ANA SƏHİFƏ / YAZARLAR

Atamın göz yaşları

10656    |   2018-01-19 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim Bakıyla, teatrla, kinoyla, musiqiylə tanışlığım atamla bağlıdır. Əlimdən tutub şəhərə aparardı məni. Sovetin son nəfəsi, qoxusu yaddaşımın bir küncündə ilişib. Bakının dolanbac küçələri, nimdaş geyimli adamlar, qatarlar, küçələr... Bu görüntülər uşaq yaddaşıma yazılırdı və atam sanki məni həmin xəyalındakı şəhərə aparırdı. Sonra böyüdüm. Atamdan uzaqlaşdım.

Yeniyetməlik vaxtlarım daha ağır keçdi. O şəhərdən qopub kirli dünyaya ayaq basdım. Qarşımdakı bataqlıqdan keçə bilmədim, bulaşdım o çirkli suya. Psixi sarsıntı keçirdim. Xəstəxanaya düşdüm. Atam bir gün belə məni tək qoymadı orda. Hər gün əli-dolu gələr, məni həkimlərə tapşırardı.

Atamın ilk dəfə ağladığı yadıma düşür. Xəstəxanaya düşmədən əvvəl gərginləşmişdim, özümə yer tapa bilmirdim, yerlə-göylə əlləşirdim. Evdə öz-özümə danışır, sayıqlayırdım. Anam zəng edib atamı çağırmışdı. Onun evə gəlməyindən xəbərim olmamışdı. Bir onda qulağım hönkürtü eşitdi. Qanrılıb atamın əlləri üzündə hönkürərək ağladığını gördüm. Heç nə hiss edə bilmirdim. Nəyə görə ağladığını həmin an kəsdirə bilmirdim. İndi yadıma düşəndə bu ağır xatirənin buzlarının əridiyini hiss edirəm. Yavaş-yavaş o xatirə iynə tək bədənimə sancılır. Amma o anı təsvir etmək mənim üçün ağırdı.

Məktəbli yaşıma çatmışdım. Atam yay aylarında bizi Gürcüstana aparır, özü də işinə görə Bakıya qayıdırdı. Payız yaxınlaşırdı. Kənddəydik. Atam Bakıdan qayıtmış, "hazırlaş məktəbə başlayırsan” demişdi. Mən də suyu süzülə-süzülə nənəmin ətəyindən yapşmışdım ki, getməyəcəm Bakıya. "Bura mənim evimdi. Burda qalıb çobanlıq edəcəm. Mən kəndi sevirəm” dedim. Atam bir xeyli duruxdu bu sözlərimdən. Sanki deməyimə peşman olmuşdu. Ancaq oxumağımı, təhsil almağımı çox istəyirdi. "Veş-vüş”ümüzü yığıb döndük Bakıya. Birotaqlı mənzilimizə çatanda axşam idi. Qapqara, sısqa bədənli uşaqdım. "Soska” istəyən uşaqlar misalı, ağlamağa başladım ki, "öyümüzə gedək. Bura haradı?” Ancaq anam sözlərimi zarafata çevirdi. Atam da "evimiz buradı” dedi.

Atam bir ara siqareti tərgitmişdi. Bir gün yayın cırcırama istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam da yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına kartof, soğanlarımız səpələnmişdi. Anamın yardımıyla, axsaya-axsaya yolu keçdik. Evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Bloka çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəlmişdi. Saçıma tumar çəkdiyi yadımdadır. Sonra çönüb qardaşıma əsəbi-əsəbi "get papiros al” dediyi yadımdadır. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç vaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə təəccübləndim. Əli Kərimin şeirində dediyi kimi, sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qar kimi.

Atamın silsilə hekayələri var, "Qonquz Pop-art” adlı silsilə. O hekayələrin girişinə belə yazıb: "Oğlum Oğuzun doğuluşuna”. Qısa, körpə boyda hekayələrdi. Mən o hekayələrin varlığından atam öləndən sonra xəbər tutdum. Qardaşım Ayxan atamın kitabını hazırlayırdı. Vərəqlərin içində həmin "Oğlum Oğuzun doğuluşuna” cümləsinə rast gəldik. Bəzən, sənə qaynar bir şey toxunanda geriyə çəkilirsən e, mən o cür oldum və həmin xırda hekayələrdə öz körpəliyimi gördüm. Bir də fikirləşdim ki, yəqin, atam bu hekayələri mənim hər gün saatlarla ağlamağım hesabına yazıb. Anamla yuxusuz qaldığı günləri gözümün qabağına gətirdim. Təsəvvür elədim ki, dayanmadan ağlayıram, anam qucağına götürüb məni sakitləşdirməyə çalışır, atam da masanın kənarında oturub yuxusuzluqdan qabağına vərəq qoyub və o hekayələri yazıb. O hekayələr mənim ağlayışımdan dünyaya gəlmişdi.

Ata bu yazının içindən sənə səslənirəm: "Kəndimizi heç soruşma. Ordakı insanlar "buz adam”a çevriliblər, laqeydləşiblər. Sənin böyüdüyün evi kol-kos basıb. Qara itimiz də ölüb. Yazılarından narahat olma. Hamısını çap edəcəyik. Sevimli komandan Türkiyə milli futbol komandası sən gedəndən çox zəyifləyib, tükənib. İnanmayacaqsan amma Azərbaycan millisi xeyli inkişaf edib. Ancaq kasıb ölkələr dünya çempionatında çempion ola bilmir...

Sənə gülməli bir əhvalat danışım. Axşam futbol izləyirdim. Gülbəs də mətbəxdə yemək bişirirdi. Qəfil, təşvişlə üstümə atıldı ki, "kuxna"da siçan var. Tut, onu öldür. Yaşamasını dedim. Gedib qonşuları çağırdı. Hamı səfərbər olub siçanı axtardılar, ancaq tapa bilmədilər. Sənin "Siçanın ölümü” hekayəni xatırladım. Unutmadan deyim ki, bir qızım dünyaya gəldi. Bəlkə də qızım cildində dünyaya yenidən gəlmisən. Ata yazıma burdaca son nöqtəni qoyuram. Yenidən görüşmək üzərə…



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK