adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Yanvar 2018 14:15
26497
GÜNDƏM
A- A+

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Bakı həmişə xoş nağılların, gözəl fürsətlərin və böyük ümidlərin şəhəri olub. Dünyanın bütün ölkələrindəki paytaxtlar insanları öz sehrli cazibəsi ilə cəlb edib. Bu mənada Azərbaycanın digər şəhər və rayonlarında yaşayan insanlar üçün də Bakı cazibəli bir məkan rolunu oynayır. Bu həqiqət yengicəlilər üçün də eynidir. Bakı Yengicə kəndindən də uğurun, təhsilin və elmin mərkəzi kimi görünürdü.

Naxçıvan istər coğrafi baxımdan, istərsə də tarixin gedişi içərisində ölkənin əsas hissəsindən ayrı qalması baxımından bir az kiçik vətən təəssüratı yaradırdı. Elə bu mənada Naxçıvandan Bakıya getmək əlamətdar hadisə olduğu üçün gedəni mütləq xüsusi təmtəraqla yola salardılar. Hələ o gedən insan elm, təhsil almağa yollanırsa o zaman bu vidalaşmalar, xeyir-dua ritualı daha böyük əhəmiyyət kəsb edirdi. 1967-ci ilin iyul ayında Həsəni də qohum-əqrəba, yaxın dost-tanış qatarla Bakıya məhz belə böyük ümidlərlə yola saldılar. Çünki Həsənin bu səfəri ali təhsil almaq, həyatda öz ayaqları üzərində dayanmaq üçün atılmış əhəmiyyətli bir addım idi.

Həsən Zeynalov həmin günləri belə xatırlayır: "1967-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yola düşdüm. O vaxtlar Bakıya getmək özü bir hadisə idi. Ona görə dəmir yolu vağzalına məni yola salmağa qohumlarım da gəlmişdilər. Bakıya getmək nə qədər xoş hadisə idisə, 16 yaşımda ilk dəfə öz doğmalarımdan ayrılmaq məni çox kövrəltmişdi. Böyük qardaşım Əziz Bakıda yaşayırdı. Mən onlarda qalacaqdım. Sənədlərimi M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun qiyabi şöbəsinə verdim. Ona görə ki, həm də işləmək və valideynlərimə əlavə xərc yaratmamaq istəyirdim. Məndən başqa, hələ kənddə iki bacım və iki qardaşım var idi. İmtahan verərək mən qəbul oldum və Bakıda Dəmiryolu idarəsinin 803 nömrəli Körpü tikinti İdarəsində iş icraçısı işləyən xalamın əri Hatəm Bəhlulovun həmkəndlilərindən ibarət yaratdığı inşaat briqadasında 1967-ci ildə fəhlə olaraq işə qəbul oldum. Qiyabi oxuduğumdan mən ənənəvi tələbə həyatı yaşamadım.

1969-cu ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosuna (TİB) texnik vəzifəsinə qəbul edildim. Büro indiki Bakı Şəhər İcra Hakimiyyəti binasının 1-ci mərtəbəsində yerləşirdi və yeraltı və yerüstü bütün tikili və qurğuların, kommunikasiya xətlərinin və s. inventarlaşdırılması, pasportlaşdırılması və qeydiyyatı ilə məşğul olurdu. Bu sahə mənim üçün maraqlı idi. Yəqin ona görə də ilk gündən çox həvəslə işləməyə və işi tez bir zamanda mənimsəməyə başladım. İş yoldaşlarımın əksəriyyəti qeyri-azərbaycanlı idi (rus, erməni, yəhudi və digər millətlərin nümayəndələri). O zaman rus dili dövlət dili sayıldığından, hər yerdə, əsasən də dövlət idarələrində bütün yazışmalar, iclaslar, tədbirlər rusca aparılırdı.

