adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2018 16:06
19281
GÜNDƏM
A- A+

AZƏRBAYCAN: TOLERANT ÖLKƏDƏN TOLERANT DÜNYAYA DOĞRU

Böyük Qafqaz dağlarından Araz çayına qədər uzanan ərazidə yerləşən və eramızdan əvvəl I əsrdən bizim eranın VIII əsrinin əvvəllərinə kimi mövcud olmuş qədim Albaniya məhz Şimali Azərbaycanın coğrafiyasında yerləşirdi. Bugünkü Azərbaycan kimi qədim Albaniyanı da indiki terminologiya ilə multikulturalizmin hökm sürdüyü bir ölkə adlandıra bilərik. Strabona görə iyirmi altı etnik qrupun yaşadığı Albaniyanın xarici işğalçılara qarşı apardığı müharibələr, müstəqilliklərini itirdikləri ayrı-ayrı dövrlərdə isə öz süzerenlərinə qarşı qaldırdıqları üsyanlar haqqında çoxsaylı tarixi faktlar mövcud olsa da, mənbələrdə bu xalqların bir-birlərinə qarşı ədavəti və davasından bəhs edən bir dənə də bilgi yoxdur.

İsa Məsihin 12 həvarisindən biri olan müqəddəs Faddey hələ eramızın birinci əsrində xristianlığı təbliğ eləmək üçün Albaniyaya gəlir, lakin Ermənistan ərazisində olarkən erməni çarı tərəfindən əzabla qətlə yetirilir. Həmin dövrdə Albaniyaya gələn digər həvari, müqəddəs Varfolomeyin də həyatı əzablı ölümlə bitir. Rəvayətə görə başıaşağı çarmıxa çəkildikdən sonra da moizəsini davam etdirdiyi üçün diri-diri dərisi soyulan bu əzabkeşin ehtimal olunan üç edam yerinin biri Bakı şəhərindəki məşhur Qız Qalasının ətrafıdır. Arxeoloqların qala divarlarının yanında apardıqları qazıntı zamanı həmin yerdə, yəqin ki, nə vaxtsa onun şərəfinə tikilmiş xristian məbədinin qalıqları tapılıb. Əzabkeşin məhz burda edam edildiyi versiyasını qəbul edən Rus Provaslav Kilsəsi hər il Qız Qalasının yanında xüsusu ayin keçirdir. Müqəddəs Faddeyin şagirdi müqəddəs Yelisey də eramızın birinci əsrində bura gəlir. Onun ölkənin dilbər guşələrindən biri olan Şəkinin Kiş kəndində tikdirdiyi kilsə bu gün də dinindən asılı olmayaraq hər kəsin ehtiramla ayaq basdığı bir məbəddir.

Bundan sonra ayrı-ayrı missionerlərin bir neçə əsrlik təbliğatı sayəsində ölkə əhalisi arasında xristianlıq geniş yayılmağa başlayır və nəhayət, dördüncü əsrdə, alban çarı Urnayrın vaxtında ölkənin rəsmi dini elan edilir. Xristianlığın rəsmi dövlət dini kimi qəbulundan sonra Albaniyada xristian mədəniyyətinin yayılması daha geniş vüsət alır, çar III Vaçaqanın vaxtında isə (V əsrin sonları və VI əsrin əvvəlləri) öz pik həddinə çatır. Alban tarixçisi Musa Kalantaqlı yazır ki, onun hakimiyyəti dövründə tikilən kilsələrin sayı ilin günlərinin sayından çox idi. Albaniyanın süqutundan, ölkənin müsəlmanlaşmasından sonra da bu ölkədə xristian icmalarının hüquq və imtiyazları daim qorunmuş, kilsə, monastr və digər xristian abidələrinin tikintisi davam etmişdi. Ölkənin, demək olar ki, bütün bölgələrində ayrı-ayrı dövrlərdə inşa olunmuş onlarla belə abidələrə rast gəlmək mümkündür. Onların bəziləri öz görkəmini tam və ya qismən qoruyub saxlamış, bəzilərisə zamanın sınaqlarına və ya kommunist rejiminin repressiyalarına tab gətirmədiklərinə görə dağılıb məhv olmuşdu.

