adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Yanvar 2018 10:27
8277
GÜNDƏM
A- A+

Ötən il korrupsiyaya qarşı görülən işlər - HESABAT

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ciilərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması,daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlara, inkişaf proseslərinə mane olan neqativ halların tam aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetməni təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar 2017-ci ildə də uğurla həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişdir. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə, Dünya Enerji Şurasının ötən il üçün tərtib etdiyi "energetika trilemmasının indeksi” üzrə isə reytinqdə bir sıra yeni sənayeləşmiş ölkələri geridə qoyaraq Yaponiyadan sonrakı 31-ci yerdə qərarlaşıb.



K.Əliyev xüsusi vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2017-ci ilərzində də uğurla davam etdirib.

Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 7809müraciətinə baxılmış, həmçinin 280 cinayət xarakterli material araşdırılmışdır. Həmin materiallardan181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olmuşdur. Baş İdarə rəisi çıxışında bildirmişdir ki, 2016-cı illə müqayisədə ötən il "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalmışdır ki, bu da "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.

"Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23cinayət işi başlanmış, həmçininəlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilərək aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədəəldə edilmiş məlumatlar əsasında 17olmaqla cəmi 22cinayət işi başlanıb.

2017-ciilərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.



Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Hesabat dövründə Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaşın qəbul edilməsi təmin edilib.

Ötən il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilmiş, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.

K.Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də söykənir. Ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv Sərəncamları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır. Hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi olmuşdur. Qeyd olunan sənəddə Azərbaycan Respublikasının Prokurorluğuna edilmiş tövsiyələrdən irəli gələrək Sərəncamda əks olunmuş vəzifələrin icrası məqsədilə 31 may 2017-ci il tarixli 10/41 nömrəli əmrlə Baş Prokurorluq üzrə bir sıra əmrlərə dəyişikliklər edilmişdir. Bu gün Baş İdarə dövlət başçısı tərəfindən imzalanmış bu Sərəncama, həmin sənəddən irəli gələrək qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində öz fəaliyyətini davam etdirir.



Tədbirdə iştirak edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı 2017-ci ildə dövlət orqanları tərəfindən 86% icra edilib. Milli Fəaliyyət Planının icra vəziyyəti ilk dəfə olaraq Elektron Monitorinq Sistemi ilə qiymətləndirilmiş və dövlət orqanlarının hesabatları hər bir bənd və dövlət orqanı üzrə onlayn rejimdə qiymətləndirilib.

"Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərin sayı isə 437-yə çatdırılmışdır.İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilib. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunlar qəbul edilib.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi K.Cəfərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində "ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılmış və fəaliyyət istiqamətləri genişləndirilib. Bu günə qədər "ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub və vətəndaş məmnunluğu əmsalı isə 100 faizə yaxın olub. Bütün dövlət xidmətlərinin "ASAN xidmət” standartlarına uyğunluğunu yoxlamaq məqsədilə dövlət orqanlarının xidmətləri "ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilib və indeksin nəticələri, mövcud problemlər və onların təkmilləşdirilməsi istiqamətində təkliflər aidiyyəti dövlət orqanlarına verilib. Korrupsiyanın qarşısının alınması sahəsində sistemli təlim və maarifləndirmə tədbirləri həyata keçirilib. Avropa Şurası və Avropa İttifaqı ilə birgə əməkdaşlıq şəraitində dövlət qulluqçuları və tələbələr üçün etik davranış qaydaları və anti-korrupsiya mövzuları üzrə tədris proqramı hazırlanmış, yerli təlimçi bazası formalaşdırılmış, regionlarda müxtəlif hədəf qrupları üçün təlimlər keçirilib.

Bundan başqa, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin əldə edilməsini qeyd edib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və "Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Beləki, 2017-ci il iyunun6-dan 7-dəkAzərbaycan Hökumətinin dəstəyi ilə Bakıda üzvlərinin böyük əksəriyyəti islam dövlətlərindən olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarırəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilib.

Yüksək səviyyəli tədbirə ölkəmizlə yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət qurumlarının, eləcə də ECO, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (IACA) rəhbər vəzifəli şəxsləri qatılmış, Baş İdarə rəisi, digər yerli və xarici nümayəndələr hesabat məruzələri ilə çıxış etmiş, həmçinin konfrans çərçivəsində tərəfimdən Türkiyə, Pakistan, İran və digər dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmiş və tədbirin sonunda ECO-ya üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.

2017-ci ilin 9-11 oktyabr tarixlərində Baş İdarənin inzibati binasında Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, Beynəlxalq Prokurorlar Assosiasiyasının rəsmi şəxsləri, həmçinin ölkəmizin hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı etdiyi kibercinayətlər və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən çirkli pulların yuyulması və digər cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, elektron sübutların əldə edilməsi, ortaya çıxan problemlər və onların həlli yolları kimi mövzuları əhatə edən "Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” keçirilib.

Azərbaycan Respublikası Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) 3-cü dəyərləndirmə raundunu tamamlamış, Avropa Şurasının MONEYVAL Komitəsinin 2017-ci il 25-29 sentyabr tarixlərində keçirilən plenar iclasında dördüncü raund qiymətləndirmə ilə əlaqədar Azərbaycan Respublikası üzrə tərəqqi hesabatı qəbul edilmiş və hesabatda ölkəmizdə bu sahədə əhəmiyyətli irəliləyişin olması qeyd edilib.

Bundan başqa, 2017-ci il fevralın20-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilib.

Həmçinin, 25-27 oktyabr 2017-ci il tarixlərdə həmin beynəlxalq təşkilatın Azərbaycan Respublikası Prokurorluğu və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə birgə təşəbbüsü ilə Baş İdarənin inzibati binasında keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin "Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda beynəlxalq konfransına Şərqi Avropa və Mərkəzi Asiya regionundakı 20-dən artıq ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbər şəxsləri, bilavasitə korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibini həyata keçirən müstəntiq və prokurorlar, anti-korrupsiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər, OECD-nin rəsmiləri, eləcə də ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Tədbir çərçivəsində Baş İdarə əməkdaşları tərəfindən də bir sıra təqdimatlar keçirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi önə çəkilmiş, bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin "Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Antikorrupsiya Akademiyasi (İACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikası və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış birillik Baş İdarə və "ASAN xidmət”in fəaliyyətlərinin öyrənilməsini nəzərdə tutan birgə fəaliyyət planına uyğun hər iki ölkə prokurorluqlarının nümayəndə heyətlərinin qarşılıqlı işgüzar səfərləri olub.

Bununla yanaşı, ötən ilBolqarıstan Respublikasının Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri zamanınümayəndə heyəti dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilib, görüş çərçivəsində ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsininmünasibətlərimizin gələcək inkişafına öz müsbət töhfələrini verməsi bildirilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəyi xüsusi vurğulanıb.

Sonda QHT və KİV nümayəndələrinin sualları ətraflı cavablandırılıb.