adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 18:00
36184
ƏDƏBİYYAT
A- A+

SÖZ YARADANIN SİRRİDİR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Sözadamı” layihəsinin növbəti qonağı yazıçı, publisist Şəmil Sadiqdir.

- Qorkinin fikrincə bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik var.Bu gün ədəbiyyatımızda yazılan əsərlərdə hansı nöqsanlar var? Bu nöqsanlar oxucu üçün hansı təsirləri göstərə bilər?

Bu gün ədəbiyyatımızda olan ən böyük problem ideologiyasızlıqdir. Ədəbiyyatımız bir təlatüm yaşayır, əslində təkcə bizim yox, dünya ədəbiyyatında da bu təlatüm var. Sanki nəyəsə hamilədir... nəyə hamilə olduğunu isə heç bir aparat müəyyən edə bilmir. Ədəbiyyatımızda sözlər şıllaq atır, fikirsə palçığa batır....

- İsa Muğanna yaradıcılığını tədqiq etmisiniz. Özünüzə ustad bildiyiniz o insanla həyatda görüşmək imkanınız olub. O insanla bağlı daha çox nələr yadınızdadı?

Mənə elə gəlir ki, İsa Muğanna ilə tanış olmağım, dostlaşmağım, əl verib görüşməyimlə mən tarix, ədəbiyyat və fəlsəfə ilə tanışlığım, görüş idi. Təsəvvür edin, tələbəlikdən həsrətində olduğun bir adamla dostlaşırsan və onunla fikir mübadiləsi aparırsan. İndi bunun fərqində deyilik, təsəvvür edin ki, bundan sonra 40 il yaşayıram və o zaman kimsə mənimlə İsa Muğanna haqqında müsahibə alır, əminəm ki manşet belə olacaq, ‘’İsa Muğanna ilə görüşən adam...’’ Ustad inanırdı ki, bir gün işıq gəmiləri gələcək və bu dünyanı zillətdən qurtaracaq. Bu bir inanc idi... Bu sabaha ümidin ifadəsi idi... Həmişə deyirdi ki, inancsız adam olmaz... Çox danışmaq olar, böyük bir monoqrafiyam var, İsa Muğanna yaradıcılığı haqqında, elə bilirəm ki, Saf Ağ ruhunu şad etmişəm...

- Günümüzdə aktual məsələlər daha çox şou xarakterli olur. Bu həm oxucular üçün, həm də media üçün daha maraqlıdı. Bəşəri mövzülara toxunmaq niyə çətindir və ya niyə maraqlı deyil?

Çünki toplum yerlə əlləşir, intellektual kəsim isə göylərlə. Biz bu gün günümüzün içindəyik deyə, bunlar bizi narahat edir, çölünə çıxmağı bacarmırıq. Həmişə Bir qarın çörək və bir anlıq həzz insan üçün əbədi həzzdən daha maraqlı olub. Bəşəriyyətin taleyi bir nəfəri maraqlandırırsa, məişətdəki problemlər minlərlə insanı... Nisbət ən az bu qədərdir. Amma o bir nəfər minlərlə insanın əvəzindən daha yaxşı işləyir. Hamı Tesla ola bilməz ki...

- Hüseyn Cavid Azərbaycan ədəbiyyatında həm yaradıcılığı, həm də taleyi ilə yaddaşımızda dərin iz buraxıb. Necə düşünürsünüz Hüseyn Cavid o dövr repressiyasından qurtula bilərdimi?

Cavid Şəxsiyyətli yaradıcılığı bütöv olan dahilərdəndir... Qurtulsa idi də dahi və birmənalı şəxsiyyət kimi yaddaşlarda qalacaqdı. Necə ki Üzeyir Hacıbəyov repressiya qurbanı olmadı və bu gün zərrə qədər də onun haqqında neqativ danışılmır, yəqin ki fakt yoxdur. Mən əminəm ki, Cavid qurtulsa idi, ya təsadüf olardı, ya da kişi kimi döyüşüb qurtulardı. Əslində əsərlərində yetərincə siyasi təfəkkürə malik bir insan kimi görünür, amma o məqamda heç bir siyasət işlətmir. Demək ki, özü belə istəmişdi...

- İndi oxucudan çox, yazıçı var. Buna münasibətiniz necədi?

