adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2018 13:19
12896
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOLLAR BUZ BAĞLAYIR

Bir neçə gündür ki, respublikamızın ərazisində qış özünü göstərməyə başlayıb. Yəni soyuq hava şəraiti, şaxtalı və qarlı günlər deyəsən yavaş-yavaş bizə yaxınlaşır. Düzdür, ölkəmizin çox yerində qar yağmasa da, ancaq dağlıq rayonlarda qar yağıb və bu gün də yağmaqda davam edir. Öncədən onu deyək ki, şaxtalı və qarlı günlərin kənd təsərrüfatına çox böyük xeyri dəyir.

Təəssüflə qeyd etməliyik ki, dekabr və yanvar ayının birinci 15 günlüyü heç də kənd adamları üçün sevindirici olmayıb. Ən azından ona görə ki, onların əkdikləri taxıl sahələrində və meyvə bağlarında gəmiricilərin sayı artıb. Kənd adamının diliylə demiş olsaq, siçovullar taxılın axırına çıxıblar. Hansı ki, taxılın və eləcə də digər kənd təsərrüfatı məhsullarının normal inkişafı üçün qarlı və şaxtalı hava olduqca zəruri hesab edilir.

Son günlər isə ölkənin əksər rayonlarında havalar bir qədər dəyişib və qeyri-sabit keçməyə başlayıb. Xüsusən də bir neçə gün bundan əvvəl Şamaxıya, İsmayıllıya qar yağması nəticəsində respublika əhəmiyyətli yollarda bir çox çətinliklər yaranıb. Belə ki, Bakı-Şamaxı avtomobil yolu qar yağdığından həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti mürəkkəbləşib. Təbii ki, sürüşkən hava şəraitində avtomobilləri idarə etmək o qədər də asan olmur. Belə ki, yollar buz bağlamamışdan öncə gərək o, mütəmadi olaraq texnika ilə təmizlənsin və təhlükəsiz vəziyyətə salınsın.

Bir neçə gündür ki, Bakı-Şamaxı yolunda və eləcə də Ağsu dolaylarında avtomobil sürücüləri üçün əsl sınaq anları başlayıb. İnsaf naminə demək lazımdır ki, hava şəraitinin mürəkkəb keçəcəyi ilə bağlı öncədən milli hidroloji mərkəz lazımi qurumları məlumatlandırmış və onlara xəbərdarlıq etmişdir. Hidrometroloqlar da bildirmişdilər ki, son günlər havalar kəskin dəyişəcək, dağlıq rayonlara qar yağacaq və şaxta düşəcək. Təbii ki, bu məlumtaların öncədən verilməsi həm yol istismar idarələrinin, həm də yol polisinin vəzifə məsuliyyətini daha da artırır.

Qarlı günlərdə Bakı-Şamaxı avtomobil yolu ilə hərəkət edən «Prado» markalı avtomobilin sürücüsü Həsən Quliyev bildirir ki, yola çıxanda gördüm ki, avtomobil yolu texnika ilə təmizlənir. Üstəlik də, Bakı-Şamaxı yolunun buzlu və sürüşkən olduğu yerlərə maşınla fəhlələr qum qarışıq duz tökürlər. Mən Ağsu dolaylarına qədər avtomobillə hərəkət etdim. Düzdür, həmin istiqamətdə maşını idarə etmək çox çətin idi. Amma nə yaxşı Ağsu dolaylarının buz bağlamış hissələrinə duz qarışıq qum səpilmişdi. Yoxsa əks təqdirdə həmin istiqamətdə hərəkət etmək avtomobillə mənim üçün çox çətin olardı. Nə yaxşı ki, yol istismar idarəsi qarlı havada öz üzərinə düşən missiyanı yerinə yetirə bilir.

