ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
36713 | 2018-01-19 22:28
Natəvan Dəmirçioğlunu (Atamoğlanova Natəvan Dəmirçi qızı) müasir ziyalı qadınlarımızın örnək bir nümunəsi hesab edirəm. Onun bədii yaradıcılığı, uzun illər Azərbaycan radiosundakı jurnalislik-redaktorluq fəaliyyəti kifayət qədər xoş sözlər deməyə imkan verir. Ancaq mən onu istedadlı bir nasir kimi təqdim etmək istəyirəm.
Bu yaxınlarda Natəvanın "Birinci kitab"ı əlimə keçdi. Və mən böyük həvəslə yenidən (kitabda toplanan nəsr əsərlərini vaxtilə ayrı-ayrı dərgilərdə oxumuşdum), bir daha nəzərdən keçirdim. Akademik Nizami Cəfərovun və tənqidçi həmkarım Rüstəm Kamalın "Ön söz" və "Son söz"ləri ilə açılan və qapanan bu kitab doğrudan da, bir xanım yazarın uğurlu, müasir nəsrimizdə seçilə bilən bir kitabıdır. Nizami Cəfərov "Ön söz"də Natəvan Dəmirçioğlunun "Yetim" povestinin məziyyətlərindən söz açır və müəllifin Obraz yaratmaq istedadını xüsusi qeyd edir: "Ümumiyyətlə, ədəbiyyatın ən böyük missiyalarından biri (bəlkə də birincisi) obraz yaratmaqdır. Bu insanlığı özünə oxşamağa yönləndirəcək xarakter də ola bilər, hər kəsin ibrət götürəcəyi bir obraz da, bütün zəif və qüvvətli (mənfi və müsbət) cəhətləri özündə birləşdirən həyati (real) bir insan surəti də. Ən əsası odur ki, bu obraz canlı olsun". Nizami Cəfərov həmçinin Natəvanın "ədəbiyyatın nəfəsi" olan aydın dilə, səlis ifadə tərzinə, rəvan üsluba yiyələndiyini nəzərə çarpdırır. Rüstəm Kamalı isə Natəvanın hekayə və povestlərindəki süjet qanunauyğunluqları cəlb edir. Müəllifin nəsrindəki yuxu, ruh və s. mifoloji obrazların bədii təcəssümü ilə bizi tanış edir. Hər iki həmkarımın fikirləri ilə tam razıyam, amma Natəvanın nəsrinə mən bir qədər fərqli səpgidə yanaşmaq istərdim.
1. Natəvan Dəmirçioğlunun nəsr əsərləri ilk növbədə, təhkiyə tərzinin yeniliyi ilə seçilir və hətta deyərdim ki, orijinallığı ilə seçilir. Hər bir yazıçının nəsr mədəniyyəti məhz "təşkiyeyi-kəlam"dan başlayır. Yazıçının nəqletmə üsulu, həyat hadisələrinin məntiqi ardıcıllıqla, həm də bədii qanunauyğunluqlara əməl olunaraq əsərə yerləşdirilməsi mühüm şərtdir və bu məsələ Natəvanda artıq professional səviyyədə öz həllini tapır. "Səbət" və "Yetim" povestlərini oxuyub axıra çatdırana qədər bu şirin "təhkiyeyi-kəlam" davam edir.
2. Natəvan Dəmirçioğlunun hekayə və povestlərində ("Səbət" istisna olunmaqla) güclü bir kənd koloriti duyulur. Nəinki duyulur, hətta bu kolorit onun nəsrinin axarını, istiqamətini təşkil edir. Təbii ki, bugünkü və dünənki (yaxın keçmişimizin) kəndin etnoqrafik, xüsusilə məişət olayları, ağsaqqal-ağbirçək dünyası, toy-yas mərasimləri vaxtilə bizim ustad nasirlərin (İsa Hüseynov başda olmaqla) təsvir elədikləri kəndin ənənələri ilə sıx bağlı olsa da, amma müəyyən ayrıntılar da nəzərə çarpır. Bu ayrıntılar-fərqli xüsusiyyətlər Natəvanın özünün fərdi kənd duyumları ilə bağlıdır.
3. Natəvan şair deyil, nasirdir. Amma nəsr əsərlərində də şeirə məxsus, ümumiyyətlə, bədii yaradıcılığın obrazlı ifadə tərzinə xas bədii təsvir vasitələri diqqəti cəlb edir və biz bu cəhəti nasirlərimizin yaradıcılığında müşahidə etmişik. Baxın: "Nəfəsi tövşüyürdü. Əlləri isə öz işində idi. İndi isə sinəsini didib-dağıdırdı. Birdən gözləri bərələ qaldı. Bu haray öz içindən gəlirdi. Buğlana-buğlana, arasıkəsilmədən. "Yandım, ay Tanrım! Yandım, Yandım!". Başını əyib öz içinə boylandı. Ürəyini gördü. Ürək yerinə yumruq boyda tonqal vardı içində. Çathaçatla yanırdı. Ürəyi yanırdı, əlləri ilə ayağı buz kimi idi. Donurdu. Sinəsinin altında yanan tonqalın qırağında oturdu. Əllərini istiyə tutdu. Ayaqları da isinirdi yavaş-yavaş. Çiyinləri, bir də kürəyi buza dönürdü...gGözlərini açdı. Tonqad çathaçatla yanırdı" ("Üç nöqtə" povestindən).
