adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2018 00:17
16025
GÜNDƏM
A- A+

TANRININ SALDIĞI YOL - ƏLİ HACI YOLU!

Onu tanıdığım gündən sevgisini qazandım -dost, qardaş sevgisini! Özünü xərcləməyi elə gözəl bacarır ki, bəzən ona həsəd aparmalı olursan. İstər ictimai fəaliyyətdə, istər ədəbi mühitimizdə. Bəli, məhz özünəməxsus deyim tərzinə, min illərdən üzü bəri gələn Dədə Sufi yaradıcılığını müasir dilimizin zənginlikləriylə calayıb bizə şirin, təmiz türk dilimizdə çatdırdığına görə Əli ədəbi mühitimizdə fərqli bir YOLDU ! Bəli, bu yol - Əli Hacı YOLudu!

Mən bu Yol haqqında çox düşünmüşəm. Özü də məqsədli şəkildə. Və siz də elə bilməyin ki, ağlıma yollarla bağlı deyilən fikirlər, yazılan şeirlər, oxunan nəğmələr keçir. Xeyr, bu heç də belə deyil. Sadəcə, mən söz adamının Söz yolu barəsində düşünmüşəm. Və bir də onda anlamışam ki, təkcə mən fikirləşmirəmmiş bu barədə. Həm də onu oxuyanlar, onun Söz yolunu görənlər düşünürlərmişg onlardan biri görkəmli akademikimiz Teymur Kərimli o Yol haqqında düşüncələrini öz məqaləsində belə ifadə edib.

"Əli Hacı şeirlərində sufilik bu təriqətin zahiri elementləri, onun halları, ayrı-ayrı termin və istilahları ilə deyil, mənəvi - ruhani aləmin bütöv poetik inikası; Şeyx Mahmud Şəbüstərinin, Şihabəddin Sührəverdinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Yunis İmrənin, böyük Füzilinin və ən nəhayət, Xətainin mənəvi dünyasından qopan işıq kimi təzahür edir. Sufiliyin bədii ifadə forması kimi şairlərimiz zaman-zaman klassik ədəbi janrlardan, aşıqlarımız isə şifahi şeirin formalarından istifadə etmişlər, Əli Hacı bu dairəni bir qədər də genişləndirmiş, onun yaradıcılığında ilk dəfə olaraq bu duyğularin sərbəst şeir parçaları ilə ifadəsinə rast gəlirik".

Və yaxud Milli Elmlər Akademiyasının əməkdaşı, İbrahim Quliyevin onun yaradıcılığı haqqında "Heyrətdən Həqiqətə doğru" yazdığı kitabdan bir nümunəyə baxaq.

"Əli Hacı bununla bitib dayanmır, o, min illəri aşıb gələn sufiliyin mücərrəd tezislərinin özül prinsiplərini XXI əsr poeziyasının mürəkkəb poetik fiqurları ilə addım-addım əyaniləşdirməklə, səbəb və nəticəni fəlsəfənin qədim dialektik dialoq üslubu ilə polemika meydanına çəkməklə yerdən imtina və ilahi məqamda yox olma istəyinin parametrlərini müəyyənləşdirməyə çalışır.

"Bütün bunları misal gətirməklə Əlini tanıtmaq yox, onu sevdirməyə yox, sadəcə bizim içimizdə səssiz-küysüz iddiasız, təmənnasız birisinin ədəbi mühitimizə verdiyi dəyərləri demək istədim.
Bəli, Əli Hacı içimizdəki o yaradıcı adamlardandı ki, dostumuz Kamıl Nehrəmli demişkən, o, min illərlə yaşayacaq!

Heç bir ədəbi yaradıcı quruma üzv olmadan, dedi-qodulardan uzaq fərdi qaydada yaradıcılığı hər şeydən, hətta prokuror, hakim olmaqçün ali təhsilli hüquqşünas diplomundan da üstün tutdu. Bu təmizlik bəlkə də onun şəcərəsinin Ərdəbil sufu Şeyxlərinə gedib çıxmasında da əsas rol oynayır ki, onu sevən dostları professor İslam Qəriblinin təbirincə desək, Əli Hacını müasir sufi yaradıcılığında ədəbiyyatımızın Şeyxi adlandırır!

