adalet.az header logo
  • Bakı 7°C
19 Yanvar 2018 23:37
25387
ƏDƏBİYYAT
A- A+

Şəhid köynəyi

Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
bazarlara cuma-cuma
mal axtaran arxadaşlar, mal qurtarıb!
Özgə verən tuman-köynək, şal qurtarıb!
Ət qaxacı, şəkər tozu, yad verən adyal qurtarıb!
Bircə şəhid köynəyi var...
Verəmmərəm onu sizə.
Geysəniz də, dar gələcək əyninizə!
***
Didərginin tikəsini yeyənlərim!
Millətimi soyundurub, köynəyini geyənlərim!
Bazarlara yol axtaran bagrıdaşlar,
a soydaşlar, a yoldaşlar yol qurtarıb!
Yaşınmağa yarpaq, budaq, kol qurtarıb!
Bircə şəhid köynəyi var...
Necə qıyım onu sizə?
Eybinizi örtmək üçün çəkəsiniz əyninizə?!
***
Kəfən deyil -qandan baha, candan baha köynəkdi bu!
Şivən deyil - göz dağıdı, lal fəryadlı göynəkdi bu!
Əlvan deyil, bir üzlüdü, bir ipdəndi, bir rəngdi bu!
Mənsəb gəzən, taxt axtaran taxtabaşlar!
Gəzdiyiniz hal qurtarıb!
Şirin nağıl, yalan vədə heç dəyməyib, kal qurtarıb!
Doğru sözə, düz ilqara qismət olan buxov, noxta, nal qurtarıb!
Satılmayan namus, həya, satlıq qoyun, mal qurtarıb!
Şor quruyub, yağ tükənib, bal qutarıb!
Bircə şəhid köynəyi var...
O da mənim.
Qalan nə var sizin olsun, a qandaşlar, qarındaşlar!
Təkcə isti qan çilənən köynəkdəki o qan mənim,
qada mənim!

Sabirə xitab

Ay səni olasan pir!
Mirzə Ələkbər Sabir!
"Qulyabanı"lar gəzən
"biyaban"dan qorxmadın !..
Sağı, solu viranə
xiyabandan qorxmadın !..
***
"Bulvarda madam" görüb,
"Talvarda madam" görüb,
Bəlkə də, təsadüfən
şalvarda madam görüb,
qorxmadın !..
***
"Xarici mülkündə də...
çox tühaf adam" görüb,
qorxmadın ...

***
Başına çitmə, irət,
kələğayı bağlanan ...
Sığallanan, yağlanan ...
Qucaqlarda saxlanan ...
Birindən boşanınca
birinə adaxlanan ...
Ərə gedən kişilər
görsən də, görməsən də ...
Ərkəknişan dişilər
görsən də, görməsən də ...
"Qəbirdə Xortdan" görüb
qorxmadın ...
***
"Mənzili-viranədə ...
cin" nədir ki, "can" görüb
qorxmadın ...

***
Ay səni olasan pir!
Mirzə Ələkbər Sabir!
Ələndikcə müsəlman
müsəlman xəlbirindən! ..
Gecələr yuxunda da
hövlank qalxdın yerindən

***
Qorxdun, qorxdun da!.. Qorxdun!

Özü-özünə düşmən
kəsilənin birindən
Qorxdun, qorxdun da!.. Qorxdun!

***
Düz olanı yüz yerə
əydirib qatladandan,
Düşmən sevindirəndən,
dost bağrı çatladandan
Fətvası verilməmiş
özünü partladandan ...
Qorxdun, qorxdun da!.. qorxdun!

***
Ay səni olasan pir!
Mirzə Ələkbər Sabir!
İndi bütün dünyanın
"fikri qan"dır, beyni qan ...
Yarpaq kimi titrəyir
Yer kürəsi qorxudan.

QARAVƏLLİ

Hər şey zaman içində ...
Yaxşı yaman içində.

Xəstə ümid etmədə
Həkim güman içində.

Yollar toz-toğanaqda...
Dağlar duman içində.

Samanlıq kənddə qaldı,
Xəlbir saman içində.

Hoteldə də hamam var ...
Moteldə də hamam var ...
Hamam hamam içində.
Nə var - tamam içində.

Dişi tumansız gəzir...
Ərkək tuman içində.
Hər şey zaman içində ...
Bakıda yaman gec açılır səhər...

Bakıda yaman gec açılır səhər...
Qaçır sahil boyu tezdən duranlar.
Səkilər üstündə yuxulayırlar
Sarımsaq çörəklə yüz-yüz vuranlar.

Bakıda yaman gec açılır səhər...
Gözlər var, elə hey yuxulu olur.
Yatır mışıl-mışıl burda yatanlar,
Amma oyandımı, qorxulu olur.

Bakıda yaman gec açılır səhər
Nə olsun, keçibdir gün günortadan!
Girləyir başını hərə bir təhər,
Guya, kəm-kəsirlər qalxıb ortadan.

Bakıda yaman gec açılır səhər
Amma ki, Xəzərdə gəmilər oyaq.
Vağzallar, otellər nəzarət altda ...
Hesabdar dayılar, əmilər oyaq.

Bakıda yaman gec açılır səhər
Bircə salam versən Günəşə, bəsdir!
Bahalı, bəzəkli qapıya baxıb
Kimisə gözləmək burda əbəsdir.

Bakıda yaman gec açılır səhər
Rayondan Bakıya gələnlər üçün.
Sənin nə işin var burda, əmoğlu?
Kəndə get, dua et ölənlər üçün.
İnsan

Anadan olandan görürəm ki, mən
İnsan daşa dönür, torpağa dönür.
Torpağa dönüncə gülə, çiçəyə,
Ağaca, budağa, yarpağa dönür.

Daş kəsən, yaş kəsən, baş kəsən insan!
Kəsdiyin ağac da, daş da özünsən!
Sənə insan olmaq gəlməsin asan!..
Quru da özünsən, yaş da özünsən!

Ağlasın

(Xocalı şəhidləri üzərində ağı)

Qoca da, cavan da boyanıb qana ,
Eşidə səsimi , bəlkə , oyana.
Oxşaya-oxşaya dil deyim ona ,
Aylar yas saxlasın, illər ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.

Anamdır, bacımdır,.. Onu kim vurub ?
Küsüb bu dünyadan, boynunu burub.
Telləri üzünə tökülüb durub.
Ucundan qan daman tellər ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.

Atamdır, babamdır,.. can verir belə...
Müsibət üz verib obaya, elə.
Bu dərdi söyləyin küləyə, yelə...
Küləklər döyünsün, yellər ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.

Qardaş, hanı qıçın, hanı bəs qolun ?
Qızıl qan gölüdür sağınla solun.
Üzü dönük çıxdı sən gələn yolun ,
Baxdıqca üzünə yollar ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.

Nə işdir başına gəlib, ay bala?
Bir də tapılarmı sənə tay, bala?
Ürəyim partlayır, hay ver, hay ,bala!
Qanına boyanan çöllər ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.

Dünya gözü kordur, qulaqları kar ...
Üzündə su yoxdur, cövhərində ar.
Tanrı səbri geniş, insan səbri dar ...
Dəryalar, dənizlər, göllər ağlasın.
Dil de, dil yiyəsi, dillər ağlasın.
Dillərə qoşulub illər ağlasın.


Şəhid

Başının baş daşı olmayan şəhid !
Vətənin daşları baş daşın olsun!
Gözünün göz yaşı olmayan şəhid!
Göyün göz yaşları göz yaşın olsun!

Dünya, səndə yaşadım
Allaha çox şükür ki, gəldim,
üzünü gördüm.
Əyrin əyri yerində, gördüm,
düzünü gördüm.
Mən özüm kimisindən səndə
yüzünü gördüm.
Dünya, səndə yaşadım...
Mən də, mən də yaşadım...

Soyuğundan titrədim,
istindən tərlədim də.
Baxıb qohum-qonşuya,
səni çəpərlədim də.
Sevincindən bayıldım,
dərdindən çərlədim də.
Dünya, səndə yaşadım...
Mən də, mən də yaşadım...

Mən özümü özümdə axtardım,
soraqladım.
Tapanda şadlıq etdim,
itirəndə ağladım.
Mən səni fəsil-fəsil oxudum,
varaqladım.
Dünya, səndə yaşadım...
Mən də, mən də yaşadım...

Var olmuşam varından.
Bar tutmuşam barından.
Dönmədim, dönmərəm də
sənə etibarımdan
Dünya, səndə yaşadım.
Mən də, mən də yaşadım...

Var
İnsan bünövrəsində
Adəm-Həvva daşı var.
Məndə də bu səbəbdən
mənədək olanların
yadı var, yaddaşı var.


Şirməmməd

(Çağdaş jurnalistikamızın şirinə - Şirməmməd Hüseynova ithaf
edirəm)

Məmməd var-Mirməmməddir.
Məmməd var-Pirməmməddir.
Məmməd var- çör-çöp kimi ...
Məmməd var-tir Məmməddir.
Məmməd var-dibdənçıxma ...
Məmməd var-cır Məmməddir.
Məmməd var-saqqız sayaq ...
Məmməd var-qır Məmməddir.
Hər Məmməd bir Məmməddir.
Bu Məmmədlər içində
Daha bir Məmməd də var.
O-bizim Şirməmməddir.