"Göylərin ağappaq sinəsi süd-abi rəng alırdı. Elə bil körpəli qadının südü sinəsinə dağılır. Yer beşik kimi yırğalanır..Yaradan yaratdıqlarına baxır... Yerdəkilər süddən kəsilən kimi böyüyüb. Daha süd onlara gərək deyil. Daha hər şey yeyirlər. Mındarı təmizə qatıblar. Beşiyə oxşayan yırğalanır... Tanrı yırğalanan dolu səbəti tanıyır!!! Səbətin içində Adəmdən doğulanları sən, mən, o, görən kimi görür...gDünya süddən kəsilə də, beşikdən düşə bilmir. Beşikdə qocalır Yer. Hər doğulanla doğulur Dünya".
4. Natəvan Dəmirçioğlunun hekayə və povestlərində "nümunəvi" bir qəhrəman tipi axtarmaq niyyətimiz yoxdur, çünki Natəvan belə bir tipi bizə təqdim eləmir. Lakin onun təsvir elədiyi obrazların hər biri (istər epizodik olsun, istərsə də geniş tutumlu) öz düşüncə tərzi, həyati baxışları ilə diqqəti cəlb edir. Obrazlar arasındakı qarşılıqlı münasibətlərə gəlincə, müəllif kimisə haqlı, kimisə haqsız çıxarmaq fikrində deyil, sadəcə, hər bir obraz öz "meridianında" hərəkət edir. "Səbət" povestində İşgüzar Adam, "Gözəlim" adlandırılan Qadın, Sürücü, Sürücünün arvadı, "Yetim" povestində... Yetim, Nənə, Professor, Əmioğlu, "Üç nöqtə"də Qadın, Kişi, Nərgiz-bütün bu obrazlar Natəvan Dəmirçioğlu üçün məqsəd yox, vasitədir-o mənada ki, adlarını çəkdiyimiz hər bir povestin arxasında bir "həyat fəlsəfəsi" durur. Yəni Natəvanın yaratdığı insan obrazları müəyyən bir İdeyaya doğru baş alan obrazlardır.
5. Bəs bu ideyaların, "həyat fəlsəfəsi"nin mənası, mahiyyəti nədir, nədə təzahür edir? Baxın: "Bizi özünə bu boyda mat qoyacaq işlər çoxdur dünyada. Di gəl, biz böyüdükcə təmizliyimizi, heyrətimizi itiririk. Yoxsa təkcə, uşaq vaxtı sən getdikcə ayın getməyi az qala dəli eləyir adamı. Bəs günün eyni yerdən doğub, eyni yerdən batması nədir? Deyirik, Ay çıxıb. Hardan baxırsan bax, necə görünür elədir. Şəhərin bu başından, o başından, yurdun bu başından, o başından. Nə qədər sənindir, bir o qədər səndən çox-çox uzaqlarda olanların". "Səbət" povestində, bax elə bu parçada ideya motivi aydın nəzərə çarpır. İnsan öz təmizliyini, mənəviyyatını itirməməlidir. Povestdə bu ideya bir qədər də simvolik məna daşıyır. Səbət sanki ruzi-bərəkət rəmzidir və onun itməyi ilə mənəviyyatlarda çat əmələ gəlir, günah işlər baş verir. Əsas ideya budur ki, insan mənəviyyatsızlığa, ürək müflisliyinə, sevgi yoxluğuna düçar olursa, o da səbət kimi itmiş olur, ya da əldən-ələ gəzir. Bax, ideya budur! Səbət tapılırsa-İnsan öz mənliyinə, kimliyinə qayıdır. "Göyün üzündə təptəzə səbət üzürdü. Sudan çıxartdı. Kitabı bükülü səbətin üstünə qoydu. Səbəti sinəsinə sıxdı". "Yetim" povestində isə ideya-"həyat fəlsəfəsi" bundan ibarətdir ki, insan daxilən azad, müstəqil olmalıdır! Bu daxili azadlığı-müstəqilliyi əldə etmək mənəvi prinsiplərin, insana məxsus əzəli-əbədi keyfiyyətlərin ömür boyunca yaşanılması deməkdir... Yetim və onun müsbət aurasında olan insanların həyat tərzi bunu sübut edir. Povestdə Yetimlə Professor arasında münasibəti ifadə edən bir epizod var. Baxaq: "Bircə dəfə soruşmuşdu ki, kənddə kimin var? Yetim oğlan da sakitcə demişdi: "Nənəm". Vəssalam, ayrı söhbətləri olmamışdı. Bir