NİZAMİ VƏ FOLKLOR

68018 | 2018-01-19 22:56
"Nizami və folklor" kitabında qeyd etdiyi kimi, Azərbaycan folklorunun yaradıcısı və yaşadıcısı olan xalqımız öz müdrikliyinin, yaradıcı dühasının zəngin mənəvi sərvəti ilə qədim mədəniyyətə malik xalqlar arasında fəxri yerlərdən birini tutur. Onun tarixin qaranlıqlarından zəka məşəli kimi nur saça-saça gələn əsrlər yaşıdı, mifologiyası, maraqlı nağılları, saysız əfsanələri, duzlu lətifələri, şirin bayatıları, yanıqlı ağıları, həzin holavarları, hikmətamiz atalar sözləri və müdrik məsələlər bitib-tükənməyən mənəvi sərvətdir, xəzinədir. Dünyanın ən böyük sənətkarları, o cümlədən Nizami bu xəzinədən pay götürmüş, əbədiləşmişdir.
Professor Məmmədhüseyn Təhmasib yazır: "Qədim Azərbaycan ədəbiyyatı haqqında mənbələrdən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın "Xəmsə"sində yüzlərlə kiçik, böyük əfsanələrə, əsatirlərə təsadüf edir. Bunlardan bəzlərini o özü yaratmış, bəzilərini yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan aldığını yenidən xalqa qaytarmışdır".
"Nizami və xalq əfsanələri" mövzusu ilə bütün yaradıcılığı boyu məşğul olan görkəmli alim, professor Sədnik Paşa Pirsultanlının təbirincə desək, əfsanə, rəvayət və yazılı ədəbiyyat əlaqələrinin öyrənilməsinə Nizami yaradıcılığı zəngin məlumat verir. Alimin qənaətinə görə, Nizami haqqında tarixi həqiqətlərin öyrənilməsində yazılı qaynaqlarla bərabər, şifahi qaynaqların da çox böyük əhəmiyyəti vardır və onların tədqiqi zəruridir. Alim bildirir ki, Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da əsasən 3 qrupa tədqiq etmək olar.
1. Nizaminin istifadə etdiyi əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri.
2. Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri.
3. Nizaminin həyat ilə əlaqədar yaranmış yeni folklor nümunələri, əsərlərinin sujet və motivləri.
S.P.Pirsultanlı yazır: "Nizaminin həyat və poetik irsi nə öz dövründə, nə də sonrakı yüzilliklərdə əsaslı şəkildə öyrənilməmişdir. Şairin tərcümeyi-halı çox sonralar, "Xəmsə" əsasında araşdırılmışdır. Halbuki Azərbaycanda Nizaminin həyat və yaradıcılığı ilə bağlı yer adları, kəndlər, qalalar, arxlar və bunlarla bağlı əfsanələr, rəvayətlər indi də mövcuddur. Bunlar şairin yaradıcılıq yolunun bir çox cəhətlərini aydınlaşdırmaq üçün əhəmiyyətli rol oynayır". S.P.Pirsultanlı yazır: "Nizami öz əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatının bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta, ən sadə görünən tapmacalardan da yaradıcı şəkildə istifadə etmişdir". Buna əyani misal olaraq "Xosrov və Şirin" əsərində özünə yer tutmuş sırf tapmaca elementlərini göstərmək olar:

Bahar tapdım, bir bar tapmadı əlim,
Fəqət gördüm, suya dəymədi dilim.

Yuxu röya ilə bağlı olan bu beyt qədim dövrdən bu günə kimi gəlib çatmış tapmaca ilə eyni ahənglə səsləşir.

"Sıldırım, şıldırım su keçdim,
Şıldırım suya batmadım.
Dəryadan don geyindim,
Tıtmığını da tapmadım".

