ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏBÜLFƏZ ÜLVİ

ÜRƏYİ DƏYİŞSƏN

8870    |   2018-01-13 00:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanrım, ürəkləri dəyiş sinədə,
Dərd, ələm toplaşan tini olmasın.
Eşqi tükənməsin, gülsün yenə də,
Hər şey doldurulan sini olmasın.

Heç vaxt yol verməsin nahaq yol aza,
Yox etsin hər cürə qəmi, xiffəti.
Əlavə bir əza yarat, o əza,
Qoymasın ürəyə kini, nifrəti.

Yalnız məhəbbətə qaynasın qanı,
Paxıllıq olmasın bircə zərrə də.
Zəhmətdə tərləsin insanın canı,
Xəcalət təriylə qoyma tərlədə.

Tamahı, nəfisi atsın közlərə,
Məhv etsin, yox etsin ölü dirini.
Elə bir ruh versin ruhsuz gözlərə,
Hamı əziz görsün biri-birini.

Kimsə, bir kimsəni etməsin üzgün,
Hər zaman ləyaqət gətirsin ada.
Bəlkə bu əzadan xoşlana bir gün,
Bir ürək istəyə səndən dünya da.

Mehr ilə bəzənsin mənim də təbim,
Ələ yaxşı-pisi, ələklə dəyiş.
Amma bir xahişim vardır, ya Rəbbim,
Ürəyi dəyişsən, ürəklə dəyiş.


NAMƏRD ADAMLAR

Heç vaxt gəzdirməyib sevgi başında,
Nifrəti yar anıb Namərd adamlar.
Toyunda gülməyib elin, yasında,
Güzgüdə daranıb namərd adamlar.

Xeyri işə salıb durduğu yerdə,
Söyülüb tələni qurduğu yerdə,
Gizlənib yaltaqlar olduğu yerdə,
Ürəyi dar anıb namərd adamlar.

Yaxasın qurtarıb onlardan duyum,
Salıb el gözündən lil zatın, soyun,
Üzünə ələnən tüpürcək suyun,
Ən böyük bar sanıb namərd adamlar.

Etdiyi nə varsa yalnız şər olub,
Soldurmaq istəyib, harda zər olub,
Namərdlik işində milyoner olub,
Lənətlə varlanıb Namərd adamlar.

Zəhmətin, əməyin tutmaz ucundan,
Quyruq bulamasa ölər acından,
Tülküylə Çaqqalın izdivacından,
Sən demə yaranıb namərd adamlar.
ÖMRÜMÜ

Olmuşam ömrümün özüm hakimi,
Bəli, verməmişəm boşa ömrümü.
Amalım, niyyətim işıqfor kimi,
Qoymayıb yolunda çaşa ömrümü.

Qoymadım düyün tək qaşa vurulsun,
Haqqa daş atmadım, daşa vurulsun,
Elə yaşamadım başa vurulsun,
Sevdim özüm vurum başa ömrümü.

Yanardım gül əkib, gülməsəydi o,
Ölərdim, yurd üçün ölməsəydi o,
Vətən, el karına gəlməsəydi o,
Könüllü verərdim xışa ömrümü.

Laçın əsir düşdü, ondan yaş aldım,
Xocalım məhv oldu qara qış aldım,
Bəlkə də ləbələb yüz il yaşardım,
Qəmə bükməsəydi Şuşa ömrümü.

Fəqət, bu acıya dözməyir ürək,
İstəmir söyləsin "nə olur görək,"
Əsir torpaqları almasam, gərək,
Verim kirayəyə daşa ömrümü.
MƏNİ DÜŞÜNDÜRƏN

Nədən qaynaqlanır bu gözəlliyin?
Əqidən, əməlin elə şərəfdir.
Sanki səndən alıb Qu gözəlliyin,
Nə var təbiətdə sənə tərəfdir.

Kamil bir insansan, kamil bir insan,
Ətrafın doludur el sevgisiylə.
Adını tarixə qeyd edir zaman,
Gül də səni sevir, gül sevgisiylə.

Hər yerdə şəninə deyilir əhsən,
Qəlbdə rəğbət taxtı qurulub sənə.
Sən elmin elə bir zirvəsindəsən,
Sanki elmimiz də vurulub sənə.

Müəllim peşənə eyləmirəm şəkk,
Zəhmətin, əməyin getməyib hədər.
Dində də deyilir bir söz öyrətmək,
Sayılır altmış il ibadət qədər.

Nədənsə bir işi anlamıram mən,
Axı başqasından nəyimdir kəsir?
Hamıya dərs verib, dərs öyrədirsən,
Məni eyləmisən özünə əsir.

Məni düşündürən başqadır fəqət,
Özün de, özün aç bu nə sirdir, sirr?
Bu boyda şöhrət, şan, bu boyda ismət,
Bir zərif vücuda necə yerləşir?

GƏLİR

Qarmaqarışıqlıq dövrünə

Zaman da bel bükür, şaxına gəlmir,
Nakəsə yol gedir, düzə iz gəlir.
Eşqə qol açırsan yaxına gəlmir,
Dərd canı qucmağa dəvətsiz gəlir.

Şahanə olmayan, şahanə gəzir,
Özü də bilməyir daha nə gəzir,
Haqqa çağırılan bəhanə gəzir,
Aşa çağırılan yüzə yüz gəlir.

Boş vədlər boşuna başı bələdir,
Dövran kimə cənnət, kimə tələdir,
Namərd dünyasında qayda belədir,
Qəlb buzu əritmir, qəlbə buz gəlir.
Nadan başa qalxır göz döyməsindən,
Kül közə çevrilmir, göz döyməsindən,
Məzlum başa vurub, diz döyməsindən,
Zalım ovqatına sanki həzz gəlir.

