dostum bunları yaxşı bilir. Bilmirəm niyə belə yazıb.



Yazıçı Mübariz Örən: "Sabir böyükdü! Sabir dilimizin əzbəri, içimizin işığıdı. "Çıxdı günəş, doldu cahan nur ilə. Cütcü sürür tarlada cüt şur ilə..." - ruhumuzun ritmidi. Sabir azərbaycanlı xislətini ilmə-ilmə, naxış-naxış həkk edib, düzümüzü, əyrimizi güzgüləndirib, yaxşı-pisimizə işıq salıb ki, arınaq, təmizlənək, "əcnəbi”lərlə ayaqlaşaq, geridə qalmayaq. İstedad dağarcığı saydığım dostum Ayxan Ayvazla la bu yerdə həmrəy deyiləm.”








Jurnalist Ləman Ələşrəfqızı: "Ayxanı qınadım. Sabir Azərbaycan poeziyasının, satirasının nəhənglərindəndir. Onun haqqında danışmaq sizə, bizə düşməz. Hələ özümüz o səviyyəyə çataq.”






Şair Aqşin Evrən: "Açığı, Sabir və onun yolu məni maraqlandırmır, vaxtında oxumuşam, bitib, indi qətiyyən maraqlı deyil. Amma deyim ki, Sabiri bu gün sevib dağ başına çıxaranların çoxunun onun yaradıcılığı - qəzəlləri haqda qandığı qrafa yoxdur. Hardansa oxuduqları 3-4 yüngül satiradan yapışıb "Sabir dahidir” deyirlər. Sabir bilsəydi ki, onu satirları ilə xatırlayacaqlar, ölüb yerə girərdi.

Ümumiyyətlə, bizim toplum həddindən artıq bütpərəstdir. Bir dəfə dostlardan biri "Harda müsəlman görürəm, qorxuram” misrasını status kimi yazmışdı, adamı daş-qalaq eləmişdlər. Açıqlayanda ki, bu misra Sabirindir, yenə həmin adamı daş-qalaq elədilər ki, "Sabir böyükdür, o başqa şeyi nəzərdə tutub, o yazıbsa, sən niyə paylaşmısan?!” Məncə, artıq burada hər şey aydın olur.