Hər iki tapmacanın məzmunu, mənası və ideyası eynidir. Birinci tapmacada yuxuda baharı, Fərat çayını görən Xosrov oyananda əli ilk nübara, eləcə də Fərat suyuna, ikinci tapmacada isə şəlalə sudan keçən, dəryadan don geyinən insan oyananda bunların hər ikisinə həsrət qalır.
Gəncədə, Oğuzda, Qəbələdə, Naxçıvanda, İsmayıllıda və digər yerlərdə şairin özü, əsərləri, qəhrəmanları ilə bağlı yer, arx, süd arxları və hovuzları, abidə qalıqları, tarixi nişanələr əfsanələr və rəvayətlərdə yaşamaqdadır. "Nizami və Ağcaqız" əfsanəsi Nizami və Afaqın sağlam sevgisini bu gün də yaşatmaqdadır.
Min bir kəndin qonağı olan, folklor sahəsində öz erasını yaradan S.P.Pirsultanı Nizami yaradıcılığı ilə folklorun əlaqəsini mükəmməl şəkildə araşdıran yeganə alimimizdir. Alimin toplayıb cilaladığı incilərdən "Bostan əhvalatı" rəvayəti "Sirlər xəzinəsi"ndə olan "Bir şahzadənin dastanı" ilə həmahəngdir, məna, süjet və ideya baxımından oxşardır. Həmin rəvayətə nəzər salsaq, yerinə düşər: "Ata yeniyetmə oğlunu başqa bir ölkəyə səfərə göndərir. Oğlan bu ölkəyə çatanda şah seçmək üçün mərasim başlayıbmış.
O vaxtlar şah seçəndə humay (dövlət) quşu uçurardılar. Üç dəfə quş uçururlar, üçündə də quş gəlib bu oğlanın başına qonur.
Ölkənin ağsaqqalı, qarasaqqalı naçar qalıb bu qərib oğlanı özlərinə şah seçirlər.
Bir yandan qəriblik, bir yandan təcrübəsizlik təzə şahı çox sıxır. Bir yandan da köhnə vəzir - vəkil onun əl-ayağına dolaşır. İşin aqibətini pis görən gənc şah atasının yanına adam göndərir. Həmin adamla atasına belə bir sifariş çatdırır: - Ata, məndən asılı olmadı. Quş uçurdular. Humay quşu məndən əl götürmədi, üç dəfə gəlib mənim başıma qondu. Məni şah seçdilər. İşlər yaxşı getmir. Heç bilmirəm ölkəni necə idarə edim?!
Qoca barmağını dişləyir. Hər şey ona aydın olur. Lakin, o, sifariş gətirən adama etibar etmir, dil-dodağını tərpətmir. Sakitcə bir xəncər götürüb bostana girir. Bu bostanda nə qədər iri qarpız-qovun vardısa hamısını xəncərlə iki bölür, tağdan üzür. Sonra da xəncəri bir küncə atır. Gələn qasidə deyir: - Deyərsən, atan dedi ki, mən heç nə bilmirəm.
Qasid qayıdıb bütün gördüklərini gənc şaha danışır. Gənc şaha da elə bu lazım idi. O, hər şeyi anlayır. İki-üç günün ərzində sarayda nə qədər baş aparan, çoxbilmiş köhnə şaha yaxın saray adamı, əyan-əşrəf, vəzir-vəkil var idisə hamısını camaatın gözü qarşısında dar ağacından asdırır.
Bundan çoxunun canına qorxu düşür. Sonra gənc şah heç bir çətinlik çəkmədən hökmdarlığa başlayır".
Hər iki rəvayət bir-birinə bənzəyir. Yeganə fərq isə Nizaminin əsərində yuxuda bir nurani qocanın şaha nəsihət verməsidir.
"Nuşirəvan və bayquşların söhbəti", "Süleyman və əkinçi", "Kərpickəsən kişinin dastanı" əsərləri öz süjet xəttini xalq əfsanələrindən götürmüşdür.
"Xosrov və Şirin" əsərləri ilə səsləşən "Fərhad və Şirin", "Fərhad arxı", "Şirin qala", "Şirin bulaq" və digər yer adları bu gün əfsanə-əsatir şəklində xalq arasında dolaşmaqdadır. Həmçinin çoxvariantlı "Pəri qalası" əfsanələri, "Fatma nənənin darağı" əfsanəsi də Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində söykəndiyi məxəzlərdəndir.
Ta qədim zamanlardan "Leyli və Məcnun" əfsanəsi sevgi, sadiqlik, paklıq simvolu kimi dillərdə dolaşmaqdadır. Tədqiqatçı alim S.P.Pirsultanlı haqlı olaraq Nizami Gəncəvi "Leyli və Məcnun" əsərini yazarkən bu mənbədən bəhrələndiyini dönə-dönə vurğulayır.
