adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Yanvar 2018 12:53
33364
MARAQLI
A- A+

İnsanlar niyə intihar edirlər?

"Boğazı kəsmək” mənasını verən intihar sözü " bir insanın öz canına qəsd etməsi, əqli cəhətdən yetkin bir insanın öz istəyi ilə birbaşa və ya dolayı yolla həyatına son qoymasıdır. Qədim dövrlərdə insanlar dözülməz ağrılardan, dərdlərdən xilas olmaq üçün, yaxud da qəhrəmanlıq hisslərinin təsiri ilə intihar edirdilər. Çağdaş dünyamızda intihar halları ən inkişaf eləmiş toplumlarda belə geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdən olan İngiltərədə ildə 60.000, Amerika Birləşmiş Ştatlarında isə 200.000 intihara cəhd halları qeydə alınır. Çində hər iki dəqiqədən birözünəqəsd hadisəsi baş verir.Burda il ərzində 250000-300 000 özünəqəsdhadisəsi qeydə alınır.

Yüksək yaşayış şəraitinə malik Skandinaviya ölkələrində də, ümumiyyətlə, dünyanın əksər yerlərində intihar hadisələri ilbəil artmaqdadır. Statistikalara nəzər yetirsək görərik ki, dünyada hər 2 saniyədə bir insan intihara cəhd edir və hər 20 saniyədə bir insan suisidi gerçəkləşdirir. Dünyanın müxtəlif ölkələrində keçirilən sorğulara əsasən yeniyetmələr və gənclərin 80%-i periodik olaraq suisid haqqında fikirləşir. Təsadüfi deyil ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. Təşkilat 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görəsə, hər il təxminən 60 milyon insan intihara cəhd edir, 800 min insan məhz bu yolla həyatına son qoyur.

Bütün səmavi dünlər, o cümlədən islam dini də insana intihar haqqını verməmiş, bunu böyük günahlardan saymışdır. İntihar edən bir insanın inanc və əməlindən asılı olmayaraq, sırf intihar etdiyinə görə axirətdə böyük cəzaya düçar olacağını bildirmişdir.

"İntihar edənin aqibətini yalnız Allah bilir” deməklə yanaşı, məsələ ilə bağlı bəzi izahlar vermişlər.

Məsələn, ölümə yol açan bəzi yanlış əməllərin də intihar olub-olmaması məsələsi. İslam alimləri yaşamağa kifayət edəcək qədər yeyib-içmək fərz olduğu halda, "ölüm orucu”nu intihar kimi qəbul etmişlər. Belə ki, aclıqdan ölüm təhlükəsi ilə üzləşən müsəlmanların haram qidalardan ehtiyac qədər yeməsini və içməsini caiz görmüşdür. Bu da o deməkdir ki, din insan həyatını xilas etmək və qorumağa çox önəm verir. İnsanın düşdüyü ağır vəziyyətdən xilas olmaq üçün heç bir cəhd göstərmədən ölümü istəməsi də müəyyən mənada intihar sayılər. Ona görə də hər şeydən əlini üzən və əziyyət çəkən bir xəstənin evtanaziya ilə öldürülməsi dinin prinsipləri ilə bir araya sığmır.


İslam peyğəmbəri intihar haqqında nə buyurur?

Peyğəmbər hədislərində intiharı qadağan edir. Bu hədis­lərdə intiharın bağışlanmaz dərəcədə böyük günah olması həqiqəti çatdırılır. İnsan hansı üsulla intihar edirsə, cəhənnəmdə sonsuzadək həmin üsulla cəzalandırılır. Əbu Hüreyrə Allah Rəsulunun belə buyurduğunu nəql edir:

"Kim özünü dağdan atıb intihar edərsə, cəhənnəmlik olar. Orada əbədi olaraq özünü dağdan atmaqla cəzalandırılar. Kim zəhər içib intihar edərsə, cəhənnəm odunun içində əlində zəhər tutub onu əbədi içər. Kim də özünə bir dəmir (bıçaq, qılınc) saplamaqla intihar edərsə, cəhənnəmdə əbədi olaraq o dəmiri qarnına soxar”.

Araşdırmalar göstərir ki, intihara səbəb olan əsas amil psixoloji problemlərlə bağlıdır. İntihara meyilli insanlarda aşağıdakı xüsusiyyətlər müşahidə olunur:

1. Ailə və dostlarından uzaq qalmaq istəyir.

2. Sevə-sevə və həvəslə gördüyü işlərdən bezir və sıxılır.

3. Hər hərəkətinə görə təqsirkar olduğunu düşünür, qüsuru həmişə özündə görür və bunu həddən artıq böyüdür.

4. Xüsusən, gənclərdə diqqət dağınıq olur, tək qalmaq istəyirlər.

5. Belə insanlar özləri üçün nə qədər əhəmiyyətli olsa belə, dəyərli əşyalarını başqalarına hədiyyə edib özlərindən uzaqlaşdırırlar.

Bu ruhi əlamətlər depressiya əlamətləri ilə paralellik təşkil edir. Onsuz da, intihar depressiv hadisədir.