Deyirəm sözümü eşitsin zaman,
Qoy öz hesabını aparsın yaman,
Dərdi söyləyəndə olmursa aman,
Bilsin sözdən sonra, gönə biz gəlir.

İKİ ALTI

17 noyabr tarixdə 66 yaşım tamam olur

İki altı verib ömrümə anlar,
Elə dayanıblar məğrur altılar.
Sanki bir-biriylə bəhs edir onlar,
Daha çox özünü hansı artırar.

Sürətlə çapsa da illər yel atı,
Bu yaş gətirməyib mənə ayıblar.
Ömrümə şərəfi bu iki altı,
Qızıl onluq kimi bir-bir sayıblar.

Yox-yox, bu yaşımı mən sanmıram ar,
Sanmayın könlümün bu yaş ahıdır.
Yanaşı dayanan iki altılar.
Hələlik ömrümün qərargahıdır.

Hərdən danışıram qaralarınca,
Razıyam daima qovğa salalar,
Qorxuram sülh ola aralarında,
Heç biri artmaya, altı qalalar.

Mənim bu dünyada bir arzum da var,
Əməlim işini kaş elə qursun,
İndi başı göyə duran altılar,
Utanıb, başları aşağı dursun.

BİLSƏYDİM

Bilsəydim sən belə gül olacaqsan,
Bülbül də olsaydım, şeyda olmazdım.
Bilsəydim ocaqda kül olacaqsan,
Haylasan, sən olan hayda olmazdım.

Mən düz addım atdım, sən düzü əydin,
Sevgimə gülmədin, güllə tək dəydin,
Sən namərd boyunda böyüməsəydin,
Kiçilib mən cırtdan boyda olmazdım.

Hədəfə dəysəydi məhəbbət daşım,
İntizar əkməzdi qəlbə göz yaşım,
Hesab əməlindən çıxsaydı başım,
İndi fələk sayan sayda olmazdım.

Getmək istəyirsən buyur get, haydı,
Bəlkə bu soyundan gəlmə bir paydı,
Mənim əməlimdə şər yaşasaydı,
Mən heç elimə də fayda olmazdım.

Bilsəydim qara bəxt mənimlə əyib,
Tale qismətimi sənə əyləyib,
Bir təhər atamı başdan eyləyib,
Ana bətnində də peyda olmazdım.

BƏLKƏ YUXULARDA
GÖRÜRSƏN...
Deyirsən yuxuda görürəm səni,
Nə olsun yuxunu çox, çoxu görür.
Deyirsən yuxuda görürəm səni,
Deyəsən gözlərin tək yuxu görür.

Qaytar ürəyimi necə çalmısan,
Bilmirəm nə olub aşkarda mənə.
Aşkarı sən elə gözdən salmısan,
Yuxu tək görünür aşkar da mənə.

Suç edib bu eşqi kim saldı gözdən?
Axı qəlb vermişdik, dağlamamışdıq.
Bəlkə nəsə umur zaman da bizdən,
Yəqin boğazını yağlamamışdıq.

Sən yalnız saçıma gətirdin danı,
Dən düşdü, ah çəkir heç kim dinləmir.
Bu necə, nə sayaq dəndir, ay canım,
Quş da yaxın gəlib, onu dənləmir.

Niyə intizara hörürsən məni?
Can atma, sən məni səfil görəsən.
Bəlkə yuxularda görürsən, məni,
Əbədi yuxuya təhvil verəsən?

MƏNİ GÖZDƏN SALAN

Deyərdin gözümə nur ol əbədi,
Gözümün nurunu yediyin hara.
Qəlbimə çəkdiyin sitəm nəyidi,
Bilmirəm şairim dediyin hara.

Adına yazmıram daha bircə söz,
Özünə yamanlıq özündən düşür.
Şairi qaldırıb, gözdən salan göz,
Xalqın da, elin də gözündən düşür.

Nə yaman olurmuş gözün göz dağı,
İndi ayırmıram fələkdən səni.
Bir vaxt ürəyimdə olmusan axı,
Mən necə qarğıyım ürəkdən səni.

Sinəmdə dərd qalıb, qəm qalıb min-min,
Qəlbim nə haldadır baxmadın geri.
Çıxanda köksümü təmizləmədin,
Adam sahmanlamaz oturan yeri?

Mən yerə baxmıram, yer də tuta qəm,
Çıxsa da dizlərim əzəl dözümdən,
Sadəcə gözümü yerə dikmişəm,
Məni gözdən salan düşsün gözümdən.

DÜZƏLT SƏHVLƏRİNİ

Söylədin, mənim tək olub ulum da,
Bir dəfə yandımsa, söndürmək olmaz.
Dedin: - müəlliməm sevda yolunda,
Məni özgə yola döndərmək olmaz.

Müəllim adını sən elə çəkdin,
O da məni çəkdi özünə sarı.
Sonra bu ocağın odunu çəkdin,
Bir az saxlayardın donmayım barı.

Axı ruzigarı kim tərs əsdirib?
Bu peşə sahibi tələ olmayıb.
Müəllim şələni yüngülləşdirib,
Müəllim çiyinə şələ olmayıb.

Artıq sevgimizin dəyəri solur,
Sevgi dəyərində nədir kəm, kəsir?
Eh, elə müəllim bu sayaq olur,
Dərsi bilənin də qiymətin kəsir.

Çaşdı bu günün də, çaşdı dünənin də,
Sevdama verdiyin rəhmətə görə.
Amma baş əyirəm yenə önündə,
Müəllim adına hörmətə görə.

Düzəlt səhvlərini, düş eşq sayıma,
Düşsən özünü də dinc edəcəkdir.
Bax, giley eyləsəm Məcnun dayıma,
Leyli xalamızı incidəcəkdir.



İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK