adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Yanvar 2018 11:00
23772
GÜNDƏM
A- A+

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Bütün ömrü boyu böyük Azərbaycan naminə əlindən gələni əsirgəməmək, Ümummilli lider Heydər Əliyev ideyalarına daima sədaqətli olmaq və həmin ideyaların ölkənin inkişafı istiqamətində həyata keçməsi uğrunda əzmlə çalışmaq Həsən Zeynalovun əsas hədəfidir. O, vətənin müstəqilliyi uğrundakı mübarizə ərəfəsində yaşanan tarixi hadisələrdə - 20 Yanvar faciəsində, Xocalı soyqırımında, erməni qəsbkarlarının törətdikləri terror aktları ilə bağlı həmin faktların beynəlxalq səviyyədə tanıdılması istiqamətində böyük əzmlə çalışmışdır.

Həsən Zeynalov bu tarixi dövrdə ona qarşı olan sui-qəsd təşəbbüsləri, həbs və ciddi siyasi oyunlarla üz-üzə qalmışdır. Ancaq Azərbaycanın gələcək inkişafı üçün tutduğu bu yol ona qarşı edilən haqsızlıqların öhdəsindən gəlmək üçün həlledici rol oynamışdır.

XX əsrin sonlarında Sovet imperiyası öz maraqları naminə Azərbaycanı süni problemlərin girdabına atdı. İmperiyanın süqutu illərində ölkəmiz və xalqımız məşəqqətli və çətin sınaqlara məruz qaldı. Bu dövrdə zor gücünə sovet imperiyasının tərkibinə qatılmış ərazilərdə süni münaqişələr yaradılırdı. Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə yaranan Dağlıq Qarabağ münaqişəsi də bunlardan ən dəhşətlisi oldu.

"M.Qorbaçov öz ətrafına topladığı K.Şahnazaryanın, A.Aqanbekyanın və digər ermənilərin, eləcə də erməni diasporunun Avropa və Amerikadakı mərkəzlərinin təsirinə düşmüşdü", - deyə o dövrə dair düşüncələrini Həsən Zeynalov belə ifadə edir. "Bu qüvvələr SSRİ-nin daxili və xarici siyasətinə açıq müdaxilə edirdilər. Artıq dünya mətbuatı ermənilərin M.Qorbaçova və onun arvadına rüşvət verməsindən nümayişkaranə şəkildə məlumatlar yayırdı. Məsələn, 1987-ci ildə M.Qorbaçov ABŞ-da olarkən onun həyat yoldaşı R.Qorbaçovaya ermənilər tərəfindən bahalı brilyant üzük hədiyyə olunmuşdur. Məhz ermənilərin M.Qorbaçova təsirinin nəticəsində həmin dövrdə dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevə qarşı çirkin böhtan kampaniyası başlandı. Azərbaycanda Heydər Əliyevin əleyhinə yüzlərlə qərəzli və böhtan xarakterli məktublar təşkil edilməyə başlandı. Heydər Əliyevin SSRl-dəki nüfuzu, ali hakimiyyət orqanlarında təmsil olunması, Sov.İKP MK Siyasi Bürosunun üzvü olması çirkin Qarabağ oyununun başlanmasına imkan vermirdi. Nəzərə almaq lazımdır ki, erməni millətçi dairələrinin Azərbaycana qarşı davamlı olan əsassız ərazi iddialarına məhz Heydər Əliyevin sayəsində 1969-1987-ci illərdə səd çəkilmiş, daha doğrusu, ermənilərin təxribatlarının qarşısı məharətlə alınmışdı. Nəhayət, 1987-ci ildə qərəzli şəkildə yaradılan gərginlik nəticəsində Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verir. M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi olmuş Abel Aqanbekyan bundan istifadə edərək 1987-ci ilin noyabrında Parisdə ilk dəfə rəsmi olaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin "zəruriliyi" haqqında bəyanatla çıxış edərək ermənilərin uzun illər boyu Azərbaycana qarşı hazırladıqları ərazi iddialarının növbəti mərhələsinin başlanmasına start verdi. A.Aqanbekyan Parisdə "L'Humanite" qəzetinə verdiyi müsahibəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olacağını bildirdi. Bunun ardınca ermənilər Qarabağda artıq mitinqlərə başladılar və azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı, guya uzun illər ermənilərin sıxışdırıldığı şüarları ilə Qarabağın Ermənistana birləşdirilməsi tələbi SSRİ rəhbərliyi qarşısında qaldırıldı.

