adalet.az header logo
  • Bakı 19°C
24 Yanvar 2018 00:35
12588
ƏDƏBİYYAT
A- A+

Biz Cocuq Mərcanlılıyıq


"Biz Cocuq Mərcanlılıyıq",
Söyləyir Fikrət Qoca!
Şeiri özündən uca,
Özü sözündən uca.
Yüyürüb qucağına,
torpağı quca-quca.
Haray salıb deyir ki,
Biz Cocuq Mərcanlılıyıq.
Həsrət çəkən torpağa,
Ayağımız dəyəndən,
Yaman həyəcanlıyıq.
Bu hələ ilk addımdır,
Bizi gözləyir savaş,
Əsarətdən qurtarsın,
Deyir hər qaya, hər daş.
Axı yaşaya bilməz,
Vətən qalsa yarımcan.
Gözləyim haçanacan?
Necə səbrli olaq,
Necə səbr daşmasın?
Axı necə xəyalım,
Əsirlikdə inləyən,
Dağları dolaşmasın?!
Bax, Cocuq Mərcanlıdan,
Ümid yağır hər yana.
Bu yerlərdən keçən yol,
Bir müjdə gətirəcək,
Doğma Azərbaycana.
Öləziyən ümidim,
Nurlanır yavaş-yavaş,
Həsrətimi biçən yol,
Ürəyimdən keçən yol,
Şuşamıza gedə kaş,
Laçınıma gedə kaş,
Kəlbəcərə gedə kaş.


Anamın

Yol alıb dağlardan bir düzə sığar,
Min illik gecəyə-gündüzə sığar,
Nə şeirə sığar, nə sözə sığar,
Dərdi dağ-dağ, koma-koma anamın.

Nisgildən don tikdi kəlməsi, sözü,
Dağlardan söz salıb, yandırdı bizi,
Min dəfə yalvardım gülmədi üzü,
O göyçək anamın, sona anamın.
Dolandım başına etmədi kərəm,
Onun yoxluğundan yamanca kürəm,
Gözümün yaşını gizli tökürəm,
Qorxuram qəbrindən dama anamın!


Dağlara-dağlara

Ölənəcən dərdin bəsim,
Ümidimi necə kəsim?,
Əlləşirəm çatmır səsim,
Əlim dağlara-dağlara!

Qınayacaq qüzey, gədik,
Zirvəsinə dərd ələdik,
Bağışlamaz nədən verdik,
Zülüm dağlara-dağlara?!

Yurda dönmək xam xəyaldı,
Söz tapmıram dilim laldı,
Gendən baxa-baxa qaldı,
Gülüm dağlara-dağlara!

Tərifini yağı deyir,
Həsrəti qəddimi əyir,
Nəğmə demir, ağı deyir,
Dilim dağlara-dağlara!

Tanıyıbdı, şükür məni,
Dumanına bükür məni,
Yavaş-yavaş çəkir məni,
Ölüm dağlara-dağlara!


Kəlbəcərə gedəndə

Yuxuda gördüm ki, Kəlbəcərə
gedirəm

Məni sevər Allahım,
Qeyb olar itər ahım,
Açar nurlu sabahım,
Kəlbəcərə gedəndə!

Sevənlər qoşa gələr,
Dönməz birbaşa gələr,
Qəlbimiz coşa gələr,
Kəlbəcərə gedəndə!

Açar güllər, qönçələr,
İncələrdən incələr,
Ruhum elə dincələr,
Kəlbəcərə gedəndə!

Yadıma dağlar düşər,
Baxçalar, bağlar düşər,
Anamlı çağlar düşər,
Kəlbəcərə gedəndə!

Tərtər olub daşaram,
Azad günlər yaşaram,
Şirin nəğmə qoşaram
Kəlbəcərə gedəndə!
Həsrətindən əsərəm,
Gəc baxanı kəsərəm,
Qoynuna tələsərəm,
Kəlbəcərə gedəndə!

Sən hardan biləsən
bənövşə nədir

Bənövşə dərdindən söhbət açan kəs,
Özün əməlini düşündünmü bəs?
Sənin kimiləri dərd nədir bilməz,
Sən hardan biləsən bənövşə nədir!

O qədər yığmışam zalım fələkdən,
Dərdim çoxalıbdı əsən küləkdən,
Xəbərin oldumu dərdli çiçəkdən?
Sən hardan biləsən bənövşə nədir!

Yalana düşmənəm neçəki varam,
Yalan eşidəndə göynəyir yaram,
Mayan rüşvət olub, əqidən haram,
Sən hardan biləsən bənövşə nədir!

