Camal Yusifzadəyə salam olsun!

ETİBAR CƏBRAYILOĞLU
51599 | 2018-01-13 00:29
Yağışa düşən şəhərdə doğulan, elə bu şəhərdə də dəfn edilən şairin vəfatından bir il ötür

Müasir Azərbaycan ədəbiyyatının ən istedadlı şairlərindən biri idi Camal Yusifzadə. Elə ilk şeirlərindən gücünü, sanbalını ortaya qoya bilmişdi. Əli Kərim kimi ustad qələm sahibinin 23-24 yaşlı Camal Yusifzadəyə "İntellekt və poeziya" adlı məqalə həsr etməsi, necə deyərlər, ədəbi hökm verməsi, Xalq şairi Rəsul Rzanın "Uğurlu yol" yazması təsadüfi deyildi.
Camal Yusifzadə təkcə şair kimi yox, dramaturq və publisist kimi də tanınırdı. Daha geniş tanınmaq, populyarlaşmaq haqqı və imkanı olsa da, heç vaxt buna çalışmadı. Fəxri ad, mükafat, yubiley tədbirləri üçün heç bir rəsmi qapı döymədi. Yəqin elə ona görə 75 illik yubileyini qeyd etmək "yaddan çıxdı".
Vəfatından bir neçə ay əvvəl "Ədalət" qəzetinə geniş müsahibə verəndə də illər öncə tanıdığım Camal Yusifzadə idi - təpədən dırnağa ədəbiyyat adamı, sadə, təvazökar...
"...yubileylərin bu cür keçirilməsinə münasibətim fərqli olub. 5-6 məhrəm adamla oturub yeni kitabı və ya yubileyi qeyd eləmək mənə görə daha səmimi alınır.
... Elə əbədi hisslər var ki, onlar heç vaxt insanı tərk etmir... Hələ çox sualın cavabı yoxdu. Kim deyə bilər ki, gələcəkdə bizi nə gözləyir? Ona görə də insan həmişə öz keçmişi ilə yaşayır. Çünki keçmişdəki hadisələr, hisslər çox tanışdı".

Mənim arzularım -
əbədi kölgəm.
Gah məndən arxada,
gah məndən öndə.
Mənim arzularım əzabla olur,
Gah məndən arxada,
gah məndən öndə.
Mənim arzularım
bu dünya qədər
köhnə bir kədər...