İş yerində mənim sıxıldığım və bəzən rişxəndlə qarşılaşdığım rus dilini mükəmməl bilməməyim idi. Ona görə prinsipial olaraq mən bu dili tez bir zamanda mükəmməl öyrənməyə nail oldum. Və hətta artıq rus dillilər də bəzən müəyyən məsələlərdə mənə müraciət edirdilər. Rəisimiz Abbas Səfər oğlu Sadıqov ağsaqqal, çox qayğıkeş və gözəl insan idi. Məni tez-tez yanına çağırar, işimlə maraqlanardı. O, məni tez bir zamanda mühəndis vəzifəsinə keçirdi. Mən artıq iş yerində qısa zamanda mövqeyimi möhkəmlətmişdim. Bakıda məni ən çox düşündürən dövlət orqanlarında azərbaycanlı kadrların olduqca az olması, rus dilini yaxşı bilməyən, Azərbaycanın rayonlarından gələrək təhsil alan savadlı, vətənpərvər azərbaycanlı gənclərin iş tapa bilməməsi, onlara rişxənd edilməsi idi.

Mən ictimai həyatda da aktiv idim

1969-cu ildə 18 yaşım tamam olanda Azərbaycan SSR və SSRİ Ali Sovetinə seçkilər keçirilərkən məni "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına dəvət etdilər. Qonşum və dostum Ariflə birgə qəzetin rusca olan versiyası "Molodejğ Azerbaydjana" qəzetinə qısa müsahibə verdik. Qəzetdə bizim haqda yazılar və fotolarımızın verilməsi gözlənilməz oldu və hesab edirəm ki, bu mənim üçün yeni bir səhifənin açılışı idi.

Rus dilində nəşr edilən "Molodejğ Azerbaydjana" ("Azərbaycan gəncləri") qəzetinin 1969-cu il 14 mart tarixli sayında "Onlar ilk dəfə səs verəcəklər" sərlövhəli məqalədə deyilir ki, "... ayrılmaz dostlar kimi tanınan Həsən Zeynalov və Arif Kərimov ilk dəfə olaraq səsvermə məntəqəsinə gələcəklər. Onlar respublikanın ən qocaman təhsil müəssisəsi olan Neft və Kimya İnstitutunun tələbələridir. Seçki günü ilə bağlı Həsən Zeynalov deyir: "Evdə həmişə eşitmişik ki, səsvermə bayramdır, indi bu bayram mənim üçündür".

Zaman keçdikcə

Bakıda azərbaycanlıların, Azərbaycan dilinin yad, özgə və yararsız bir status qazanması, rayonlardan paytaxt Bakıya gələnlərə qarşı ikinci növ insan münasibətinin göstərilməsi, onlara qarşı "çuşka" jarqonundan istifadə edilməsi onun qəlbində yaranmış narahatçılığı artırırdı. Ancaq qəfil eşitdiyi bir xəbər onu narahat edən məsələlərin tezliklə həllini tapacağına dərin bir inam yaratdı. Həmin hadisələri Həsən Zeynalov belə xatırlayır: "1969-cu ilin iyul ayında Mərkəzi Komitənin Plenumunda Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə seçildi. Bakıda bir sükut hökm sürürdü. İlk günlərdə Heydər Əliyev mətbuatda, televiziyada heç görünmədi. Amma hamı nəsə yaxşı şeylər olacağını gözləyirdi. Gizlətmirəm, mən də sevinirdim, həm də ona görə ki, o, Naxçıvandan idi. Atamın dayısı İlyas Vəkilovun isə sevincinin həddi-hüdudu yox idi və onu yaxından tanıdığından Azərbaycan naminə böyük dəyişikliklərin baş verəcəyini deyirdi.

Heydər Əliyev ilk dəfə televiziya ekranlarına Şüvəlanda keçirilən Yazıçıların Yaradıcılıq Evinin açılışında çıxdı. Bütün Azərbaycan xalqının arzuladığı hadisə baş verdi: Heydər Əliyev Azərbaycan dilində çıxış edirdi. Hamı yaxşı mənada şok vəziyyətində idi. Ekranda izləyənlər içərisində sevincdən gözləri yaşaranlar da çox idi, biri də mən. O günədək heç bir dövlət tədbirində Azərbaycan dilində çıxış edilməmişdi. İndi isə respublikanın rəhbəri öz dilimizdə çıxış edirdi. Sonra isə ikinci maraqlı hadisə baş verdi. Heydər Əliyev çıxışını bitirəndən sonra yazıçılarla səmimi şərait, münasibət yaratdı, onların təklif və fikirləri ilə maraqlandı.

