adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Yanvar 2018 00:09
35754
LAYİHƏ
A- A+

ŞƏhidlƏr Xiyabanı - ÖLÜMSÜZLÜYÜN ÜNVANI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

...Bəli, onda 1992-ci ilin avqustu idi... Onda Aslan dördüncü kurs tələbəsi olmasına baxmayaraq hərbi həkim kimi odun-alovun içində səngər dostlarının, səngər qardaşlarının köməyinə tələsirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başını sinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silaha atırdı. Bax belə bir məqamda onu səngərdən qərargaha çağırdılar, özü də təcili gəlməsini əmr etdilər.
Gəldi. Özünü təqdim etdi. Komandir onun üzünə baxmadan bircə kəlmə dedi:
- Abdullayev, təcili Bakıya getməlisən!
Aslan çaşıb qaldı. Döyüşün bu ağır məqamında, hər tərəfin qana boyandığı bu durumda, əlavə köməyə ehtiyac olduğu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi? Hərbçi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:
-Yaxşı yol, gecikmə! - dedi.
Gəncəyə gəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.
Ürəyi sıxılıb, içi ağlasa da, təmkinli durdu. Çünki o, kifayət qədər şəhid görmüşdü. O, əlləri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunu sarımışdı. Ovcunun içiylə şəhid gözləri qapatmışdı. Amma indi başqa idi, söhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün bir anlıq dondu və bu günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimiş vəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə Gəncədən Bakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabanına gələndə də qardaşının yoxluğuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabanında burda yatanlardan hansınınsa öldüyünü düşünməyin özü günahdı. Çünki bura ölümsüzlük ünvanıdı. Bu xiyabanda Allahın öz dərgahına apardığı, öz sevgisiylə yaşatdığı şəhidlərin cisimləri torpağa tapşırılıb...
Şəxsən mən hər dəfə Şəhidlər Xiyabanına gələndə bilirəm ki, təkcə ziyarətə yox, həm də milyonlarla diridən diri olan ruhlarla söhbət etməyə gəlirəm. O ruhlarla ki, onlar doğulduqları ocaqların, iməklədikləri torpağın və qanlarına hopdurduqları Vətənin göylərində dayanmaqla hər şeyi görür, hər şeyi eşidir və yaşayırlar. Onlar bir ocaqdan, bir evdən çıxıb, bir məmləkətə, bir xalqa aid olduqlarını səssiz, sözsüz ifadə edirlər. Hətta mən hələ müharibənin daş dövründə yazmışdım ki:

Müharibə - göz yaşı,
Mən torpağın xəstəsi.
Şəhid ol
sam, qəbrimə
Başdaşı - gül dəstəsi!

Bakıya gəldi. Evlərinə deyil, Fəxri Xiyabana tələsdi. O, Fəxri Xiyabana çatanda artıq Şövqiyarı uğrunda canından keçdiyi Vətən torpağına tapşırmışdılar. Gecikmişdi, vidalaşa bilməmişdi qardaşıyla. Onun gəlişini uzaqdan izləyən atası Cəmil müəllim oğlunun məzarından ayrılıb, Aslana tərəf yerimişdi. Aslan qollarını açıb atasına sarılanda ata oğlunu sinəsinə sıxıb, sonra bir addım özündən araladı:
-Mən sizi Vətən üçün böyütmüşəm. Siz Vətənin övladısınız. Vətənin qurbanını ağlamazlar.
Cəmil müəllimin həmin sözü düz iyirmi beş ildir ki, Aslanın qulaqlarında səslənir. Hər dəfə müharibədən, səngərdən, Vətənin Milli Qəhrəmanı Şövqiyardan söhbət düşəndə Aslan içindəki qürur hissini gizlədə bilmir...
Haşiyə: Tam səmimi etiraf edəcəm. Kimlərsə məni qınamasın. Mən ilk dəfə şəhidlərin məzarı başında, şəhidlərin xəbəri gələndə "Təki Vətən sağ olsun!" nidasını türk qardaşlarımızdan eşitdim, türk analarımızdan, atalarımızdan eşitdim. Sonra başladıq o yüksəkliyi fəth etməyə, o yüksəkliyi içimizə köçürməyə. Bax, 1992-ci ilin avqust ayının 27-də Göyçənin Nərimanlı kəndinin ədəbiyyat müəllimi Cəmil Abdullayevin oğlu, döyüşçü həkim Aslana dediyi söz də "Təki Vətən sağ olsun"un bir variantı, bir nümunəsi idi.

Vətən üçün böyüdülən övladlar

Yazımın birinci hissəsində vurğulamışdım ki, Cəmil müəllimlə Füruzə xanım səkkiz övlad böyütmüşdülər. Artıq onların dördü barəsində sizin məlumatınız var. Bu ailənin digər övladları Şəmsi, Sevinc və Kamran da həkimdirlər. Gülüş isə mühasibdir. Bu ailənin bütün övladları ali təhsillidir. Bu ailədə böyük əksəriyyət tibbə meyl göstərib, ağ xalata, insanlara yardımçı olmağa üstünlük verib və bu gün də öz peşələri, öz işləri ilə məşğuldurlar. Abdullayevlərin ən böyük üstünlükləri torpağa bağlılıqları və bir də Cəmil müəllimin tərbiyəsini, duzunu, çörəyini, Füruzə ananın südünü uca tutub, canlarına, qanlarına hopdurmalarıdır. İndinin özündə də ata-ana sözü, ağbirçək, ağsaqqal nəsihəti bu ailənin yazılmamış qanunudur. Üstəlik bu ailədə o dağlardan gələn saflıq, halallıq hakimdir. Mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Şövqiyarı da, dostum Aslan həkimi də o torpağa bağlayan, o səngərə çəkib aparan məhz gendən gələn halallıq və dağ havası, çeşmə suyunun saflığı, üstəlik doğulduqları torpağın bərəkəti olubdur. Heç də təsadüfi deyil ki, mən Aslan həkimin Göyçədən olduğunu biləndə, hələ o zamanlar yazmışdım ki, Qarabağda şəhid olanlar dağ qartallarıdır. Onlar dağlarsız yaşaya bilmədiklərindən özlərini dağlar uğrunda şəhid verirlər. Necə deyərlər:

