adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Yanvar 2018 11:23
27478
GÜNDƏM
A- A+

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Heydər Əliyev əmin idi ki, Azərbaycan xalqı Onu tükənməz məhəbbətlə sevir. Telefon zənginə qədər də Moskvaya - Heydər Əliyevə teleqramlar da göndərmişdim. Bu cür teleqramlar və məktublar çox göndərilirdi və sözsüz ki, bütün bunlar Heydər Əliyevdə məmnunluq yaradırdı. Həmin zəngdən başlayaraq birbaşa əlaqələrimiz quruldu və telefon danışıqlarımız intensivləşdi. Qeyd etməliyəm ki, 1987-ci ilin sonlarından başlayaraq erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları ortaya çıxanda ermənilər həm də Heydər Əliyevə qarşı şər və böhtan kampaniyasına başladılar. Lakin Heydər Əliyev özünə qarşı aparılan sistemli təxribatlardan daha çox Dağlıq Qarabağ mövzusu ilə Azərbaycana yönəldilmiş ərazi iddialarından narahatlıq keçirirdi. Azərbaycanda isə günbəgün çətinləşən siyasi vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin Vətənə qayıtması məsələsi ən aktual siyasi məsələyə çevrilmişdi.

Heydər Əliyev çox gənc yaşlarından təhlükəsizlik orqanlarında işlədiyi üçün erməni millətçilərinin keçmiş SSRİ-də və xarici ölkələrdəki imkanlarına, məqsəd və planlarına, o cümlədən Azərbaycana qarşı iddialarına yaxından bələd idi. Onların bu iddiaları 1945-ci ildən 1969-cu ilə qədər artmaqda davam etmişdi. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə bu iddiaların qarşısını məharətlə aldı. Xüsusilə qeyd etmək lazımdır ki, əgər ermənilər həmin çirkin istəklərinə SSRİ-nin ali qanunverici orqanlarının qərar və qətnamələri ilə nail ola bilsəydilər, bu əraziləri geri qaytarmaq şansı heç zaman yarana bilməzdi.

Telefon söhbətlərimizdə bütün bu məsələlər təkrar-təkrar müzakirə mövzusu olurdu. Mən vətəndaşlarımızın Onun haqqında nə danışdıqlarını, xüsusilə xalq hərəkatının öncüllərinin fikir və mülahizələrini Heydər Əliyevə bacardığım qədər çatdırırdım və hesab edirdim ki, vaxt itirmədən Vətənə gəlməsinə zərurət var. Heydər Əliyev Azərbaycan, onun taleyi üçün çox darıxırdı. Ölkəmizin üzərindəki mövcud təhlükədən son dərəcə narahatlıq keçirirdi. Azərbaycana dönmək istəyi isə doğma Vətənə olan sonsuz sevgisi, onun dərdlərinə laqeyd qala bilməməsi idi.

Acınacaqlı o idi ki,

vaxtilə Heydər Əliyev hakimiyyətdə olarkən onun fəaliyyəti haqqında təqdiredici fikirlər söyləyən ziyalılar (Bayram Bayramov, Cəmil Əlibəyov, dövlət televiziyasının rəhbəri Qeysər Xəlilov, Elmlər Akademiyasının işçisi və deputat Nadir Mehdiyev, Bakı şəhər partiya komitəsinin birinci katibi Müslüm Məmmədov və s.) indi televiziya və qəzetlərdə Heydər Əliyevin tənqidi, Ə. Vəzirovun məddahlığı ilə məşğul idilər. Açıq görünürdü ki, Ə. Vəzirovu Azərbaycana təyin edən Moskvanın ondan tələbi respublikanın problemlərinin həlli yox, hər vəchlə Heydər Əliyevin hakimiyyətə qayıtmasının qarşısının alınması idi. Çünki onun qayıdışı Moskvanın erməni siyasətinə son qoya bilər, xalq hərəkatının düzgün idarə olunmasını təmin edə, ümumilikdə Cənubi Qafqazla bağlı geosiyasi proseslərin istiqamətini Moskvanın arzu etmədiyi səmtə çevirə bilərdi. Milli hissləri olmayan, qeyri-ciddi xarakterə malik Ə. Vəzirov isə yalnız ona tapşırılmış istiqamət üzrə fəaliyyət göstərirdi. Nəticədə qısa zamanda respublikanı xaos bürüdü, Qarabağda daha acınacaqlı vəziyyət yarandı və bütün bu hadisələr 20 Yanvar qanlı faciəsinə qədər gətirib çıxartdı.