Söhrab Tahir söz alaraq

Cənubi Azərbaycandan onlara göstərilən qayğıya görə Heydər Əliyevə təşəkkür etdi. O, çıxışında bir neçə dəfə "siz", "biz" sözlərini işlətdi. Heydər Əliyev isə cavabında dedi ki, "Söhrab Tahir, siz-biz sözləri gərək deyil, onların bir əvəzləyicisi var, o da Azərbaycandır. Mən isə Azərbaycan yazıçılarının yanında olacağam, onlar bizim ziyalıların ön cərgəsindədirlər".

Həsən Zeynalov Heydər Əliyevin Azərbaycan sevgisinə, böyük Azərbaycan yaratmaq uğrundakı uzaqgörən ideyalarına bütün səmimiyyəti ilə bağlıdır və bu mənada Vətənin gələcəyi üçün atılmalı olan addımı, deyilməli olan sözü, verilməli qərarı dəqiq və zamanında həyata keçirməli idi.

"1970-ci ildə Texniki İnventarlaşdırma Bürosunun İlk Partiya Təşkilatının sədri Semyonova Valentina Nikolayevna məni yanına dəvət edərək yaxşı işçi olduğumu, ictimai işlərdə fəal iştirak etdiyimi (mən iş yerində yaradılmış xalq nəzarəti qrupunun sədri idim), kollektivdə hörmət qazandığımı nəzərə alaraq Kommunist Partiyası sıralarına qəbul üçün ərizə yazmağımı təklif etdi. Əlbəttə, o zaman SSRİ dünyanın ən güclü və hegemon dövləti idi. Ölkədə təkpartiyalılıq rejimi mövcud idi. Həyatda inkişaf etmək üçün yalnız partiya üzvü olmaq əsas şərt idi. Yoxsa heç bir vəzifəyə təyin edilə bilməzsən.

Gələcək karyera üçün

bu mütləq lazım idi və partkomun bu təklifi mənə böyük etimad idi. Mən təşəkkür edərək müraciət etdim və 26-lar Rayon Partiya Komitəsi bürosunun qərarı ilə Sov. İKP-nin üzvlüyünə namizəd qəbul edildim (nizamnaməyə əsasən bir il sınaq müddətində namizəd olmalısan). Bir ildən sonra isə üzvlüyə qəbul edildim. Bir müddətdən sonra məni böyük mühəndis vəzifəsinə təyin etdilər".

Həsən Zeynalov Sultan müəllimin Kommunist Partiyasına olan münasibətini və əsl vətənpərvər kimi qəlbində sirli saxladığı türkçülük məhəbbətini belə ifadə edir və atasını: "Mənim həyat müəllimim mərhum atamdır", - deyə qiymətləndirir. "Atamın zəngin ömür və prinsipləri həmişə mənə örnək olub. O, Naxçıvanın ən nüfuzlu pedaqoqu olmaqla bərabər, sayılıb-seçilən ağsaqqal kimi də böyük nüfuz qazanmışdı. Ona dəfələrlə Naxçıvanda yüksək vəzifə, o cümlədən Şərur rayon Təhsil Şöbəsində müdir vəzifəsi təklif edilmişdi. Lakin bunun üçün atam Kommunist Partiyasının sıralarına daxil olmalı idi. Açıq formada demirdi ki, kommunist olmaq istəmirəm, sadəcə vəzifə istəmədiyini bildirirdi. Təbii ki, onun kommunist olmaq istəməməsi məndə çoxlu suallar yaradırdı. Orta məktəbi bitirib mən də öz karyeramı qurmaq üçün ali təhsil almaq və irəli getməyin yollarını axtarırdım. Ümumiyyətlə, Sovet dövründə türk-müsəlmanlar üçün belə bir fikir vardı: karyera qurmaq üçün kommunist olmalısan, rus dilini bilməlisən, həyat yoldaşın başqa millətdən, rus və ya erməni olmalıdır. Mən də ali təhsil aldığım vaxtlar Kommunist Partiyasının sıralarına daxil olmaq və rus dilini öyrənməyi qarşıma əsas məqsəd qoymuşdum. Ailə qurmaq haqqında düşünmək hələ tez idi və istənilən halda mən qeyri-azərbaycanlı ilə nigah bağlaya bilməzdim. Bu barədə heç kiminlə bölüşmürdüm. Sadəcə ailənin milli bütövlüyü mənim düşüncəmdə alternativsiz olaraq özünə yer qazanmışdı.

Mən kommunist olmaq barədə fikrimi atama söyləyəndə

o, buna etiraz etmədi. Qeyd etdiyim kimi, baxmayaraq özü partiya sıralarına daxil olmaq təkliflərini qəbul etməmişdi. Beləliklə, kommunist oldum və təbii ki, həyatımı Sovet qanunları çərçivəsində qurdum. Bununla belə Azərbaycan tarixinin gizli qalan səhifələrindən də xəbərsiz deyildim. Türkiyədə yaşayan Əkbər dayımın hansı səbəbdən qardaş ölkəyə pənah aparması, atamın "yarpaq" və "torpaq" sözlərini nə üçün başqalarından fərqli tələffüz etməsi, onun nə üçün Kommunist Partiyası sıralarına daxil olmaqdan imtinası və mənim bu barədə fikrimə zidd getməməsi məndə çoxsaylı suallar yaradırdı. Böyük şair və dramaturq, zəmanəsinin ən güclü ziyalılarından olan Hüseyn Cavidə böyük ehtiram bəsləməklə, hələ uşaqlıq illərindən Cavidi bizə sevdirmişdi. Onun qəlbində təkcə Hüseyn Cavidin poeziya dünyasına böyük məhəbbət deyil, eyni zamanda Mikayıl Müşfiq poeziyasına olan qəribə sevgi də var idi. Bu səmimi sevginin məndə yaratdığı təsir hər iki ədibin dəyərini zamanında dərk etməyimə əhəmiyyətli dərəcədə kömək etmişdir. Hər ikisinin əsərlərinin və külliyyatının atamın zəngin kitabxanasında xüsusi yeri var idi. Onu da qeyd edim ki, atamla bağlı yaranmış bu suallara XX əsrin sonunda ermənilərin Dağlıq Qarabağa olan əsassız iddialarından sonra ölkəmizdə başlanan ictimai-siyasi proseslərin fonunda cavab tapa bildim və 20 Yanvar faciəsinə etiraz olaraq kommunist biletimi partiya sıralarından çıxmaq barədə ərizəmlə birlikdə təhvil verdim..."

Heydər Əliyevin Azərbaycana olan sevgisini görən Həsən Zeynalov uzun illərdir onu narahat edən məsələləri güclü iradəsi ilə həll edə biləcək bir liderin sağlam əqidəsinə bütün qəlbi ilə inandı. Zaman keçdikcə bu böyük liderin sayəsində Azərbaycan öz layiqli qiymətini aldı. Bakının öz dili, öz sakinləri, milli koloriti özünə qayıtdı. Bunun mahiyyətini Həsən Zeynalov belə izah edir: "Sonrakı mərhələlərdə Heydər Əliyev kadr məsələləri ilə bağlı çox sayda qərarlar verdi. Onlardan ən önəmlisi gənc mütəxəssislər haqqında verdiyi qərar idi. Tapşırıq verilmişdi ki, ali məktəbləri əla qiymətlərlə bitirən, bacarıqlı, vətənpərvər gənclər Bakıda dövlət orqanlarında, böyük müəssisələrdə işlə təmin edilsinlər ( əlbəttə, həmin göstəricilərə malik olan gənclərin əksəriyyəti rayonlardan gəlmiş azərbaycanlılar idi) və onlara növbədənkənar mənzil verilsin.

Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul olunarkən orada Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili yazılmasına nail oldu. Bu isə milli kadrların yolunu açdı. Gənclər haqqında yeni qərar isə onların təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinin təmin edilməsi ilə bağlı idi. Həmin ildən başlayaraq gənclərimiz Azərbaycanın ali məktəblərində olmayan, amma çox vacib sayılan ixtisaslara yiyələnmək üçün Rusiya, Ukrayna və Baltikyanı respublikaların, digər respublikaların ali təhsil məktəblərinə göndərildilər. Bunların əksəriyyəti azərbaycanlı gənclər idi. Sonradan həmin gənclər müstəqil Azərbaycanın inkişafında önəmli rol oynadılar.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk anlarından başlayaraq bütün sahələrdə - kənd təsərrüfatında, sənayedə böyük nailiyyətlər əldə olundu. Bakı şəhərində mənzil tikintisi sürətlə inkişaf etdirildi. Əhmədli, 8-ci kilometr qəsəbəsi, mikrorayonlar tikildi. Gənc mütəxəssislər, eləcə də on illərlə mənzil gözləyən əlbəttə ki, əksəriyyəti azərbaycanlı olan vətəndaşlarımız mənzillə təmin olundular. Əhalinin maddi rifah halı yüksəldi. Rayonlarda abadlıq-quruculuq işləri vüsət aldı.