Kimsə bizim boynumuza qoyub ki, biz şair xalqıq. O gündən də silahı atıb, sazı, sözü tutmuşuq. Bu sualı çox verirlər, bu fikri çox səsləndirirlər, niyə narahat olur bu camaat bilmirəm ki... Yazan çoxdu, çoxdur da... Nə olsun? Şəxsən yazanın çoxluğu məni narahat etmir, amma oxucunun azlığı narahat edir. Düzgün oxucu olsa və görünsə ki, oxucu Yazıçını oxuyur, o zaman cızmaqaraçılar da kənara çəkilər.

- "Hədəf” nəşrləri kifayət qədər uğurlu və maraqlı kitabların çap olunması üçün xeyli iş görüb. "Xatirə” ədəbiyyatı bu mənada daha çox diqqəti cəlb edir. Bu ideya necə yarandı və hansı zərurətə əsaslanırdı...

Dəqiq xatırlamaya bilərəm. Deyəsən, Müşfiq Xan, Dilqəm Əhmədlə birgə söhbətimiz əsasında yarandı bu ideya. Sonra da başladıq. Əvvəl 10 kitab düşünürdük, amma indi 40-a çatıb artıq. Cəmiyyətdə diqqətlə qarşılandı. Yəqin ki 50 də bitəcək...

- Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Müəllim üçün vacib olan mühüm keyfiyyətlər nələrdi?

Tural, mən həmişə demişəm, mən öncə müəlliməm, sonra yazıçı. Müəllim üçün birinci vacib amil vicdandır... Sonra isə bacarıq və yaradıcılıq. Bilik ən sonda gəlir, çünki bacarıqlı və vicdanlı insan həmişə şagirdini məmnun edə bilər, sadəcə biliyi isə bu gün robotlar da verə bilir...

- Elektron kitabların, medianın, saytların qəzet və jurnalları müəyyən qədər sıxışdırdığı bir zamanda "Ustad” jurnalının geniş oxucu kütləsi üçün yayımlanması həm fədəkarlıq, həm də ədəbiyyata olan sevginin nümunəsidir. "Ustad” jurnalının gözlənilən ədəbi rolu bu gün hansı vəziyyətdədir...

Bunu tənqidçilər desə yaxşı olar. Amma Nizami adına Ədəbiyyat İnstitutunun keçən ilki illik hesabatında professor Asif Rüstəmli çox böyük dəyər vermişdi Ustad dərgisinə. Məncə, bu gün ədəbiyyat və mədəniyyət sahəsində hər ay nəşr olunan yeganə dərgilərdəndir, yetərincə sanballı məqalələrlə oxucularını feyziyyab edir. Hər ay 500 tirajla nəşr edilir. Hədəf Kurslarının müəllim heyəti də jurnalın yaşaması üçün böyük dəstək verir. Az da olsa qonararımız var, bunu da müəllimlərimizin köməyi nəticəsində veririk. Çünki onların əksəriyyəti dərgiyə abunə olublar. Kimdənsə tərif gözləmədən, sağ ol eşitmədən yolumuzu davam edirik. Bu mənim mübarizəmin bir parçasıdır.

- "Yuxu maşını” kitabı çağdaş dövr ədəbiyyatımız üçün unikal həm də fərqli bir əsərdi. Bu əsərin yazılma tarixi və səbəbi haqqında nə deyə bilərsiniz...

Ümumiyyətlə, mən bu əsəri məhz yuxu ilə bağlı fikrimə görə yazdım. Çünki elə bir maşının olmasını çox düşünürəm. Bir gün insanoğlunun bunu yaradacağı inancındayam. Və həm də yaxşı bilirəm ki, bizi texnologiyadakı inkişafımız qurtara bilər. Bu günün dünyası ancaq elmlə xilas olacaq.

Amma əsərin əsas qayələrindən biri də insan nə qədər dahi olursa olsun, min illər bundan qabaq yaranmış insanla bugünkü insan arasında şəhvani hisslər baxımından heç bir fərq yoxdur. İnsanın texnologiyadakı inkişafı onun duyğularındakı inkişafı ilə üst-üstə düşmür. Bu alimində də belədir, çobanında da... İlqar Fəhmi ilə Ssenarisini işləyirik bu əsərin. Ümid edirəm maraqlı alınar...

- Müharibə tariximiz haqqında kitablar az yazılıb. Yazılanlar da bir o qədər təsirli və orijinal alınmayıb. "Odərlər” kitabı isə bizim müharibə və soykök tariximiz üçün yeni bir səhifədir. Bu kitab haqqında çox danışılıb. Necə düşünürsünüz ədəbiyyat müharibə mövzüsunda hansı nöqtədə dayanmalıdır?