Çox qonaqlar yola saldıq özümüz
Çox tonqala çırpı olduq özümüz.
Cığırlara baxa-baxa gözümüz -
Bu dağlarda bir sən qaldın, bir də mən.

Quşqonmazlar ucalığa həddimi,
Bulaqların bir damarı qənddimi?
Ağrılara sındırmayıb qəddini -
Bu dağlarda bir sən qaldın, bir də mən.

Köçən köçdü, düşən düşdü atından
Kimlər susdu, kim danışdı adından?!.
Bu dağların çətin çıxar yadından -
Bu dağlarda bir sən qaldın, bir də mən...

Milli Qəhrəmanın qardaşı

Bu gün Aslan həkim 3 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərir. Onun ailə tarixçəsini bilməyənlər, onun cəbhə yolundan xəbərsiz olanlar bu, sarıyanız, bir az bədəncə zəif görkəmli həkimin nələrdən keçdiyindən təbii ki, xəbərsizdirlər. Üstəlik Aslan həkim özü də bu barədə danışmağı - özünüreklamı sevmir. Bunun da iki səbəbi var - birincisi, hələ 1992-ci ilin avqustunda atası Cəmil müəllimin dediyi "Sizi Vətən üçün böyütmüşəm" sözləridir. İkincisi isə, onun gözləri önündə, dizinin üstündə canını bu torpağa tapşıran şəhidlərdir. O şəhidlərin arasında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev də var - bu dünyada igidliyindən və adından başqa heç nə qoyub getməyən Şövqiyar Abdullayev.
Doğrudur, Bakıda digər Milli Qəhrəmanlarımız kimi, Şövqiyarın adını daşıyan küçə də var, xatirəsi əziz tutulur. Üstəlik doğulduğu ailədə dünyaya gələn nəvələrdən biri onun adını daşıyır. Bunlar Şövqiyarın qəhrəmanlığı önündə, bir tank komandirinin əməyi qarşısında mənim düşüncəmə görə çox azdı. Ən vacibi bu qəhrəmanın və bütün qəhrəmanların unudulmamasıdır. Yaxşı ki, unutmayanlar, xatırlayanlar var.
Bu həftənin ilk iş günündə döyüş bölgəsində - Ağdamda çox izdihamlı tədbir keçirildi. Tədbiri Müdafiə Nazirliyi təşkil etmişdi. Bu tədbir 23 yaşında şəhid olmuş Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin 25 illiyinə həsr olunmuşdu. Tədbiri Abdulla Qurbani idarə edirdi. Dəvətlilər arasında Milli Qəhrəmanın ailə üzvləri, qardaşı Aslan həkim də var idi. Ona da söz verdilər:
- Mən müharibənin nə olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bizim səngərdə olduğumuz illər çox çətin dövrə təsadüf edirdi. Bir pərakəndəlik var idi, silah-sursat çatmırdı, amma səngərdəki oğulların döyüş əzmi, iradəsi, qəhrəmanlığı sonsuz, sönməz idi. Onda biz yeni formalaşan Milli Ordunun könüllü əsgərləri idik. Sevinirəm ki, indi bizim şücaətli, düşmənə qalib gəlməyə qadir ordumuz var. Sevinirəm ki, səngərdə payı, haqqı, xidməti olanlar unudulmur. Və bir də ona sevinirəm ki, bizim döyüş yolumuz ağır olsa da, yaxşı nümunədir. Sağ olun ki, qardaşımı xatırlayıb dəyərləndirirsiniz. Müdafiə Nazirliyinin rəhbərliyinə və anım tədbirinin təşkilatçılarına, iştirakçılarına ailəm adından təşəkkür edirəm. Yeri gəlmişkən onu da xatırladım ki, Şövqiyarın layiq görüldüyü "Milli Qəhrəman" ulduzunu atası Cəmil müəllimə Ulu Öndər özü şəxsən təqdim etmişdi. Bu tarixi an fotolarda, sənədlərdə öz əksini tapıb. Elə Ağdamdakı "N" saylı hərbi hissədə keçirilən anım mərasimi də lentlərə, fotolara, yaddaşlara köçürüldü...
...Şəhidlər Xiyabanındayıq, Aslan həkim və mən. Biz iki dost müharibə xatirələrimizi bölüşürük. Şəhid tanışlarımızdan, dostlarımızdan, əsgərlərimizdən və həmçinin Şövqiyardan danışırıq. Ayrılığının yaşı artan, özünün yaşı dəyişməyən qəhrəman Şövqiyardan...
Şövqiyarın məzarı önündə dayanmışıq. Onun sinə daşı üzərinə düzülmüş güllər daş üzərindəki yazıları gizlədib. Amma başdaşındakı şəkil adamı sanki çağırır:
- Gəlin, dalımca gəlin! Mən sizi Şuşada, Göyçədə gözləyirəm...