Azərbaycana qarşı hazırlanmış ziyalılar arasında parçalanma və regionlar arasında qarşıdurma yaratmaq, digər çirkin niyyətləri həyata keçirmək, son olaraq 20 Yanvar faciəsi kimi Moskvanın çirkin planlarını yerinə yetirdikdən sonra milyonlarla insanın qəzəbindən qorxaraq hərbi təyyarə ilə Azərbaycandan qaçan Ə. Vəzirov sonda özünün Moskvadakı ağalarına sığındı.

Etiraf etməliyik ki, o dövrdə bütün proseslər kortəbii inkişaf edirdi. Dövlət müstəqilliyi və yaxud SSRI-dən ayrılmaq məsələləri inandırıcı görünmürdü.

İnsanları bir sual düşündürürdü:

Dağlıq Qarabağa qarşı ermənilərin əsassız iddialarının qarşısını necə almaq olar? Moskvanın imperialist siyasəti, Azərbaycan rəhbərliyinin Moskvanın göstərişlərini yerinə yetirməsi, xüsusilə mərkəzi sovet mətbuatının qərəzli informasiyaları Azərbaycan xalqının hiddətini anbaan artırırdı. Zavod və fabriklərdə işin ahəngi, ali məktəblərdə təhsil prosesi sürətlə pozulurdu. Çünki hamını narahat edən bu sonu görünməyən vəziyyətdən çıxış yolu axtarılırdı. Azərbaycan xalqı mütəşəkkil formada özmilli müqəddəratının müdafıəsinə qalxmışdı. 1989-cu ilin yazında Z.Balayan və A. Volskinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən SSRİ Ali Sovetinə deputatlığa namizəd verilməsinə etiraz əlaməti olaraq mitinq-nümayiş təşkil etmişdik. Həmin ərəfədə Bakıda fövqəladə vəziyyət elan edilmişdi. Nümayişçilər Dağlıq Qarabağda Xüsusi Idarəetmə Komitəsinin yaradılmasına, Azərbaycan xalqının açıq düşnıənləri olan bu iki şəxsin məhz Qarabağdan SSRİ Ali Sovetinə deputat seçilməsinə kəskin etiraz edirdilər. Milis qüvvələri bütün vasitələrdən istifadə etsələr də mitinqi poza bilmədilər. Mitinqdən sonra bir neçə nəfəri həbs edib indiki Yasamal rayonu ərazisindəki hərbi komendaturaya gətirdilər. Əslən Naxçıvan və Qərbi Azərbaycandan' olanlara müxtəlif müddətə həbs cəzası verib digərlərini sərbəst buraxdılar. O cümlədən mənə də 10 gün inzibati həbs verdilər. Bu yanaşma özlüyündə iki məqsəd daşıyırdı. Birincisi, ölkədə regionçuluq qarşıdurması yaratmaq, ikincisi Dağlıq Qarabağ məsələsi ilə bağlı xalq etirazına siyasi hakimiyyət damğası vurmaq. Hər iki variant Azərbaycan xalqına qarşı qurulmuş təxribat idi. Bu hadisə və bizim həbsimiz həmin gün Azərbaycanın bütün mətbuat orqanlarında, eləcə də Moskvada mərkəzi televiziyanın "Vremya" əsas xəbər proqramında xüsusi olaraq elan edildi. Məqsəd Ə. Vəzirovun Moskvaya verdiyi məlumatın mətbuat vasitəsilə təsdiqi, yəni "təxribatçı" hərəkətlərin Heydər Əliyevin "adamları" tərəfindən süni surətdə təşkil edildiyini ictimaiyyətə çatdırmaq idi".

Həsən Zeynalovun Meydan hərəkatı zamanı göstərdiyi cəsarətli fəaliyyətə dair Azərbaycan Respublikası Milli Məclisinin deputatı, fəlsəfə doktoru Fazil Mustafanın düşüncələri diqqətəlayiqdir: - "1988-ci ildə işlədiyi dövlət orqanında təzyiqlərə baxmayaraq Meydan hərəkatı prosesində gecə-gündüz iştirak edən, həm də orada mübarizə aparan insanlara hərtərəfli yardım göstərən Həsən Zeynalov üçün bir fikir həmişə ağrılı olub: "Kiminsə nə etdiyimi bilməsi önəmli deyil, gücüm çatan səviyyədə faydalı olmalıyam". Xalq hərəkatının bütün proseslərində iştirak edən, rus tanklarının vahiməsindən çəkinməyərək 20 Yanvar hadisələrində işğala və qətliama qarşı etirazçılar izdihamının ön sıralarında olan Həsən bəy, ölkəmizin müstəqilliyə qovuşması uğrunda mübarizədə həyatını ən ciddi təhlükəyə atmaqdan çəkinməmişdir".

