adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Yanvar 2018 11:05
20280
ƏDƏBİYYAT
A- A+

Azadlığım doğulurdu o gecə

O Gecə

Qan içində boğulurdu o gecə,
Azadlığım doğulurdu o gecə!

Səpilirdi, uçuşurdu havada,
Sayrışırdı, parlayırdı güllələr.
İşıqladıb, aydınladıb havanı
Qurbanını arayırdı güllələr.
Saçılırdı göydə aya, ulduza,
Sancılırdı yerdə daşa, torpağa;
İstəyirdi göy üzünü qorxuza,
O gecəni açılmağa qoymaya.
Sıxılırdı, yığılırdı özünə,
Örtünürdü, gizlənirdi o gecə.
İçindəki qiyamətin üzünə
Heç açılmaq istəmirdi o gecə.

Soxulurdu o gecənin bətninə,
Ümidlərə saçılırdı güllələr.
Doğulacaq bir körpənin qətlinə
Fərman kimi açılırdı güllələr.
Közərirdi, işarırdı dan yeri,
Sökülürdü lüləsində tankların.
Bu torpaqda ləkə-ləkə qan yeri –
Tarix hələ vicdanında saxlayır.
Dəli idi, şaşqın idi güllələr;
İnsan necə can atırdı ölməyə.
Bir çırpınış, bir yüksəliş naminə
İlan kimi atılırdı gülləyə.
Yumruğunu sıxa-sıxa oğullar
Girov idi qarşısında tankların.
Yıxıldıqca bu torpağa oğullar,
Dikəlirdi bu millətin haqları.
Təkərlərin, tırtılların altından
Baş qaldırıb ayılırdı o gecə.
Çəkilirdi,qaranlıqlar ardından
Ürəklərə yayılırdı o gecə;
Küçələrdə bir qırğının izləri,
Gül bitirdi güllələrin yerində.
Baxışlarda bir qorxunun izləri,
Qiyam vardı ürəklərdə-dərində,
Qan-qırmızı qərənfillər qiyamı;
Gülüstana çevrilirdi o gecə.
Bir Qırmızı ehtişamın, nizamın
Sütünları devrilirdi o gecə!
Ölməzləşir, tarixləşir, daşlaşır,
Mərmər kimi yonulurdu o gecə.
Bir keçmişə, bir tarixə başdaşı,
Bir həsrətə son olurdu o gecə.
Düyünüydü, bayramıydı ruhların,
Süzülürdü şəhadətin şərbəti.
Şəbi-ərus məqamıydı ruhların,
Açılırdı qapıları cənnətin.
Arzuların, sevdaların əyninə
Kəsilirdi, biçilirdi o gecə.
Bürünürdü əbədiyyət sehrinə,
Gecələrdən seçilirdi o gecə.
Qan tutmuşdu, sərxoşuydu, xumardı,
Azadlığın təşnəsiydi o gecə.
Sevdamızdan nə gedər, nə qalardı
Bəxtimizdən keçməsəydi o gecə...

Qan içində boğulurdu o gecə,
Azadlığım doğulurdu o gecə!