adalet.az header logo
  • Bakı 7°C
20 Yanvar 2018 00:09
30489
LAYİHƏ
A- A+

QAN YADDAŞIMIZ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.
Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.
Hadisəyə dünyanın reaksiyası

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır.
Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz.
Avstraliyada nəşr olunan "The Canberra Times" qəzetində "1990-cı ilin 20 yanvarı: Azərbaycanda qırmızı terrorun qara üzü" adlı məqalə dərc olunmuşdur.
Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin keçmiş Sovet İttifaqında yaranan gərgin vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək istiqamətində məkrli planın həyata keçirilməsi məqsədilə keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqları bildirilir. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 80-ci illərinin sonlarında 250 min azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulmuş, 200-dən artıq insan amansızlıqla qətlə yetirilmişdir. Buna etiraz olaraq, azərbaycanlıların böyük əksəriyyəti Bakı və digər şəhərlərdə meydanlara çıxaraq, kommunist rejiminə etimadsızlıq göstərmiş və Azərbaycana müstəqillik verilməsi şüarları ilə çıxış etmişdir.
Məqalədə, həmçinin qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingenti Bakıya daxil olmuş və silahsız insanlara atəş açmışdır: "Bu aksiya SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına ziddir. Əməliyyatdan əvvəl Azərbaycan televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan məhrum olunmuş, ordunun atəş açmasından və insanların qətlə yetirilməsindən yeddi saat sonra fövqəladə vəziyyət elan edilmişdir. Bu əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olmuşdur".
Məqalə Azərbaycan xalqının Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçənləri heç zaman unutmayacağı və onların xatirəsinin daim əziz tutulacağı barədə fikirlə tamamlanır.
Britaniya mediası Qanlı Yanvardan bəhs edən məqalə dərc edib. "The London Post" və bir neçə portallarda 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilib. Məqalələrdə xalqımızın qan yaddaşı olan 20 Yanvar hadisələri ətraflı təhlil olunub. Qeyd olunub ki, kütləvi qırğın sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla, xüsusi qəddarlıqla törədilmiş və mülki vətəndaşlar qətlə yetirilmişdir.
ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən "The Hill", Perunun nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan "El Peruano", eləcə də Kolumbiyanın ən tanınmış mətbu orqanları olan "El Espectador" qəzetlərində Azərbaycanın müstəqilliyinə yol açmış "Qara Yanvar"dan bəhs edən məqalələr dərc edilmişdir. Həmçinin Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya Federasiyası, Qırğızıstan, Qazaxıstan, Rumıniya, Bolqarıstan və digər ölkələrin qəzet və portallarında 20 Yanvar faciəsindən bəhs edən məqalələr dərc olunmuşdur.
Göründüyü kimi, dünyanın əksər ölkələri Sovet ordusunun insanlığa xas olmayan bu qəddarlığını kəskin tənqid etmiş və Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmişlər.

Xalqımız 20 Yanvar
hadisələrinin 28-ci
ildönümünü qeyd edir

Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Təkcə 20 Yanvar günü deyil, bu faciə Azərbaycan xalqının yaddaşına Qan Yaddaşımız kimi həkk olunub böyükdən kiçiyə kimi hər bir Azərbaycan vətəndaşı bu faciəni hər gün yad edir, vətən uğrunda canından, qanından keçən şəhidlərimizi unutmur və unutmayacaq. 20 Yanvar faciəsi ölkənin bütün qurumlarında, Daxili işlər oqranlarında, ordumuzda, özəl təşkilatlarda, bir sözlə, hər yerdə dərin ehtiramla yad edilir.
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir ünvanına çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Bu həm də, onu göstərir ki, bizim Müstəqilliyimiz Əbədidir, Dönməzdir. Bu yolda Azərbaycan xalqı hər zaman iradəsini ortaya qoyub Dövlətçiliyimizi qorumağa hazırdır.