adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2018 14:42
66303
MÜSAHİBƏ
A- A+

Hər akademiyanı bitirən rəssam olmur... – MÜSAHİBƏ

Azərbaycanda istedadlı gənc rəssamlar çoxdu. Bunlardan biri də Aydan Vəliəhddir. Aydan xanımın rəssamlığa marağı, sevgisi hələ uşaqlıq illərindən mövcud idi. Qrafik ülubda rəsmlər çəkən gənc rəssam Rəssamlar İttifaqının da üzvüdür. Aydan xanımın dediklərinə görə, "hər rəssamın gözündə işləri dəyərlidi, gözəldi. Əlbəttə insan Allah deyil, amma rəssamlıq Allah vergisidi. Hər akademiyanı bitirən rəssam olmur. Mənə görə rəssam yaradıcılığına vaxt sərf edir, yuxusuz qalır, ona övladı kimi yanaşır...”

Adalet.az gənc rəssam Aydan Vəliəhdlə müsahibəni təqdim edir.


-Əvvəlcə sizi tanıyaq...

-1990-cı ildə Bakıda doğulmuşam. Uşaq yaşlarımda qardaşımla Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq evinə rəssamlığa getmişik. Rəssamlığa olan həvəsi ilk anam kəşf elədi bizdə. Uşaq vaxtından bütün sərgilərdə iştirak etmişik. Uğurlarımız çox olub. Rəssamlıq Akademiyasını da birlikdə oxuduq.


-Sərgilərdə iştirak edirsiniz?

-Vaxt çərçivəsində iştirak edirəm.


-Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz?

-Mən əslində kitab qrafikasını bitirmişəm. İxtisasım üzrə işləmişəm. Amma hal- hazırda yaradıcı qrafik rəsmlər çəkirəm. Sulu boyanı da çox sevirəm.


-Özünüzü rəssamlardan kimə daha yaxın hiss edirsiz?

-Atamın əmisi əməkdar incəsənət xadimi Həsənağa Ağayevdir. Uşaq vaxtından onun işlərini, əsərlərini görüb bəhrələnmişik. Azərbaycanda 50-ci illərdə əlifba dərsliklərini ilk o çəkib. Xəlil Rzanın portreti olsun, qrafik işləri, akvarelləri olsun, çox gözəl və maraqlıdı. Akademiyadakı məllimim xalq rəssamı professor Cəmil Müfidzadənin işlərini çox sevirəm. Çəkdiyim işlərimi ilk ona göstərirəm. Məsləhətləri mənim üçün çox önəmlidi, dəyərlidi.


-Modilyani deyir ki, rəssamlar Tanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir. Siz necə, öz əsərlərinizə can verə bilirsiniz?

-Rəssamlar incə ruhlu insanlardır. Hər rəssam öz işinə ürəyini qoyur. Eduard Monetin belə bir sözü var, "rəssam hər şeydən çox rəsmini sevməzsə o rəssam ola bilməz.” Hər rəssamın gözündə işləri dəyərlidi, gözəldi. Əlbəttə insan Allah deyil, amma rəssamlıq Allah vergisidi. Hər akademiyanı bitirən rəssam olmur. Mənə görə rəssam yaradıcılığına vaxt sərf edir, yuxusuz qalır, ona övladı kimi yanaşır...


-Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?

-Dünya rəssamlarının hamısı ilə çox yaxından tanış deyilem, amma bir çoxunun heyatı mənə maraqlı gəlib. Meksikalı rəssam Frida Kahlonun yaradıcılığı mənə uzqdı, ancaq şairlər, yazarlar onun əsərlərindən ruhlanıb, ilhamlanıb, filmlər çəkilib. Məşhur holland rəssamı Rembrantın əsərləri daha çox xoşuma gəlir. Akademiya illərində material işlərimdə onun işlərindən çap etdiklərim olub.



-Rəssamlar İttifaqına münasibətiniz…

-Rəssamlar İttifaqının üzvüyəm. Gənc rəssamlara dəstək olunmağını istəyirəm.


-Çəkdiyiniz əsərləri satırsınızmı?

-Əvvəllər şəkillərimi satmışam. Amma o demək deyil ki, hər rəssam rəsmi satmaq üçün işləyir, bəzən ehtiyac üçün satır. Çünki bir rəsm ikinci dəfə gözəl və eyni alınmır. Son 2 ildir şəkillərimi satmıram. Fərdi sərgim üçün rəsmlər işləyirəm.


-Azərbaycanda örnəkaldığınız rəssamlar varmı?

-Əlbbəttə var. Sakit Məmmədov, Toğrul Nərimanbəyov, Cəmil Müfidzadə, Səttar Bəhlulzadə, Arif Hüseynov, Tahir Salahov. Onu deyim ki, adımın qoyulması Tahir Salahovun qızı ilə əlaqəlidir. O vaxtlar Aydan adı çox olmasa da atam Tahir Salahovun qızının adını mənə də vermişdi. Diplom işimdə xalq rəssamı Oqtay Sadıqzadə rəhbərlik etmişdi. Oqtay müəllimlə şəxsi tanışlığım olmadı. Mən oxuyan illərdə vəfat etdi. Onun əsərləri ilə tanısam da portretləri daha maraqlı gəlir. Xüsusəndə Xurşidbanu Natəvan rəsmi.


-Bu sadaladığınız rəssamlardan hansının yolu sizin üçün doğmadı?

-Hər rəssamın öz texnikası, öz yaradıcılıq yolu var. Mən deyə bilərəm, kimin yolu ilə gedirəm. Çox istəyərəm məni öz rəsmlərimlə, öz işlərimlə tanısınlar.


-Akademiyada rəssamlığın fəlsəfəsi keçirilmir?

-Akademiya rəssam olmaq üçün gözəl məktəbdi və nə yaxşıki orada tələbə adını qazanmış, universiteti bitirmişəm. İstər həyat təcrübəmdə, istər yaradıcılıq baxımdan Akademiya lazımlı yerdir. Rəssamlıqla əlaqəli bütün dərslər keçirilib.


-Dünya rəssamlardan kimlərin əsərləri maraqlı gəlir sizə?

-Rembrantın "İsmayil Qurbanı” əsəri, Davinçinin "Mono Liza” əsəri.


-Van Qoqun qulağının kəsilməyimi yoxsa əsərləri sizi maraqlandırır?

-Van Qoqun həyatı faciəli olsada, əsərləri maraqlıdı. Məsələn, "Ulduzlu gecə” əsəri mənə Səttar Bəhlulzadənin əsərlərini xatırladır.


-Gələcək üçün hansı planlarınız var?

-Gələcək üçün planlarım çoxdu əlbət. Gələcək göstərər. Rəssam nə istəyə bilər ki, rəsmləri qiymətləndirilsin layiqincə. Rəsm müəllimiyəm. Şagirdlərimin uğurları mənim uğurumdur. Sərgilərə hazırlaşırıq, fəal iştirak edirik. Şagirdlərimdən birinin ilk fərdi sərgisi oldu. Nazirlikdən gəlib yoxlamışdılar da. Bu mənim üçün fəxrdir. Mən çox sevinirəm ki, bu gün ailəm, dostlarım ən çox da anam mənə dəstəkdi.

Söhbətləşdi: Oğuz Ayvaz