1950-60-cı illərin statistikasına əsasən Bakı əhalisi 700-800 min nəfər təşkil edirdi. Tərkibi isə 25 %-i rus, 15 %-i erməni, 25 %-i başqa və cəmi 35 %-i azərbaycanlıdan ibarət idi. 1980-ci ildə isə əhalinin 70 %-i azərbaycanlı idi.

Milləti, dövləti sevməyin başqa göstəricisi yoxdu. Buna görədir ki, mən o zamandan Heydər Əliyevi sevməyə başladım. O zamanlar o mənim üçün əlçatmaz idi. Amma taleyimdən çox razıyam ki, müəyyən dövrdən sonra nəinki onunla tanış oldum, hətta birlikdə çalışdıq da".

Əsgərlik dövrü Həsən Zeynalovun həyatının yeni bir mərhələsidir. Bir də məqamı gəldikcə, fürsət düşdükcə xalqının haqqını tələb edir və onu bütün varlığı ilə qorumağa çalışırdı. Bəlkə də əsgərliklə bağlı xatirələrini oxuduqca həmin vətənpərvərlik hissini, onun müdafiəsi üçün göstərdiyi şücaəti daha dəqiq qavramış olarıq. "İnstitutda təhsil aldığım üçün hərbi xidmətdən mənə möhlət verilmişdi. Möhlət vaxtı bitdiyindən 1976-cı ildə hərbi xidmətə çağırıldım. Onda mənim artıq 26 yaşım var idi. Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda böyük mühəndis vəzifəsində çalışırdım, həm də Kommunist Partiyasının üzvü idi. Aali təhsilli kommunist olanlar hərbi hissədə qulluq zamanı əsasən hərbi hissə komandirinin siyasi məsələlər üzrə müavininin birbaşa nəzarətində olurdular. Mən hərbi xidməti Xankəndi şəhərində (keçmiş Stepanakert) kimyəvi silahlara qarşı xüsusi ixtisaslaşdırılmış hərbi hissədə keçirdim. Hərbi hissəyə gəldiyim gündən hərbi hissə rəhbərliyi mənimlə yaxından maraqlandı. Hərbi hissə komandiri Aleksandr Sergeyeviç Somborski və onun siyasi məsələlər üzrə müavini Qolşmidt məni otaqlarına çağırdılar. İş təcrübəm, kommunist olmağım, həm də yerli olduğüm üçün hərbi hissənin yerli orqanlarla və eləcə də əhali ilə (Xankəndi və ətraf rayonlar) əlaqələrin inkişafında məndən çox şey gözlədiklərini və xidmətimi qərargahda birbaşa rəhbərliklə koordinasiya şəraitində keçirəcəyimi bildirdilər. Hərbi hissə komandirinin təchizat məsələləri üzrə digər müavini mayor Laçinyan və təchizat bazasının anbardarı Xankəndində "milyonçu" deyə tanınan gizir Babayan idi. Bu iki nəfər haqqında ilk gündən əsgərlər və zabitlər onların ultramillətçi olduqları, hərbi hissədə qulluq edən əsgərlər arasında etnik mənsubiyyətinə görə ayrı-seçkilik saldıqları haqqında fikir bildirirdilər. Mən də bunu ilk gündən hiss etməyə başladım. Hərbi hissə rəhbərliyinin mənə bəslədiklərii hörmətə görə həmin erməni zabitləri məni ilk gündən qısqanmağa başladılar. Hər fürsət düşdükcə məni sıxışdırmağa çalışırdılar. Məsələn, mənə geyinmək üçün öz bədən ölçümə uyğun olmayan böyük ölçüdə hərbi forma verir və yaxud hərbi hissənin spesifik olduğunu bəhanə gətirərək nizamnaməyə uyğun olmayan tələblər edirdilər və s. Onların hərbi hissədə olan cəmi dörd nəfər azərbaycanlıya - Bakıdan Toğrul Musayev, Fəxrəddin, Gəncədən Maarif Kazımov, Tovuzdan Hikmətə qarşı da çox aqressiv davrandıqlarının hər an şahidi olurdum. Mən onlar haqqında siyasi məsələlər üzrə müavin Qolşmidtə məruzə etdim. O, bunlardan xəbəri olduğunu, həmin ermənilərin bizdən öncəki azərbaycanlı əsgərlərə qarşı da bu cür davrandıqlarını və onlara komandir tərəfindən xəbərdarlıq edildiyini, əgər belə davam edərsə, haqlarında ölçü götürüləcəyini bildirdi.