Bakı-Şamaxı avtomobil yolunda Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları xidmət aparırlar. Artıq bu əməkdaşlar qarlı, çovğunlu və şaxtalı havalara çoxdan alışıblar. Özü də tağımın əməkdaşları yaxşı bilirlər ki, Bakı-Şamaxı avtomobil yolunun hansı hissələrində qarlı havalarda avtomobilləri idarə etmək çətin olur. Onlar öncədən bu yerləri müəyyənləşdirirlər və yol istismar idarəsi ilə birlikdə mövcud təhlükəni aradan qaldırırlar. Əlbəttə, hər hansı problem elə həmin an deyil, həmin andan öncədən müəyyənləşəndə onu aradan qaldırmaq daha asan olur. Məhz bu mənada Yol Patrul Xidməti Alayının 3-cü tağımı ilə yol istismar idarəsi avtomobil yolunun bu cür təhlükəli yerlərini əvvəlcədən aşkarlayıb qabaqlayıcı tədbirlər görürlər.

Bir neçə gündür ki, Bakı-Şamaxı yolunda, xüsusən də Ağsu dolaylarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bayaq dediyimiz kimi, bu məqsədlə lazımi qabaqlayıcı tədbirlər zamanında gerçəkləşdirilməyə başlayıb. Heç kimə sirr deyil ki, yollar buz bağlayanda və sürüşkən olanda qəzaların baş verməsi üçün münbit şərait yaranır. Bu şəraitin tamamilə aradan qaldırılması üçün isə məhz qabaqlayıcı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Qar yağanda 3-cu tağımın əməkdaşları bir qayda olaraq sutkanın 24 saatını gücləndirilmiş iş rejimində çalışır. Belə bir şəraitdə işləmək isə nə qədər çətin olsa da, sonda mövcud problemlərin həllində əsaslı əhəmiyyət kəsb edir.

Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Mərdan Mehdiyev mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq görülmüş qabaqlayıcı tədbirlərdən danışarkən bildirdi ki, qarlı havalar tək sürücüləri deyil, bizim əməkdaşları da sınağa çəkir. Biz maksimum səviyyədə çalışırıq ki, həmin günlər baş verəcək qəzaların qarşısını qabaqlayıcı tədbirlər nəticəsində ala bilək. Öncədən stasionar postda mürəkkəb hava şəraiti ilə əlaqədar sürücülər saxlanılaraq maarifləndirilir və onlara xəbərdarlıq edilir. Xəbərdarlıq edilir ki, yollar buz bağlayanda sürət həddinə əməl etsinlər, ara məsafəsi saxlasınlar. Ən başlıcası isə avtomobillərin şinlərini qış mövsümünə uyğun yeniləsinlər. Yəni təkərlər qış mövsümünə uyğun olanda o sürüşmür və təhlükəli vəziyyət yaranmır. Ona görə də bir daha Bakı-Şamaxı yoluyla hərəkət edən sürücülərin nəzərinə çatdırırıq ki, qarlı-şaxtalı havalarda daha diqqətli olsunlar və nasaz avtomobillə yola çıxmasınlar. Onu da qeyd edim ki, qarlı havalarda yolda qalmış sürücülərə əməkdaşlarımız lazımi köməklik göstərir və hətta stasionar postda çətin vəziyyətdə olan və xəstələnən sürücülərə diqqət göstərilir. Aydındır ki, bu cür addımların atılması yol polisi-sürücü münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.

Göründüyü kimi, son günlər havaların soyuması, qarın yağması və şaxtanın düşməsi Bakı-Şamaxı avtomobil yolunda qabaqlayıcı tədbirlərin həyata keçirilməsini çox zəruri edir. Ona görə də bu istiqamətdə hərəkət edən hər bir sürücü hava şəraitini nəzərə almalı, meteroloji şəraitə uyğun sürət həddi seçməli, buzlu yollarda mütləq ara məsafəsi saxlamalıdır. Əgər belə olarsa, o sürücünün mənzil başına sağ-salamat gedib çatmasına heç bir şübhə yeri qalmaz.