MÜƏLLİM

İRADƏ TUNCAY
75528 | 2018-01-19 10:00

Vərəsəlik məsələlərini nəzərə alsaq, əslində mən bu universitetin yetirməsiyəm və həm də deyiləm. O vaxt bircə universitet vardı və həmin universitet də tamam başqa yerdə idi. İndi tələbələriylə görüşə gəldiyim bu auditoriyalar mənə yaddı, o illəri yadıma salan - dərsə çağıran zəng səsi və bizə dərs demiş müəllimlərdi. Sayları azalan müəllimlər. Yox, müəllimlərin sayı azalmır, bizim olanlar azalır. İlbəil. Bunun qarşısını alacaq bir qüvvə yoxdu, amma xatırlananlar həm də yaşayırlar axı...

Azacıq əvvəl TV-lərdən biri bizim sevimli müəllimlərimizdən biri olan Tofiq Rüstəmovla bağlı bir süjet vermişdi. Kiçicik bir süjet - məni də danışdırmışdılar. Onunla bağlı özəl hisslərimdən, duyğularımdan söz açmışdım. Həmin yerləri qayçılayıb nələrisə saxlamışdılar. Neynək, qayçı onların əlindədi, qələm mənim. Tələbənin öz müəlliminə aşiq olmağında qeyri-adi heç nə yoxdu, amma bu günün prizması ilə yanaşsaq müəllimin bunu görməzdən gəlməsi qeyri-adidi. Qeyri-adidi, nə deyirsiniz deyin.

Zəng səsi məni diksindirir və mən diqqətlə yenə təmizlik adası kimi okeanın içində tək-tənha qalmış jurnalistika fakültəsinin müəllimlərinə baxıram - bizim olanlara. Bizim də, onların da yaşı artıb. Amma yenə müəllimlərimizdilər. O olub keçənlər ki, var, heç vaxt dəyişməyəcək. Keçmiş mühafizəkardı, bəs gələcək?!.. Bu gün nədi bəs?! İşıqlıydı o keçmiş, bu günümüzə də yayılır şəfəqləri - çünki müəllimlərimiz aydın insan idilər. Amma "bu gün" gözlərinə kədər kölgəsi salıb. Səbəblər çoxdu, çoxdu, çoxdu...



***



O günü heç unuda bilmirəm. Beş il ştatdankənar müxbir kimi işləyəndən sonra nəhayət, əmrimi verib Nahid müəllimin yanına göndərmişdilər. O da könülsüz-könülsüz ərizənin üstünü yazıb məni hələ nə olacağı bəlli olmayan bir proqramın kollektivinə qoşmuşdu. (Nahid Hacızadə qızları həvəssiz götürürdü işə və indi mən də bu aləmin içindəyəm, mən də qızları işə götürmək istəmirəm). Amma həmin proqram o vaxt bomba kimi partladı və bəndəniz də ilk publisistik təcrübələrini həmin proqramda eləməyə cəhd göstərirdi. TV-nin bütün ulduzları həmin şöbədə işləyirdilər və bunların içində baş çıxarmaq lazım idi. "Dalğa" adlanan həmin proqram həftədə bir dəfə efirə gedirdi, hər həftənin öz aparıcısı, öz rejissoru, öz redaktoru vardı. Bütün maneələri dəf edəndən sonra Nahid Hacızadə adlanan bu sərt qayanın "viza" qoyması gərəkirdi yazıların üstünə. Ürkək-ürkək girirsən kabinetə:

- Nə yazmısan?

- İçəri şəhər, "Bərpaçı"nın bərbad işindən.

- Olmaz!

- Tənqidi yumşaldaram.

- Bu nə cümlələrdi?

- Mənim cümlələrimdi...

- Sənin hələ "mənim" deyəcək vaxtın deyil.

