adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Yanvar 2018 12:57
13072
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL HƏRƏKƏTİ QAYDASINI POZAN CƏZASIZ QALMIR

Normadan artıq yük daşıyan «Kamaz» markalı maşının sürücüsünə yol polisi əməkdaşı Əşrəf Orucov tərəfindən «Saxla!» işarəsi verilir. Maşının sürücüsü sürəti azaldaraq nəqliyyat vasitəsini stasionar postun yaxınlığında saxlayır. Yol polisi əməkdaşı Əşrəf Orucov sürücüdən soruşur:

- Nə üçün maşına normadan artıq mişar daşı yığmısan?

Sürücü bu sualdan narahat olur və başını aşağı dikir. Normadan artıq maşına yığılan mişar daşları boşaldılır və sürücü barəsində inzibati protokol tərtib edilir. Başqa sözlə demiş olsaq, «Kamaz» markalı maşının sürücüsü inzibati məsuliyyətə cəlb edilərək cərimələnir. Bundan sonra yol polisi əməkdaşı Əşrəf Orucov tərəfindən sürücüyə nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.

Son vaxtlar Yol Patrul Xidməti Alayının 6-cı tağımında normadan artıq yükdaşınmasına qarşı mübarizə daha da gücləndirilib. Belə ki, həyata keçirilmiş tədbirlər nəticəsində son 3 ayda onlarla normadan artıq yük daşıyan avtomobil sürücüləri barəsində inzibati protokol tərtib edilib. Çoxlu sayda sürücü ilə yol polisi əməkdaşları maarifləndirmə işi aparıblar və onlara xatırladıblar ki, qanundankənar yük daşınması inzibati məsuliyyət deməkdir. Əgər kimsə bu məsuliyyəti hiss eləmirsə və normadan artıq yük daşıyırsa, o sürücü heç vaxt yaxasını kənara çəkə bilməyəcək və barəsində inzibati protokol tərtib ediləcəkdir.


Təbii ki, bu cür maarifləndirici tədbirlərin gerçəkləşdirilməsi və izahat işlərinin aparılması yükdaşıma sahəsində yaranmış mövcud problemi zaman-zaman həll edir. Yəni hər bir sürücü, hər bir şirkət rəhbəri artıq anlayıb ki, normadan artıq yük daşınırsa, demək həmin sürücü mütləq yol polisi əməkdaşları tərəfindən saxlanılacaq və barələrində inzibati tədbir görüləcəkdir. Məhz buna görə də həyata keçirilmiş tədbirlər nəticəsində yükdaşıma sahəsindəki çətinliklər artıq aradan qaldırılır.

Onu da qeyd ki, normadan artıq yük daşınarkən respublikanın avtomobil yolları sıradan çıxır. Bu yolların təhlükəsizliyini mühafizə etmək üçün məhz bu cür reyd və yoxlamaların keçirilməsi çox böyük önəm kəsb edir. Ən azından hər bir sürücü barəsində görülmüş tədbirdən sonra nəticə çıxarır və ikinci dəfə yük maşınına normadan artıq tikinti materialı yığdırmır.


Altıncı tağımın əməkdaşları yükdaşıma qaydalarının pozulmasına qarşı mübarizə aparmaqla yanaşı, kobud qayda pozuntularına yol verən sürücüləri də diqqət mərkəzində saxlayır. Ötmə əməliyyatını pozan, avtomobili sərxoş vəziyyətdə idarə edən, yolun əks istiqamətinə çıxan, qəza şəraiti yaradan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülər də bir qayda olaraq tağım əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilirlər. Aparılmış məqsədyönlü işin nəticəsidir ki, əvvəlki vaxtlarla müqayisədə sükan arxasında spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə edənlərin sayı dəfələrlə azalıb.

Eyni zamanda Bakı-Qazax avtomobil yolunun 6-cı tağımının xidmət apardığı yerlərində çoxlu sayda kameraların quraşdırılması bir çox sürücülərin sürət həddinin aşmasının qarşısını əsaslı surətdə alıb. Bu isə o deməkdir ki, əvvəlki vaxtlarla müqayisədə ağır qəzaların sayı, ölüm və xəsarətalma faktları xeyli aşağı enib.

