adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Yanvar 2018 00:18
7055
GÜNDƏM
A- A+

Nakam ömürlü şəhid

Bəli, bu da bir ömürdü yaşadı, nurüzlü şəhid. Yaşadı, şərəfli bir insan ömrü, dəyanətli bir kişi ömrü. Bu yerdə ulu Cavidimizin gözəl bir sözü yadıma düşdü: "Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli". Amma bizim qəhrəman Asəf Fərəcov çox dəyərli, çox önəmli vətənə xidmətli bir ömür yaşadı. Və haqq dünyasına qovuşdu. Vətən uğrunda ölənlər, deyirlər vətən uğrunda şəhid olanlar bəlkə də dünyanın ən xoşbəxt insanlarıdır. Çünki onlar bir məslək, bir əqidə, bir inam uğrunda vuruşub qəhrəmancasına şəhid olur, əbədiyyətə qovuşurlar. Axı, vətən məfhumu ana məfhumu kimi müqəddəs bir varlıqdır. Asəf də gözəl ömrünün 28-ci baharında vətən, ana, torpaq deyə-deyə gözlərini əbədi yumdu bu həyata. Bu ölüm mərdanə bir ölüm idi. Bu ölüm qəhrəmanlıq dastanına layiq bir ölüm idi. İllər, əsrlər dəyişsə də bu ölümün şərəflə səslənən musiqi notları heç zaman susmayacaq, ətrafa əks-səda salacaq. Dahilərdən biri deyib ki, Tanrı tərəfindən sevilənlər həyatdan nakam köçürlər. Həm vətən, həm də Tanrı tərəfindən sevilmək doğrudan da böyük xoşbəxtlikdir.
Asəfin nə yaşı vardı ki? Hələ toy da eləməmişdi özünə. Nişanlı idi. Hardasa bir payız günündə yaşadığı, doğulduğu Şərur rayonunun Yuxarı Daşarx kəndində toyu vurulacaqdı. Qara zurnanın ecazkar səsi dağlarda, daşlarda əks-səda verəcəkdi. Yığışacaqdılar Asəfin toyuna- dostları, qohumları, yaxınları. Necə də sevincli bir toy olacaqdı. Qardaşları da, ata-anası da necə də sevinəcəkdilər. Amma sevinmədilər. Anası Gülsüm xalanın toya hazırlaşdığı məqamda qara bir xəbər ildırım sürəti ilə Yuxarı Daşarx kəndinə çatdı. Vətəninin azadlığı uğrunda, müstəqilliyi uğrunda Tərtər döyüşlərinin birində Asəf Fərəcov qəhrəmancasına şəhid oldu. 1994-cü ilin bahar aylarının düz ortasında. Asəfin özü payızda doğulmuşdu. 1966-cı il sentyabr ayının 28-də, Payızı o, bütün fəsillərdən çox istəyirdi. Amma baharda, baharın allı-güllü vaxtında dünyasını dəyişdi Asəf. Xəzana dönmüş nakam ömrünü, uyuduğu məzarı sarı, qırmızımtıl payız çiçəkləri deyil, qırmızı qərənfillər bəzədi. İnsaf naminə deyək ki, o, həyatının hələ romantik illərini yaşayırdı. Çox xəyalların pişvazına çıxmış, arzulardan çələng hörmüşdü. Xatir-hörməti də Şərur elində çox idi. Əsgəri xidmətə getdi. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil oldu, qiyabi yolla təhsil aldı.
O, təhsilini davam etdirə-etdirə Şərur şəhər uşaq-gənclər idman məktəbində və doğulub boya-başa çatdığı Yuxarı Daşarx kənd orta məktəbində dərs deyirdi.
1994-cü ilin aprelində yay imtahan sessiyası dövründə Bakıdan birbaşa odlu-alovlu nöqtəyə - Tərtərə vuruşa yollandı, könüllü olaraq. O, Vətənin səmasında qanad çalan quşların səsini daim duymaq, torpağı yağı düşməndən qorumaq üçün döyüşə getdi. Onu heç kim məcbur eləmirdi. Vətən təəssübü, vətən qeyrəti onu haraylıyırdı. O, haraya səs vermək üçün Tərtərə getdi. Əsil igidlik göstərdi. Axırda da ki, vətən deyə-deyə dünyasını dəyişdi. Ölümün gözlərinə qürurla baxdı: "Təki Vətən sağ olsun" dedi. Bildi ki, üstündə ayaq açdığı torpaq Vətən qanı ilə suvarlanda daha müqəddəs olur.
Şəhid Asəf Fərəcovun qardaşı Məhəmməd Fərəcovun dediklərindən:
Asəf ailəmizdə 7 qardaşın üçüncüsü idi. Çox vətənpərvər, elini, obasını sevən oğlan idi. Almaniyada hərbi xidmətdə olmuşdu. Yaxşı yadımdadı ötən əsrin 90-cı illərinin əvvəlləri idi. Şaxtalı yanvar günlərində ermənilər Sədərəyə hücum etmişdilər. Bütün xalq ayağa qalxmışdı. Qeyrətli oğullar vətəni qorumaq üçün döyüş bölgələrinə axışırdı. O vaxtlar Sədərək, Yaycı, Havuş postlarına əlavə könüllülər də gedir, torpağı, vətəni qoruyurdular. Demək olar ki, Asəf həftənin bütün günləri qaynar nöqtələrdə olurdu. Hələ Sədərək döyüşlərinin birində düşmən gülləsi qolunu da sıyırıb keçmişdi.