Erməni diasporunun təsiri altında olan Moskvanın Dağlıq Qarabağla bağlı hazırladığı ssenarinin növbəti mərhələsi - azərbaycanlıların ermənilərlə birgə yaşaya bilməyəcəklərini təsdiq etmək məqsədilə hərəkətə keçərək daha ciddi provokativ fəaliyyətə başladılar. Belə ki, artıq Yerevanda azərbaycanlıların öz dədə-baba yurdlarını, tarixən Azərbaycan ərazisi olan Ermənistanı tərk etmək tələbi ilə mitinqlər başladı. Əlbəttə, Azərbaycan xalqı buna laqeyd qala bilməzdi və Azərbaycanda da bunun qarşının alınması tələbi ilə etiraz aksiyaları başlandı.

Ermənilərin və Moskvanın məqsədi gələcəkdə planlaşdırdıqları Sumqayıt hadisələrini reallaşdırmaq idi. Yerevanda keçirilən mitinqlərin miqyası böyüdü və azərbaycanlıların Ermənistandan çıxarılma prosesinə başlanıldı. Azərbaycanın o vaxtkı hakimiyyəti isə hadisələrin qarşısının alınması ilə bağlı Moskva qarşısında heç bir tələb qoymur, xalqın tələbini nəzərə almır və hətta təqsiri özümüzdə axtarmaqla məşğul idi. Azərbaycana Ermənistandan mülkləri əlindən alınmış, işgəncələrə məruz qalmış, ata-baba torpaqlarından zorla çıxarılan soydaşlarımız gəlməyə başladı. Bütün bunlar ölkədə hakimiyyətlə xalq arasında ciddi narazılıq yaratdı və hadisələr günü-gündən gərginləşməyə başladı. Bu vəziyyətdən istifadə edən ermənilər və SSRİ hakimiyyəti xüsusi hazırlıq keçmiş ermənilərin iştirakı, o cümlədən E.Qriqoryanın rəhbərliyi ilə 1988-ci il fevralın 28-də Sumqayıtda ermənilərə qarşı süni olaraq, sanki azərbaycanlılar tərəfindən təşkil olunmuş qırğın törətməyə nail oldular. Hadisələrdə 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfər həyatını itirdi. Beləliklə, Moskva və ermənilər dünyaya "sübut" etdilər ki, artıq azərbaycanlılarla ermənilər birgə yaşaya bilməzlər.

