adalet.az header logo
  • Bakı 7°C
18 Yanvar 2018 12:52
17663
ELM VƏ TƏHSİL
A- A+

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bunun üçün ali təhsilin keyfiyyəti yüksəldilməli, qlobal təhsil məkanına inteqrasiya təmin olunmalı, ali təhsilli kadrlara tələbat ödənilməli, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndirilməlidir.

M.Abbaszadə hesab edir ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənməlidir.

Direktorlar Şurasının sədrinin fikrincə, ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq.

M.Abbaszadə qeyd edib ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığının səmərəliliyinin artırılması, tədris-metodiki təminatın yaxşılaşdırılması, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərti ilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaratmaq vəzifəsi qarşıda durur.