... Başqa bir gün - daxili telefon zəng çalır. Nahid müəllim yuxarı çağırır, (bizim otağımız lap aşağıda, zirzəmidə idi. Həmin otağa gəlmək üçün əsas qapıdan birinci mərtəbəyə qalxıb, yenə aşağı düşmək lazım gəlirdi. Biz də ərindiyimizdən elə pəncərədən çıxıb-düşürdük həyətə. Bu yaxınlarda getmişdim ora - həmin pəncərələrə dəmir barmaqlıqlar vurublar). Qanım qaralır. Yenə danlanacam. Yox, deyəsən kefi yaxşıdı:

- Gəl səni keçirdək teatr şöbəsinə...

- Niyə, Nahid müəllim, istəmirəm. Mənə maraqlı deyil.

- Orda maraqlı nəsə eləyirsən ki...

- Qoysanız eləyərəm.

- Yaxşı, get.

Aşağı enə-enə ürəyimdə fikirləşirəm ki, hamıyla mehriban, hamıyla xoşrəftar Nahid müəllimin məndən niyə zəhləsi gedir? Eybi yox, Nahid Hacızadə, bir gün özün etiraf eləməyə məcbur olacaqsan "mənim cümlələrimin" yaxşı olduğunu. Otağımıza qayıdıram və Şahin Əlibəylinin şən söhbətləri məni güldürür.



***

Baxış otağında efirə gedəcək verilişə baxırıq. Nahid müəllim çox diqqətlə izləyir, hər sözü tutur:

- Saxla, fırla geriyə.

- Nə oldu?

- O nəsə dedi orda.

- Nə dedi?

- Dedim, geriyə!



Kaseti geriyə fırlayırıq və məlum olur ki, çıxışçı məşhur bir müğənni haqqında "hambala oxşayır" sözünü işlədir. Yavaşca deyir, amma o vaxt dövlət televiziyasında belə bir söz işlətməyin nəticəsi nə olardı,bir düşünün... Necə olub ki, mən bu sözü tutmamışam?.. Düzdür süjeti başqa adam hazırlayıb, amma bu məni məsuliyyətdən qurtarmır ki...

- Na-hid mü-əl-lim...

- Məni tər basdı, ay qız. Hara baxırsan? Bu nədi! - Az qala qışqırır.



Düz sözə nə deyəsən? Hara baxıram?



***

Böyük ideoloji maşının sözə söykəndiyi vaxtlar bu respublikada bircə TV mövcud idi. Buradan söylənilən hər bir söz "söz" ağırlığında idi, yalanlar olsa da. Və bu mənada televiziyanın ən böyük redaksiyasının, televiziyanın bel sütunu olan redaksiyanın işinə rəhbərlik eləmək sizə asan görünməsin. Üstəlik dövlətin ərköyün elədiyi hikkəli yazıçıların kaprizlərinə də dözmək lazımdı. Nahid müəllim uzun illər "Ədəbi-dram" verilişləri baş redaksiyasında baş redaktor işləmişdi. Təsəvvürünüzə gətirin Mərkəzi Komitənin nomenklaturası olan vəzifə, yuxarının sərt üzü, özünü dahi sayan yazıçıların nazı və Moskvaya baxıb da bizi bəyənməyən tamaşaçılarn narazılığı. Bunların fonunda da uzun illər təmiz adla bu vəzifədə otura bilmək bacarığı. Çox böyük vəzifə idi - Nahid müəllimin əlinin altında işləyənlər çox nəsnələrə sahib idilər o vaxtlar. Pulları da vardı, maşınları da, təmtəraqlı evləri də. Sonradan Nahid müəllim daha böyük vəzifədə çalışdı, nazir müavini statusunda idi vəzifəsi, amma güzəranı dəyişmədi. Elə necə vardı, elə də qaldı. Bir keyfiyyətini də mütləq qeyd edəcəm - yaraşıqlı kişi idi, hündür, yaşıl gözlü, ağbəniz. O boyda vəzifə və qadınlara münasibətdə (televiziyada təsəvvür edin) sui-istifadə yox . Deyə bilərsiniz ki, o dövr başqa idi. Razıyam, burda bir "partbilet" qorxusu da var idi, amma onda da indiki kimi çox olmasa da belə münasibətlər mövcud idi və Nahid müəllim başqa əxlaq sahibi idi (indi necədi deyə bilmərəm, indi hamı dəyişib. Dünyada qeyri-sabitlik qədər sabit heç nə yoxdu). Günümüzdə də partbilet kimi bir qorxu mövcud olsaydı bəlkə çox adamlar çox rüsvayçılıqdan çəkinərdilər. Bir də bu partbilet məsələsiynən bağlı bir xatirəm də, həm də Nahid müəllimlə bağlıdı.