Hə, mən Əli Hacının 50 yaşıyla bağlı fikirlərini bilgisayara diktə edəndə vurğulamışdım ki, bu adam söz üçün doğulub, sözün içində olmaq üçün gəlib bu dünyaya. Və onu da xatırlatmışdım ki, Əli həm də mənim iç dünyamın adamıdı - içimdə, yanımda, ruhumda olan ADAM! Bax, elə onu həmin o 50 ildən ağır-ağır, ləngərli-ləngərli sözünə söykənib 55 yaşına gəlib çatması mənim söylədiklərimin hardasa həm də təsdiqidi, yəni Əli sözün yanındadı. Və söz də hər yerdədi - onu eşidənlərin, duyanların, arzulayanların, oxuyanların!.. Deməli, Əli Hacı keçib gəldiyi öz və özəl yolunda sözlə bir yerdə olub və bu gün də bir yerdədi. Axı o, 55 illik həyat yolunun sözə sərf olunmasını şərəfləndirə bilib və...g

... 55-illik həyat yolu, içində nələri yaşamağı Əli Hacı yaradıcılığında özünü tapıb. Mən ürək dostu kimi, həm də onun tənhalığını özümdə də görüb tandığım kimi haqqında birinci yazmağı borc bildim. O həm də çətin günlərin sədaqət, etibar dostudu! Təmənnasız sevgisi var gülə, çiçəyə, daşa, adamlara, yaratdığı ədəbi dünyaya! Və bu YOL- Əli Hacı YOLudu!

Dostun, əməkdar jurnalist
Əbülfət Mədətoğlu


ƏLİ HACI

daha bəzək istəmir

ağızdakı sözümdə.

adam ola bilmədim

uzaqlaşdım özümdən !

ocağım tez alışır

altında-quru ahım .

yerdə yerim yaş düşüb ,

yeri burdan Allahım !

qapım quru taxtadı

açıq qalıb əyilib.

dik başıma bu dünya

alçaq gəlib əyilib !

quş da uçub gedəndə

yuvasına göz qoyur.

deyirsən Allah yoxdu ?

bax,sinəmə köz qoyur !

-------------------------

gölgəmi tapdadığım yerdəsən canım !
günəşin ,ayın üzünə
qaranlığa bulaşıb,işığa yuyunan.
əllə toxunub,gözlə oxunan,
güzgüdəki özün nəfəsiylə örtüb,
sudakı əksini bulaşdıran,
Allahın yerə əkdiyi son qələmsən...!

sözlə yamadığım yerdəsən canım !
gözlərimə düşən toz
kipriyimin qırıldığı yerdən keçib.
yer üzü də bir zaman

göy üzünün durulduğu yerdən keçıb…!

Cavanlığına uzaq,
qocalığına yaxasından baxan

Günü qatladığım yerdəsən canım !

Bütün gələcəklər keçib gedəcəksə

bütün keçənləri gələcək bil,

Allahın çəkdiyi son şəklisən... !

-------------------------------------

səndə - şəklidi mənsizliyin
mən də - kül altda sənsizliyin.
yəni , közün üstü örtülüb !
odun sağdı…

vurdum sənin sağlığına

yaşamaq-odla yaşamaqdı !

aç qapını,pəncərəni
qoy,külək girsin içəri.
göz yaşım çöldən gəlib
dözən buyursun içəri !

saldığım yollar boyu
qismətimi yan daşıdı.
bu boyda boy-buxuna
bir ürəyim qan daşıdı !

dostum,buyur,gəl içəri
qapımı aç isti-isti. 
"dost ya bir olar,ya iki "
çoxluğun yoxdan istədim .

hara getdin anam səndə
sənsiz gizlədim üzümü!
durub hər gün yola saldım
özüm gözlədim özümü !

isti olar,soyuq düşər
Tanrım ! sən də keç içəri !
bax,hamısı sən verəndi
Şükür,doludu içərim !

mən ölsəm sevin bir az

mən ölsəm bağışlama
bu vaxtı adam ölməz.
göylər yağışın tökməz,
yerin üstü göyərməz !

mən ölsəm heç ağlama
de ki,səf düşüb yeri.
göyə uzandığından
yoxsul üşüyüb əli…!

mən ölsəm sevin bir az
de ki,boşalıb dərdin.
mənim yerimə de ki,
iti,qurdu sevirdi…!

xatirələr şərabdan da betərmiş

heç bilmədim necə açdım səhəri
külək,yağış,bir də səndin gecəmdə.
xatirələr şərabdan da betərmiş…
xatırlanıb dincəlirdin gecəmdə !

çarpayıma səpələnmiş vərəqlər-
çiçəklərin ləçəyiydi bu gecə.
xərclədiyim ayın,günün içində
ölən günün göyçəyiydi bu gecə.

ay da yaxşı gizləmişdi özünü
səndən mənə danışırdım kimsəsiz.
son görüşdə o,nəmlənmiş gözünü
gözlərimə köçürürdüm köməksiz …!

--------

gəl

yol uzundu gəlirsən
bir az üzü sulu gəl.
yanın-yörən adamsa
öz bildiyin yolu gəl !

ac qaldınsa sevgiyə,
dur ula yerə,göyə.
gül yerinə söz göyərt
bi az könlü dolu gəl.

içinə at yükünü,
boşalt çiyin çəkəni…
sil üzdə çiy ləkəni
bəzəksiz də olur,gəl !

gecikdin,payız gəlib
öldüm,sonumuz gəlib…!
yasa adam az gəlib
sən də gözü quru gəl !

RUHUMU OXŞAYAN DOSTLARIMA

mən yaşamağın aşiqiyəm, Əfəndim !

susuz çöllərdə
çiçəkləri arzulamaq və dərməmək.
su həsrətiylə qazıb
qum altındakı nəmli qumu öpmək,
günəşin istisini bir qız adına sevmək,

bir dərvişin söz bazarında yaşamaq,

bir qəribin göz yaşlarına daşlanmaq,

ətəklərdən kəsilən əlləri

gələcək sevdasıyla oxşamaq,

bütün bunlara yaşamaq varsa…
yaşamağın dərin aşiqiyəm,Əfəndim !

----------

nə dildə danışım Allah…?!
bir az gün düşsün üstümə.
yanağımdan su atıram
yaxamdakı közərtimə !

gün çıxır,uzağ aparır
gələn günün yaxşısını.
üstün altına yığıram
ürəyimin ağrısının...!

quş təki qanad salıram
yolum,izim ayrı olur.
gözümlə düz xətt çəkirəm
yeriyirəm əyri olur.

Formun Üstü

------------

bu gün yadıma düşdün
elə bildim ölürəm.
demişdim ölənəcən
heç səni düşünmərəm.

dondurmuşdum adını
ilin hər bir fəslinə.
arxanca göz yuyurdum
bəlkə izin silinə…

xatirəndə soyuqdu...
boş yerim yox canımda.
yaddaşımdan keçirdin
ölüm keçdi yanımdan…!

---------

əyilib vaxtın əqrəbi
qoyacaq ömrü yarıda…
yeri yaş gəzdim quruda,
suda kağız gəmi kimi !

dünya-yaxam,yaxam dardı
yer boşaldım,yer daraltdım.
həyatında yox qaraltım,
yox işığım şamın kimi !

yarı öldüm,yarı qaldım
günün əli kirli qaldı !
altı,yeddi duam vardı
xərcləmişəm hamı kimi.

istəyərdim qoşa gedək,
bu yol sevər gedəsən tək !
məndən sora elə ah çək ,
yandırsın o daş şəklimi...!

-----------

gedişinə acı söz qat,
tut acıya göz yaşımı…
bir az xatirə saxla
aldadım öz başımı.

yol boyu suya boşalt
gözünnən şəkilləri.
Allaha şərik olmaz
kimsə sevməz təkləri…

sonra gəlibdə gəzmə
çıx payıza, ordayam…
göz yaşını daş elə
sıx payıza, ordayam !

---------

Qərib soydaşlarıma

içdə qərib yuvasıyam
bir az da üzdən bilinir.
gecələri yurd adına
şehlənən gözdən bilinir.

sərin çıxsada quyudan
içdiyim su isti olur.
aça bilmirəm yaxasın
isti , sinəm altı olur.

daşınmır məktublarım
yollar ağrıdan dağılıb.
ömrümün yazına qışın
qarı düşübdü, ağarıb.

içimdə durna qatarı
uçub getməz öz yazına.
özüm də öyrəndim,oğlum
adamlığın payızına.

------

hər şeyin içi yeyilir
hamı çıxır söz içindən.
Tanrı bizi də söz kimi
yazıb-pozur öz içində.

buludların baş ağrısı-
içində yağış ağrısı…!
yolumuzun daş ağrısı-
ayaq əzir öz içində .

sevgidisə gəl, yara bax
qaranlığdan döğur sabah .
payıza düşən qara bax,
əriyir bu yaz içində .

yaxşıdı heç olmamağdan
mənim tək dərviş olmağ da.
evdə yer olmadığından
ağlayır bir qız içində.

----------

Tanrı məni dərdmi doğdü ?!
bu nə evdi ? hey boğuldum.
gecədən sabah doğuldu
sabah da duman içində !

bu borc ömrü borcmu verəm?!
hər anıma can verirəm.
min illərdi qan verirəm
İncillə Quran içində!

ey,tərsinə möhür vuran
İblis- Mələk ,Mələk- yalan.
sənə yetməyə yol olan
dağılıb zaman içində.

bir ah çəksəm üşürsənmi?!
əvvəl,axır Bəşər sənmi?!
o xeyir sən,o şər sənmi?!
gəzirsən İnsan içində !

----------------------

bu il bar verə bilmədim
kimsə sormadı necəsən.
axşam qar yağdı üstümə
sən də gəl,qar görəsən.

məni görən yoxdu daha
kim ağrıdar gözün mənə ?!
hamı getdi göy üzü tək
uzağ bildi özün mənə.

şum altından qoymur çıxsın
yağış yuyur əkdiyimi.
demək görmür,görsə verər
Allah onnan çəkdiyimi…!

---------------

gözümün yaşıdı- suyun durusu

İlahi ! özümü dincə qoyuram
çıxıram hamının getdiyi yoldan.
gah işıq alladır,gah da hürən it ,
ürəyim gizlənir itdiyim yolda…

yaz dua edirəm, payız baxırsan
nimdaş dərdlərinin ünvanı məndə..!
sıxırsan ömrümü qram su çıxmır
gözüm su saxlamır ,günahı səndə..!

ağzımın dadı da qürbətə qaçıb,
dəli dilindədi sözün doğrusu.
üzüm qarasıdı - günümün rəngi
gözümün yaşıdı- suyun durusu !

------------------

Ozan

tənhalığ havası çal,
yastığım daşdı,ozan !
gəl,ruhumu gölgələ
hava qarışdı,ozan !

üzağdan gələn işıq
it səsiylə qarışıq…
əl uzadıb yanmışıq
yerimiz yaşdı,ozan !

bu başa-əl çətirdi,
payımı köz götürdüm.
mən ölüb göz götürdüm
ölüm-barışdı,ozan !

tənhalığ havası çal,
yastığım daşdı,ozan !

------------

Dəyərli qardaşım, gözəl yazarımız Vahid Məmmədliyə

götür damarımdan qan köçür,həkim
köçür bu torpağın yurd damarına.
ölüsün ərəbcə,dirisin rusca
dilində oxşayan yad damarına !

yoxdu ana dili,yox ana vətən
dilim də atamın,yurdda atamın.
min ildi yol gəlir Oğuz dastanım
dili türk dilidi-Qorqud atamın !

bir vaxt torpağımda at oynadanlar
əridi içimdə,dönüb biz oldu.
ayaq basdığımız torpaq-yurdumuz,
qılıncdan kəsərli dilimiz oldu .

yurd boyu ətəyi Bəy düzü olan
göylə salamlaşanTanrı dağı var !
götürün sərhəddi,səddi dilimdən
bizi özümüzdən ayırmağı var !