Hərbi hissə vaxtaşırı olaraq respublikada yerləşən digər hərbi hissələrlə birlikdə təlimlərdə iştirak edirdi. Növbəti dəfə hərbi hissə komandiri və onun siyasi məsələlər üzrə müavini çox sayda şəxsi heyətlə birlikdə Bakı ətrafında yerləşən "Karaybat" adlanan hərbi poliqonda keçirilən təlimlərdə iştirak edirdilər. Həmin qısa müddətdə Laçinyan hərbi hissə komandirini əvəz etdi. O, məni növbə çəkmək üçün ən çətin posta göndərdi (baxmayaraq ki, başqa işlə məşğul olduğum üçün komandir məni qarovula getməkdən azad etmişdi). Həmin günlərdə hərbi hissəyə yeni zabitlər, o cümlədən komsomol təşkilatının yeni katibi, baş leytenant (səhv etmirəmsə, soyadı Mançenko idi) gəlmişdi. Laçinyan komsomol təşkilatının katibi ilə mənim növbə çəkdiyim postun qarşısında gəzişirdi. Yeni zabit ətrafa baxaraq Azərbaycanın gözəlliklərinə heyran olduğu haqqında öz təəssüratlarını Laçinyanla bölüşürdü. Birdə n Laçinyan çox uca səslə və hiddətlə bu yerlərin Azəraycana aid olmadığını, bu gözəlliklərin onun ulu babalarına (ermənilərə) aid olduğunu, buranı Ermənistan ərazisi hesab etdiklərini və bu "ədalətsizliyə" son qoyulmasına çalışacaqlarına bildirdi. Mən daha dözə bilməyib üzümü ona tutaraq "Niyə yeni gəlmiş zabitə yalan danışdığını, separtçılıqla məşğul olduğunu və onun bu hərəkətlərinin Sovet zabitinə yaraşmadığını" uca səslə dedim (ətrafda olanların eşitməsi üçün). Ümumiyyətlə, hərbi nizamnaməyə əsasən qarovulda olan əsgərin əsas işindən yayınaraq kiminləsə söhbət etməsinin, rütbəcə özündən böyüklərə icazə olmadan müraciət etməsinin, yaxud mübahisə etməsinin qadağan olunduğunu mən gözəl bilirdim. Amma Laçinyanın sözləri səbr kasamı daşıran son damla idi. Laçinyan gözləmədiyi halda belə bir hadisə ilə qarşılaşınca (o həm də komandiri əvəz edirdi) ilk anda nə edəcəyini bilmədi və birdən bağıraraq qarovul rəisini yanına çağırdı. Belimdən kəmərimi açaraq on gün müddətinə qaubtvaxta salmağı əmr etdi və məni həbs etdirdi. Ertəsi gün Somborski və Qolşmidtin hərbi hissəyə qayıtmaları ilə Laçinyanın komandirliyi sona çatdı. Mənim həbs olunduğumu eşidən kimi Laçinyanın qərarını ləğv edərək məni yanlarına çağırdılar və məsələnin necə baş verdiyini məruzə etməyimi istədilər. Mən təfsilatı ilə baş verənləri danışdıqdan sonra dərhal komsomol katibini çağırdılar. O da bütün hadisəni, hətta Laçinyanın mənim eşitmədiyim daha çirkin söhbətləri bir-bir komandirlərin diqqətinə çatdırdı. Hərbi hissə komandiri öz müavininə baş verənlərin ciddi olduğunu bildirərək Laçinyanı əvvəlcə edilən xəbərdarlıqlardan nəticə çıxarmadığı üçün məsələni yaxın günlərdə hərbi hissənin partiya iclasının gündəliyinə salınaraq müzakirə olunması və onun barəsində ciddi tədbir görülməsi haqqında müavinə tapşırıq verdi. Səhəri gün hərbi hissənin elan lövhəsində partiya iclasının keçiriləcəyi və gündəlikdə Laçinyanın şəxsi məsələsinin müzakirə olunacağına dair elan asıldı.