Bu hadisələrdən sonra Qarabağ kartı artıq açıq müstəviyə keçdi. Xankəndində fasiləsiz mitinqlər başladı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələb kimi Moskva qarşısında qoyuldu. Azərbaycanda isə çox gərgin vəziyyət yaranmışdı. Artıq səsi eşidilməyən xalq küçələrə axışaraq Ermənistandan məcburi qovulan soydaşlarımızın hüquqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağda baş verənlərə qarşı tədbir görülməsi tələbi ilə mitinqlər keçirməyə başladı. Mən də bu etiraz mitinqlərində fəal iştirak edirdim. 1988-ci il may ayının əvvəllərində keçirilən mitinqdə (hələ hakimiyyətdə Kamran Bağırov idi) hakimiyyət tərəfindən təklif olundu ki, 50 nəfər aktiv mitinq iştirakçıları seçilsin və Azərbaycan Ali Sovetinin iclas zalında hakimiyyət nümayəndələri ilə mitinqdə qoyulan tələbləri müzakirə etsinlər. Seçilən nümayəndə heyətinin tərkibində mən də var idim. Həmin müzakirələrdə AIi Sovetin sədri Süleyman Tatlıyev, Mərkəzi Komitənin katibləri və digər rəhbər şəxslər iştirak edirdilər. Ilk anlardan hiss olundu ki, iqtidar tərəfindən təşkil edilən bu görüş formal xarakter daşıyır və vaxt uzatmağa hesablanıb. İlk söz demək üçün heç kimə məhəl qoymadan daim xalqın yanında olan şair Tofiq Bayram kürsüyə yaxınlaşdı. Çıxışında xalqın tələbinə laqeyd yanaşan, Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər qarşısında susan, Dağlıq Qarabağda baş verənlərin qarşısını almağa cəhd belə etməyən hakimiyyət nümayəndələrini çox ciddi tənqid etdi. Sonda bu gün də hamının yaddaşına həkk olunmuş "hakimiyyətlə xalq arasında yaranmış bu uçurumun günahkarı sizsiniz, siz Azərbaycanı heç bir hüququ olmayan qullar ölkəsinə çevirmişiniz, lakin bu qullar iki hissəyə bölünür: birincisi - harayı hakimiyyət tərəfindən eşidilməyən xalqımız - "ac qullar", ikincisi isə - torpaqlarımızı parçalayan, soydaşlarımızı öz ata-baba yurdlarından qovan, onları qətlə yetirən ermənilərə himayədarlıq edən Moskvanın qarşısında susan siz - "harınlamış qullar"; amma yadınızdan çıxarmayın ki, sonda siz də aldıqlarınızı qusacaqsınız" fikirlərini söyləyərək kürsünü tərk etdi.

1988-ci ilin may ayının əvvəllərində, mitinqlərin davam etdiyi ərəfədə qrup rəhbəri vəzifəsində işlədiyim Bakı şəhər Icraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun rəisi F.Əfəndiyevlə razılaşdıqdan sonra Büronun iclası çağırıldı. O illərdə Büroda çox sayda erməni çalışırdı. Yığıncağa mən sədrlik edirdim. Iclasda birlikdə çalışdığımız, heç bir ayrı-seçkiliyə məruz qalmayan, Ermənistandakı ermənilərdən daha varlı həyat sürən və rahat yaşayan ermənilərə heç bir təxribata uymamaq tövsiyə olundu. Onlardan xahiş etdim ki, Azərbaycana qarşı Moskvaya göndərilən saysız-hesabsız təxribat xarakterli məktubların, müraciətlərin, teleqramların əksinə olaraq, onlar da Azərbaycan xalqının erməni xalqına göstərdiyi əsl münasibəti, onlara qarşı heç zaman ayrı-seçkiliyin olmaması və çox rahat yaşamalan haqqında Moskvaya, şəxsən M.Qorbaçova müraciət göndərsinlər. Erməni iş yoldaşlarımız, bu təklifi məmnuniyyətlə yerinə yetirəcəklərini bildirsələr də, ertəsi gün heç biri işə çıxmadı. Sonra məlum oldu ki, onlar da neçə illərdir ki, "Krunk" və digər terrorçu erməni təşkilatların hesabına pul köçürürlərmiş. Çox qısa zamanda məlum oldu ki, həmin ermənilərin hamısı Stavropol və Krasnodar olmaqla, əsasən Rusiyanın ayrı-ayrı şəhərlərində özlərinə ev almış, bəziləri minik maşınlarını belə yeni yaşayacaqları şəhərlərə aparmışlar. Bir sözlə, onlar bu məqsədli köçə hazır imişlər. Təsadüfı deyildir ki, iki gün sonra həmin ermənilərdən bir neçəsi Rusiyadakı təzə məskunlaşdıqları evlərdən "Baksovet"dəki qeyri-azərbaycanlı iş yoldaşlarına zəng etmiş və hətta yeni iş yerləri barədə də ətraflı məlumat vermişlər".

