Yaxşı xatirimdədir 19 yanvar 1990-cı il.
Bizi, şəhərin fəallarını, idarə və müəssisə rəhbərlərini Sumqayıt şəhər partiya komitəsinin akt zalına toplamışdılar. Saat 1500 idi. Nə səhnədə görünən vardı, nə də bizi nə üçün çağırdıqlarını deyən. Sumqayıt şəhərində də vəziyyət ağır idi. 1988-ci il, fevral ayında Sumqayıtda baş verən hadisənin havası hələ təmizlənməmişdi. Birdən mikrofonla kiminsə səsi eşidildi:
-Darıxmayın, bir azdan mühüm xəbər eşidəssiniz!
Bu şüar 25-30 dəqiqədən bir təkrarlanırdı. Getdikcə vəziyyət çətinləşirdi. Qapılar bağlanır, adamları çölə buraxmırdılar. Çöldən xəbər gətirən yox idi. Onu da hiss edirdik ki Bakıya gediş-gəliş məhdudlaşıb. Bu dəfə həmin şüar rus dilində eşidildi: "Ojidaetsə vajnoe soobşenie"! Mənə elə gəldi ki bu millətə xəyanət edənlərin, gecə nələr baş verəcəyini bilənlərin sözü idi. Zalda oturanlar, çox narahat idilər. Artıq saat 2000 idi. Lakin, "mühüm xəbər" gəlmirdi. Zalda oturanlar artıq bezmişdilər. Gecə qarıyırdı. Gecə saat ikidə birdən qapılar taybatay açıldı. Silahlı, dubinkalı rus əsgərləri sıra ilə pilləkənləri çıxıb 4-cü mərtəbədə bənd aldılar. Qapının ağzında qoyulmuş stolun üstünə bir top qara parça qoydular. Artıq hər şey aydın oldu. "Mühüm xəbər" çatdı...
Mən səhər çətinliklə də olsa Bakıya gedə bildim. Orda şəhid olanların hamısı mənim qohumum, qardaşım, dostum, sirdaşım idilər. Bakıda gördüklərim məni hədsiz dərəcədə sarsıtdı. Özümə yer tapa bilmirdim. Sovet ordusunun silahlı vəhşiləri, cəlladları Azərbaycan xalqının igidlərini, günahsız insanlarını qanlarına qəltan etmişdilər. Adamları tankların altına salıb xışdamışdılar. Binaların divarları deşik-deşik olmuşdu. Qarşısında dayanıb hörmət və etiram etdiyimiz XI Qızıl Orduya qoyulan abidə Qorbaçovun ant-humanist hərəkətindən xəcalət çəkirdi bəlkə də.
Qan su yerinə axmışdı burda Yanvarın 19-dan 20-sinə keçən gecə. Şəhidlərin bəzilərinin dəfnində iştirak etdim. Gördüyüm dəhşətli sitəmləri nəzmə çəkdim.
Qanın yerdə qalmaz igid qardaşım,
Qəbrin nurla dolsun ağbirçək ana!
Mənim şəhid bacım, şəhid qardaşım,
Siz vüqar oldunuz Azərbaycana!
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə cəllad Qorbaçovun göstərişi ilə Bakı şəhərinə amansız qoşun dəstəsi göndərildi.
Azərbaycan respublikasını informasiya blokadasına almaq üçün, Azərbaycan xalqının haqq səsini boğmaq məqsədiylə SSRİ DTK-nin "Alfa" qrupu respublika televiziyasının enerji blokunu partladaraq televiziyanın fəaliyyətini dayandırmış, KİV-ri üzərində ciddi qadağalar qoyulmuşdu. Belə vəhşilik göstərməklə Azərbaycanı tam şəkildə blokadaya alan qəddar rəhbərlik Azərbaycan xalqının bütün sahələrdən məhrum etmişdi. Hərbi cinayətlər törədənlər qabaqlarına çıxanları, mətbəxdə xörək bişirəni, küçəyə çıxan insanları, yaralılara köməyə gələn təcili yardım maşınlarını, tibb işçilərini gülləboran etmişdilər. Azərbaycan xalqına qarşı törədilən bu vandalizm aktı ilə M.Qorbaçov faşizm mahiyyətini bütün dünyaya car etməkdən utanmadı, xəcalət çəkmədi.
