adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Yanvar 2018 18:00
49750
MƏMLƏKƏT
A- A+

Qidaların keyfiyyətini harda yoxlayaq?

Son vaxtlar məişətimizdə istifadə olunan yağ məhsullarının qiymətinin artması insanların qədim zamanlardan istehsal və istifadə etdikləri nehrə yağına üz tutmasına səbəb oldu. Bu gün bazarların, demək olar ki, hər birində nehrə yağı satılır. Lakin bu məhsulun keyfiyyəti, tərkibi haqlı olaraq alıcılar arasında müəyyən şübhələr doğurur. Bu da nehrə yağının ev şəraitində hazırlandığından onun üzərində müvafiq məlumatlandırıcı rəsmi sənədin olmamasından yaranır.

Artıq bu barədə KİV-də, o cümlədən, "Ədalət" qəzetində də yetərincə araşdırmalar aparılıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun nehrə yağı ilə bağlı ictimaiyyətdə yaranmış suallara verdiyi cavabdan sonra yenidən bu mövzuya müraciət etmək məcburiyyətində qaldıq. E. Hüseynov bu sahədə yaranmış problemləri cavablandırarkən bildirmişdi ki, "ölkəmizdə yağları ekspertiza edən normal bir yer yoxdur". Bu fikir sözsüz ki, insanların yağ məhsullarının keyfiyyətləri ilə bağlı olan şübhələrini daha da artırdı.

Bir alıcı olaraq biz də bu şübhələrə aydınlıq gətirmək məqsədilə üz tutduq rəsmi qurumlara. Doğurdanmı, ölkədə belə bir laboratoriya yoxdur? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya təminatı və elektron idarəetmə şöbəsinin rəhbəri Fazil Talıbov ölkədə belə bir laboratoriyanın olduğunu və hətta onun Avropa standartlarına tam cavab verdiyini bildirdi: "Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi hələ 2009-cu ildən Azərbaycanda qida məhsullarının sınağını həyata keçirən laboratoriya quruculuğuna başlamışdır. O dövrdə Komitənin tərkibində AzTEST təcrübə-sınaq mərkəzi var idi. O ərzaq və qida məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının müxtəlif göstəricilər üzrə, həm fiziki-kimyəvi, həm mikrobaktoroloji, ağır metallar və digər göstəricilər üzrə sınaqları həyata keçirmək gücündəydi. Sonradan bu laboratoriyaya ət, süd məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, bir sözlə, bütün qida məhsullarının sınağını aparmaq imkanına malik olan müasir avadanlıqlar gətirildi və quraşdırıldı. Bu işin mütəxəssisləri burada müvafiq seminarlar keçirdilər və əməkdaşlarımıza xüsusi sertifikatlar təqdim etdilər.

Hətta laboratoriya inkişaf etdirilərək o səviyyəyə gəlib çatdı ki, 2012-ci ildə Azərbaycanın qeyri-neft idxal potensialının gücləndirilmək tədbirləri çərçivəsində sahibkarlara yardım göstərmək üçün onun Avropa akkreditasiya təşkilatlarından birində qeydiyyatı məsələsi gündəmə gəldi. 2012-ci ildə Almaniya akkreditasiya təşkilatına etdiyimiz müraciət nəticəsində bu təşkilatın ekspertləri bizim laboratoriyanın auditini etdikdən sonra beynəlxalq akkreditasiya sənədinə layiq görüldük. Yəni, laboratoriya bu təşkilat tərəfindən tanınmaqla özünün sınaq protokollarının artıq beynəlxalq səviyyədə tanınmasını təmin etdi. Həmin laboratoriyadan rəy alan sahibkarlar öz məhsullarının sınaq nəticələrini, protokollarını Avropa İttifaqı ölkələrinə çıxarda bilirdi. Sahibkarlar bu protokollarla xaricə məhsul çıxarda bilirlər və sənədləri digər dövlətlərdə təqdim edərkən yenidən bu məhsulların yoxlanmasına ehtiyac duyulmur.

Ölkə rəhbərliyinin 10 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq komitənin idarəetməsində aparılan təkmilləşdirilmə ilə əlaqədar AzTEST ləğv edildi. Və AzTEST-in bu sınaq funksiyası "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin tabeliyinə verildi. Beləliklə, hazırda həmin laboratoriya müasir standartlara cavab verir, avadanlıqlar yüksək səviyyədədir, personalı da o cümlədən peşəkardır. Bir daha qeyd edim ki, Avropa ailəsinin bir üzvü olaraq onun verdiyi rəylərin xaricdə tanınması təmin edilib.

Bununla yanaşı hələ bir neçə il əvvəl bu laboratoriyanın tərkibində yeni modifikasiya olunmuş məhsulların sınağını həyata keçirmək üçün xüsusi bir şöbə də yaradıldı və lazım olan avadanlıqlar alındı. Orda qida məhsulları analizini aparmaq, bundan başqa ətin tərkibinin DNT analizi həyata keçirərək mənşəyini, yəni, hansı heyvana məxsus olduğunu da müəyyən etmək də mümkündür.

Bildiyimiz kimi, 2021-ci ilədək ölkə qanunvericiliyinə əsasən yoxlamalar dayandırılıb. Hazırda yoxlamalar yoxdur. Həmçinin artıq bu ilin yanvar ayından Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb. Bu sahə üzrə bütün yoxlamalar mərkəzləşmiş olaraq bu quruma həvalə edilib".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da öz növbəsində ölkəmizdə belə bir laboratoriyanın olması ilə bağlı Komitə rəsmisinin fikirlərini təsdiqləsə də bildirdi ki, "mən müstəqil laboratoriyaları nəzərdə tutmuşam. O laboratoriyaları ki, onun verdiyi sənəd hüquqi sənəd sayılacaq və məhkəmədə keçərli olacaq. Bu laboratoriyalar analizi çox baha qiymətə edir. Vətəndaşlar 10 manata aldığı yağı necə 300 manat verib ekspertizadan keçirsinlər? Biz laboratoriya yaratdıq, dövlət qeydiyyatından keçirtdik, lakin orda işləyib öz imzasını məhkəmədə müdafiə edə biləcək insan tapa bilmədik. İnsanlar qorxaqdırlar. Məhkəmədə iddia qaldırdıqda dövlətin verdiyi sertifikatı təkzib edə bilmirlər".


Nicat Novruzoğlu