Həsən Zeynalov o dövrdə dəbdə olan ifadə ilə desək, "ekstremist" kimi qazandığı ongünlük həbs cəzasını çəkəndən sonra nahaqdan, qanunsuz həbs olunduğunu sübut etmək, belə demək mümkünsə, bəraət almaq məqsədilə hüquq-mühafızə orqanları ilə uzun zaman mübarizə aparmışdır. Onun Azərbaycan SSR-in Baş prokuroru İlyas İsmayılova ünvanladığı teleqram bu mənada olduqca əhəmiyyətlidir:

"Bakı 1/8365 253 30/5 1748

Mən 10 aprel 1989-cu ildə Bakı şəhər nıilis rəisi Kərimovun şəxsi təşəbbüsü ilə Oktyabr rayon daxili işlər şöbəsinin milis polkovnik-leytenant Cavadovun qeyri-qanuni tərtib etdiyi protokola əsasən nazir Məmmədovun qərarı ilə guya icazə verilməmiş mitinqlərdə iştirak etdiyimə görə 10 gün müddətinə həbs olunmuşam. Bu həbsin qeyri-qanuni olmasını işdə olan protokolu və raportu tutuşdurub ayırd etmək olar. Bunun üçün adi orta savad lazımdır. 30 may 1989-cu ildə ərizə ilə əlaqədar keçmiş şöbə müdiri Vəliyevin qəbulunda oldum. O, əvvəlcə sənədlərlə tanış olandan sonra haqlı olduğumu dedi və lakin heç bir kömək edə bilməyəcəyini söylədi. Ona görə ki, Kərimov təzə kadr idi və vurulub yenidən vəzifəyə təyin olunanlardan idi, onun xətrinə dəymək olmazdı.

İkinci dəfə mən 1 noyabr 1989-cu ildə Mərkəzi Komitəyə ərizə ilə müraciət etdim. Ərizə nəzarət qaydası ilə prokurorluğa göndərildiyindən bu dəfə yoxlama Plavski yoldaşa tapşırıldı. Onun qəbulunda oldum, söz verdi ki, işə qanunla baxacaq və mənə dəqiq cavab verəcək. Ancaq bu günə kimi heç bir cavab almamışam. Mənə belə gəlir ki, KP MK prokurorluq qarşısında tam nüfuzdan düşüb, belə olmasaydı, heç olmazsa, ərizəyə 7 ay müddətində cavab verərdiniz. Mənim işimdə Kərimovun şəxsi-qərəzliyini dəqiqləşdirmək üçün ərizələrimi qaldırıb tanış olmağınızı xahiş edirəm. Teleqramdan heç nə başa düşməyəcəksiniz, sizin qəbulunuza düşmək üçün 3 il vaxt lazımdır. Əgər mümkün olsa, məni qəbul edin, onda mən sizə əlavə maraqlı və lazımlı faktlar gətirərəm. Cavabı qəbul otağında gözləyirəm.

Bakı şəhəri, 4-cü mikrorayon,

Cəbiyev küçəsi, ev 5, mənzil 34,

Zeynalov Həsən Sultan oğlu ".

Baş prokurorla görüşməyə təkid etməkdə, ümumiyyətlə, ongünlük həbs cəzasının əsassız olduğunu sübut etmək niyyətini Həsən Zeynalov belə izah edir: "Əlbəttə ki, mən bu bəraət iddiası ilə mübarizəni davam etdirərkən əmin idim ki, hüquq-mühafizə orqanları birmənalı olaraq mənim iddiamı təmin etməyəcəklər. Lakin o dövrdə azad mətbuat və elektron media imkanlarının indiki qədər geniş olmamasına baxmayaraq, atılan hər bir addım sürətlə ictimaiyyətə yayılırdı. Qeyd etməliyəm ki, qanunsuz həbslərdə məqsəd, ilk növbədə, Azərbaycan xalqı arasında regional parçalanma yaratmağa xidmət edirdi. Hakimiyyət qüvvələri, o cümlədən DTK-nın şayiə yayan mexanizmi sovet ictimaiyyətini inandırmağa çalışırdı ki, xalqımıza qarşı bu düşmənçilik siyasətinə etiraz edənlərin məhz Naxçıvan və Qərbi Azərbaycan əsilli insanlardır. Təbii ki, bu iyrənc ssenarinin ideyasını verənlər əmin idilər ki, Azərbaycan xalqını bu cür bəsit metodlarla mübarizədən çəkindirmək mümkün deyil. Lakin həmin "ideoloqlar" zamanı udmaqla Azərbaycan torpaqlarını ermənilərin xeyrinə işğal etmək üçün var qüvvə ilə çalışırdılar və buna da nail oldular. Konkret olaraq mənim bəraət almaq tələbi ilə şikayətlərim isə yuxarıda qeyd olunan məsələlərə dair bütün təxribatları ifşa edirdi ".

