adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2018 00:12
10471
GÜNDƏM
A- A+

UĞURLU NƏTİCƏLƏR CİNAYƏTKARLIQ ÜZƏRİNDƏ QƏLƏBƏYƏ APARIR

Bu bir həqiqətdir ki, Azərbaycan polisi yarandığı ilk günlərdən uzun illər boyu keşməkeşli yol keçərək müasir səviyyəyə çatmışdır. Cinayətkarlığa qarşı mübarizədə öz fədakarlığı ilə daim diqqət mərkəzində olan polisimiz indi yeni bir mərhələdə, daha mühüm bir istiqamətdədir. Asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə qazanılan uğurların başlıca səbəblərindən biri də polisin xalqla daha da yaxınlaşması, xalqdan dəstək almasıdır. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə dövlətçiliyə və xalqa sədaqətində fədakarlıq nümunəsi göstərən doğma polisimiz ictimaiyyətin rəğbətini məhz bu istiqamətdə əldə olunan nailiyyətlərlə qazanmaqda, cəmiyyətin polisə olan inam və etimadını yüksəltməkdədir. Cənab nazirin çıxışlarda vurğuladığı kimi, daxili sabitliyin və asayişin qorunmasında müstəsna rolu olan polisin fəaliyyətinə həmişə xüsusi münasibət göstərilir. Bu səbəbdən də polis həyatında yaşanan hər bir gün, hər bir an özünəməxsus məna, əhəmiyyət daşıyır. Gündəlik gərgin fəaliyyət, profilaktikanın mükəmməlliyi, eyni zamanda baş vermiş cinayət hadisələrinin açılması istiqamətində fədakar mübarizə... Bu günlərdə DİN-də keçirilən kollegiya iclasında da bildirildiyi kimi, profilaktik tədbirlərin intensivliyi və müasirləşdirilməsi nəticəsində 2017-ci ildə cinayətlərin ümumi sayı ötən illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9 faiz azalmışdır. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə uğurlar qazanılması, təbii ki, şəhər və rayon polis idarələrində fəaliyyətin tələblər səviyyəsində qurulmasından çox asılıdır. Bu istiqamətdə diqqəti cəlb edən kollektivlər də az deyil. Son illər Mingəçevir Şəhər Polis Şöbəsinin də şəxsi heyəti asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə tədbirlərində nümunə göstərməklə uğurlu nəticələr qazanır. Şəhərin hüquq mühafizə orqanları ilə birlikdə bu istiqamətdə mübarizəni daha da təkmilləşdirən Mingəçevir Şəhər Polis Şöbəsi 2017-ci ili diqqətəlayiq nəticələrlə başa vuraraq 2018-ci ilin də əvvəlindən yüksək göstəricilər qazanmaq əzmi nümayiş etdirir.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, gənc olmasına baxmayaraq yüksək peşəkarlıq nümunəsi göstərən polkovnik Cavid Muradov şöbənin fəaliyyətini Daxili İşlər Nazirliyinin tələbləri səviyyəsində qurmağı bacarmış, intizamlı və səmimi bir şəxsi heyətin formalaşmasına daha çox önəm vermişdir. Bunun nəticəsidir ki, polis şöbəsi şəhər prokurorluğu və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizəni uğurla davam etdirir.
Öyrənirik ki, 2017-ci il ərzində Mingəçevir Şəhər Polis Şöbəsi üzrə 243 cinayət hadisəsi qeydə alınmışdır. Aparılan profilaktikanın intensivliyi və digər önləyici tədbirlərin effektliyi nəticəsində əvvəlki illə müqayisədə cinayətlərin sayı 42 fakt və ya 14,7 faiz azalmışdır. Bu cinayət hadisələrindən 226-nın və ya 96,6 faizinin açılması təmin edilmişdir. Baş vermiş cinayət hadisələrindən 50-si əvvəllər məhkum olunmuş şəxslər, 3-ü sərxoş vəziyyətdə olan şəxslər, 2-si isə yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmişdir. 2017-ci ildə Mingəçevir şəhəri ərazisində qeydə alınmış cinayət hadisələrinin strukturu bu cür təsnifləşir: 84 fakt iqtisadi sahədə olan cinayətlər, 34 fakt şəxsiyyət əleyhinə olan cinayətlər, 118 fakt ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər və sair. Keçən il baş vermiş yol-nəqliyyat hadisələri də əvvəlki ildəkinə nisbətən 1 fakt azalmışdır.
