adalet.az header logo
  • Bakı 7°C
13 Yanvar 2018 11:00
14216
MƏMLƏKƏT
A- A+

NAZİRLƏR KABİNETİNİN QƏRARINI HEÇƏ SAYANLAR

Son illər Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları ilə avtomobil, dəmir yolu və su nəqliyyatında həyata keçirilən layihələr ölkəmizin dünyaya açılmasında böyük rol oynayır və oynamaqdadır. Həm Avropa və həm də Şərq dövlətləri bu layihələri həyata keçirən ölkəmizə böyük önəm verirlər. Bir sözlə, Azərbaycan böyük İpək Yolunun mərkəzinə çevrilməkdədir.

Elə bu günlərdə Möhtərəm Prezidentimiz Ələtdə istifadəyə verilən Dəniz Limanının açılışını etdi. Onu da qeyd edək ki, bu liman bildiyiniz kimi, əvvəllər düz Bakının mərkəzində – dənizkənarı bulvarda yerləşirdi. Azərbaycandan Orta Asiyaya, eləcə də Orta Asiyadan Azərbaycana və Azərbaycandan da Avropaya daşınan yüklər bərələr, ağır yük gəmiləri vasitəsilə bura daşınırdı. Ağır yük qatarları da şəhərin içindən keçərək bu limandan yükləri daşıyırdı. Bu da həm insanların, şəhərimizin, həm də elə qatarların təhlükəsizliyi baxımından ciddi problem yaradırdı. Eləcə də ekoloji baxımdan. Məhz bütün bunları nəzərə alaraq Möhtərəm Prezident bu limanın Ələtə köçürülməsi haqqında sərəncam imzaladı.

İnsan amili dövlətimiz üçün böyük önəm daşıdığından təhlükəsizlik ən vacib amillərdən biridi. Ona görə də həm avtomobil yollarının, həm də dəmir yollarının ətrafında hökumət tərəfindən təsdiq olunmuş təhlükəsizlik zolaqları nəzərdə tutulub ki, bu zolaqlarda hər hansı bir tikinti aparmaq, yaşayış evləri və ya ictimai iaşə obyektləri tikmək qadağandı.


Məşhur Şanxay məhəlləsindən keçən dəmir yolu xətti təhlükəsizlik baxımından Bakının ən böyük problemlərindən biri sayılırdı. Və burada tez-tez qəzalar baş verirdi. Həm də bu ərazidəki sakinlər daim qorxu altında yaşayırdılar. Möhtərəm Prezidentimizin göstərişi ilə həyata keçirilən layihə vasitəsilə artıq bu problem çözülməkdədi.

Amma gəlin görək Nazirlər Kabinetinin yolların və dəmir yollarının təhlükəsizlik zolağı ilə bağlı məlum qərarına hamı riayət edirmi?


Bu qərara əsasən, dəmiryol xətlərinin kənarındakı təhlükəsizlik zolağının eni 137 metr nəzərdə tutulub. Heç kim və heç nə nə qədər diqqət edilsə də qəzalardan sığortalanmayıb. Və bu təhlükəsizlik zolağı da ona xidmət edir ki, hər hansı bir qəza nəticəsində insanların həyatı zərər görməsin.


Qaradağ rayonu ərazisində yerləşən Heybət dəmiryol stansiyasının və bu rayonun ərazisindən keçən dəmir yol xəttinin təhlükəsizlik zolağı uzun illər müxtəlif təşkilatlar tərəfindən işğal edilmişdi və işğal edilməkdə də davam edir. Bəzi təşkilatlar Nazirlər Kabinetinin qərarına qarşı əzələ nümayiş etdirirdi.

Heybət stansiyasının düz böyründə təhlükəsizlik zolağındakı torpaq sərəncamla Neft və Qazçıxarma İdarəsinə verilmişdi və idarə artıq ərazini hasarlayıb tikinti işinə başlamışdı.


Bir tərəfdən Möhtərəm Prezidentin tapşırığı ilə təhlükəsizlik məqsədilə Şanxay məhəlləsi köçürülür, digər tərəfdən, necə deyərlər, Heybət stansiyasının düz qulağının dibində təhlükəsizlik zolağında yeni bir obyekt tikilir. Və bu məsuliyyətin altına kimlər imza atıb? Azərbaycan Dəmir Yolları QSC bu tikintinin dayandırılması üçün müvafiq dövlət qurumlarına və eləcə də Nazirlər Kabinetinə dəfələrlə müraciət edib və hələ də Nazirlər Kabineti ilə müvafiq qurumlar arasında mübahisələr gedir.

Sabah Avropanın və ya eləcə də Şərq ölkələrinin Azərbaycan dəmir yollarından istifadə edən iri şirkətlərinin ekspertləri gəlib yolların təhlükəsizliyi ilə bağlı bir araşdırma aparanda, təhlükəsizlik zolağında belə ciddi nöqsanları görüb hər hansı bir məsələ qaldıranda onlara kim və ya kimlər nə cavab verəcək?

Nə qədər gec deyil Nazirlər Kabineti öz qərarının yerinə yetirilməsi üçün ciddi addım atmalıdır.


Nicat NOVRUZOĞLU