adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 16:49
21275
ƏDƏBİYYAT
A- A+

Kədərin müxtəlif biçimdə təsviri

Əbülfət Mədətoğlunun "Cəzayam sevdiyim qıza" ("Heroqlif", 2017) adlı şeirlər kitabını oxuduqca, hər biçimdə olan dərd-nisgil dil açıb danışır.

Sanki bu kədərli anları həyat özü müəllifə bir ağrı kimi, əzab kimi yaşadıb və taleyin diktəsi kimi də kitabın səhifələrinə köçürülüb.

Səs qırılır, söz tapdanır,
Söndürülən köz tapdanır.
Yol gözləyən göz tapdanır
Ümid öləndə

Ümidin ölməsi müqabilində insanı müşayiət edən kədərəngiz həyat lövhələri çox təbiiliklə və bədii şəkildə təsvir olunub. "Gözün tapdanması" ifadəsi isə orijinal deyim olmaqla"ümidini üzdün-öldün" kəlamının mahiyyətini ehtiva edir. Yəni insanın ki, həyatda ümidi üzüldü-məhv oldu, onda o özü də o ümidlə birlikdə ölür. Beləcə, ümidi ölən insan həyatla vidalaşıb torpağa gömülür və müəyyən zaman fasiləsi ötüb-keçdikdən sonrası unudulub, tapdaq altına çevrilir. Yəni cismani olaraq gözün tapdanması bu anlama gəlir. Amma burada "gözün tapdanması" hər şeydən əvvəl, insanın dirigözlü ola-ola, bu dünyada yaşaya-yaşaya gözünün tapdanmasına işarədir. Çünki tapdanan göz yol gözləyən gözdür - baxışlarını ümidlə hansısa bir uzaq məsafəyə zilləyib dikən gözdür. Deməli, insanın ümidi məhv olanda onun gözünün arzu-murazı tapdanıb puç olur. İnsanın sözünün tapdanması da onun arzusunu-diləyini ifadə edəcək səsinin-sözünün yerə düşməsi-eşidilməməsi deməkdir. Çünki insanın sözü keçməyəndə o, urvatdan düşmüş sayılır, o, bir insan olaraq ümid bəslədiyi şeylərdən məhrum olunmaqla mənən ölümə düçar edilmiş olur. Axı insanı arzulara-xəyallara qovuşdura biləcək onun ümidləridir, insan ümid edir ki, nə vaxtsa qəlbində bəslədiyi arzu-diləklərinə qovuşacaq, qurduğu xəyal dünyasına gedib çatacaq: "Nağıl duzsuz kökə olur-ümid öləndə". Bəli, insan ümidsizləşəndə şirin nağıl da duzsuz kökə timsalını xatırladır. Bilirsən ki, nağıl nağıldır, hətta yalandır, amma adi nağılı da şirin bir həqiqət eşidirmiş kimi, duzlu bir qoğal yeyirmiş kimi dinləyirsən. Amma ümid öləndə nağıl da insanın nəzərində duzsuz kökə kimi mənasızlaşır, heç adi nağılla da başını qatıb könlünü ovundura bilmirsən. Şair Əbülfət Mədətoğlu həyatda ümidin ölməsi amilinə bu cür ədəbi-poetik prizmadan yanaşır. Və sanki aşağıdakı bənddə də bu məntiqin davamını bir real yaşam forması olaraq ifadə edir:

Yoruldum arzuları
Özümlə daşımaqdan...
Puç olan xəyal yüklü
Həyatı yaşamaqdan!

Bəli, insan "puç olan xəyal yüklü həyatı yaşamaqdan yorulur" ona görə ki, artıq ümidlərinin puç olduğunun fərqinə varır, anlayır ki, ümidləri məhvə məhkumdur. Ona görə də harada ümid qurtarırsa, orada həyat da (həyatın ləzzəti də) qurtarmış olur.

Bəlkə də aşağıdakı misralar da bu məntiqin başqa bir formada-digər bir məqamda deyilişidir:

Eh... Daha nəsə istəmək
Gəlmir ağlıma
Allahdan, nə də səndən...
Dayan, tələsmə,
yanlış anlama
mən doydum, yoruldum
və anladım ki,
Allahdakı səbirlə
Səndəki soyuqluq
Çıxdı axırıma!..

