Uşaqlıq dostlarımı itirirəm

OĞUZ AYVAZ
32538 | 2018-01-19 14:33
Bu gün dostumla yollarımızı ayırdıq. Səhər yerimdən duranda günəşin qolları evimizdə dolaşır, havanın gözəlliyindən xəbər verirdi. Yaşıl paltomu geyinib düşdüm günəş saçan yollara. Küçənin o başından fikirli-fikirli bir adam gəlirdi. Yerişində anlaşılmazılıq, çarəsizlik görülürdü. Yaxınlaşdıqca adamın üzü tanış gəldi. Bu ki, dostum İsa imiş. Hal-kef tutduq.

- Nətərsən qaqa?

- Belə da...

Üzünü-gözünü turşutdu. Dostumu yaxşı tanıdığımdan üstünə getmədim. Əlimdəki kitabı görüb başladı nə başladı:

-Bezmişəm sənin bu ədəbiyyat sevgindən. Nə vaxt səninlə görüşürəm, filmlərdən əsərlərdən danışırsan. Belə getsə səndən qırılacam. Bəsdi da, ala...

Dostumun bu gözəl gündə nadanlığı ürəyimi incidirdi. Axı biz onunla uşaqlıq dostu idik. Ancaq bugünkü gün hər şey alt-üst olmuş, yaşadığımız günlərimiz çilik-çilik olmuşdu. Dostoyevski necə deyirdi, "kim bilər insanların səni alçaltması bəlkə daha yaxşıdır. Beləliklə heç olmazsa özlərini sevmək zəhmətindən qurtarırlar.” Qəbrin nurla dolsun böyük yazıçı! Sözlərində necə böyük bir həqiqət varmış. Ədəbiyyata günü-gündən sevgim artdıqca dostlarımı itirməyə başladım. Onların gözündə əvvəlki yeniyetmə Oğuz ölmüşdü.

İnsanlar məni incitdikcə ədəbiyyata, sənətə daha çox sarılıram. Zaman keçdikcə dərindən daşa düşürəm ki, bu sevgi əbədiyyətə qədər davam edəcək. Qoy bütün insanlar məni tək buraxsınlar, insansızlıqdan əziyyət çəkim. Ancaq çox da yaxşı bilirəm, əsərlərdəki, filmlərdəki qəhrəmanlar həyatımdan heç vaxt getməyəcəklər. Qapıları üzümə çırpıb birdəfəlik uzaqlaşmayacaq. Nə yazıq ki, dostlarım heç vaxt Nazim Hikmetin, Əli Kərimin şeirlərini oxumayacaq, onları başa düşməyəcək, ot kimi yaşayacaqlar.

Anlaşılan məsələdir ki, məmləkətimizdə xeyli problemlər mövcuddur. İnsanlar aqressiv, depressiv bir dövr yaşayırlar. Təkcə bizim ölkəmiz bu vəziyyətdə deyil. Bütün dünya depressiya zamanını yaşamaqdadır. Sənət də, ədəbiyyat da insanın qarşısına günəş, sevgi, çiçəklər qoyur.

İnsanoğlu başa düşmür ki, sənətdən böyük heç nə ola bilməz. Bəziləri ədəbiyyatın kimya, həndəsə, fizika və digər elmlər kimi bir ixtisas olduğunu düşünür. Ədəbiyyat peşə deyil, ixtisas deyil. Görünən odur ki, bu cür tendensiya xüsusən şərq ölkələrində daha tez yayılır. Sənətə don geyindirərək, pafoslu sözlərlə bəzəyərək bir yana çıxa bilmərik. Hər kəs şair ola bilməz, ancaq hər kəs gündə bir dənə şeir oxuya bilər, gününü dəyərli edər. Ancaq insanoğlu yeməkdən, maldan-mülkdən, boş qazan kimi danışmaqdan vaz keçmir, kimliksizliyini qoruyur. Başa düşürəm ki, həyat bütün sənət əsərlərindən qat-qat mürəkkəbdir. Yaşamaq, həyat eşqimizi öz əllərimizdə saxlamaq üçün bədii ədəbiyyat oxumalıyıq. Bütün bunlar yaşamaq üçün bizə böyük bir təsəllidir. Sevdiyim yazıçılardan biri Kamyu burada deyərdi ki, hər şey çox sadədir - insan mənasızlığı özündən uzaqlaşdırmaq, faniliyə bir məna vermək üçün bütün bunları uydurmaq zorundadır, çünki o həmişə bir sualla əlləşir: həyat onu yaşamağa dəyərmi? Kamyunu həyatınını sonuna kimi də bu sual düşündürürdü: Ölüm yoxsa yaşamaq? Mən isə yaşamağın, həyatın içində qalmağı seçirəm. Zatən ölüm uzaqlardan ox kimi sürətlə gəlib bizi tapacaq. Ona görə də bu ömrümüzü vicdanla, ləyaqətlə, sevgiylə başa vurmalıyıq. Ədəbiyyatın, sənətin də mesajı elə budur!

TƏQVİM / ARXİV