İndi kim bilmir ki, narkomaniya bəşəriyyət üçün ən təhlükəli bəlalardan biridir. Aparılan təbliğat-maarifləndirmə tədbirləri və mübarizənin qloballığı belə bir fikrə gəlməyə əsas verir ki, təhlükə dünyanın bütün ölkələri üçün göründüyündən də ciddidir. Bu məsələdə mübarizə mexanizminin əsas yükü təbii ki, polisin üzərinə düşür. Məhz bu mənada Mingəçevir polisinin özünəməxsus dəsti-xətti diqqət çəkir. Şöbədə hər zaman bu məsələ gündəmdədir. İstər mübarizə istiqamətində, istərsə də təbliğat-maarifləndirmə müstəvisində. Şöbənin rəisi Cavid Muradovun şəhər ziyalılarının nümayəndələri və tanınmış nümunəvi gənclərlə birlikdə məktəblərdə, gənclərin çoxluq təşkil etdiyi əmək kollektivlərində olması, görüşlər zamanı mütəxəssis münasibətlərinə də xüsusi önəm verməsi hər dəfə razılıqla qarşılanır. Şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayevin də tez-tez ictimaiyyət nümayəndələri ilə görüşlər keçirərək məsələnin aktuallığını, eyni zamanda hüquq mühafizə orqanlarının bu istiqamətdəki fəaliyyətinin effektliyini diqqətə çatdırması narkomaniyaya qarşı birgə mübarizənin doğru strategiyasını müəyyənləşdirir.
Mingəçevir Şəhər Polis Şöbəsində keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 96 cinayət faktı aşkar edilmişdir. Onlardan 15-i satış, 76-sı saxlama, 1-i narkotik vasitənin talanması, 3-ü narkotik birkilərin kultivasiyası, 1-i isə güclü təsir edən maddənin satışı ilə bağlı olmuşdur. Şəhər polis şöbəsinin rəisi, polkovnik Cavid Muradov yerlərdə məktəbli - gənclərlə keçirdiyi görüşlər zamanı bütün bunlar barədə də geniş məlumat verir, müqayisələr aparır. Polis rəisi tədbirlər zamanı çıxışlarında eyni zamanda narkomaniyaya qarşı respublikamızda davamlı tədbirlərin həyata keçirildiyini, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"nın uğurlu icrasını faktlarla diqqətə çatdırır.
Mingəçevir Şəhər Polis Şöbəsində cinayətkarlığa qarşı mübarizə işində peşəkar və təcrübəli polis işçilərinin nümunəsi həmişə böyük rol oynayır. Şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı Emil Cavadov, ictimai təhlükəsizlik bölməsinin rəisi Emin Şirinov, post-patrul xidməti bölüyünün komandiri Namiq Hacıyev, polis nəfərləri Rübail Əliyev, Səhlədar Rüstəmov, rəisin şəxsi heyət üzrə köməkçisi Vahid Məmmədov və başqalarının fəaliyyəti bu mənada diqqət çəkir.
Qeyd etdiyimiz kimi Mingəçevir Şəhər Polis Şöbəsinin şəxsi heyəti 2018-ci ilin də ilk günlərindən cinayətkarlığa qarşı mübarizədə yüksək fəallıq göstərir. Peşəkarlığın, intizamın və müasirləşən profilaktikanın son hədəfi isə cinayətkarlıq üzərində qələbədir.