Müsəlmançılıq rəsmi dövlət dininə çevrildikdən sonra Azərbaycanda mövcud olmuş müxtəlif hakimiyyətlər və hökmdarlar dönəmində Alban xristianlarının öz mədəni və dini muxtariyyətlərini qoruyub saxlamaları barədə çoxsaylı faktlar söyləmək olar. Ancaq indiki Xocavənd rayonunun ərazisində yerləşən və hələ yuxarıda adını çəkdiyim mömin Vaçaqanın zamanında tikilən, yaxın vaxtlara kimi həm xristianların, həm də müsəlmanların müqəddəs saydığı, ziyarətgah kimi ehtiram bəslədiyi Amaras monastrının, eləcə də səlcuqların, daha sonra monqolların tabeliyində olan, Həsən Cəlalın vaxtında əsl intibab dövrünü yaşayan Xaçın knyazlığından miras qalan çoxsaylı abidələrin adını çəkmək kifayətdir. Həsən Cəlal tərəfindən inşa edilmiş və hazırda ermənilərin işğalı altında olan ərazilərdə yerləşən Gəncəsər monastrı, VI əsrdə tikilsə də Xaçın knyazlığı dövründə əsaslı şəkildə bərpa olunmuş Xudavəng məbəd kompleksi, kompleksə xüsusi yaraşıq verən Arzu xatun kilsəsi (Arzu xatun başqa bir Alban knyazının qızı, Vaxtanqın arvadı, Həsən Cəlalın anası olub) öz memarlıq üslubu və gözəlliyi ilə adamı valeh edir. Təəssüf ki, Azərbaycan Rusiyanın müstəmləkəsi altına keçəndən sonra Rusiya Sinodunun 1836-cı ildə verdiyi bir qərarla Alban kilsəsi ləğv edilərək erməni kilsəsinə birləşdirilir və bununla da bir xalqın əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin və bütün mənəvi irsinin başqa bir xalqın adına "pasportlaşdırılması” dövrü başlayır. Bu hələ azdır. Sinodun həmin qərarı bəzi qərəzli qərb səlnaməçilərinin təbiriylə desək, "zalım şərq hökmdarlarının minillik zülmündən” qurtulmuş alban milli identikliyinə birdəfəlikson qoyur və ən azı iki minillik bir xalqın həm özünü, həm də maddi-mənəvi irsini başqa bir xalqın yedəyinə calayır.

Bu qısa tarixi ekskursdan da göründüyü kimi Azərbaycan ən qədim dövrlərdən başlayaraq müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin bir yerdə, çiyin-çiyinə yaşadığı bir məmləkət olub. Fərqli mədəniyyətlər cəmiyyətdə bölücü rol oynamayıb, əksinə bu mədəniyyətlərin təmsilçilərini daha da yaxınlaşdırıb, onların dünya görüşünün, həyata baxışının və məişətinin zənginləşməsinə xidmət edib. Bu ölkədə lap qədimlərdən indiyə kimi yəhudi yaşayış məskənləri, kəndləri və qəsəbələri olub. Yəhudi toplumları həm Azərbaycanın iki əsrə yaxın müstəmləkəsi olduğu Rusiyada, həm inkişaf etmiş Avropa ölkələrində zaman-zaman yerli hakimlərin və əhalinin qəzəbinə tuş gəlsələr də, talan və qırğınlarla üzləşsələr də, onların azərbaycanlılarla heç vaxt heç bir problem olmayıb, yaxın dost və qardaş kimi yaşayıblar. Ümumiyyətlə, zaman-zaman xarici havadarlarına arxayın olan ermənilərin Azərbaycana qarşı heç bir tarixi və hüquqi əsası olmayan ərazi iddialarından dolayısı yaşanan münaqişələrdən başqa bu ölkədə etnik zəmində hər hansı bir toqquşmaya nə tarixi mənbə və xronikalarda, nə də mifoloji qaynaq və əsatirlərdə rast gəlmək mümkündür. Əksinə, bu mənbələr onların birlikdə silaha sarılaraq yadellilərə qarşı vuruşması haqqında çoxsaylı faktlarla, dostluq və qardaşlığı təbliğ edən ölməz yazılı və şifahi ədəbi nümunələrlə zəngindir.