İntihar ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək, qisasdan qorxmaq üzündən baş verir. Sərxoş və ya narkotik maddələrin təsiri altında özünəqəsd intihar sayılmır.


İntihar haqqında faktlar:

Qadınlar intihar haqqında daha çox fikirləşsə də statistikalara göre intihar edənlərin əksəriyyəti kişilərdir.

Psixoloqların bəziləri intiharın şüursuz şəkildə baş verdiyini desələr də , cəmiyyətdə yüksək intellektə, ağıla, savada malik, kifayət qədər hörmət, nüfuz qazanmış şəxslər, elm, ədəbiyyat adamları, hətta psixoloqların özləri belə intihar ediblər. Nitsşe deyir: İntihar edənlər təkcə həyatdan doyduqları üçün intihar etmirlər, onların arzuları tükənir.

Məşhur yunan filosofları Pifoqor və Demokritin də intihar edərək öldüyü deyilir. Hər iki məşhur özünü aclığa məhkum edərək intihar edib.

Həmçinin, Aleksandr Fedeyev, Cek London, Cerard de Nerval, Ernest Heminquey, Hanten Stokton Tompson, Hart Kreyn, Petroni, Silvia Plat, Virciniya Vulf, Vladimir Mayakovski, Sergey Yesenin, Nilgün Marmara, Stefan Zveyiq kimi dünyaca məşhur yazıçıları intihar ediblər.

Rəssamlar arasında da inthar edənlər olub. Onlardan biri istedadı rəssam Van Qoq olub. Rəssam məşhur "Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə atəş açaraq intihar edib. Yazılanlara görə, hədsiz dərəcədə içki qəbul edən rəssam son vaxtlar ciddi psixoloji problemlər yaşayırmış.

Cazibədarlığı ilə milyonları məftun edən dünya şöhrətli Hollivud ulzudu Merilin Monronun da adı intihar edən məşhurlar sırasında hallanır. Öz yataq otağında cəsədi tapılan Monronun ölüm səbəbi kimi yüksək dozada həblər qəbul edərək intihar etməsi göstərilmişdi. Ancaq son illərdə dünya ulduzunu muzdlu qatilin öldürüldüyü versiyası da var.

İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlanaraq intihar edib.

Ötən il Azərbaycanda ilk dəfə idi ki, psixoloq Dəyanət Rzayevin intihar xəbərini eşitdik. Amma dünyanın bir çox ölkələrində psixoloqlar da intiharla həyatlarına son qoyublar. Məsələn, Türkiyədə elə ötən ilin aprel ayında psixoloq Tülay Gülən intihar etdi. O, İstanbulda yerləşən "Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq həyatına son qoydu. Psixoloqun intiharına səbəb depressiya olub. Tülay uzun illərdən sonra körpə yaşında imkanlı bir ailəyə övladlıq verildiyini öyrənir, əsl ailəsini tapır. İllər sonra tapdığı ailəsi onu ancaq pul makinası kimi qəbul edir. Nəticədə də psixoloq depressiyaya düşür, çıxış yolunu isə özünü öldürməkdə görür.

Rusiya prezidentinin mükafatına layiq görülmüş məşhur rus psixoloqu Mixail Kondratyevin də adı intihar edən psixoloqlar sırasında hallanır. Moskva Psixologiya-pedaqogika Universitetinin sosial psixologiya fakültəsində dekan, "Sosial psixologiya və cəmiyyət” beynəlxalq elmi jurnalın baş redaktoru vəzifəsində çalışan 59 yaşlı psixoloqun intihar səbəbi isə xəstəlik olub. Xərçəng xəstəliyindən əziyyət çəkən professor özünü öldürməklə həyatına son qoyub. Evindən tapılmış intihardan əvvəl yazdığı məktubda ölümünə görə heç kimi günahlandırmamağı, xəstəliyi ilə apardığı mübarizədən yorulduğunu qeyd edibmiş.

Əksər hallarda intihar edən şəxsin ailəsindən eşidirik ki, "çox xoşbəxt görünürdü, heç gözləməzdik” və s. bu tipli cümlələr. Amma nəzərə almalıyıq ki "intihar tipli adam” deyə bir termin yoxdur.

İlk növbədə intiharın səbəblərinə nəzər salaq. Bu səbəblər çoxdur: maddi vəziyyət, ailədaxili münaqişələr, depressiya, ixtilaflar və s. İntiharın səbəblərini qruplaşdıraraq psixiatrik, sosial, biloji, genetik və fiziki səbəblərini qeyd edə bilərik.

İntihara səbəb ola biləcək psixiatrik səbəblər: depressiya, şizofreniya, şəxsiyyət pozuntusu və s. psixi pozuntular.

Sosial səbəblər: sosial mühitdə öz mövqeyini tapa bilməyən, qruplardan təcrid olunmuş insanlar və s.

Bioloji səbəblər: beyindəki serotonin maddəsinin azalması;

Genetik səbəblər: irsilik amili, yəni əvvəllər qan qohumları arasında intihar faktının olması;

Fiziki səbəblər: xərçəng, QİÇS və digər sağalmaz xəstəliklər.