O Ağrı dağımı ağrını verən?!
durur Araz boyda-ağrılı yerim !
Göyçədi,Dərbəntdi,Ulu Borçalı
bədəni ruhundan aralı yerim !

Allahı bəndədən ayıran yoldu-
Babəkin bədəndən kəsilən qolu.
İncildi,Zəburdu,Quran yoludu
Mənsurun haqq adli kəsilən yolu !

Çaldıran düzündə yaralı tarıx…
bir Sultan,bir Şahım hələ can verir.
Hələbdə,Kərkükdə Nəsim adında,
Millətim adına yaram qan verir !

qoy deyim,incimə canım Qarabağ
ərisin içində şahid daşında…
bilmirdin Qacarın başın kəsməyin
bir gün çatlayacaq sənin başında !

açdım pərdəsini sənədli filmin
görk olsun bizlərə,buyurub baxın.
Tanrının,Allahın günahı varsa
dini İmanımdan ayırıb baxın !

götür damarımdan qan köçür,həkim
köçür bu torpağın yurd damarına.
ölüsün ərəbcə,dirisin rusca
dilində oxşayan yad damarına !

------------

yaz belə tez gəlmədi...
ah çəkdim qar əridi !
burax əlimi gedim
bu gün hava sərindi.

əl,ayağım ruhumun
xeyir verməz yüküdü.
gözlərimi yum mənə,
ölüm də bir sevgidi !

yamağ gəlir bədənə
üz-gözümdə qırışlar.
dur dalımca su çilə
atam,anam qarşılar.

bu gecə çıxım gedim
yer də sən bil,göy də O.
soran olsa deyərsən
düşüb ölüb göydən o !

--------------

məni Allaha tapşır

bacarırsan uzağ dur,
bir yer tap,qaç uzağa.
göylərdə bulud dolub,
yerdəsə mən-yağmağa !

sən də dur gəl,İlahi...
köhnə filmi qayçıla !
bu qızın alnındakı
bəlkə düyün açıla…!

söz qayıdır üstümə
yüngülləşib çəkisi.
üzümə üz tutmuşam...
qaradandı ləkəsi !

ürəyim-qar içində
bədənimi isitmə...
dur ağrını çırpginən
ölən mənim üstümə !

qopar əlində apar
köynəyimin yaxasın.
məni Allaha tapşır,
mənə ögey baxmasın !

--------------

icazə ver şəkil çəksin,
çəksin ayrılıq adamı.
sənin mənsiz sevincini,
mənim sağalmış yaramı !

bax, nə gözəl mənzərədi
ağ şəkilin qara qovur.
günəş özüdə sarıdı,
yandırmağa sarı qovur !

asaq yolda bir ağacdan
şəkil şəkilə qarışmaz.
yolun kefsiz adamları
yük altında yük daşımaz.

ağ qarayla yola getmir
gecə keçir səhər olur.
cırıb atıram bu şəkli
şəkilin də zəhər olur !

----------

Olsun

kədərimi qoyub getdim,
göz yaşına qurban olsun !
xatirələr yoxluğumla
barışına qurban olsun !

sinəmdə söz yatağının
gizlinləri yığın-yığın.
gözlərimin al yaylığı
baxışına qurban olsun !

gözün yoldan yığan bilər,
bəxtin-könül dağı bilər.
göydən daş da yağa bilər,
qarğışına qurban olsun !

gəl,güzgü tutma üzünə
özgə rəng qatma üzünə.
həyat rəngdi,vur özünə
göz-qaşına qurban olsun !

mənə qurban demə barı,
son mənzilim darın,darı…
bircə quru baxışların
baş daşına qurban olsun !

---------

karvanları keçib gedən
yollara dərviş qalmışam.
kilidi paslanmış evə
bir elçisiz daş qalmışam.

sözdü daşı hasarımın,
sözdü evi yazarımın.
gün qurutmaz bu halımı
çünki içi yaş qalmışam…

bilməm hansı üzdən gəlib…
qarğışım o, qızdan gəlib.
gələn hamı yazdan gəlib
mən hələ də qış qalmışam .