Eyni zamanda tanınmış alim Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin əfsanə, əsatir və "Kitabi Dədə Qorqud" dastanından bəhrələnərək yazdığını əsaslı şəkildə oxucuların ixtiyarına verir. "Astiyaq", "Tomiris", "Çiçəyin hünəri", "Şindan qalası", "Ustanın qarğışı" əfsanələri, "Kitabi-Dədə Qorqud" dakı "Vəkil oğlu İmranın boyu" bu əsərin yazılmasında stimul rolunu oynamışdır.
"Nizami və Gəncə əmiri", "Əsir padşah", "Ədalətli Ənüşirəvan", "İsgəndər və Diri baba", "Fərhadın səsi" əfsanə və rəvayətləri Nizami əsərləri ilə səsləşən qiymətli folklor nümunələridir: "İsgəndər axtara-axtara gəlib dirilik çeşməsini Şirvan torpağında tapır. Qızıl piyaləsini bulaqdan doldurub içmək istəyəndə bir quş qanad çalıb suyu yerə tökür. İsgəndər bundan bərk qəzəblənir. Yay oxunu çıxarıb quşu vurmaq istəyir. Bu vaxt İsgəndər qaibdən bir səs eşidir: - Ey İsgəndər, o quşu vurma, o sənin xilaskarındır.
Bu səs sərt qayanın arasından gəlirdi. İsgəndər ona tərəf yeridi və səsə yaxından qulaq asmağa başladı: - Ey İsgəndər, bir vaxt mən də Şirvanın bu dirilik çeşməsindən içib ölməzlik qazandım. Adım oldu "Diri baba". Dünya durduqca mən də durdum. Qərinələr keçdi. Yar- yoldaşım, nəvəm, nəticəm, kötücəm, yadicam, elim-günüm dünyadan köçdü, tək qaldım. Vaxt vardı mən də insan kimi yaşayırdım. Ürəyim duyurdu, ağlım yaradıb-qururdu, əllərim tikirdi. Bir adamın hayına çatanda, bir elin dərdinə, sevincinə şərik olanda düşünürdüm həyat gözəldi, yaşamaq ondan da gözəldir. İndi nə gözlərim görür, nə beynim düşünür, nə əllərm birinin əlindən yapışır, nə ürəyim məhəbbət oduna isinir. Özün söylə, belə bir dirilik kimə lazımdır? Odur ki, sənə yazığım gəldi. O quşu göndərdim ki, mənim günümə düşməyəsən. Bu sözlərdən sonra İsgəndər Dirilik suyundan içməyib, kor-peşman öz qoşununun yanına qayıtdı".
Böyük alimin qeyd etdiyi kimi, şair dünyasını dəyişdikdən sonra yazılı ədəbiyyatda "Xəmsə"nin təsiri ilə əsərlər yazılmış şifahi ədəbiyyatda onlarla əfsanə və rəvayyət yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, böyük şairimiz Rəsul Rza Nizaminin əsərəri ilə səsləşən "Alagöz" hekayəsini yazmışdı. "Nizami və Gəncə əmiri", "Əsil Padşah", "Şah və qarı", "Gəncə-Gencə", "Xan yurdu" və digər əfsanələr diqqəti cəlb edir. Gəlin bunlardan birinə - "Dağ adamı çağırır" əfsanəsinə nəzər salaq:
- Rum hökmdarının qoşunu Şamaxı şəhərini mühasirəyə alır. Səhər hökmdara xəbər verirlər ki, bu gecə qoşunun yarısını Fit dağı bir-bir çağırıb aparıb. O səmtdə olan qoşundan bir nəfər də adam qalmayıb. Hökmdarı heyrət bürüyür: - Necə yəni, dağ qoşunu çağırıb aparıb? Hökmdar sirdən agah olmaq üçün inanılmış adamlardan bir neçəsini seçib həmin dağa tərəf göndərir. Onlar Suluta çatar-çatmaz Fit dağı adamları bircə-bircə öz adları ilə səsləyir. Çağrılanlar gedir, amma geri qayıtmır. Təkcə bir-iki nəfər səsə hay vermədiyindən xilas olur. Onlar qayıdıb hər şeyi olduğu kimi hökmdara danışırlar. Hökmdar deyir: - Torpaqla insan birləşdi. Onları istila eləmək mümkün olmayacaq! Hökmdar Şamaxını buraxıb öz vətəninə qayıtmalı olur.
Bəli Azərbaycan əfsanələri xalq arasında yaşadığı kimi, Nizaminin "Xəmsə"sində də yaşayıb bizim zəmanəyə gəlib çatmışdır. Başqa sözlə desək, Nizaminin əsərləri əfsanələri, yaxud onların müəyyən elementlərini toplayıb saxlayan vasitələrdən biridir.
Bir sözlə, filologiya elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi, Əməkdar müəllim, professor Sədnik Paşa Pirsultanlının "Nizami və folklor" kitabı Nizami Gəncəvini başqa millətlərin nümayəndəsi kimi təqdim edənlərə ən tutarlı cavabdır.

TƏQVİM / ARXİV