Yuxarıda qeyd etdik ki, Azərbaycanda xristianlıq lap qədimlərdən, Alban çarlığı zamanından geniş yayılmışdı. Lakin ölkənin bugünkü xristian icmalarının mənsubları təkcə həmin albanların varislərindən ibarət deyil. Sonrakı dövrlərdə, xüsusilə XIX əsrdən etibarən ayrı-ayrı xristian təriqətlərinin nümayəndələri intensiv şəkildə bura axışmağa başlayırlar. Onların bir qismi, konkret olaraq ermənilər ölkənin etnik simasını dəyişmək üçün köçürülmüş, bir qismi, konkret olaraq baptist molokanlar sürgün edilmiş, bir qismi, konkret olaraq hələ 2-ci Yekatirinanın vaxtında Rusiyada məskunlaşdırılmağa başlanmış bəzi prostestant alman icmalarının nümayəndələri isə iqtisadi vəziyyətin dirçəldilməsinə yardım məqsədilə bura göndərilmişdi. XIX əsrin əvvəllərində, yəni Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra əsasən ölkənin Qərb regionunda yerləşdirilmiş həmin almanlar bu il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Demokratik Respublikası dövründə ölkənin siyasi həyatında çox fəal iştirak edirlər. Cümhuriyyət parlamentində milli azlıqlar fraksiyasının dörd üzvündən biri də sözü gedən alman azlığının təmsilçisi Kun Lorens olub. Onun aşağıdakı sözləri 1918-20-ci illərdə də Azərbaycanın demokratik və tolerant bir dövlət qurduğunun çox bariz nümunəsidir: "ADR almanları gələcəyə baxır, öz milli mənsubiyyətlərini qoruyacaqlarına, dinc həyatlarına davam edəcəklərinə ümidlidirlər və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar”. Təəssüf ki, 1920 ci ilin aprel ayında həmin cümhuriyyət bolşevik işğalı nəticəsində süqut edir, Kun Lorens də əksər cümhuriyyətçilər kimi Sovet repressiyasının qurbanı olur və 30-cu illərdə sürgündə vəfat eləyir. Alman icmaları isə 2-ci Dünya müharibəsi vaxtı Stalin tərəfindən tam şəkildə Azərbaycandan sürgün olunur. Xatırladaq ki, 2016-cı ildə Azərbaycan prezidenti Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illiyi ilə bağlı xüsusi sərəncam imzalamışdı.

Ayrı-ayrı dini konfessiyaların nümayəndələrinin missionerlik fəaliyyəti ilə bağlı Azərbaycana gəlişi isə XIX əsrin axırlarına təsadüf edir. İlk dəfə Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda tikilən Lüteran məbədində (ilk belə kilsə 1857-ci ildə Xanlar rayonunda tikilmişdi) bu gün də dini mərasimlər keçirilir. İndi ölkədə ortodoks xristian kilsələrindən başqa protestant təriqətinə mənsub xeyli dini icmalar azad şəkildə fəaliyyət göstərir.

Yuxarıda qısa icmalını verdiyim tarixi ənənələrə söykənən tolerantlıq və dini-etnik rəngarənglik bugünkü Azərbaycan cəmiyyətinin də əsas simasını təşkil edir, onun mənəvi dəyərlər sisteminin məhək daşı, ölkə prezidentinin çox sərrast ifadəsi ilə desək, qürur yeridir. Milli mədəniyyətlərin inkişaf etdirilməsi ilə bağlı 90-cı illərin əvvəllərində verilmiş prezident fərmanından başlayan proses ardıcıl olaraq inkişaf edərək bu gün yüksək mərhələyə qədəm qoymuş, dini tolerantlıq və multikulturalizm dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilib.

Şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşən Azərbaycan təkcə coğrafi baxımdan yox, ortaq mənəvi dəyərlər və yaşam tərzi baxımından da bu iki qütb arasında körpü rolunu oynayır. Ölkənin dini tolerantlıq və multikulturalizm sahəsində qazandığı təcrübə onun sərhədlərindən kənarda da öyrənilməyə başlayır. Hazırda Qərb ölkələrinin universitetlərində multikulturalizmin Azərbaycan modeli tədris olunur. Bakı şəhəri milli və dini münasibətlərə bağlı nüfuzlu beynəlxalq tədbirlərin, elmi-praktik konfransların keçirildiyi bir məkana çevrilib. 2010-cu ildə möhtərəm prezidentimizin təşəbbüsü ilə burda "Qlobollaşma, din və ənənəvi dəyərlər” mövzusunda 200-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə geniş beynəlxalq tədbir keçirildi. BMT və bir sıra nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlığı ilə hər iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə son dövrlər müxtəlif dinlər arasında gün-gündən gərginləşən münasibətlərin yumşaldılması baxımından olduqca mühüm və pozitiv bir addımdır. Bir neçə il əvvəl prezident fərmanıyla Bakı Multikulturalizm Mərkəzinin yaradılması da bu istiqamətdə görülmüş vacib işlərdən biri hesab edilə bilər.