Ermənilərin qaniçən, qəddar hərəkətləri vətənpərvər oğul kimi onu rahat buraxmırdı. Həmin il çoxli qar da yağmışdı. Bir tərəfdən azğınlaşmış ermənilərin qəfləti hücumları vəziyyəti daha da gərginləşdirirdi. Artıq ayrı-ayrı bölgələrimizdə itkilərimiz də var idi. Lakin Asəf və onun kimi qeyrətli oğullar o ağır günlərdə düşmənlə üz-üzə dayanmaqdan, gecələri səngərdə keçirməkdən çəkinmirdilər. Almaniyada aldığı təlimlər, müxtəlif silahlara dərindən yiyələnməsi onu mahir bir döyüşçü kimi formalaşdırmışdı. Üstəlik də idmançı idi. Ona görə də Qarabağa gedib cəbhə bölgələrində vuruşmaq, erməniləri yerində oturtmaq onun istəyi idi. O vaxtlar yüzlərlə belə gənclərimiz var idi. 1994-cü ilin yaz imtahan sessiyasında Asəf oxuduğu ali məktəbə yox, birbaşa Qarabağa yollandı. Həmin il məktəbi bitirəcək, sentyabr ayında isə evlənəcəkdi. Anası Gülsüm oğlunun toyuna hazırlaşır, yır-yığış edirdi. Ancaq 1994-cü ilin aprel ayında onun evdən getdiyi son gediş oldu. Ağdərə uğrunda gedən döyüşlərə qatıldı. Vuruşduğu batalyon düşmən mühasirəsinə düşmüş, yüzlərlə igid oğul onun kimi şəhid olmuşdu. Sağ qalanlar isə o döyüşlərin çox amansız olduğunu söyləyirlər.
Çox təəssüf ki, toyuna hazırlaşdığımız evinə onun qara tabutu gəldi. İyul ayının 2-də doğma kəndimizdə torpağa tapşırıldı. Bu hadisə hamının qanını dondurdu. Atası Təvəkkül kişi, anası Gülsüm bu acıya dözməyib dünyadan vaxtsız köç etdilər. Qardaş bacılarının saçlarına dən düşdü. Bu ocaqda, bu evdə hər şeyin dadı, duzu qaçdı. Öz əli ilə əkdiyi güllər açmaq əvəzinə bir anda soldu, şəhidinə yas tutdu.
Asəf Fərəcov əsil insana xas olan mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir gənc idi. Şərur elində onu kimdən soruşsaydın ağız dolusu haqqında tərif deyərdi. Belə oğlandı, belə idmançıdı. Onun haqqında yalnız bu cür xoş sözlər, səmimi fikirlər eşitmək olardı. Nə qədər ağrılı-acılı olsa da biz bu sözləri yalnız keçmiş zamanda işlədirik. Halbuki Asəf Fərəcov ömrünün ən gözəl gənclik illərini yaşayırdı. 28 yaş nə idi ki? Gözəl arzuları var idi, gözəl fikirləri var idi. Bu arzular da, bu fikirlər də, bu diləklər də yarımçıq qaldı. Zavallı Asəf bütün bunları özü ilə bərabər haqq dünyasına apardı. Həmişə yaxşı insanlardan, qeyrətli oğullarımızdan söz düşəndə təbii ki, Asəf Fərəcov da bu siyahıda ən önəmli yerlərdən birini tutacaq. O, Vətən uğrunda, müstəqillik uğrunda mərd-mərdanə əsil kişi qeyrətilə vuruşmuş və bu yolda şəhid olmuşdur, o zirvəyə ucalmışdır.
Ölümsüzlük zirvəsi! May ayında vəfatının 24 ili tamam olacaq Asəfin. Özü bu gün aramızda yoxdur. Amma dərs dediyi məktəb Asəf Fərəcovun adını daşıyır. Onun şərəfinə bulaq-abidə də ucaldılıb. Dərs dediyi kənd məktəbinin qarşısında büstü qoyulub. Bu büst qəhrəman oğula doğulub boya-başa çatdığı kəndin, onun insanlarının hörmət və ehtiramının, xalq məhəbbətinin ifadəsidir. Bu gün kəndin hər bir sakininin qəlbində Asəf ucalığı, Asəf mətinliyi yaşayır. Şəhid ucalığı isə ən yüksək zirvədir. Bu zirvədən o, elinə, obasına baxır, ədəbiyaşarlıq qazanır. Bütün bunlar Asəfin xatirəsi şərəfinə edilib. Vətən uğrunda şəhid olanlar həmişə yad olunacaq. İlin payız fəsli gələndə Asəf yaxınları tərəfindən yad olunur. Axı o, payızda dünyaya gəlmişdi. İlin bahar ayları gələndə Asəf xatırlanır. Vətən tərəfindən, xalq tərəfindən. Axı o, baharda dünyasını dəyişmişdi. Hərənin bir cürə tale-qisməti var. Görünür Asəfin də tale-qismətinə vətən şəhidliyi yazılıbdır.
Bir azdan bahar gələcək. Asəfin doğmaları, yaxınları onun məzarı gələcək və məzarının üstünə bahar çiçəkləri səpələyəcəklər. Nə qədər ağrılı-acılı olsa da doğmaları bir şeylə təsəlli tapırlar. Asəf Fərəcov Vətən uğrunda qeyrətlə, mərdliklə həlak oldu. Ölümsüzlük zirvəsinə ucaldı. Bu zirvə isə hər kəsə nəsib olmur.
ADİLƏ SƏFƏROVA
Əməkdar Mədəniyyət İşçisi