Ədəbiyyat və savaş... Əslində ədəbiyyatda bir savaşdır. Sunay Akın yazır ki, nə qələm qılıncdan,

nə qılınc qələmdən üstün olsun,

Öyrensinlər birlikdə yaşamağı..

Örnəyin qələm eşq şeirləri yazsın,

Və köraldıqca qılınc yontsun...

Ədəbiyyat həmişə insanın yanındadır və yanında da olmalıdır. Amma ədəbiyyat milli düşüncəyə xidmət etmirsə, qanı qanından, canı canından olan qardaşının duyğularını ifadə etmirsə, heç bir halda bəşərdən pafosla danışmağa haqqı yoxdur. Mənim Odərlərdəki qəhrəmanlarımdan heç biri düşməni-ermənini haqsız öldürmədi, zalım olmadı, təhqir etmədi... Sadəcə millətinin haqqı olanı əldə etmək üçün yola çıxdılar. Haqqı bərpa etmək üçün sevdalandılar...

- Çağdaş dövrümüzün imzaları seriyasından bir neçə müəllifin kitabları çap olundu. "Parlaq imzalar” və "Hədəf” nəşrlərinin birgə layihəsi təqdirəlayiqdir. Səlim Babullaoğlu ilə bu layihəni birgə gerçəkləşdirməyiniz ədəbiyyatımız üçün önəmlidir. Daha hansı imzaların kitablarının çap olunması gözlənilir?

Ədəbiyyatın sevən hər kəs nəsə etmək istəyir. Sadəcə biznes marağı olmayanlar da bu cür birləşə bilirlər, biznes marağı olanlar da başqa cür. Səlim bəyə böyük hörmətim var və çox ciddi adam hesab edirəm. Təklif etdi, bir neçə kitab işlədik. Cəmiyyətimiz üçün faydalı olması üçün nəsə etməyə çalışdıq, alınıbsa nə mutlu bizə. ))

- Ədəbi mükafatlara münasibətiniz..

Bu zamanla asılıdır. Hər kəsdə bir dövlər buna ciddi həvəs olur. Yavaş-yavaş bu eşq sönür, adiləşir. Aldığım ən ali mukafat Qızıl Kəlmə mükafatıdır, Odərlər romanına görə verilib. Amma o qədər saxta mukafat verənlər var ki, dəyərliləri də gözdən salırlar. O qədər maraqlı deyiləm bu gün bu mukafat mövzusunda. Səmimi verilən hər mukafata da sayğım var. Amma harda o səmimiyyət... Bəzi yarımmənsil QHT rəhbəri bir plakat verib, ardında nəsə umur... Ona görə də qaçıram və yaxın buraxmıram onları...

- Dünya ədəbiyyatından təsirləndiyiniz imzalar...

Təsirləndiyim deməzdim, düşüncəmdə izlər buraxan yazarlar var; Mopassan, Bayron, Nihal Atsız, Gene de Matklok, Joze Saramaqo...

- Müasir dövrdə hansı ədəbi nümünələri oxuyursunuz...

Bu gün o qədər də imkanım olmur. Daha çox araşdırma tipli kitablar oxumağa cəhd etsəm də, o da alınmır. Elon Mask haqqında bir kitab götürmüşəm, bəlkə bir aydır, 30-40 vərəq oxumuşam. Nəsə fizika məni yaman çəkir, sanki ikinci dəfə həyata gəlməyə ehtiyac duyuram. Ədəbiyyat məni o qədər çəkmir daha desəm, inciməz yəqin ki... Kiçik hekayələrə üstünlük verir, səslikitab.net saytından ara-sıra hekayələr dinləyirəm...

- Son olaraq "söz” haqqında sözünüz...

Gəl bu suala "Odərlər” romanındakı bir parça ilə cavab verim:

Dünya yaranandan insan sözün əsiridir. Söz formasını dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yerləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrının sirri olduğu üçün insan hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi mənanın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: "Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır.” Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyük-dür. Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücər-rəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləş-dirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsil-məyən başları kəsib. Artıq dünyanın idarəçi-liyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuruma aparan sehirli sözlərin ardınca gedirlər. Uçuruma düş-dükləri zaman bunu dərk etsələr də, artıq gec olur.


Söhbətləşdi: Tural Cəfərli