Xalqın səsini dinləməyə, onun dərdinə çarə etməyə siyasi hünəri və qabiliyyəti çatmayan, Moskvanm əmrindən çıxa bilməyən Azərbaycan KP MK-nm ovaxtkı birinci katibi Kamran Bağırov vəziyyətin günü-gündən idarəolunmaz hala keçdiyini görüb, 1988-ci ilin may ayının ortalarında öz vəzifəsindən istefa verir. Moskva tərəfindən 1988-ci il mayın 21-də həmin vəzifəyə Əbdürrəhman Vəzirov təyin edilir.

Heydər Əliyevin xalq tərəfindən bir xilaskar kimi görülməsini, yenidən hakimiyyətə gətirilə biləcəyini, bununla da ermənilərin, eləcə də onların havadarların Qarabağ planlarının alt-üst olacağını bilən Moskva və onun sapı özümüzdən olan baltası Ə.Vəzirovun yeganə hədəfi Heydər Əliyev idi. Bu zaman hadisələrin birbaşa mərkəzində olan Həsən Zeynalov həmin vəziyyəti belə səciyyələndirir: "Əbdürrəhman Vəzirov 1988-ci ilin may ayının sonlarında Azərbaycanda hakimiyyətə gələrkən ilk olaraq ovaxtkı Lenin (Azadlıq) meydanında mitinq keçirdi. Mitinqdə Qarabağla bağlı planlarını xalqla bölüşmək (hamı ondan bunu gözləyirdi) əvəzinə, bütün çıxışını Heydər Əliyevə qarşı böhtana və özünün bundan sonra xalqa "azadlıq" bəxş edəcəyinə həsr etdi. Başqa sözlə, respublikada yaranmış acınacaqlı vəziyyəti Heydər Əliyevlə əlaqələndirməyə çalışdı. Zaman keçdikcə isə ətrafına Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə müxtəlif cinayətlərə və yaramazlıqlara görə vəzifədən azadedilmiş, məsuliyyətə cəlb edilmiş hakimiyyət hərislərini toplamağa başladı. Mövcud problemlərin həlli ilə məşğııl olmaq əvəzinə, bütün fəaliyyətini Heydər Əliyevə qarşı "mübarizəyə" həsr etdi. Bəhs etdiyim mitinqdən sonra qəti qərara gəldim ki, Heydər Əliyevlə danışmaq, onu Azərbaycana dəvət etmək, xalqı bu çətin vəziyyətdən çıxarmaq üçün hakimiyyət sükanını ona həvalə etmək artıq zərurətdir. 1988-ci ilin may ayının sonunda Heydər Əliyevlə ilk telefon danışığım oldu. Moskvadakı ev telefonuna zəng etdim. Dəstəyi Heydər Əliyev özü qaldırdı. Hesab edirəm ki, bu, zamanında edilmiş zəng idi və Heydər Əliyev tərəfindən məmnuniyyətlə qarşılandı. Söhbətimizin əsasını Dağlıq Qarabağ məsələsi ətrafında ölkədə yaranmış ictimai-siyasi vəziyyət təşkil etdi. Söhbət əsnasında Heydər Əliyev təkrar-təkrar baş verən proseslərin Azərbaycanın əleyhinə cərəyan etməsindən sonsuz narahat olduğunu ifadə edirdi. Heydər Əliyev xalq hərəkatının vəziyyəti, kütləvi proseslərin yönəldilməsi kimi məsələlərə dair çoxsaylı suallar verirdi. Çox sevinirdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağa qarşı əsassız iddiaları sükutla qarşılamır.

Yazının əvvəlini BURADAN oxuya bilərsiniz

(ardı var)