Tağımın əməkdaşı, polis leytenantı Araz Həşimov keçirilən reydlərdə çox yaxından iştirak edir. O, gənc olmasına baxmayaraq, çox bacarıqlı və təcrubəlidir. Yükdaşıma qaydalarına qarşı mübarizədə polis leytenantı Araz Həşimov birmənalı olaraq qaydanı pozan sürücülərə sərt təpgi göstərir və onları inzibati məsuliyyətə cəlb edir. Təbii ki, bu cür ciddi addımların atılması yol hərəkəti qaydalarının qarşısının alınmasında müsbət əhəmiyyət kəsb edir.


Polis leytenantı İlyas Vəliyev də öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir. Bir polis zabiti olaraq həmişə ona çalışır ki, rəhbərlik tərəfindən ona tapşırılan işi vicdanla yerinə yetirsin. Tam məsuliyyətlə demək olar ki, o buna həmişə nail olur. Düzdür, bəzən elə olub ki, normadan artıq yük daşıyan maşının sürücüsü onu saxlatmaq istəyən İlyas Vəliyevin üstünə sürüb. Amma bu təhlükə polis leytenantını qorxutmayıb və həmin sürücünü çətinliklə də olsa saxladıb və barəsində inzibati protokol tərtib edib. Sonra bu avtoxuliqan sürücü Qaradağ rayon Polis İdarəsinə təhvil verilib. Onu da qeyd edək ki, yanvarın 24-ü polis leytenantı İlyas Vəliyevin doğum günüdür. Bu münasibətlə gənc polis zabitini fürsətdən istifadə edib təbrik edir, ona can sağlığı arzulayırıq. Arzulayırıq ki, İlyas Vəliyev həmişə qanunun icrasını belə vicdanla, namusla yerinə yetirsin və polisin nüfuzuna şərəf gətirsin.
Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbət zamanı bildirir ki, son vaxtlar əməkdaşlarımız kobud qayda pozuntularına qarşı mübarizəni daha da gücləndiriblər. Havaların soyuq keçməsini nəzərə alaraq stasionar postda bir çox avtobus sürücüləri saxlanılır və onlar maarifləndirilir. Saxlanılarkən onların nəzərinə çatdırılır ki, Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərkən diqqətli olsunlar, sürət həddinə əməl etsinlər, ara məsafəsi saxlasınlar və yuxulu halda nəqliyyat vasitəsini idarə etməsinlər. Təbii ki, bu izahat işlərimiz baş verə biləcək qəzaların qarşısının alınmasında az rol oynamır. Bir daha sürücülərə xatırladırıq ki, onlar yuxulu vəziyyətdə sükan arxasında əyləşməsinlər. Əgər yuxuları gəlirsə, avtomobili saxlasınlar, stasionar postlarda bir qədər dincəlsinlər, əl-üzlərini yuyub ondan sonra avtomobili idarə etsinlər. Bu cür hərəkət etmək mövcud qəza şəraitini aradan qaldırır, sürücünün və sərnişinlərin mənzilbaşına sağ-salamat çatmasına münbit şərait yaradır.

Keçirilən reydlərdə 6-cı tağımın əməkdaşlarından polis leytenantları İlyas Vəliyev, Araz Həşimov, polis baş serjantları Abbas Abdullayev, Əhliman Məmmədov, Elmin Məmmədov, Əşrəf Orucov, Vaqif 

İsmayılov və başqaları qanunu pozan sürücüləri məsuliyyətə cəlb etdilər.
Təbii ki, bu cür tədbirlərin keçirilməsi birmənalı olaraq mövcud təhlükənin aradan qaldırılmasına xidmət edir. Düzdür, reydlər zamanı stasionar postda saxlanılan bəzi sürücülər buna narazılıq edirlər. Ancaq narazılıq etməyə dəyməz. Yəni yol hərəkti qaydasını pozmamısansa, hansısa cəriməyə görə maşının arxatarışa verilməyibsə, postda saxlanılsan belə bu, proflaktika xarakteri daşıyır. Təəssüf ki, bizim sürücülər bu cür tədbirlərə hələ alışmayıblar. Hər bir tədbir isə bayaq dediyimiz kimi, hərəkətin təhlükəsizliyinə hesablanıb.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor, Araz HƏŞİMOV – 6-cü tağımın polis leytenantı, baş inspektor, Əşrəf ORUCOV – 6-cı tağımın polis baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.