Faiq QİSMƏTOĞLU: … HEÇ KİMİN DƏDƏSİNİN DEYİL…

FAİQ QİSMƏTOĞLU
56756 | 2018-01-19 12:35
… Anamız qədər, vətənimiz qədər dilimiz bizə doğmadı. Bu doğma dilimizin başına zaman-zaman o qədər ip atıb ora-bura sürüyüblər ki, axırda dilimiz də yaman günə düşüb. Yaman günə düşə-düşə dilimiz öz milli koloritini, şirinliyini, gözəlliyini və saflığını itirib. Nadir xalqlar tapılar ki, onun əlifbasını dörd dəfə dəyişiblər. Və dörd dəfə əlifba dəyişəndə, dörd dəfə də dərin quyuya düşüb dilimiz. Elə günə düşüb ki, onu sonradan bərpa etmək, yaşatmaq çətin olub. Düşmənimiz ermənilərin, qonşumuz gürcülərin əlifbası isə elə gözlərini açandan səhv eləmiriksə, bugünkü kimi olub…

Həmişə əlifba dəyişəndə, sözün lüğət tərkibində «islahat» olanda dilimiz daha pis günə gəlib çıxıb. Çox uzağa getməyək, son 15-20 ildə nə az, nə çox dilimizin lüğət tərkibiylə bağlı üç orfoqrafiya kitabı dərc edilib. Hərəsində bir çox sözlər müxtəlif cür yazılıb. İndi bu insanlar da qalırlar çıxılmaz vəziyyətdə. Bilmirlər ki, həftə səkkiz, mən doqquz dilimizin dəyişən lüğət tərkibini necə mənimsəsinlər. Bir müddət birinə alışırlar, onu öyrənirlər, sonra bir də görürsən ki, beş-altı alim yığışıb bir yerə dedi ki, köhnə lüğətdə filan sözlər düz yazılmayıb. Ona görə də orfoqrafiya lüğəti yenidən hazırlanıb çap edilməlidir.
İstedadlı yazıçı-publisist, millət vəkili, dostumuz və qardaşımız Aqil Abbas bu günlərdə mövzu ilə bağlı çox gözəl bir yazı qələm alıb. Daha doğrusu, «Ədalət»in saytında bu yazını 40 mindən çox oxucu izləyib. Deməli, Aqil Abbas millətin yaralı yerinə toxunub. Yəni yalnış atılacaq addıma öz etirazını bildirib. Ümumiyyətlə, Aqil müəllim zamanından və məkanından asılı olmayaraq, həmişə haqsızlığa qarşı heç kimi gözləmədən və hətta həyatını təhlükə altına alaraq üsyan edib, vulkan kimi püskürərək etirazını bildirib.

Balam, necə olur ki, birdən-birə dildəki bu məsələlər gündəmə gəlir? Və hərə də bir şey sayaqlayır. Biri deyir ki, «y» hərfini çıxaraq, biri deyir «g»nı «k» ilə əvəz edək, biri də deyir ki, ümumiyyətlə, orfoqrafiya lüğətindən çox şeyi çıxarmaq lazımdı. Guya «vəziyyət», «əziyyət», «mədəniyyət» sözlərini bir hərflə yazanda nəsə dəyişəcək. Düzdü, sözün şəkli dəyişir, amma heç bir məna dəyişmir və olduğu kimi qalır. Əgər bu «yenilik» bir orijinallıq və təzəlik gətirmirsə, bu «y»nı dəyişməyin nə mənası var?!
Zamanında Azərbaycanda çox böyük dilçi alimlər olub və onlar həmişə dilin başına oyun açanların, «torba» tikənlərin qarşısına çıxıblar. Daha doğrusu, belələrini yerində otuzdura biliblər. Elə onların bir çoxu bizim müəllimimiz olub. Ağamusa Axundov, Afat Qurbanov, Səlim Cəfərov, Əlövsət Abdullayev, lap elə Aydın Əbilov. Rəhmətlik Aydın Əbilov biz tələbə olanda deyərdi ki, ən gözəl çıxan qəzet «Kommunist»dir. Amma orda da diqqətlə oxuyanda mənim özüm beş-on orfoqrafik səhv üzə çıxarıram.
Səhv çıxarmağa qalsa, istənilən sözü qurdalamaq, eşələmək və silkələmək olar. Ancaq bir söz ki, 40-50 il bir formada yazılıb, deməli, o, dilimizdə vətəndaşlıq hüququ qazanıb. Başqa sözlə demiş olsaq, bu sözlər daşlaşıb. Yaxşı, ay gözəl alimlər, nəyə görə bu daşlaşan sözləri yenidən külünglə vurub çilik-çilik eləmək istəyirsiniz? Bəlkə elə bilirsiniz bu cür addımlar atmaqla Azərbaycan dilinə kolorit, şirinlik və səmimiyyət gətirirsiniz? Əksinə, dili bir qədər də pəltək, kar və lal günə salırsınız.

