adalet.az header logo
  • Bakı 7°C
19 Yanvar 2018 23:44
8904
GÜNDƏM
A- A+

O, mənim üçün insanlıq yaşındadır

İnsan var ki, onu çox uzaqlardan tanıyarsan, amma ruhunun dərinliyində duymuş olduğun üst münasibət onu "sadəcə tanıdığın biri" olmaqdan uzaq tutar. Necə deyərlər, ruhunun adamı edər, haqqın adamı edər, millətin adamı edər, ələlxüsus da, ali sözün sipəri edər. O söz ki, bəzən sahibinə sadəcə tribuna, bəzən isə elə "SÖZ"-ün özü kimi var olub, tarixləşəcəyi məkana, istinadgaha çevrilər. Kamal Abdullanı imza olaraq, 2010-2011-ci illərdə tələbə olduğum vaxtlar müəllimim, tanınmış tənqidçi, rəhmətlik Arif Əmrahoğlu tanıtdı mənə. "Sehrbazlar dərəsi" və "Yarımçıq əlyazma" əsərlərini oxumaqla uzun müddət on səkkiz nəfərlik qrupun müzakirə yönü, müqayisə yönü bu əsərlərdən gəlib keçdi. Nədənsə, Arif müəllim kimin haqqında müsbət və ya mənfi fikir söyləsə, ona özüm kimi inanmamaq şansım yox idi. Çünki Arif müəllim ARİF müəllim idi.
Kamal müəllimin adı əsərlərinin nüfuzedici təsiri səbəbindən dərsdən kənarda - dostlar arasında olanda da dilimdə səslənməyə başladı. Təbii ki, dostlarımız arasında onun rəhbərlik etdiyi universitetin tələbələri də olmamış deyildi. Mən əsərlərdən söz açarkən onlar öz doğma Kamal müəllimlərinin yüksək insani keyfiyyətlərini sadalamağa başlayardılar. Bir universitet rəhbərinin vəzifəsinin imkan verdiyi qədər yox, ÜRƏYinin imkan verdiyi qədər öz tələbələrinin yanında olacaq miqyasda böyüklüyünə qürurlanmamaq olmurdu. Əsərlərindəki böyük yazıçı Kamal Abdulladan sonra, həyatdakı Kamal müəllimi tanıdıqca, onun bütöv şəxsiyyəti gözümdə dəyişməzliyini, əbədiyyətini qətiləşdirmiş oldu. Yolum ədəbi cameədən düşdüyündən, ədəbi qurumlarla da sıx əlaqələrim yaranmağa başladı və bunların sırasında Kamal Abdullanın əsasını qoymuş olduğu "Yaradıcılıq fakültəsi" də oldu. Oranın tələbəsi olmasam da, fakültənin təşkil etdiyi dərslərdə ara-sıra mən də iştirak edirdim. Kamal Abdulla ilə ilk və yeganə görüşümüz də bütün universitet qədər can yandırdığı və mütəmadi mühazirə oxuduğu o fakültədə olub. Həmin gün böyük sənətkarın doğum gününə təsadüf etdiyindən, tələbələr əziz müəllimlərinə surpriz doğum günü yığıncağı hazırlamışdılar. Bu anlamlı jestin qarşısında bir az da kövrələn sənətkar, ömrü Kamal Abdulla kimi yaşamağın verdiyi sinədolusu hisslərin ağuşunda bir anlıq susaraq; "Uşaqlar, hər şeyə görə sağ olun" - deyə bildi, sadəcə. Bu sadə cümlədə və tələbələrin gözlərindəki ustad, müəllim sevgisinin təcəllasında insanlıq baxımından, ucalıq baxımından sadalana bilməyəcək qədər, tam təsvirə gələ bilməyəcək qədər sonsuz sayda nüanslar vardı.
Kamal Abdulla təkcə pedaqoq, yazıçı kimi deyil, həm də dost kimi, arxa-dayaq kimi öz qayğısını-diqqətini ehtiyacı olanlara göstərə bilib. Bu günlərdə tanınmış jurnalist Anar Niftəliyev sosial şəbəkələrin birində Kamal müəllimin onun üçün etdiyi yaxşılıqlardan, ən çətin anlarında yanında olmasından söz açan bir qeyd yazmışdı. Təbii ki, bu kimi nümunələrin sayını kifayət qədər artırmaq olar. Çox da uzağa getmədən, tanınmış, istedadlı yazar Kənan Hacının səhhətində yaranan təhlükəli durum zamanı, Kənan bəyin yaxın dostu olaraq daima ünsiyyətim olduğu üçün Kamal müəllimin necə həssas davranışının şahidi olmuşam.
Böyük sənətkarın doğum gününə həsr etdiyim bu yazının sonunda bildirmək istəyirəm ki, Kamal Abdulla kimi şəxsiyyətlərin varlığı insanlığın kifayət qədər itirdiyi bir məqamda, ölçüyəgəlməz qazancdır. Tam səmimi olaraq bildirim ki, Dekabrın 4-də doğum günü olan ustadın bilmirəm neçə yaşı tamam olur. Amma, Kamal Abdulla mənim üçün İNSANlıq yaşdadır.