adalet.az header logo
  • Bakı 7°C
03 Oktyabr 2018 14:02
78198
MƏDƏNİYYƏT
A- A+

SSRİ-dən doğulan əllər

Məşğul olduğu peşənin sirlərinə dərindən bələd olan həmin sənət bilicilərindən biri də müxtəlif rəngli çini qabları və keramika üzərində miniatür rəssamlığının ən nəfis və incə nümunələrini yaradan rəssam Rasim Hüseynov Gəncədə yaşayır. Əsərləri 60-dan çox ölkədə dünyanın ən məşhur muzeylərini, eləcə də böyük dövlət rəhbərlərinin və siyasi xadimlərin şəxsi kolleksiyasını bəzəyən rəssamın yaradıcılığı həm forma, həm də mövzu etibarilə rəngarəngdir.

Müxtəlif ölçülü boşqablar, güldanlar, kuzələr, piyalələr üzərində bir-birindən gözəl və yaraşıqlı sənət nümunələri yaradan rəssam bütün əl işlərini həyətindəki çox kiçik hücrədə hazırlayır.

SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığın əsasını qoyan azərbaycanlı

Rasim Hüseynov deyir ki, 1971-ci ildə Gəncə çini qablar zavoduna naxışçı kimi qəbul edilməsi onun sonrakı taleyində dönüş yaradıb. Ara-sıra bu zavodda hazırlanan və kütləvi istehsala buraxılan qablar, çay və xörək dəstləri üzərindəki incə naxışların çəkilməsinə meyil göstərən Rasim Hüseynov 1975-ci ildə həmin zavodun bədii tərtibat laboratoriyasına daxil olub, 1993-cü ilədək orada rəssam kimi fəaliyyət göstərib. Çini qablar zavodunda işlədiyi müddətdə rəssamın onlarla işi rəhbərlik tərəfindən bəyənilərək kütləvi istehsala buraxılıb.

Müsahibimiz müəllifi olduğu "Muğam kompozisiyası” əl işinə görə 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülüb. Həmin illər ərzində yaradıcılığını daha da təkmilləşdirən rəssam 1981-1982-ci illərdə SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığının əsasını qoyub. Yaradıcılığı sənət biliciləri tərəfindən yüksək qiymətləndirilən Rasim Hüseynovun 15 ədəd əl işi alınaraq 1988-1990-cı illərdə Bakı Dövlət Milli Musiqi Alətləri Muzeyi və Gəncə Miniatür Mərkəzinin daimi eksponatları sırasına daxil edilib.

Asanlıqla başa gəlməyən sənət yenilikləri

1993-cü ildə Gəncə çini qablar zavodu fəaliyyətini dayandırdıqdan sonra Rasim Hüseynov öz həyətində çox kiçik emalatxanasını quraraq həm sənətini davam etdirib, həm də daha yeni texnoloji prosesin alınmasına nail olub. Uzun illərin axtarışından sonra rəssam 2005-ci ildə qədimdə ölkəmizdə geniş yayılmış, XVIII əsrdə isə tamamilə unudulmuş boz gilin heç bir rəng qatılmadan hazırlanma texnologiyasını tapıb.


Hazırda Rasim Hüseynov çini qablar və keramika üzərində miniatür rəssamlığı ilə yanaşı, həm də bu sənətdə bir sıra fərqli texnika və texnologiyaları sınayır. O, əvvəlki ağ çini qablar üzərində aldığı uğurlu nəticəni qara rəngli çinilər üzərində də tətbiq edib. Həmçinin kobalt məmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələrin əsasını qoyub. Bu cür sənət yeniliklərinin heç də asan yolla alınmadığını deyən Rasim Hüseynov deyir ki, istər müxtəlif texnologiya ilə hazırlanmış çini və gil qablar, istərsə də onların üzərinə çəkilən boyalar sənətkardan iş prosesində böyük diqqət və peşəkarlıq tələb edir. Çünki qabların hazırlanması və rəsmin çəkilməsi üçün vacib olan şərtlər qorunmadıqda onlar sobada partlayır, üzərindəki rəng isə yanıb məhv olur.

"Xəmsə”nin qəhrəmanları, Şərq mühiti və qədim musiqi alətlərimiz

Bir rəssam kimi yaradıcılığının mövzu və məzmunundan da bəhs edən Rasim Hüseynovun miniatürləri üçün əsas mövzu XII əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin bədii yaradıcılığı, "Xəmsə” qəhrəmanları, onların təmsil olunduğu Şərq mühitinin tərənnümü, eləcə də ney, ud, cəng, çaqanə, rübab, təbil kimi qədim musiqi alətlərimizin təsviridir.

Əsərlərini dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirən rəssamın yaradıcılığı haqqında çoxsaylı xarici qəzet və jurnallarda məqalələr çap olunub. 2012-ci ildə "Prezident mükafatı”na layiq görülüb. Artıq bir neçə ildir ki, Rasim Hüseynov Azərbaycanın mədəniyyət və incəsənətinin təbliği ilə bağlı Avropa ölkələrində təşkil olunan sərgilərə qatılır. 2015-ci ildə rəssam Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada təşkil olunan Azərbaycan Mədəniyyəti günləri sərgisində ölkəmizi təmsil edib. 2016-2017-ci illərdə isə Bakıda keçirilən Formula-1 yarışlarında ölkəmizin mədəni irisini sənət əsərləri və yaradıcılığı ilə təmsil etdiyinə görə təşəkkürnamə ilə təltif olunub.