Dilimizdən apostrofu çıxartdınız. Guya yaxşı oldu? «Əla» sözünü apostrof olanda düzgün ifadə eləmək olurdu. İndi bu söz apostrofsuz kar bir vəziyyətə düşüb. Hətta bir çox sözlərin defislə yazılması da məsləhət görülməyib. Niyə görülməyib, qoy buna dilçi alimlər müdaxilə eləsin. Söz birləşmələriylə mürəkkəb sözlər bir-birinə qarışıb. Əvvəllər bizə müəllimlərimiz öyrətmişdilər ki, «alnı açıq», «üzü ağ» sözləri mürəkkəb söz deyil, söz birləşməsidir. Amma sonradan bu ifadələri mürəkkəb söz kimi yazmağa və işlətməyə başlayıblar.

Dil həmişə yenilik sevir və bu yeniliyə də dildə neologizmlər deyirlər. Dilimizə gələn hər söz yenilik kimi qəbul oluna bilməz. Çünki o sözlər vətənində ilkin mənbədə işlənib. Əsl yenilik odur ki, bu sözü öz yazıçılarımız, şairlərimiz, publisistlərimiz yaratsın. Heç kimə sirr deyil ki, dilimizin əksər söz lüğətini ərəb-fars ifadələri təşkil eləyir. Və bundan da uzun illərdi hələki yaxa qurtara bilmirik. Ona çalışmaq lazım idi ki, o ərəb-fars tərkibli sözlər müasir Azərbaycan dilinin yeni ifadələriylə zənginləşin. Təəssüf ki, biz onu yetərincə dilimizin lüğət tərkibində yarada bilməmişik. İndi ayılmışıq ki, balam, bəs «əsgər» sözünü «əskər» kimi yazaq, «İsgəndər» sözünü «İskəndər» yazaq. Guya bununla biz nəsə bir təzə şey qayırırıq. Təzə şeyin də adı bilinmir ki, nəmənə olan şeydi…

Bir çox alimlərimizsə baş sındırırlar ki, «kompüter» sözü necə yazılısın. Yazdığımız kimimi, yoxsa «komuputer» kimimi, ya da «bilgisayar» kimimi? Hansı ki, bu sözün üstündə baş sındırmağa dəyməz. Düzdü, türklər onu «bilgisayar» yazırlar. Biz heç kimə məsləhət verən deyilik ki, bu söz necə yazılsın. Çünki hər sözün orfoqrafik yazılış qaydası var. Təəssüf ki, bizdə bu sözün hələ də dəqiq variantı tapılmır ki, tapılmır.