Ötən il yanvarın 16-da Bakıda vəfat edən Camal Yusifzadə Lənkəranda dəfn olundu. 75 il əvvəl doğulduğu şəhərdə. Şair bir vaxtlar bu şəhəri belə vəsf eləmişdi - Bu şəhər yağışa düşüb ömürlük...
Camal müəllim həyatda çox suala tapa bilmədi.
Bəlkə ölüm varsa, sevilməyəsən,?
Bəlkə sevməyəsən?
Bəlkə sevəsən?
Bəlkə ruh dediyin - al-qırmızı qan?
Bəlkə torpaq üstə cənnət meyvəsi
Bəlkə torpaq altda toxumdu insan?
Bəlkə də hər dahi tənha bir dəli?
Bəlkə də hər dəli tənha bir dahi?
Vaxtilə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinə rəhbərlik etmiş tanınmış jurnalist Vüqar Tapdıqlı uzun müddət birgə çalışdıqları Camal Yusifzadəni belə anır: "Camal Yusifzadəni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Ədəbi dram verilişləri baş redaksiyasında işlədiyi vaxtlardan tanıyırdım. Teatr haqqında, səhnə xadimləri barədə çox maraqlı verilişləri hazırlayırdı. Camal müəllim 1998-ci ildən şirkətin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin Baş redaktoru təyin olundu. Sözün açığı, bu təyinatın təşəbbüskarı da mən olmuşam. Uzun müddət birgə çalışdıq, onun redaktəsi öz yerində, üstəlik, çox gözəl kadr arxası mətnlər yazmağı var idi. Redaktə etdiyi materiallara, kadr arxası mətnlərə həmişə özünün nəfəsindən, ruhundan nəsə əlavə edirdi. Televiziyanı gözəl bilən peşəkarlardan idi, ona görə də rejissorlarımız onunla çalışmaqdan zövq alırdılar. Anarın, Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Əkrəm Əylislinin Camal Yusifzadəyə necə ehtiram göstərdiklərinin şahidi olmuşam və hər dəfə də belə bir ziyalı ilə bir kollektivdə işləməkdən qürur duymuşam.
Camal müəllim intellektual insan idi, onun poeziyasında da, publisistikasında da Avropa və rus ədəbiyyatının "havası" hiss olunurdu. Oturuşunda-duruşunda, söhbətlərində kübarlıq var idi. Camal Yusifzadə şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan ziyalılarımızdan idi. Yeri behişt olsun!"
Şair Qardaşxan Əzizxanlı mərhum şairi belə xatırlayır: "Camal Yusifzadənin belə bir şeiri var - "Bu şəhər yağışa düşüb ömürlük"
Bu şəhər yağışa düşüb ömürlük,
Bu şəhər yağışda islanıb tamam.
Gözümü açanı
Dəniz görmüşəm;
Kükrəyən, çağlayan,
Təmiz görmüşəm.
Bu dəniz yağışa düşüb ömürlük,
Bu dəniz yağışda islanıb yaman.
Gözümü açanı
Meşə görmüşəm;
Qızılı yarpağı,
Yaşıl talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.
Bu meşə yağışa düşüb ömürlük,
Bu meşə yağışda islanıb yaman.
Gözümü açanı
Duman görmüşəm.
Dumanı həmişə
Daman görmüşəm.
Görmüşəm tül kimi,
Əfsanə kimi;
Sərilib yuxuma,
Məhəbbətimə,
Aparıb huşumu
Sirli aləmə.
Bu duman ömürlük yağışa düşüb,
Bu duman yağışda islanıb yaman.
Yuyula-yuyula
Açılar səhər,
Yuyula-yuyula
Ağarar axşam.
Nə vaxtdır yağışda yuyulmamışam!
Bu şəhər yağışda islanıb tamam,
Bu axşam yağışda ağarıb yaman.
Onun bu şeirindən çoxdan yazmaq istəyirdim. Hələ sağlığında. Yaradıcılığı haqqında yox. Ancaq bu şeirindən. Nə bilim, bəlkə də, elə, deməli, poeziyasından... Könlümə düşdükcə, əzbərdən deyirdim. Zümzümə edirdim də.
Ölüm xəbərini haradan, necə aldığım indi yadımda deyil. Amma Camalla birgə televiziyada çalışan Qorxmaz Şıxalıoğlu ilə onun barəsində xeyli danışdıq, danışdıq... Elə Camalın 2009-cu ildə nəşr olunan bugünkü qar kimi bəmbəyaz cildli, "ön söz əvəzi" Əli Kərimin vaxtilə Camala yazdığı "Uğurlu yol"la başlayan "son söz"ü Rəsul Rzanın "Zəmanət"i ilə qurtaran "Poeziya" kitabını da Qorxmaz mənə çatdırmışdı. Onunla az əvvəl Camala ismarıc göndərmişdim ki, mənə içində O ŞEİRİ olan kitabını versin. Şair belə bir avtoqraf da yazmışdı: "Qardaş Xan, biz eyni yağışda islanmış adamlarıq və inanmıram ki, nə vaxtsa, "islanaq" (!!) və ya quruyaq!"
Bəd xəbəri eşidəndə Ələkbər Salahzadəni xatırladım. Çünki bildiyim qədər oxşar ölümlə getdilər. Həyatda da bənzəyişləri vardı. Hər ikisi sadə, təvazökar... Hər ikisinin fərqli, yenilikçi yaradıcılıqları diqqət çəkirdi.
Ələkbərin də, Camalın da hüzür məclisində onlar barəsində ürəyimdən gələnləri yazmaq hissi məni tərk etmədi.
Bu qəbir... yağışa düşüb ömürlük
...Qismət belə gətirdi. Lənkərana getdim. Qardaşı nəvəsi ilə birgə Camalın qəbrini ziyarət etdim. Camaldan danışdı: "Mən ali məktəbə qəbul olunanda uşaq kimi sevinirdi... Son vaxtlar rayona tez-tez gəlirdi. Ölümündən bir həftə qabaq da gəlmişdi. Eşitdi ki, qəbiristanlıqda təzə yer götürmüşük. Dedi, gedək baxaq... "Təzə yerə" baxanda bir lətifə danışdı: "Bir nəfər hüzür sahibinə üç manat verir ki, al bu pulu, bağışla, mərhumun 3-nə gələ bilmədim. Hüzür sahibi qayıdır ki, 5 manat da üstünə qoy, istəyirsən heç 40-na da gəlmə!". Sonra köks ötürüb: "Onsuz da hamımız bura gələcəyik" dedi. Bir həftə keçmədi ki, "gəldi..."
...Bu şəhərdən heç kim belə bir şeir yazmayıb. Bəlkə heç vaxt heç kim yazmayacaq da; "Bir axşam taksidən düşdüm payıza" kimi hüznlü misralarla ləbaləb dolu bir şeirdi o...
Camalın yaradıcılığında həmin şeir qədər poetik mətn tanımıram. Nə "Qışam, qışam, qışam mən", nə "Ula, alabaş", nə "Ay qonşu, bu evin yiyəsi hanı", nə də... Bu şeirin nə Camalın özündə, nə başqalarında oxşarı yox, məncə... Nə gizlədim, təbiiliyinə, strukturuna... bir sözlə, bənzərsizliyinə görə mənə ilk məhəbbət qədər sevimli gələn bu şeirə elə vurulmuşam ki, "əbədiyyət nəğməsi"dir sanki məndən ötrü...
Bu şeir yağışa düşüb ömürlük..."
Camal Yusifzadənin son şeirlərindən birində belə bir fikir var:
Onsuz da bu həyatdan
Sağ çıxmayacaq heç kim!
Sevə-sevə ölənə -
Solana salam olsun!

Salam olsun sizə, Camal Yusifzadə!


TƏQVİM / ARXİV