Dini tolerantlıq və multikulturalizm təkcə dövlətin yox, ölkədə fəaliyyət göstərən nüfuzlu ictimai təşkilatların da daim diqqətdə saxladığı və geniş önəm verdiyi bir mövzudur. Bu istiqamətdə gördüyü işlər baxımdan ən çox seçilən qurumlardan biri Heydər Əliyev Fondudur. Fondun ardıcıl olaraq nəinki ölkə daxilində, onun hüdudlarından kənarda da keçirdiyi çoxsaylı tədbirlər yerli və beynəlxalq KİV-lərdə geniş şəkildə işıqlandırılıb. Bir neçə il əvvəl Paris şəhərində keçirilmiş və dünya mediasının diqqətini cəlb edən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfrans da məhz həmin Fondun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu.Ümumiyyətlə, xarici ölkələrdə bu istiqamətdə vaxtaşırı olaraq müxtəlif səpgili tədbirlər keçirilməsi artıq ənənə halını alıb. Həmin tədbirlərin çox ciddi rezonans doğurmasında, heç şübhəsiz, ölkənin birinci vitseprezidenti, sözü gedən fondun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi nüfuzu da böyük rol oynayır.

Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslər və əldə etdiyi zəngin təcrübə dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən daim yüksək qiymətləndirilir, ona qarşı güclü bir etimad mühiti formalaşdırır. BMT Baş Məclisinin 2014-cü il sessiyasında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi haqqında qərar qəbul edilməsi də məhz bu etimadın nəticəsidir. 2016-cı ildə Bakıda keçirilən həmin tədbirə140-dan çox ölkənin nümayəndə heyəti, beynəlxalq qurum və dini konfessiyaların, eləcə də digər ictimai təşkilatların təmsilçiləri qatılmşdılar.

Ölkədə multikultural dəyərlərin inkişaf etdirilməsində, müxtəlif konfessiyaların azad və sərbəst fəaliyyət göstərməsində, ayrı-ayrı dinlər və dini təriqətlər arasında ayrı-seçkiliyə imkan verilməməsində Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin fəaliyyətini də qeyd etməmək mümkün deyil. Eyni zamanda dini fəaliyyət sahəsində mövcud qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunmasında , eləcə də son dövrlər dünyada baş verən dini-etnik münaqişələr fonunda ölkədə dini ekstremizmə şərait yaradılmasına imkan verilməməsində həmin qurumun uğurlu fəaliyyəti olduqca diqqətəlayiqdir.

Bütün bunların nəticəsidir ki, artıq dünyanın tolerantlıq və multukulturalizm leksikonuna "Azərbaycan modeli” deyilən bir anlayış daxil olub. Artıq bu ayrıca bir fənn kimi nəinki ölkənin özündə, hətta Avropa universitetlərində tədris olunur. Keçən il Azərtac İnformasiya Agentliyi bu fənnin dünyanın 15, Azərbaycanınsa 38 ali təhsil ocağında keçilməsi barədə məlumat yaymışdı. Bundan əlavə mövzu ilə bağlı mütəmadi olaraq təşkil olunan virtual Dəyirmi Masalarda Amerika, Avropa, Asiya və Afrika qitələrində yerləşən ölkələri təmsil edən alim, ekspert və tələbələr iştirak edir, fikir mübadiləsi aparırlar.

Bir sözlə, bu gün Azərbaycan dövlətinin əsas devizlərindən birinə çevrilmiş "tolerant ölkədən tolerant dünyaya doğru” şüarı uğurla həyata keçirilir, digər sahələrdə əldə olunan nailiyyətlərlə yanaşı onun dünyadakı yerini və rolunu daha da möhkəmləndirir.