İntihar haqqında bir çox yanlış streotiplər var. Bunlar aşağıdakılardır:

İntihar haqqında fikirləşmək dəlilikdir. Doğru olan isə budur ki, hər bir insan həyatında bir dəfə belə olsa intihar haqqında fikirləşir.

Deyirlər ki, intihara bir dəfə cəhd edən insan bir dahabunu etməz. Ancaq bəzən bu fikirin tam əksi ilə qarşılaşırıq. İntihara bir dəfə cəhd etmiş insan yenidən cəhd etməyə daha cəsarətli olur.

Əgər bir insan intihar haqqında qərar verirsə artıq edə biləcəyimiz bir şey yoxdu. Lakin ilk öncə qeyd etməliyik ki, intihar krizi bir müddətlikdi və vaxtında lazımı tədbirlər görülərsə qarşısı alına bilər.

Bəzən intihar haqqında söhbətlərin insanda bu haqda müəyyən fikirlər yaratdığı iddia edilir. Əslində, bu söhbətlər yeni fikirlər yaratmır, sadəcə, şüuraltında olanları üzə çıxarır.

İntihar edəcək şəxs əvvəlcədən təhlükəli siqnallar və ipucları verir. O öz doğma əşyasını yaxınlarına əmanət edir. Ölüm haqqında tez-tez danışır. "Özümü öldürəcəkmişəm kimi hiss edirəm” və s. tipli cümlələrdən istifadə edir.


"Mavi balina” oyunu

Son dövrlər dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda yeniyetmələr və azyaşlılar arasında intiharların artma səbəblərindən biri kimi sosial şəbəkədə geniş yayılmış "Mavi balina” oyunu da göstərilir.

Oyunu rusiyalı proqramçı Filip Budeykin və qrupu hazırlayıb. Rusiyanın "VKontakte" sosial şəbəkəsindən oyuna qoşulmaq istəyənlərə WhatsApp vasitəsilə xüsusi link göndərilir. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlar soruşulur. Oyun ümumilikdə 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli və qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır.

Bütün bu tapşırıqları "uğurla" yerinə yetirən oyunçular 50-ci günün sonunda "balina" olmağa haqq qazanır. Elə "oyunun" da kulminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir. İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlara zərər gəlməsini istəməyən şəxs də məcbur qalıb intihara cəhd edir.

Bu ili də intihar xəbərləri ilə qarşıladıq. Belə ki, bir gənc özünü Ulduz stansiyasında qatarın altına, biri isə özünü Xəzər dənizinə atmaqla həyatına son qoydu. Özünü dənizə atan şair Məlik Cahan intihar etməyinə bir neçə gün qalmış buna hazırlaşırmış. Sosial şəbəkədə şəxsi hesabında ölümlə bağlı paylaşımlar edən, ölümünə qalan saatları sayan Məliki heç kim saxlaya bilmədi.

Əgər ətrafınızda dost-tanışlarınızdan kiminsə intihara meyilli olduğunu düşünürsünüzsə nə etməlisiniz? İlk öncə panika yaratmayıb sakitliyinizi qorumağa, onunla söhbət etməyə və bu fikrindən yayındırmağa çalışın. Lakin heç vaxt tam olaraq məsuliyyəti öz boynunuza götürməyin. Və həmin insanı tez bir zamanda psixoloji yardım almağa yönləndirin. Unutmayın ki, problem vaxtında müdaxilə olunmasa, sonra qarşısıalınmaz vəziyyətə gəlib çıxa bilər.

Məncə...

İntihar edən gənc üçün üzülmürəm, kimsə gedib özünü atacaq, gündəmi zəbt edəcək, sağ ikən şair kimi qazana bilmədiyi uğuru öləndən sonra qazanacaq. Pəəh! Əcəb işdi, əcəb ədəbiyyatdır. Dodaqucu təəssüf etdim, o qədər. Adam intihar edirsə, deməli, cəmiyyətdən qorxur, ona əyilir, ona uduzur. Əgər adamlar səni öz içinə itələyirsə, təpiyinlə vurub o qapını qırmalısan, üzlərinə qaytarmalısan. Lazım gəlsə, cəmiyyətin damarını tapdalayıb söyülməlisən, amma əsla uduzduğunu bu cür məzlumifadə etməməlisən. Sözdü də deyirəm, guya ki, hamının buna gücü çatırmış?! Hə, bax elə məsələ də budur. Mövludda da bunun şahidi olduq, indi Məlikdə də. Bir batalyon dostu ortaya çıxdı bu binəvaların. Heyf! Heç kim xilas etməyə cəhd etmədi. Nöşün? Oşün ki, adamların özləri bir yekə yas çadırında oturub ağlaşmaqla məşğuldurlar. Damla gəlir, ağladır, Elnarə Abdullayeva gəlir, ağladır, Üzeyir gəlir, camaatın damarını kəsir, tüstüyə, içkiyə düşkün eləyir. Şairi bir yandan, ziyalısı bir yandan ağlaşır. Elza düz deyirdi, düz tikirdi bunların ağzını... Bəlkə ağlatmadılar, bəlkə ağlaşmadılar.