İtib o həvəsim, o nəşəm mənim,
Yanıb göy çəmənim, göy meşəm mənim,
Hər kəsə inanmaz bənövşəm mənim!
Sən hardan biləsən bənövşə nədir!

Apardım belədən belə dərdimi,
Danışıram gülə-gülə dərdimi,
Bir oğul gərəkdi bölə dərdimi,
Sən hardan biləsən bənövşə nədir!
Sinəmdə həsrət var, sinəmdə qəm var,
Gözlərim yol çəkir gələndə bahar,
Əlindən dad çəkib boynuburuqlar,
Sən hardan biləsən bənövşə nədir!

Boylansan, köksündə o dağlara bax,
Dözülməz dərdə bax, intizara bax,
Həsrətli yollara, uzaqlara bax,
Sən hardan biləsən bənövşə nədir!

Şehli yanaqları ruhumu aldı,
Qəmli baxışından dilim ta laldı,
Kollara qısıla-qısıla qaldı,
Sən hardan biləsən bənövşə nədir!

Əzəldən duruşu bir tamaşadır,
Taleyi mənimlə tək baş-başadır,
Dərdini köksünə sıxıb yaşadır,
Sən hardan biləsən bənövşə nədir!
Qəlbinin yanğısı, eşq sözündədir,
İsməti, həyası üz-gözündədir,
Əsirdir, dağların o üzündədir,
Sən hardan biləsən bənövşə nədir!

Qalıb yaddaşımda şehli, təzə-tər,
Bu dərd yollarımda göyərər, bitər,
Həsrəti yandırar ocaqdan betər,
Sən hardan biləsən bənövşə nədir!
Qaraçı qız, gəl baxtımı
bağlama

Qəmli səsin ürəyimi kövrəltdi,
Bu yüyənsiz hisslərimi tərpətdi,
Tovlamağa yoxsa adam qəhətdi,
Qaraçı qız, gəl baxtımla oynama!

Yaranandan, əzəl gündən beləsən,
Öz əhdinə, öz andına köləsən,
Ciblərimdə siçan gəzir biləsən,
Qaraçı qız, gəl baxtımla oynama!

Əfsunladı baxışların oxdu, ox,
Gəlib-keçən yarı acdır, yarı tox,
Qaraçı qız səndən mənə fayda yox,
Qaraçı qız, gəl baxtımla oynama!

Gül çiçəkli dağlar qoyub gəlmişəm,
Beşiyimi ağlar qoyub gəlmişəm,
Bu hicrandan bezib, doyub gəlmişəm,
Qaraçı qız, gəl baxtımla oynama!

Dağıtdılar beşiyimi, taxtımı,
Dərdim səni yandırdımı, yaxdımı?
Min illərdir bağlayıblar baxdımı,
Qaraçı qız, gəl baxtımla oynama!

Sifətində nə həya var, nə qürur,
Bir saatdır başımıza gün vurur,
Bir anlığa dodağına kilid vur,
Qaraçı qız, gəl baxtımla oynama!

O dağlarda bir yiyəsiz at qalıb,
Bu dərd mənim qamətimi qatlayıb,
Səndə dodaq, məndə ürək çatlayıb,
Qaraçı qız, gəl baxtımla oynama!

Həsrət məni dönə-dönə taladı,
Aylar, illər barmağına doladı,
Ürəyimdə tonqal, ocaq qaladı,
Qaraçı qız, gəl baxtımla oynama!

Əlli hoqqa əməlində, felində,
Əzəl başdan düz söz yoxdu dilində,
Oyuncaq tək oynadırsan əlində,
Qaraçı qız, gəl baxtımla oynama!

İşlanmışam yollar boyu yağışla,
İstəyirsən ürəyində qarğışla,
Qaraçı qız çıx get, məni bağışla,
Qaraçı qız, gəl baxtımla oynama!

Gəlir

Min ildir dərdlərim izləyir məni,
Nadanlar, nankorlar pisləyir məni,
Yaralı torpağım gözləyir məni,
Hər kəsə torpaqdan bir arşın gəlir!

Dağılmır həsrətin, qəmin hasarı,
Yarama məlhəm qoy, ovut, ha sarı,
Əlimi açıram göylərə sarı,
Göylərdən başıma qurğuişun gəlir.
Mənim yoxluğuma alqış eyləyən,
Başımda selləmə yağış eyləyən,
Yaman qarğamısan qarğış eyləyən,
Hələ qulağıma qarğışın gəlir!

Bölünməz, dərdimi bölə bilmirəm,
Neyləyim bir əllə ölə bilmirəm,
Neyləyim əcəllə ölə bilmirəm,
Məni öldürməyə bir qoşun gəlir.