Bir neçə gün bundan əvvəl İTV-nin proqramlarının biri lüğət tərkibində olacaq dəyişikliklərə həsr edilmişdi. Verilişdə Dilçilik İnstitutunun direktoru, eləcə də BDU-nun professoru, bizim müəllimimiz olmuş Nəsir Əhmədov, professor Nizaməddin Şəmsizadə ediləcək dəyişikliklə bağlı fikirlərini səsləndirdilər. Sözün düzü, hər üç alimin fikirlərinin çoxuyla razılaşmadım. Çünki birincisi, lüğət tərkibinin dəyişməsinə ehtiyac yoxdur. Bu sözü professor Qulu Məhərrəmli də deyib və verilişdə professor Nizaməddin Şəmsizadə də yenidən səsləndirdi. Professor Nəsir Əhmədov isə Dilçilik İnstitutunun komissiyasına bəzi sözlərin yazılışı və redaktəsi ilə bağlı təkliflərini göndərdiyini dedi. Məsələn, professor deyir ki, mən alman dilində olan bir çox sözlərin «h» hərfiylə deyil, «q» hərfi ilə yazılmasını istəyirəm. Çünki orijinalda onu «q» hərfi ilə yazırlar. Məsələn, belə çıxır ki, böyük alman filosofu Hötenin adını biz Qöte kimi yazacağıq. Bilirsiniz mənim yazığım nəyə gəlir? Mənim yazığım orta məktəblərdə oxuyan şagirdlərə və ali məktəblərdə təhsil alan tələbələrə gəlir. Əgər lüğətdə təklif olunan sözlər dəyişilsə, onda görün həmin uşaqlar hansı zülmü yaşayacaqlar. Yəni bu il qəbul imtahanı verən, inşa yazan, esse qələmə alan şagirdlər odla su arasında qalacaqlar. Bilməyəcəklər ki, «mədəniyyət» sözünü bir hərflə yazsınlar, yoxsa iki hərflə. Bir çox alimlər deyir ki, söz necə deyilirsə, elə də yazılmalıdır. Yox, qardaşım, axı orfoepiya qaydası var. Bəzi sözlər deyildiyi kimi yazılsa da, elə sözlər var ki, o deyildiyi kimi yazılmır. Bəs buna nə sözünüz? Niyə hər sözün başına ip atıb ora-bura sürüyürsünüz?

Bu millətin anasını dəfələrlə yadellilər ağladıb. Son 25 ildə də ermənilər bizim millətin anasını yenidən ağlar qoyub. 20 faiz torpağımızı işğal edib, qız-gəlinlərimizi əsir götürüb. Bu azmış kimi indi də Azərbaycan dilinin anasını ağlatmaq istəyirik. Yazıq deyil bu ana dilimiz? Onsuz da düşmənlərimiz başımıza yüz oyun açıb, anamızı ağladıb. İndi də biz özümüz anamızı ağlatmalıyıq?!

Dil heç kimin atasının malı deyil. Dil heç kimə dədəsindən qalmayıb. Bu, xalqın sərvətidir və xalqın sərvətinə də xalqın malı kimi baxılmalıdır. İndi deyirlər ki, dəyişikliklərlə bağlı böyük müzakirələr olacaq. O müzakirələri alimlərdən çox o dili yaradan, yaşadan xalq müzakirə etməlidir. O dili zənginləşdirən, saflaşdıran və kolorit gətirən yazıçılar, şairlər, publisistlər müzakirəyə çıxarmalıdır. Hər hansı alim uzaqbaşı ayda-ildə bir məqalə yazıb çap elətdirir. Amma hər gün sözün içində olan, onunla oynayan, onun nazını çəkən, üfürə-üfürə yazıda qələmə alan gündəlik çıxan qəzetin redaktorları, əməkdaşları və jurnalistlərdir. Ən çox müzakirəyə də məhz onlar dəvət olunmalı və onların fikirləri, təklifləri cəmiyyətə ötürülməlidir. Yoxsa, beş-altı alim, beş-altı professor şirin Azərbaycan dilinin başına «torba» tikməli deyil. Ən azından ona görə ki, onsuz da bu dilin başına yazımızın əvvəlində qeyd elədiyimiz kimi, dəfələrlə «torba» tikiblər.

Yazımızın sonunda bir fikri xüsusilə vurğulamaq istəyirik ki, Azərbaycan dili nə iqtidarın, nə də müxalifətindi. Bu dil Azərbaycan xalqınındır və Azərbaycan xalqının olduğuna görə də onunla çox ehtiyatla davranmaq, rəftar etmək lazımdır. Çünki biz bu gün hər hansı bir dəyişiklik ediriksə, o dəyişiklik dilimizin başına dəyirman daşı salmalı deyil. Hər hansı islahat dilin qayda-qanununa söykənməklə və keçmiş ənənələri yaşatmaqla yaşaya bilər. Yoxsa, bir-iki alimin «ideyası» və istəyilə dildə heç vaxt şirinlik, kolorit və gözəllik yaranmaz.


TƏQVİM / ARXİV