Bir az inqilabçılıq eləmək istəyəndə (gənc idik, ağlımız yox idi) Nahid müəllim ürəyini tutub:

- Siz neynirsiz, sizə görə partbiletimi itirə bilmərəm - deyərdi. İndi bunları təbəssümlə xatırlayıram. Amma acı təbəssümlə xatırladığım nələrsə də var. 20 yanvar hadisələrindən sonra televiziyada sədr dəyişikliyi oldu. Təbii, hər gələn öz komandasını formalaşdırmaq istəyirdi. Və Nahid müəllimin də, bizim də qara günlərimizin təməli qoyulurdu. Az sonra Nahid Hacızadə işdən çıxarıldı. Yadımdadı otaqda bir sürü (qəsdən belə deyirəm) adam təzə sədrin qarasına deyinib-danışandan sonra qərara alındı ki, sədrə etirazımızı bildirmək üçün qəbuluna gedək. 3-cü mərtəbədən 1-ə düşənə qədər yolda bu kişilərin 90%-i buxarlandı. Sədrin otağına girəndə 5-6 adam qalmışdıq, bircə qadın mən idim. Kişilər bir olmur atam balası... Qorxağı var, igidi var. Amma Nahid müəllimin sevimli işçiləri yoxa çıxıb da "qara paltarlı" qadına ehtiyacı olacağına heç özü də inanmazdı. Demirəm e, dağı dağ üstünə qoyduq, amma hər halda münasibət idi də...



***

Əslində o vaxtlar Nahid müəllimin rəhbərlik elədiyi kollektiv bəlkə həmin məkanda ən demokratik ortamda çalışırdı. Yaradıcı ortamda. Yəni saat 9-da gəlib 6-da çıxmağı tələb etmirdi, işə gəlməyəndə bülleten tələb etmirdi. Tələbi ancaq təhvil verdiyin proqramın, verilişin, ya da süjetin keyfiyyətli olması, mətnin necə yazılması ilə bağlı ola bilərdi. Burda çox ciddiydi , sözə zərrəbinlə baxırdı. Sərt, intizamlı Nahid Hacızadənin yumşaq ürəyinin xüsusi qayğı, güzəştlə yanaşdığı adamlar da varıydı. O vaxtın teleməkanına bələd olanlar Şahin Əlibəylini yaxşı tanıyırlar. Şahin tanınmış şair Ənvər Əlibəylinin oğlu idi. Ənvər Əlibəyli isə vaxtilə Azərbaycan Tele-Radio Komitəsinin sədri olmuşdu və bu azacıq müddətdə o qədər böyük hörmət qazanmışdı ki, insanların ürəyində bu hiss uzun illər yaşadı. Uşaq kimi şıltaq, ərköyün, amma təmiz qəlbli Şahinə Nahid müəllim riqqətlə yanaşırdı. Bu münasibətlərdə istedadlı rejissor Şahin faktorundan çox, Ənvər Əlibəylinin xatirəsi dayanırdı. Bəlkə işçilərinin içində ən dözümlü yanaşdığı insan da elə söyüşcül, heç vaxt böyüməyən, böyük uşaq olan Şahin idi.

Montajdan çıxıb proqramı bitirdiyimi bildirmək üçün 3-cü mərtəbəyə qalxıram. Nahid müəllimin kabinetinə yaxınlaşıram və Şahinin hay-küyünü eşidirəm...

