adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Yanvar 2018 13:53
25263
MARAQLI
A- A+

82 kiloluq mələk 5 yaşlı körpəni necə xilas etdi?

Ev heyvanlarının insanın ən yaxın dostu olmasını bilirik. Hətta ev heyvanlarından uzaq, tədirgin olanlarlar da bundan xəbərdardır. Bəzilərimiz hədsiz vasvasılıqdan, bəzilərimiz isə qorxduğumuzdan dördayaqlılardan uzaq gəzərik. Xüsusən uşaqları yaxın buraxmarıq, bəlkə də haqlı ola bilərik. Çünki azyaşlı uşaqların ev heyvanlarından mikrob alması yetkin insanlara nisbətən daha aktiv sürətdə baş verir. Amma heyvanların onu bəsləyən insana ən böyük təşəkkürü elə sahibinin uşaqlarını qorumağıdır. Heç bir qarşılıq gözləmədən körpəyə dayəlik edər, onu hər cür bəladan qoruyar. Bu, özümüzün də ətrafımızda tez-tez rast gəldiyimiz hadisədir. Ancaq bizdən çox uzaqlarda yaşanan insan və heyvan dostluğu eşidənləri heyran edir.

Beş yaşlı Markla Alfi adlı it bir-birindən ayrılmaz dostdurlar. Birlikdə böyüyüblər. Əvvəllər buna xüsusi əhəmiyyət verməsələr də sonralar yaxınları görüb ki, it daim uşağın sağ tərəfində gəzir. Hətta onu sol tərəfə qovsalar da acıqla zingildəyən it tez özünü sağa verir və israrla bu tərəfdən əl çəkmirmiş. Nəhayət, uşağın valideynləri şübhələnib onu həkimə göstərirlər. Məlum olur ki, Markın sağ gözündə sürətli zəifləmə gedirmiş. Həkimin sözlərinə görə, ata-ana xəbər tutmasaymış uşağın bir neçə ilə sağ gözü tamamən kor olacaqmış. Beş yaşlı uşaq özü bunu anlamırmış, ağıllı it müşahidə edirmiş ki, balaca sahibi sağdan çətin hərəkət edir, sağ tərəfdə baş verən hadisələri görmür, ona görə də Alfi həmişə onun sağında yer alırmış ki, uşağı bu tərəfdən gələn bəlalardan qorusun. Xüsusən də maşın yolunu keçəndə, gəzinti zamanı sağ tərəfdə olan çala-çuxurlarda Alfi tez onun paltarından tutub kənara çəkirmiş.

Heyvanın bu sədaqəti və yaxşılığı eşidənləri kövrəldib. Amma onun məharəti bununla bitməyib. O, evdə saxladıqları başqa bir heyvanın sağrısını tez-tez yalayır, hər kəsin diqqətini ona çəkməyə çalışırmış. Artıq itin "həkim”liyindən xəbərdar olan sahibləri digər heyvanı veterinara göstərirlər. Məlum olur ki, onun sağrısında bədxassəli şiş varmış. Beləcə, 82 kiloluq qoruyucu mələk olan Alfi yaşadığı evin bütün sakinlərini öz görünməz qanadları altına alır.

Ümumiyyətlə heyvanların xəstəliyi duyması faktı çoxdan araşdırılır. Amma bu fenomen haqqında dəqiq bilgi əldə olunmayıb. Belə hesab olunur ki, bəzi xəstəliklərin özünəməxsus qoxusu var, amma bunu insan burnu duymur. Onun üçün köpəklərin həssas iybilmə qabiliyyəti lazım gəlir.


Şəfiqə ŞƏFA