İnsan ümidin öldüyünü nəyinsə yolunu uzun müddət gözləyib-gözləyib bezib-yorulanda, bu yorğunluqdan cana gəlib-doyanda anlayıb-başa düşür; bu səbəbdən də şair "Allahdan da, səndən də daha nəsə istəmək gəlmir ağlıma", - deyir və buna izahat verib bildirir ki, axır ki, "anladım ki, Allahın səbri ilə sənin soyuqluğun axırıma çıxdı" - yəni ümidim üzüldü və öldüm. Bu, nə deməkdir? El arasında "Allahın səbri gendi" düşüncəsi hakimdir. İnsan da bu minvalla hərəkət edib nəyəsə ümid edib, yol gözləyəsi olur. Lakin bir var Allah-yəni Allahın əydiyi işlər, bir də var ki, bəndənin laqeydliyi-soyuqluğu ucbatından işlərin əngəllənməsi-düyünə düşməsi. Birini mücərrəd halda düşünməklə, səbrə bel bağlayırsan ki, Allah bu müşkülü çözər-yoluna qoyar, digərini də Allah bəndəsinin insafına güvənib, ümid edirsən ki, işlər düzələr. Allah işi o dərəcədə səbrlə görür ki, bu müddətdə insan bir ömürlük vaxtı badi-fənaya verir, qocalıb əldən düşür və ölüm vədəsi gəlib başının üstünü alır, işinin düşdüyü bəndə də təkəbbürlülük göstərir, sənin ondan asılı olduğunu görüb bir az da ayağını yuxarı qoyur, başqa sözlə, laqeydlik-soyuq münasibət göstərir, işini ləngidir-axsadır. Beləcə, göydə Allahın səbri, yerdə də sənin (bəndənin) soyuqluğun-soyuq rəftarın insanın ümidini əlindən alıb axırına çıxır. Əbülfət Mədətoğlu bax həyatdakı bu cür psixoloji ovqatı bir yaşam elementi olaraq şeirə gətirməklə əslində üzünü tutduğu sənə-Allah bəndəsinə giley-güzar hissini boşaldır, demək istəyir ki, insanın soyuqluğu-istəyə-arzuya qarşı biganəliyi ümidin ölməsinə gətirib çıxardır və Allahın insana bəxş etdiyi bir ömürlük qismət payı da ümidsizlikdən puç olub gedir. Yəni Allahın səbr kəraməti insanın insana sevgisinə hesablanmış ölçüdür, insan humanizmə sığınsa, Allah da insana səbr etməklə yetişəcək mükafat payını vaxtında göndərər, daha ömür müddəti bitib qurtarandan sonrakı o biri dünyaya saxlamaz...
Elə buna görə də insanı dərdə-bəlaya salan bütün xəstəliklərinin də səbəbini və həm də ilacını bu mənəvi amillə əlaqələndirən şair Qaradəniz Texniki Universitetinin Fərabi adına xəstəxanası önündə düşüncələri fonunda aşağıdakı şəkildə izhar edir:

Həkim ürəyimizi müayinə edəcək,
Yəqin ki, resept yazıb hansı dərmanı
necə qəbul etməyi deyəcək!..
Amma ürəyimizi unudanları -
Onu hardan, necə gəldi vuranları
Seçib görə bilməyəcək!..
Ürəyimizin dilindən xəbərsiz həkim
Ürəyimizdəkilərin yanından
sakitcə ötüb gedəcək!..

Şair ürək həkiminə demək istədiklərini əslində hamıya ünvanlayır, hamını ürək həkimi olmağa çağırır. Bu ürək həkimi hərfi mənada yox, mənəvi qavramda başa düşülməlidir.Yəni ürəyə xəstəliyi salan da insandır, əgər insan qarşısındakının "ürəyini unutmasa"-başa düşsə ki, edəcəyi nadan hərəkət, ya laqeydlik həmcinsinin ürəyinə toxuna bilər, ürəyini xəstə sala bilər, onu sözlə-əməllə xəncərləyib - vurmasa, insan ürəyi də xəstə düşməz. Başqa sözlə, bu, həm də o deməkdir ki, ürək həkimi olmaq üçün elə sadəcə ürək adamı olmaq lazımdır,başqa ali təhsil, həkimlik diplomu-filan yox. Bunun üçünsə heç kəsin ürəyinə toxunmamaq, hər kəsin könül dünyasına məhrəm hisslər nümayiş etdirmək kifayətdir.

Amma buradakı hərfi mənadakı ürək həkiminə ünvanlanan tövsiyə isə ondan ibarətdir ki, həkim xəstə ürəyin sancısını uzaqbaşı fiziki cəhətdən sakitləşdirə bilər, ağrısını cismən azalda bilər, əsas odur ki, ürəyi xəstə salan səbəbi aşkarlayıb tapasan və o səbəbə mənəvi müalicə metodu ilə yanaşasan. Bax bu amil isə hər bir kəsə tuşlanan mesajdır. O mesaj ki, insanı dərdə-bəlaya, kədərə-nisgilə sala biləcək məqamlardan da qoruya bilər.

Bax beləcə, Əbülfət Mədətoğlunun düşüncələrində dərdin-qəmin müxtəlif biçimlərdəki təsviri ilə qarşılaşırıq. Nə bilim, bəlkə də bu kədər notları elə insan ömrünün məğzini təşkil edir və insan da bu aləmə bu nisgilli notları dinləmək üçün gəlib. Hər kəsin musiqi dinləmək zövqü müxtəlif olduğu kimi, bu kədər notlarını dinləmək-öz üstündə gəzdirə bilmək gücü də ayrı-ayrı səviyyələrdə özünü göstərir. Əbülfət müəllimin poeziyasında kədərin melodiyası, ritmi, ahəngi, rəngi bütün əlvanlığı ilə üzə çıxır və ictimai kədəri doğuran səbəblərə vaxtında reaksiya verməklə bu kədər yükünü üstümüzdən götürüb yüngülləşməyimiz tövsiyə olunur.

Şakir ALBALIYEV,
filologiya üzrə fəlsəfə doktoru