- Qol çək, ərizəmə, Nahid müəllim.

- Mirzə, get evə, sabah danışarıq.

- Yox, getməyəcəm, qol çək. Sabah gedirəm Qarabağa.

- Hə də, mən də onu deyirəm. Sabah qol çəkərəm - deyir və mənə işarə edir ki, çıx otaqdan. Şahinin söyüşləri otağı başına götürüb. Qarabağ hadisələrinin yenicə başlanan vaxtıdı. Hər kəs özünün də bu vəziyyətdə laqeyd qala bilməyəcəyini düşündüyü zamanlardı. Şahin Nahid Hacızadədən işdən çıxmaq ərizəsinə qol çəkməyi tələb edir. Nahid müəllim də çılğın Şahini sakitləşdirməyə çalışır. Bilir ki, sabah keçib gedəcək bu hal. Səbəbini bilir... (Şahin haqqında yazı çoxdan beynimdə fırlanır. Yaza bilmirəm, nəsə mane olur).



***

O qədər qarışıq vaxt idi ki, az qala hər 6 aydan bir sədr dəyişikliyi, hər sədrin özünün nazı, hikkəsi... Elşad Quliyevdən az sonra Nahid müəllim də getdi və bizi zirzəmidəki kiçicik otağımızdan çıxarıb üçüncü mərtəbəyə qaldırdılar, proqramı efirdən götürdülər. Xoş günlər bitdi. Ətrafda bu qədər hadisələr qaynayarkən ayrıca bir zirzəmidə bəxtiyar olmaq mümkünsüz.



***

... Sonra qayıtdı Nahid müəllim televiziyaya. Yeni gələn sədrlərə bu sahəni dərindən bilən, işləyən adam lazım idi, onun yaşıl gözlərinə aşiq olmamışdılar. Əvvəldə qeyd elədiyim kimi nazir müavini (Tele-radio Komitəsi sonra şirkətə çevrildi) oldu və 3-cü mərtəbə ilə 1-ci mərtəbə arasında "buxarlananlar" yenə başına yığışdı. Və yenə Nahid müəllim onlara hər şərait yaratdı, özünə bir gün ağlamadı. Təsəvvürünüzə gətirə bilərsiniz, nazir müavini olasan - birotaqlı evdə yaşayasan, nazir müavini olasan maşının olmaya, sabahkı günə bir ehtiyatın olmaya?

Amma necə ehtiyac var onun kimi təmiz, saf, professional, ciddi adamlara... Necə ehtiyac var onun sərt sözlərinə, təmənnasız münasibətinə... Doğrudanmı yeni gələn nəsil Nahid müəllimin bu günki güzəranını görüb də ona yox, oğruya, quldura, əclafa oxşamalıdı? Niyə nümunələr Nahid müəllimlər deyil? Niyə mən cavanlara "oxuyun, savadlı olun , o zaman layiq olacağınız yeri tutacaqsınız" deyəndə "siz niyə tutmadınız" sualını verməlidilər? Cavab verimmi? Mənim müəllimlərim cəsarətli olmadılar. Amma mən yenə onlarla fəxr edirəm, qürur duyuram. Nahid Hacızadə də müəllimim olub, çox şeylər öyrənmişəm ondan. İşə münasibət öyrənmişəm. Vərəsəlik məsələlərini nəzərə alsaq, mən də onun yetirməsiyəm. Yenə eyni məkanda çalışırıq. Amma indi mən 6-cı mərtəbədəyəm, o 5-də. Fərq eləməz, Müəllim hər zaman yüksəkdədi! Bizim olanlar azalır. İlbəil. Var olun, Nahid müəllim! 75-ci yaş gününün astanasında hələ neçə-neçə belə yeni günlər arzulayıram! Nə qədər sizlər varsınız, bizlər də özümüzü cavan hiss edəcəyik. Böyüklərimiz var olsun!



TƏQVİM / ARXİV