dəfə də Professor üzünü Ona tutub demişdi: "Kurs işini yığıb kafedraya gətirərsən". Uzun, ensiz otaqda professor tək idi. - Mən də yetim böyümüşəm. Yetimlik eyib deyil. Təki insan ağıllı olsun". Görəsən professor niyə yetim böyümüşdü?" Yetimin bir insan kimi formalaşmasında Nənənin böyük rolu olur. Bu ağbirçək qadın Yetimi evləndirir, bu evlilik heç də pis alınmır. Qadını ilə münasibətlərində də mədəni ər kimi özünü aparır. "Yetim" povestində şəhər-kənd qarşıdurması duyulmur. Amma hiss olunur ki, müəllif kəndin bugünkü durumundan razı deyil. Çünki: "Kənddə kəndlik qalmayıb". "Yerlə göy yol getmir. Necə ki, adamlar yol getmir. Bir tərəfdən də kənddə işsizlik... Qaz yox, işıq yox". Amma bu gileylər o qədər də əhəmiyyət daşımır. Kəndi tanıdan insanların içindəki işıqdır-mənəviyyat işığı. Kənd, onun təbiəti, saz dünyası, etnik gözəlliyi insanı saflaşdırır, dirildir. "Ömrünün bəzi anları yaddaşında yenidən yaşanmışdı. Amma O, buraya öz ömrünün bəzi anlarını yaşamağa gəlməmişdi. Gəlmişdi ki, anasının o uzaq payız gecəsində ömrünün sonuncu gününü necə yaşadığından xəbər bilsin". Yetim atasının öldürülməsi ilə bağlı günahkar bilinən Qoca ilə söhbət edir, məlum olur ki, o, məcburən bu qətli öz boynuna götürüb. Qocanın səmimi etirafları onun sakitləşdirir.
Natəvanın "Birinci kitab"dakı "Dözüm" hekayəsinə gəlincə,gməncə, bunu da miniatür povest adlandırmaq olar. Çünki adi hekayədən fərqli olaraq, burada həm hadisələrin miqyası obrazların münasibətləri, həm də janr strukturu baxımından "Dözüm"ü kiçik povest hesab etmək olar. Hekayənin qəhrəmanı kənddə, anasının yanında, xoşbəxt günlərini yaşadığı bir məkanda sanki özünə, gəncliyinə qayıdır. Natəvan bir rəssam səliqəsi ilə kəndin gözəl səhərini, axşamını, ağaclarını, dirriklərini sözlə rəsm edir. Baxın: "Həyətə çıxdı. Yaz səhəri bütün gözəlliyi ilə, qoxusu ilə, quşların səsi ilə, yaşıl ot ətri ilə onu salamladı. Bahar ən çox sevdiyi fəsil idi. İllah ki, səhərləri. Təmiz havanı ciyərlərinə çəkdi. Havadan həm də torpaq ətri gəlirdi. Əşrəfin həmişə şəhərdə olan torpağa yazığı gəlirdi. Şəhərdə torpaq ona kimsəsiz, gücsüz görünür. Kənddə isə torpaq güclüdür, bəlkə də şəhərli olan adamlar bunu heç bilmirlər".
Hekayədə sevgi xətti də maraqlıdır. Əşrəf-Fidan münasibətlərində üzüntülü anlar yaşansa da, sonu əsl sevgiylə bitir. "Sənin gözlərin təmizdi, Əşrəf, tərtəmiz-Qəfildən qollarını Əşrəfin boynuna doladı: -Sən heç yerə getməyəcəksən. Mən səni qoymaram gedəsən... Onun nəmli dodaqları daha nələrsə pıçıldayırdı. Lakin Əşrəf onları dəqiq ayırd eləyə bilmirdi. Təkcə onu bilirdi ki, Fidanın gözləri gülür və o gülümsər gözlərdən süzülən yaş pencəyinin altından sinəsini isladır".
Və "Birinci kitab" "Kələğayı" hekayəsi ilə bitir. Milli-mənəvi dəyərlərimizin bir nişanəsi olan Kələğayı bu kiçik hekayədə vəsf olunur Papaq, kələğayı, saz, at-bu dörd milli sərvət qeyrət, kişilik, xanımlıq, ruh və namus kimi rəmzi məna daşıyır.
Natəvan Dəmirçioğlunun "Birinci kitab"ı məndə belə bir təəssürat oyatdı ki, müasir nəsrimizdə yeni bir SƏS ucalır, bu SƏS özünəməxsusdur, fərqlidir, qoy kəsilməsin o SƏS...

TƏQVİM / ARXİV