Müəyyən qüvvələr

Həsən Zeynalovun və bir qrup şəxsin həbsindən istifadə edərək Heydər Əliyevin ölkədə qazandığı nüfuzu azaltmaq, onu xalqın xilasedicisi kimi qəbul edildiyi məqamda baş verənlərin əsl səbəbkarı kimi göstərməyə çalışırdılar. Belə ki, həmin ərəfədə Moskvada bəzi dairələr ölkədə baş verən qarşıdurmanın səbəbini Naxçıvan və Qərbi Azərbaycandan olan şəxslərin vasitəsilə Heydər Əliyevin yaratdığını iddia edir və ona müxtəlif formada təzyiqlər edirdilər. Lakin həqiqət hər kəsə məlum idi ki, Heydər Əliyevin baş verən bu proseslərin heç biri ilə əlaqəsi yox idi. Belə olan halda onun ölkədə olan hər hansı bir qarşıdurmada təşkilatçılıq funksiyası yerinə yetirdiyini iddia etmək absurddur. Ancaq hazırlanmış xüsusi ssenari işləməli idi. Məhz onun üçün də Həsən Zeynalovun ongünlük həbsi bir anda "Vremya" proqramı vasitəsilə bütün dünyaya "sovet imperiyasına qarşı üsyan edənlərin təşkilatçısının həbsi" kimi əsassız bir iddia ilə təqdim edildi. Həmçinin, bu hadisələrin naxçıvanlılar və qərbi azərbaycanlılar tərəfındən Heydər Əliyevin göstərişi ilə təşkil olunduğu bəyan edildi. Bu, Sovet hakimiyyətinin Heydər Əliyev haqqında mənfi rəy yaratmaq üçün əlinə keçmiş fövtə verilməz fürsət idi. Yuxarıların təfərrüatlı şəkildə fıkirləşdiyi ssenarinin icra edilməsi üçün Azərbaycan SSR iqtidarında təmsil olunan Ə.Vəzirov da bunu ciddi mənada "fürsət" kimi dəyərləndirir. Təcridxanada müxtəlif vasitələrlə Həsən Zeynalova fərqli imtiyazlar vəd edirlər. Ancaq bu vədlərin qarşılığında Həsən Zeynalovdan təkid ilə imza atmasını tələb etdikləri vərəqədə bu cümlələr qeyd edilmişdi. "Mən hesab edirdim ki, Heydər Əliyev təcrübəli adamdır. Ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə bilər. Ancaq başa düşdüm ki, yanılmışam". Lakin Həsən Zeynalovun Heydər Əliyev şəxsiyyətinə olan inamı, əminliyi və sədaqəti, bu cür alçaq təkliflərin altına imza atmağa imkan vermədi. Əksinə, Heydər Əliyevin vətənpərvərliyinə və xilaskar roluna olan inamını, ona olan sədaqətini daha da artırdı.

Həsən Zeynalovun qanunsuz həbsi ilə əlaqədar bəraət almaq üçün hüquqi müstəvidə apardığı mübarizəyə münasibət göstərən məmurların davranışı bu həbsin əvvəlcədən düşünülmüş və qəsdən təşkil edilmiş hədələyici bir addım olduğunu göstərir. Belə ki, ölkənin hüquq-mühafizə orqanları cidd-cəhdlə Həsən Zeynalovun hüquqlarını təmin etməkdən boyun qaçırır və dövlət orqanlarının qanunsuz fəaliyyətinə haqq qazandırırlar. Onun qanunsuz həbsi ilə bağlı verilən Azərbaycan SSR Prokurorluğunun cavab məktubunu sizə təqdim edək:

"30.07.90 N-7-5812 Vətəndaş H.S.Zeynalova Bakı şəhəri, 4-cü mikrorayon, Cəbiyev küç., ev 5, mən. 34

Azərb. SSR Prokurorluğu Sizin şikayətiniz üzrə 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştirak etdiyiniz üçün əsassız olaraq inzibati qaydada 10 sutka həbs olunmağınızı araşdırıb.

Araşdırma zamanı Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsindən və Azərbaycan SSR Daxili İşlər Nazirliyindən Sizin həbsinizlə əlaqəli bütün materiallar alınaraq öyrənilmişdir. Bundan başqa Bakı şəhər Oktyabr rayon daxili işlər şöbəsinin rəhbərliyindən və Sizin həbsinizdə iştirak etmiş milis işçilərindən izahat alınıb.

Toplanmış materialların araşdırılması zamanı 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştirak etdiyinizə görə Sizin həbsinizə dair protokolda qeyd olunanların mübahisəsinə əsas müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, Sizin inzibati qaydada həbsiniz haqqında qərardan şikayət üçün əsas yoxdur.

İdarə rəisinin vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Q.B.Əliyev".

Yazının əvvəlini BURADAN oxuya bilərsiniz