Axşam saatlarında bizim taborun kazarmasında əsgərlərin istirahəti zamanı Laçinyan və Babayan gözlənilmədən kazarmaya daxil oldular. Onlar məni mehribanlıqla həyətə gəzməyə dəvət etdilər. Laçinyan mənə böyük hörməti olduğunu, buradakı "sarıqulaqların" qafqazlıları gözləri götürmədiyini, birlikdə olmağımızın və s. vacibliyini bildirdi. Sonda dedi ki, "bəs səninlə o gün olan "söhbətimizi" yeni komsomol katibi komandirə başqa cür çatdırıb. Yəhudi Qolşmitd də bundan istifadə edərək mənim məsələmi partiya yığıncağında müzakirəyə çıxarıb. Mən hesab edirəm ki, biz qafqazlı olduğumuz üçün sən məni müdafiə edəcəksən və bundan sonra sən burada ürəyin necə istəsə xidmət edəcəksən". Cavabında mən ona məsələnin daha ciddi olduğunu, onun separatçılıqla məşğul olduğunu, hərbi hissədə olan ermənilərlə azərbaycanlılar arasında düşmənçilik yaratdığını, keçmişdə eşitdiyim hadisələri də onun diqqətinə çatdıraraq iclasda həqiqətin tərəfində olacağımı bildirdim. O, məyus halda getdi. Həmin iclasda Laçinyanın vaxtından əvvəl təqaüdə çıxarılmasına dair Bakıda yerləşən Baş Qərargaha təqdimat göndərilməsi haqqında qərar qəbul edildi və təqaüdə göndərildi.

1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayan zaman Moskvada dərc olunan "İzvestiya" qəzetinin müxbirləri S.Dardıkin və R.Lınevin Stepanakertdən hazırladıqarı reportajı qəzetin 24 mart 1988-ci il tarixli nəşrində oxuyarkən belə bir faktla tanış oldum. Həmin reportajda müxbir Stepanakertdə separat mitinqlərə rəhbərlik edən şəxslərin birindən müsahibə götürür. Müxbirin: "Axı, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılması barədə vilayət sosetində keçirilən səsvermədə azərbaycanlı deputatlar iştirak etməmişlər" sözünün qarşılığında həmin şəxs: "Nə olsun ki, əksəriyyət lehinə səs vermişdi" cavabını verir. Sonra müxbir, Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan DQMV statusu barədə hər hansı qərar qəbul etməyin SSRİ Konstitusiyasına, habelə SSR-nin digər qanunlarına zidd olduğunu bildirir. Qarşı tərəf bu zaman partiya liderlərindən imtina edəcəyini vurğulayır. Müxbirin daha sonra: "Bəs əgər hamı partiya biletindən imtina etməzsə, onda necə" sualına: "Onda partizan müharibəsinə başlayacağıq" cavabı gəlir. Müxbir ardınca qeyd edir ki, bunları bizə "Krunk" cəmiyyətinin rəhbəri, etiraz mitinqlərinin təşkilatçısı, istefada olan polkovnik-leytenant Laçinyan dedi.

Hərbi hissəmiz tez-tez Bakı və digər regionlarda keçirilən təlimlərdə iştirak etdiyindən, növbəti təlimlərin birində Xalq artisti Nəsibə Zeynalovanın Gəncədə hərbi xidmət keçən oğlu Cahangir Novruzovla tanış olduq. İlk gündən dostluğumuz başladı.

Hərbi xidmətdə birlikdə qulluq etdiyim azərbaycanlılarla dostuluğum indiyədək davam edir. Cahangir Novruzov və Toğrul Musayevlə olan münasibətlərimiz isə ailəvi dostluq münasibətinə çevrilmişdi. Onlarla bu gün də tez-tez görüşür və keçmiş xatirələri yada salırıq.