-------------

Ölmə

bəlkə,bir payız yaz gəldi
bəxtin gülər oldu,ölmə!
vaxtsız gələn payızlar
vaxtsız ölər oldu,ölmə… !

ilk bahardan qışdı çıxan,
ömrə şələdi çıxılan.
hər günün rəngdi yaxılan
bu da belə yoldu,ölmə !

soyuma hər şey tükəndi…
əllər köhnə ev tikəndi.
gözlərin ki,yol çəkəndi
birdən gələr oldum,ölmə !

bəlkə,bir payız yaz gəldi
bəxtin gülər oldu,ölmə !

----------

DURUM BİR EV TİKİM AYRILIĞINDAN

YAĞIR SON BAHARDA ,AYRILIQ YAĞIR,
YAĞIR AĞACLARIN BUDAĞLARINDAN.
YAĞIR KÜÇƏ-KÜÇƏ,EV-EV AYRILIQ
YAĞIR BİR GÖZƏLİN YANAĞLARINDAN.

DAŞDA DİVARLARDA DAŞI OXŞAYIR,
GÖY ÜZÜ QAR TÖKÜB QIŞI OXŞAYIR.
AYRILIQLAR BİR TANIŞA OXŞAYIR
ELƏ HƏSRƏT YAĞIR DODAĞLARINDAN.

SEL GƏLİB YUDUĞU YEL APARANDI…
RUHU SON MƏNZİLƏ YOL APARANDI.
İLAHİ ! BU XƏMİR SU APARANDI
DURUM BİR EV TİKİM AYRILIĞINDAN….!

-------------

sən də gəl

tikdiyim yaxınlığa
uzaqları kim salıb ?!
göy üzündə bulud yox,
gözlərimdi asılıb.

çəkilibsən qürbətə
gəlməyə dəvətim yox.
daha ağrıdan savay
təzə bir dövlətim yox .

isti yerim soyuyub,
qanıb donub ürəkdə.
səsini nida göndər
bir mühacir küləkdən.

adıma bir şam yandır
quruya çıx bu yaşdan.
göylərdə yaş saxlamır
bulud qovur başından..

qapımda əl izini
qoyubdu dincə Allah !
yol boyu ağac əkdim
sən də gəl,dincəl Allah !

-------------

Ruhum mənim

Ruhum mənim ! bir gün sən də
son payıza düşərsən .
qol-budağından yapışdığın dünyanın
saralmış çağını üşüyərsən !

əllərinə,üz-gözünə də
payız kimi baxarsan.
illərin arxasındakı özünə
yaz kimi darıxarsan !

payızdan uçub gedən quşlarda
boş yuva saxlayar sənə…
illər boyu başından vurduğun torpaq
boş yerinsaxlar sənə !

dur,əlindən tutum yıxılarsan,
gəl,üstünü örtüm soyuqlarsan !
səni payızdan çıxarım,
qış qorxumsan…!
deyirsən,
yazdada payızsan daha
üstümü ört !
təzə yol tapmışam Allaha !

----------------------

kəsdi

içdə dilim,çöldə sözüm
kəsdi yolumun qabağın.
güvəndiyim göy üzüdə
kəsdi əlimin qabağın.

göydən bulud yağışını,
yerdən bir qız qarğışını
tökdü üstümə,ağrısı
( qol götürüb oynamadım )
kəsdi qolumun qabağın.

bu yolu gedib darıxdım,
təkliyimə özüm yağdım...
arxamca bir göz baxırdı
kəsdi ölümün qabağın !

--------------------

Anar Yusifoğluna

bəzən elə gəlir soyuqsan
yaşanmamış bir evin soyuqluğu tək!
bəzən də qəribəsən
yaşanmış həyatın ağırlığı tək!

siqara tüstüsünə bənzər saçların,
baxışlarına bənzər söz ağrın!

səni gecələri yorğun qalıb
gündüzləri parlayan
gözlərindən tanıram.
göz yaşlarını gizlətməyindən,
içindəki özündən tanıram.

göy üzü torpağı sevgisindən sular,
dağları torpağın düzü saxlar,düzü
dünya saxlamadığı yerdə,
sıx gözlərinə saxla bizi!