Tablaşıb bu dərdə, gərmişəm sinə,
Taleyimi yazan, yazıb tərsinə,
Dağlar harayına, dağlar səsinə,
O taylı, bu taylı qardaşın gəlir!

Səbrini cilovla, sözünü gözlə,
Qəlbində atəşi, közünü gözlə,
Ay Nəsib, hazır ol özünü gözlə,
Qarşına döyüşün, savaşın gəlir!

Mən

Gör yadıma nələr düşür, ay Allah,
Neçə illər oyandım o səsə mən.
Öz adımı, söz adımı qorudum,
Bir kimsəylə heç girmədim bəhsə mən.

Baş tapmadım bu zalımın felindən,
Baxışlarım əl çəkmirdi telindən,
Quzularım əsir düşdü əlindən,
Rast gəlmişdim qonşuluqda tərsə mən.

Bir quzumu quzusuna qatmadı,
Dəlisovdu ipə-sapa yatmadı,
Camalına min bir tərif çatmadı,
Sevinərdim bir yuxuma girsə, mən!

Söz atmaqdan, danlamaqdan doymadı,
Daş atımı minməyə də qoymadı,
Ha yalvardım bir dolça su qıymadı,
Bağlarından dolanardım kəsə mən.

Elə bil ki, tanımırdı heç məni,
Uzaq saldı tale adlı köç məni,
Deyəmmədin ürəyimdən keçəni,
O illəri səhv elədim nəsə mən.

Baxıb görəcəm ki,
Kəlbəcərdəyəm

Gözlərimi açıb bir bahar günü,
Baxıb görəcəm ki, Kəlbəcərdəyəm.
O uzaq yolları yorub gəlmişəm.
Atmışam həsrətin, qəmin daşını,
Tüpürüb qürbətə durub gəlmişəm.

Deyirsən ər kimi aşıb sədləri,
Kəpəzdən, Murovdan aşdıq bu bahar.
Dəli Koroğlunun nəvəsi kimi,
Hay salıb, qıy vurub, coşduq bu bahar.

Həsrətim, nisgilim göynətmir məni,
Nə xoşdur qədəmi bu yazın belə.
Sevincdən dil açır quru çeşmələr,
Məni ovsunlayır avazın belə.

Buludlar ağlamır daha halıma,
Yuyur əllərimi çəmənin şehi,
Bəyaz saçlarımı yolmur küləklər,
Qəlbimi oxşayır səhərin mehi.

Hər yanı bürüyüb ətri güllərin
Yenə dil-dil ötür baxçada quşlar,
Daha boynu buruq deyil qayalar,
Düzəldib qəddini bu qala daşlar.

Qədəmi uğurlu olub bu yazın,
Bu bahar qaranquş elçin olubdu.
Tanrı da eşidb dualarını.
Bütün arzuların çin-çin olubdu.

Bir qız da əlimdən yapışıb mənim.
Deyir ki, görürsən dağa gəlmişik.
Yadların əlində aman istəyən,
Dağılan məhləyə, bağa gəlmişik.

Bu il üzümüzə baxıb yaradan,
Bağların içində bəhərə bir bax.
Bir eşqin hardasa şahidi olan,
Dağılmış, sökülmüş çəpərə bir bax.

Ta həsrət adında yurdun qalmayıb,
Daha boğmayacaq qəm, qəhər bizi.
Soyuyub dağların hirsi deyəsən,
Yəqin bağışladı Kəlbəcər bizi.

Diksinib qalxıram xəyal yuxumdan,
Yenə dərd sinəmi dağıdıb, sökür.
Üzümü göylərə tutub deyirəm,
Xudaya mənimtək dəlinə şükür.


Fələk, sənnən bir işim yox

Qoymursan cücərəm, bitəm,
Ömür boyu verdin sitəm,
İstədim sakitcə ötəm,
Ağlatdın güldüyüm yerdə.

Ürəyimi göynədirsən,
Əllərində hey didirsən,
Yüz fənd, əməl öyrədirsən,
İşimi bildiyim yerdə.

Neyləyirdim qürbət eli,
Yurd həsrəti edib dəli,
Yanağımdan tökdüm seli,
Bir damla sildiyim yerdə

Dərdə, qəmə bələyirsən,
Əlli zülm eləyirsən,
Başıma dərd ələyirsən,
Düz yolla gəldiyim yerdə.

Arzularım çıxıb yoxa,
Qəlbim kövrək, qəlbim yuxa,
Fələk, sənnən işim yox ha,
Qoy ölüm öldüyüm yerdə.