adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Yanvar 2018 00:15
25830
ƏDƏBİYYAT
A- A+

Ömrü qələmdən keçən şair-jurnalist


Hərdən adama elə gəlir ki, şair, yazıçı, jurnalist yaranmamışdan əvvəl onun üçün dəftər gəlir dünyaya.
Onlarla bəlkə yüz illər boyu sahibinin yolunu gözləyir və nəticədə bir-birilərinin vüsalına qovuşaraq əl-ələ, boy-boya verib ölməz sənət əsərlərini ipə-sapa düzürlər, sıralandırırlar...
Şair-jurnalist Xudaverdi Cavadov da qələmini bərkidəndən sonra öz qələminə sahib çıxdı. Bəxti qələmlə yazarlar. Onun isə taleyinə qələm yazılmışdı. Bəxt yazmaq üçün yox, söz yaratmaq naminə. O, söz meydanına təsadüfi gələnlərdən deyil, əlləri bərkidikcə, qələmdən bərk yapışdı və hiss etdi ki, bu məvhum onun alın yazısıdır.
Haqqında danışdığımız şair-jurnalist Xudaverdi Abutalıb oğlu Cavadov belə yaradıcı və məhsuldar ziyalılarımızdandır. O, 1948-ci ildə Lənkəran rayonun Gərmətük kəndində anadan olub.
Uzun illərdir sevib-seçdiyi jurnalist sənətilə yanaşı bir çox şeir və poemaların müəllifidir.
İndiyə kimi bir çox kitabları oxuculara təqdim olunub. Həmkarlarımız jurnalist sənətini bu gün də uğurla davam etdirir.
O, 1974-ci ildə M.Ə.Rəsulzadə adına ADU-nin Jurnalistika fakültəsini bitirib ilk təyinatla Lerikdə çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində əmək fəaliyyətinə başlayıb.
Bir müddət sonra Xudaverdi müəllim Lənkəranda çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetində ədəbi işçi və şöbə müdiri vəzifələrində işləmişdir. 2000-ci ildə "Kirpi" satira və yumor jurnalının Cənub bölgəsi üzrə müxbiri işləyib.
Hal-hazırda "Lənkəran" qəzetində şöbə müdiri vəzifəsində çalışır.
Xudaverdi Cavadov təcrübəli jurnalist, daim mətbuatda əsl vətəndaş mövqeyindən çıxış edir, yaradıcılığında obyektivliyi əsas meyar kimi götürür. Aktual mövzulardan bəhs edən yazılarına görə dəfələrlə keçmiş SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin mükafatlarına layiq görülmüşdür.
Xudaverdi müəllim bədii yaradıcılıqla da məşğul olur, uğurlu çıxış edir, şeir və poemaları "Azərbaycan", "Elm və həyat", "Ulduz", "Söz", "Şəfəq", "Alov", "Məşəl" jurnallarında, "Azad Azərbaycan", "Ədəbiyyat", "Lənkəran", "Aşkarlıq", "Respublika həyatı" ilk kitabı oxuculara təqdim olunmuşdu. "Lənkəran pedaqoqları", "Haqqın qılıncı", "Bura Lənkərandır" və başqa şeir, eləcə də hekayələr kitabı çap olunub.
Onu da qeyd edim ki, Xudaverdi Cavadovla ilk tanışlığım ötən əsrin 74-75-ci illərində olub. O, Lerik rayon qəzetində təyinatla göndərilmişdi. Həmin ildə Xudaverdi müəllimi Lerik rayonuna yola salıb yaradıcılıq işində uğrular arzuladım.
Sonralar Xudaverdi müəllimlə daha tez-tez görüşür, yeni yazdığı şeirlərini dinləyir, oçerk və heykəllərini oxuyurdum.
Dünyanın ömrü uzun, yükü isə ağırdır və bu ağırlığı çiyinlərində daşıyanlar ömürlərini xeyirxah işlərə sərf edir, Vətənin çiçəklənməsi, xalqının tərəqqisi üçün çalışırlar.
Bu uzun və çətin, lakin mənalı yolun yolçusu olan Xudaverdi Cavadov müdrik çağında gənclik həvəsi ilə yazıb yaradır.
Keçmiş SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Xudaverdi Cavadovu anadan olmasının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq işlərində uğurlar arzulayıram.
Yazımı şair-jurnalist Xudaverdi Cavadovun şərəfli jurnalist peşəsinə həsr etdiyi şeirin aşağıdakı misralları ilə tamamlayıram.
Elin sevincidir qəlbinə məlhəm,
Elin min dərdini çəkər jurnalist.
Məsləki həqiqəti, silahı qələm,
Ən öndə döyüşən əsgər-jurnalist.
AZAD ZÜLALOĞLU
"Qızıl qələm"
media mükafatı laureatı