Bu vəhşi ordunun vəhşiliyi nəticəsində o gecə Bakıda 134 nəfər günahsız mülkü vətəndaş, öldürülmüş, 13 nəfər ağır yaradan sonra vəfat etmişdilər. 700 nəfərdən çox insan yaralanmış əlil olmuş, 200-dən çox ev, dövlət mülkiyyəti talan edilmiş, viran qoyulmuşdu.
Biz o vaxt fövqəladə vəziyyətin nə olduğunu bildirdik, xalqımıza tutulan divandan bir neçə saat sonra bildik. Fövqəladə vəziyyət elan edilənə kimi nə qədər insanlar "tələyə" düşdülər. Bakıya soxulmuş sovet qoşunlarının bir hissəsi Sumqayıt şəhərində insanları yumruqla, təpiklə, dubinka ilə heç nədən çəkinmədən döyürdülər. Döyülənlərdən biri Azər Bavayev aldığı zərbələrdən 15 yaşında ömürlük əlil oldu. Bu yaramaz ordunun nümayəndələri Sumqayıt şəhərində Corat qəsəbəsində, Z. Tağıyev (Nasosnu) qəsəbəsində özbaşınalıq edir, dükanları, evləri yağmalayırdılar. Sumqayıtdan Bakıya gedən - Polimer Materiallar İnstitutunun alimləri-Svetlana Məmmədova, İsmayıl Mursaquluyev və İbrahim ibrahimovu Ceyranbatan ərazisində tankın altına salıb xıncım-xıncım etmişdilər, ordunun vəhşiləri!
Qorbaçovun göstərişi ilə Bakıya gələn qoşun, insanlara silah qaldırmaqla, cinayət törətməklə arzularına, qarşılarına qoyduqları məqsədə nail ola bilmədilər. Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədilər. Qorbaçovun bu əməli bəşəriyyətə, insanlığa qarşı həyata keçirilən ən dəhşətli, ən amansız, bütün hüquqi-demokratik prinsiplərə zidd olan əməl idi.
Bakıda baş verən qanlı hadisədən bir gün sonra 1990-cı il 21 yanvarda Moskvada ciddi nəzarət altında olan xalqımızın böyük oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını hər an gözləyən təhlükəyə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən hərbi təcavüzə qarşı kəskin etirazını bildirdi, Mixayıl Qorbaçovun bu qeyri-qanunu hərəkətini kəskin ittiham etdi və dedi: - Ayağa qalxan xalqın inam və iradəsini, milli azadlıq əzmini qırmaq, milli mənliyini alçatmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir". Və əlbəttə kimsəsiz qalmış xalqının köməyinə gələn H. Əliyevin tarixi bəyanatı xalqımızın ürəklənməsinə, öz məqsədlərindən dönməməsinə dəyərli təkan oldu.
20 Yanvar faciəsinə dövlət tərəfindən hüquqi qiymət verilməsi də 1994-cü ilin fevralında yenə ümummilli lider H. Əliyevin sayəsində öz həllini tapmışdılar. O tarixi bəyanatda bildirilirdi:
-20 yanvar faciəsini təşkil edən sovet dövlətinin rəhbərləri kimi, Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri də xalqına xəyanət etmişdilər.
Heydər Əliyev iradəsi, dözümü, xalqını ürəkdən sevməsi sonralar da düşmənə qarşı olan nifrətini cəsarətlə dedi, üzv olduğunu partiyanın (bolşevik) xəyanətkar, qeyrihumanist olduğunu bildirdi və 1991-ci ilin iyununda KP-nın sıralarını tərk etdi. Bu, onun uzaqgörənliyindən xəbər verirdi. Bu gün Heydər Əliyevin daxili və xarici siyasətini uğurla, inamla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev 20 yanvar şəhidlərinin ailələrinə, uşaqlarına daim diqqət və qayğı göstərir. Müstəqil respublikamızda bu sahədə çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Şəhidlər xiyabanı yüksək səviyyədə yenidən qurulmuş, xalqımızın, ölkəmizə gələn qonaqların müqəddəs ziyarətgahına çevrilmişdi.
Şəhid və əlillərə diqqət və qayğıda Heydər Əliyev fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da əməyi danılmazdır. Yasamal rayonundakı "20 Yanvar" şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi 20 yanvarda şəhid olan 147 nəfərin adı və soyadı qızılı həriflərlə kompleksin üzərinə yazılması bu qayğının dəyəridir. 20 Yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq müstəqilliyimiz, azadlığımız yolunda canlarından keçənlərin əziz xatirəsi həmişə qəlbimizdədir.